Təhsil nazirinin müavini vəfat etdi

Mərhum bu gün dəfn olunacaq.
 
Təhsil Problemləri İnstitutunun sabiq direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetində Pedaqoji Təhsilin Problemləri Laboratoriyasının müdiri Abdulla Mehrabov bu gecə 77 yaşında dünyasını dəyişib.
 
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev apa-ya açıqlamasında bildirib ki, Abdulla Mehrabov uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhum bu gün dəfn olunacaq.
 
Qeyd edək ki, Abdulla Mehrabov 1938-ci il mayın 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 1957-ci ildə orta məktəbini qızıl medalla bitirdikdən sonra, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsinə daxil olub, 1962-ci ildə “Fizika və istehsalatın əsasları” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1962-ci ildən əmək fəaliyyətinə başlayıb, əvvəlcə Dövlət Pedoqoji İnstitutunda tədris ustası, 1963-cü ildən isə Azərbaycan Politexnik İnstitutunun “Fizika” kafedrasında müəllim işləyib. 1967-ci ildə vaxtından əvvəl “Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi ” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında yeni Azərbaycan İnşaat-Mühəndisləri İnstitutu yarandıqdan sonra həmin institutun ” Fizika ” kafedrasına rəhbərlik edib. 1983-cü ildə ” Mürəkkəb həndəsi formalı sistemlərdə istilik ötürülməsinin bəzi problemləri ” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru – alimlik dərəcəsi alıb.
 Onun rəhbərliyi altında 12 elmlər doktoru, 29 elmlər namizədi hazırlanıb. Professor A.Mehrabov dünyanın aparıcı elmi jurnallarında, respublika məcmuələrində çap olunmuş 400-dən çox elmi məqalənin, 41 elmi-metodik vəsaitin, 9 dərslik və dərs vəsaitinin, 8 monoqrafiyanın və 14 ixtiranın müəllifidir. A.Mehrabov 1990-cı ildən 1992-ci ilin sonunadək təhsili nazirinin müavini vəzifəsində işləyib, 2001-2013-cü illərdə Təhsil Problemləri İnstitutuna rəhbərlik edib. Professor A. Mehrabov 2004-cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilib, 2006-cı ildə respublikanın “Əməkdar müəllim”i fəxri adına layiq görülüb.
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button