Suyun qiyməti bahalaşdı

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

 “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl 30 qəpik), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl 25 qəpik), qeyri-əhali üzrə əvvəlki səviyyədə – bir kubmetr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kubmetr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik (əvvəl 6 qəpik), qeyri-əhali üzrə 1 manat (əvvəl 30 qəpik) səviyyəsində təsdiq olunub.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, Səhiyyə Nazirliyinin müraciəti nəzərə alınaraq, dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması məqsədilə dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası və ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin laborator ekspertizası xidmətləri üzrə tarif tənzimlənməsi həyata keçirilib.

İclasda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1000 kub metr suyun topdansatış tarifi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 19 nömrəli Qərarı ləğv edilib.

Yeni tariflər 2016-ci il 16 may tarixindən qüvvəyə minəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button