Suyun və elektrik enerjisinin qiyməti bahalaşır!

Suyun qiyməti 50, işığın kilovattı 10, qazın kubu 10 qəpik olur!!!

XuralTAC-a daxil olan məlumatlara əsasən, Tarif Şurasının (TŞ) ilin sonu üçün nəzərdə tutulan ənənəvi toplantısında ölkə ərazisində əhaliyə verilən içməli və təsərrüfat suyunun qiyməti artırılacaq. Məlumatlara əsasən, «Azərsu» Dövlət Şirkəti tərəfindən TŞ-yə təqdim edilən təkliflərə görə, yanvar ayından etibarən suyun qiyməti hər kubmetrə görə 18 qəpikdən 50 qəpiyə qədər artıralacaq. Suyun qiymətini artırmaqla bağlı təkliflərdə göstərilir ki, guya ölkənin içməli su təsərrüfatını bir qədər də yaxşılaşdırmaq və təkmilləşdirmək məqsədilə qiymətləri dünya qiymətlərinə yaxınlaşdırmaq lazımdır. Lakin apardığımız araşdırmalar zamanı məlum oldu ki, qonşu Gürcüstanda əhaliyə satılan içməli suyun 1 kubmetrinə görə satış qiyməti Azərbaycan pulu ilə 7 qəpik, Ermənistanda isə 6 qəpikdir. Azərbaycanda isə Cənubi Qafqaz dövlətləri ilə müqayisədə içməli su mənbələri daha çox olmasına baxmayaraq, qiymət 1 kubmetrə görə 18 qəpikdir və bu qiyməti də 50 qəpiyə qədər artırmaq istəyirlər.
Məlumatda o da qeyd olunur ki, içməli su ilə yanaşı, əhaliyə verilən elektrik enerjisinin də qiymətinin artırılması gözlənilir. Hələlik elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı təkliflər TŞ-yə təqdim edilsə də, dəstəklənmir. İçməli və təsərrüfat suyunun qiymətinin artırılmasından fərqli olaraq hökumət elektrik enerjisinin qiymətini artırmaqda bir qədər tərəddüd edir.

Zəruri bir xatırlatma:
2007-ci ilin dekabr ayının sonlarında, yeni il bayramı ərəfəsində Tarif Şurasının iclası keçirilib və əhaliyə satılan qazla elektrik enerjisinin qiyməti 200 faiz artırılıb.
2008-ci ilin dekabr ayının sonlarında TŞ-nın iclasında ölkədaxili sərnişindaşınmada qiymətlər 100 faiz artırılıb.
2009-ci ilin dekabr ayının sonlarında Tarif Şurasının iclasında Bakı şəhərində əsasən kasıb təbəqənin daha çox istifadə etdiyi metropolitendə qiymətlər 300 faiz artırılıb.
Nəhayət… 2010-cu ilin dekabr ayıdır. Bu dəfə də hökumət 70 faizdən çoxu səfalət içində olan azərbaycanlılara, Dünya Azərbaycanlılarının Həmrəylik günündə daha bir «hədiyyə» etməyə hazırlaşır.

İl:9, say: 045(405)

“Xural” qəzeti, 05-11 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button