Tək mübarizə aparmaq çox çətindir

mətanət əzizova5

Mətanət Əzizova: “Özümüzə dost-tanış bildiyimiz insanların bir çoxu qorxu və ya ehtiyatdan bizdən üz döndərmişdilər”

 

Mətanət Əzizova uzun müddət Azərbaycanın QHT sektorunda çalışıb. “Qadın Krizis Mərkəzi”nin rəhbərlərindən olub. Tanınmış QHT sədri Mirvari Qəhrəmanlının qızıdır. Onu cəmiyyət o qədər də tanımayıb, QHT sektoruna başlanan hücuma qədər. QHT sektoruna hücum başlayanda isə Mətanət Əzizova birdən-birə və birbaşa hədəfə çıxdı. Ya da çıxarıldı. Adı Leyla Yunus işində hallandı və… gözümüzü açdıq ki, Mətanət xanım ölkədən gedib. Sonra da ailəsi getdi. Azərbaycanın bir çox dəyərli insanları kimi, onun da taleyinə mühacir ömrü yazıldı. Hələlik və hələ ki, mühacirətdə – Praqada yaşayır…

Mətanət Əzizova ilə Praqadan strateq.az olaraq “16-1” üçün müsahibə istədik. Məmnuniyyətlə razılıq verdi və göndərdiyimiz suallara səmimi cavablar verdi.

“16-1”-də Mətanət Əzizovadır – “Qadın Krizis Mərkəzi”nin Praqada olan sədri…

 

mətanət əzizova4

İnsanın enerjisi istər-istəməz tükənir

 

– İnsan taleyi… İş elə gətirdi ki, həyatınızı insanların taleyi üzərindən “qurmalı” oldunuz. Seçiminizdə yanılmamısınız ki?

– Düzü, 2001-ci ildə QHT sektoruna gələndə bu işin nə dərəcədə çətin olduğunu dərk etmirdim. Hər şey hisslər, istək üzərində qurulmuşdu. Kömək etmək, gücsüzün yanında olmaq, ədalət prinsiplərini qorumaq… Amma müraciət edən insanların sayı artdıqca problemlər də çoxalırdı. Təşkilat xərcləri, beynəlxalq və dövlət strukturları ilə keçirilən görüşlər, yerli QHT-lərlə əməkdaşlıq, hesabatların hazırlanması, maarifləndirici işlərin aparılması, bacarıqların artırılması və s. kimi onlarla iş var idi ki, sırf insanın, daha dəqiq desək, qadının taleyi üçün edilirdi. Bu məsələlər də artıq hisslər yox, bilik və komanda işindən asılı idi. Bizim çox güclü və peşəkar komandamız var. Təşkilat yalnız Mətanət Əzizovadan ibarət deyil, təşkilat sözün əsl mənasında mütəxəssislərdən ibarətdir. Belə komandanı görəndə deyirdim, “nə yaxşı ki, mən bu işlə məşğulam”.

İşlərin çoxluğu bəzən şəxsi həyatıma da təsir edir. Problemli bir insanla danışandan sonra özünüzü necə yaxşı hiss edə bilərsiniz? İnsanın enerjisi istər-istəməz tükənir. İndi isə təsəvvür edin ki, gün ərzində ən azı 6, 7, 8 qadınla ünsiyyətdəsən, onun dərdini dinləyib, həm də kömək üçün plan, strategiya hazırlamalısan və ən əsası, bu addımlardan sonra ona və doğmalarına ziyan gəlməməsi üçün düşünürsən.

Tükənmiş vəziyyətdə evə, ailənin yanına dönürsən. Oğlun qabağına qaçır və tam yorğun, tükənmiş halda olsan da, ona analıq borcunu qaytarmağa çalışırsan. Amma bir də görürsən ki, başqa cür də olur. Yolda getdiyin yerdə bir qadın sənə yaxınlaşır və nə vaxtsa onu və övladlarını zülümdən qurtardığın üçün təşəkkürünü bildirir.

Əgər bu qadın yeni qurduğu həyatda övladlarına sahib çıxa bilirsə, onların üzünə təbəssümlə baxa bilirsə, bu artıq nailiyyətdir. Buna necə sevinməyim? O an da dərhal düşünürəm ki, “nə yaxşı ki, məhz bu işlə məşğulam”…

Birmənalı olaraq sənət seçimimdə yanılmadığımı düşünürəm. Bir daha seçim qarşısında qalsaydım, yenə də bu yolu seçərdim. Hər dəfə də özümə hesabat verəndə qənaətim dəyişməz qalır – nə yaxşı ki, mən bu yolu seçdim.

 

mətanət əzizova3

Ambisiyali insan deyiləm

 

– Ümumiyyətlə, bu sahəyə gələrkən, gələcəyinizi düşünürdünüzmü, bu işin hansısa perspektivlərinin olması sizi maraqlandırırdımı? Yoxsa, düşünməkdənsə, ürəyinizin apardığı yerə getdiniz?

– Ambisiyali insan deyiləm. Karyeranın hansısa pik nöqtəsi varsa ki, mən ora çatmalıyam, mənim üçün yoxdur. Mənim üçün əsas odur ki, daxili rahatlığım, stabil tarazlığım olsun. Öz vicdanım qarşısında dost və sülh, əmin-amanlıq şəraitində olaramsa, bu mənə yetər. Əvvəllər məndə daxili şübhə və mənfi emosiyalar yaradan şeylərdən uzaqlaşmağa çalışırdım. İşimdə də bu xarakterim özünü biruzə verirdi. Əgər iş günümdə müsbət nailiyyətlər əldə etmək çətinləşirdisə və bu məndə mənfi hisslər yaradırdısa, o zaman dərhal oradan uzaqlaşmağa çalışırdım, Bunun üçün hər vasitədən istifadə edirdim. Qadın Krizis Mərkəzində isə tam əksinə oldu. Bu Mərkəzdə mənim arzuladığım iki peşənin – hüquqşünaslıq və jurnalistikanın bəhrələrini gördüm. Bu bir perspektiv olaraq, mənim üçün müsbət fəaliyyət idi. İki ixtisası bir araya gətirmək arzumu bu Mərkəzdə reallaşdıra bildim. Mən hər iki ixtisası lap yaxından – öz təcrübələrimdə həyata keçirməyə başladım.

Ən əsası isə odur ki, bizim fəaliyyətimiz komanda işinə bağlıdır. Bu zaman tək məınim perspektiv haqqında düşünməyim düzgün çıxmaz, çünki biz bir komanda olaraq hərəkət edirik. Uğurlarımız da bu komandanının əməyinin bəhrəsidir.

 

Son zamanlar xidmətlərin, köməkliklərin sayı azalmağa başlayıb

 

– Sizcə, Azərbaycan cəmiyyətinə sizin kimi vətəndaş cəmiyyəti nümayəndələri nə kimi köməklik edir və ya edə bilir?

– Çox vaxt insanlar QHT-lərin qapısından içəri ayaq basarkən elə düşünürlər ki, əgər bu təşkilata gəliblərsə, deməli, onun bütün problemləri həll olunmalıdır. Reallıqda isə belə deyil. QHT-yə gəlmək hələ problemin 50% -ni həll edir. Bu isə o deməkdir ki, təzyiqə məruz qalan, problemlər girdabında boğulan insan susmayıb və hərəkətə keçərək, problemlərindən qurtarmağın yollarını axtarmağa başlayıb. Artıq qalan 50% isə birgə işlə bağlıdır. Bu o deməkdir ki, problemin həll edilməsində müsbət nəticə əldə etmək üçün hər iki tərəf, yəni müraciət edən və QHT əməkdaşının üzərinə düşür. Birlikdə çıxış yollarının planı hazırlanır. Və QHT əməkdaşı yardımçı, yönləndirici, dayaq rolunun ifaçısı olur ki, həmin insan öz problemlərini həll edə bilsin. Bu günə kimi qadın QHT-ləri çox işlər görüb. Bu fəaliyyətə qanunvericilik bazasının möhkəmləndirilməsindən tutmuş, hüquqi xidmətlərin göstərilməsinə qədər işlər daxildir. Məsələn, ailə zorakılığı və insan alverinə qarşı qanunların qəbul edilməsində kim fəal rol oynayıb və ya əgər bu gün insanlar QHT-lərə üz tuturlarsa və ya öz hüquqlarının bərpasından danışırlarsa, bu vətəndaş cəmiyyətinin maarifləndirilməsi kampaniyasının nəticəsidir. Hüquqi yardım, Vəkillik xidmətləri, tibbi, psixoloji yardım, sosial işçilərin köməkliyi, dövlət strukturları ilə şikayətçilərin arasında vasitəçi, ehtiyacı olanlara sığınacaq yerlərinin verilməsi, müxtəlif kurslara cəlbetmə və sairə… Bundan başqa, onlarla əlavə xidmətlərin növlərini də sadalamaq olar.

Amma çox təəssüf ki, son zamanlar bu xidmətlərin, köməkliklərin sayı azalmağa başlayıb. Buna səbəb isə, Azərbaycanda QHT-lərə qarşı açılmış süni cinayət işləri, müstəqil QHT-lərin aradan çıxarılmasına xidmət göstərən təzyiqlərdir.

mətanət əzizova2

Cəmiyyət fəal qadınları birmənalı olaraq yaxşı qarşılamır

Nə kimi təzyiqləri nəzərdə tutursunuz? Problemləri nədə görürsünüz?

– Problemlər çox olur. Cəmiyyətdə bizləri birmənalı qəbul etmirlər. Bizim işimiz çox vaxt polis idarələrində, məhkəmələrdə, xəstəxnalarda keçirdi. Cəmiyyət fəal qadınları birmənalı olaraq yaxşı qarşılamır. Gördüyümüz işlərin müsbət nəticəsini əldə etsək də, çox vaxt yaxşı bacarıqlı qadın mütəxəssislərimizi itirdik.

 

– Əksər xarici dövlətlərdə sizin fəaliyyət göstərdiyiniz qurumun alternativi olan təşkilatlar var ki, onlar birbaşa dövlətlə – hüquq mühafizə orqanları ilə, o cümlədən Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirlər. Bu, həm də problemin köklü olaraq həll olunmasına öz müsbət tövhəsini verir. Azərbaycanda vəziyyət necədir? Sizin təşkilata dəstək hansı instansiyalar tərəfindən gəlir?

– Bizim təşkilat fəaliyyətə başlayanda biz də belə bir əməkdaşlığa üstünlük verməyə çalışdıq. Bu vacib məsələlərdən biri idi. Əgər müsbət nəticə əldə etmək istəyiriksə, bu əməkdaşlıq labüd olmalıdır. Təşkilatımıza müraciət edənlər əsasən qadınlar və uşaqlardır. Onları bizə yaxınlaşdıran problemləri isə ailədə rastlaşdıqları münaqişə, insan alveri, iş yerlərində rastlaşdıqları haqsızlıqlardır. Biz əsasən, Daxili İşlər Nazirliyi orqanları, polis, Ədliyyə sistemi, prokurorluq, Müdafiə nazirliyi, sərhəq qoşunları, MTN və s. ilə əməkdaşlıq edirdik. Hüquq-müdafiə strukturları ilə bu istiqamətdə apardığımız əməkdaşlıq həm şikayətçilərin problemlərinin həll edilməsində, həm də onlarla maarifləndirici işlərin aparılmasında bizə kömək edirdi. Onu da deyim ki, bu əməkdaşlıq heç də hər zaman müsbət nəticə vermirdi. Mübahisələrimiz də olurdu, müzakirələrimiz də… Narazılıqlarımız daha çox olurdu və biz bu haqda hər dəfə KİV-də məlumatlar yerləşdirirdik. Bununla belə xeyli sayda müsbət nəticəsi olan uğurlarımız da olurdu – hüququ müdafiə olunmuş insanlar, həyata keçirdiyimiz birgə layihələrimiz və apardığımız çoxsaylı müzakirələrimiz…

 

Siz son vaxtlar gülümsəyən hansısa dövlət məmuru ilə rastlaşmısınızmı?

 

– Son günlər mətbuatda bir-birinin ardınca cəmiyyətimiz üçün heç də xoş olmayan xəbərlər yayıldı. Yəqin söhbətin hansı hadisələri əhatə etdiyini təxmin etdiniz. Sizə sığınanların sayı artır. Necə düşünürsünüz, insanların dövlətin müvafiq orqanlarına deyil, məhz bir qeyri-hökumət təşkilatına sığınmaları müsbət və ya mənfi hal kimi qarşılanmalıdır?

– Bilirsinizmi, QHT-lərə əsasən o adamlar müraciət edirlər ki, onların hüquqları dövlət məmurları tərəfindən pozulur və məhkəmə sistemi də onların hüquqlarını bərpa etməyib. Ölkənin ümumi vəziyyəti insanları daha çox QHT-lərə müraciət etməyə meylləndirir. Çünki onlar əmindirlər ki, burada onların hüquqlarının bərpa olunması istiqamətində lazım olan bütün addımlar atılacaq. Onları bizə yaxınlaşdıran güvən və etibardır. Vətəndaş cəmiyyəti  nümayəndələri təkcə yerli təcrübədən deyil, həm də beynəlxalq təcrübədən bəhrələnirlər. QHT-çilər bir çox xarici dövlətlərin treninqlərində, seminarlarında iştirak edirlər və təcrübə mübadiləsi aparırlar. Bu təcrübə mütəmadi olaraq yenilənir. İnsanlar onlara fərdi yanaşan QHT-lərə daha çox inanırlar, nəinki, hansısa hüquq-mühafizə orqanına… Siz son vaxtlar gülümsəyən hansısa dövlət məmuru ilə rastlaşmısınızmı?

 

– Sonuncu dəfə Vergilər Nazirliyinin gülərüz xanımı ilə söhbət etdim və anladım ki, xanımı daha çox mənim ödəyəcəyim ədalətsiz vergi cəriməsi maraqlandırır, nəinki mənim haqlı hüquqlarım.

– Görürsünüzmü? Vəziyyət o yerə çatıb ki, artıq insanlar məmurlara inanmırlar, onlar bu və ya digər məsələrin həll olunmasında özlərinə alternativ vasitə axtarmağa başlayırlar. Ya vəkillərə müraciət edirlər, ya da ki, QHT-çilərə…

Mən hazırda Praqada yaşayıram. Burada da bütün rastlaşdığım problemlərin həll olunması üçün mənə yerli QHT-lər yardım göstərirlər. Ancaq burada vəziyyət bir qədər fərqlidir. Buranın insanları əgər QHT-lərə müraciət edirlərsə, o demək deyil ki, onlar dövlət məmuruna inanmırlar.

Sadəcə, dövlət qurumları ilə QHT-lər o dərəcədə sıx əməkdaşlıq edirlər ki, bunun bəhrəsini insanlar öz üzərlərində dərhal hiss edirlər. Digər tərəfdən, QHT-lər dövlət qurumlarının da işini xeyli dərəcədə asanlaşdırır. Çox istərdim ki, Azərbaycanda da buna bənzər, xoş münasibətlər üzərində qurulan məsuliyyətli əməkdaşlıq institutu formalaşsın.

 

– Elə bir hadisə olubmu ki, sizin xatirələrinizdə silinməz izlər buraxsın?

– Olub. Əsasən də uşaq zorakılığı ilə üzləşdiyim hadisəni xatırlatmaq istəyirəm. Sərxoş atası tərəfindən zorakılığa məruz qalmış ana və 6 yaşlı bir uşaq yumruqlarını sıxaraq, “mən böyüyəndə bütün araq butulkalarını sındıracam, atamı da öldürəcəm” ifadəsi yaddaşımdan silinmir. Bu azyaşlı uşaq öz aləmində anasını bu yolla müdafiə edirdi.

 

– Çox ağır hadisədir və çox təəsüf ki, XXI əsrdə biz hələ də zorakılıq hadisələrinin şahidi oluruq. Mətanət xanım, bəs, fəaliyyətiniz dövründə elə bir hadisə olubmu ki, onlardan sonra siz bu sahəyə gəldiyiniz üçün peşmançılıq hissi keçirəsiniz?

– Elə hadisələr çox olub. Bizim QHT elə bir profil üzrə fəaliyyət göstərir ki, hər zaman döyülən, söyülən, təhqir olunan insanlarla ünsiyyətdə oluruq. Çox zaman elə hadisələrlə qarşılaşırdıq ki, heç cür onun reallığına inanmaq istəmirdik. Bu zaman din, adət-ənənə, əxlaq-tərbiyə və s. kimi milli dəyərlər arxa plana keçirdi. Ona görə deyirlər ki, cinayətkarların nə dini, nə də milliyyəti olmur.

Bir dəfə bizə 70 yaşlı ağbirçək bir qadın müraciət etdi. O, bütün ömrünü böyüdüb, ərsəyə çatdırdığı 3 övladına fəda edib. Lakin bu yaşında hər gün həmin övladarı tərəfindən döyülür və təhqir edilir.

 

– Dəhşətdir…

– Ən dəhşətlisi isə odur ki, yeniyetmə bir qız uşağı öz doğmalarından biri tərəfindən zorlanır. Düzdür, əlimizdən gəldiyi qədər kömək etdik. Ancaq kim təminat verə bilər ki, bu qız bütün həyatı boyu başına gətirilən oyunları unudacaq, psixoloji sarsıntılardan xilas olacaq?

Elə olur ki, biz anaya yeni həyata başlaması üçün kömək edirik ki, övladlarını boya-başa çatdıra bilsin. O isə bütün prosedurlardan keçəndən sonra övladlarından imtina edir və onları yaşlı nənənin himayəsinə atır.

Dəhşətli sandığım hadisələrdən biri də o olub ki, bizə müraciət edən qadın dözülməz taleyindən şikayət edir. Araşdırırsan, xanımın keçmişinə gedib çıxırsan və bir də görürsən ki, əgər onun maraqlarını müdafiə eləsən, o zaman 7 il əvvəl atıb getdiyi övladının hüquqlarını pozmuş olacaqsan. Dərhal hüquq müdafiəçisi olduğun yadından çıxır və konkret olaraq bəyan edirsən ki, “mən sənə kömək etməyəcəyəm”.

 

mətanət əzizova1

Fahişəliklə pul qazanan ananın örnək gənc qızı

 

– Bəs elə hadisələr olubmu ki, sizi sevindirib?

– Elə hadisələr, nə yaxşı ki, daha çoxdur. Bizim fəaliyyətimiz nəticəsində yeni bir həyata başlayan, öz ayaqları üzərində durmağı öyrənən, hüquqlarını müdafiə etməyi bacaran insanları gördükcə sevinirəm. Bir də ki, yeni həyat deyəndə məni səhv başa düşməsinlər. Yeni həyat qurmaq heç də boşanmaq demək deyil. Elə ailələr var ki, onların psixoloqa, işə, cüzi ehtiyaclarının ödənməsinə, təhsilə, maarifləndirilməyə ehtiyacı var. Bu problemlər aradan qaldırıldıqdan sonra, çox yaxşı nəticələr əldə etdiyimizin şahidi oluruq.

Bir dəfə yaşlı bir qadın bizə müraciət etdi. Yanında “nəvəmdir” dediyi bir yeniyetmə qız da var idi. Onun sözlərindən belə məlum oldu ki, qızın anası fahişəliklə pul qazanıb, illər keçdikcə, artıq ona baş qoşan olmayıb. Uzun illər bu qadın içkiyə qurşanıb, özünü idarə edə bilməyib və təbii olaraq da qızının tərbiyəsilə məşğul olmayıb. Anasının pul gətirə bilmədiyini görən qızı onun yolunu davam etdirmək istəyib. Bu haqda nənəyə qonşular məlumat veriblər. Nənə artıq yaşlıdır. Nəvəsi ilə bacara bilməyəcəyini düşünüb və onu min bir bəhanə ilə Mərkəzimizə gətirə bilib. Bizdən bu 9-cu sinifdə oxuyan qıza yardımçı olmağımızı, onu psixoloqa göstərmək üçün kömək etməyimizi istədi. Biz bir qədər söhbət edəndən sonra belə qərara gəldik ki, bir qrup yaradaq və hər tərəfdən bu qıza psixoloji təsir göstərək. Qız özünə çox qapalı idi, nə vaxt baxırdıqsa, susurdu. Bu qrupun fəaliyyətini bir neçə ay davam etdirə bildik. Yay məzuniyyətinə qədər mütləq bir nəticə əldə etməli idik. Sonuncu gün sağollaşmaq məqamında qız heç birimizin gözləmədiyimiz anda dedi ki, o psixoloq olmaq arzusundadır. Sevindirici hal deyilmi? Həyatını ucuz fahişəliyə bağlamaq əvəzinə, artıq bu qızın arzuları baş qaldırırdı və o cəmiyyətə daha faydalı bir yeniyetmə olaraq yetişirdi.

Heç bir zaman özümü öldürmək ağlımın ucundan belə keçməyib

Bu cür nailiyyətlər də asanlıqla əldə edilmir. Mətanət xanım, yeri gəlmişkən, sizin ailənizlə bağlı da sual vermək istədik. Çünki bu sual artıq mətbuatda yayılan məlumata əsaslandığı üçün etik çərçivəni aşmaq qərarına gəldik. “Mətanət Əzizova ərinə görə özünü öldürmək istəyir” başlıqlı xəbəri oxuyanda gözlərimizə inanmadıq. Aydındır ki, məlumat sizin “imtahana” çəkildiyiniz ağır günlərdə yayılıb. Sizin kimi bacarıqlı və dünyagörüşlü bir xanım üçün belə bir məlumatın nə dərəcədə doğru olub-olmadığını bilmək istərdik. Ən azı ona görə ki, ən ağır durumlarda olan qadınlarımızın krizisdən çıxması həm də sizin səlahiyyətləriniz çərçivəsindədir…

– Müsahibənin başlığı KİV üçün çox vacibdir. Heç də hər şey məlumatın başlığı kimi deyildi. Qeyd etdiyiniz kimi, müsahibə ağır zamanlarda verilmişdi. Bu mənim tərəfimdən cəmiyyətə bir mesaj, bir çağırış idi. İnanın ki, heç bir zaman özümü öldürmək ağlımın ucundan belə keçməyib. Biz tamamilə ayrı, daha sivil mühitdə tərbiyə alan insanlarıq. Fəaliyyətimdə bu kimi hallarla dəfələrlə rastlaşmışam və mən o durumda olan qadınlara bu yolun yanlış olduğunu sübut etməyə çalşmışam. Sadəcə, həmin günlər mənim üçün çox ağır idi.  Biz də insanıq. Bizim də yanımızda güclü insana ehtiyacımız var. Tək mübarizə aparmaq çox çətindir. Hadisələr o qədər qarışmışdı ki, özümüzə dost-tanış bildiyimiz insanların bir çoxu qorxu və ya ehtiyatdan bizdən üz döndərmişdilər. Anam olmasaydı, onun verdiyi dəstək olmasaydı, bəlkə də bu qədər uzağa gedə bilməzdim. O güclü oldu ki, mən də möhkəm olum. Onun fədakarlığını gördükcə mən də möhkəm oldum ki, o güclü olsun. Pragaya zəng edirdi ki, “Mama qurban, burada mən varam, heç nədən narahat olma…”

 

mətanət əzizova

Mənə elə gəlir ki, onlar bu planetin adamları deyillər, tamamilə başqa planetdən gəliblər

 

– Yeri gəlmişkən, uzun illərdir ki, ananız Mirvari xanım Qəhrəmanlını Azərbaycan cəmiyyəti aktiv qadın olaraq tanıyır və o öz mövqeyi və prinsipiallığı ilə də seçilib. Təbii olaraq, siz də onun yaşadığı mühitdə boya-başa çatmısınız. Siz Mirvari xanımın gördüyü işlərin hansını daha yaxşı görə bilərdiniz – heç bu barədə düşünmüsünüzmü?  Sizcə üstünlük kimin əlindədir?

 

Bəli, görə bilərəm. Məsələn, onun kimi yaxşı yeməklər hazırlaya bilərəm. Ondan qat-qat artıq bişirərəm. Əgər zarafatı bir kənara qoysaq, mən həqiqətən də onun kimi işləməyi bacara bilmərəm. Onun rəhbərlik etdiyi təşkilat çox məsuliyyətli, aktivdir. Bu təşkilatda çox gülərüz, xoşniyyətli insanlardan ibarət bir komanda çalışır. Onlar əsl komandadır. Məhz bu üstünlükləri QHT olaraq onların fəaliyyətini daha da inkişaf etdirir. Təşkilatda qanunun aliliyi o həddə qədər uca tutulur ki, heç bir başqa təşkilatda bu münasibətlə rastlaşa bilməzsiniz. Onların işlədikləri sahə çox çətin sahədir və bir neçə problemi əhatə edir. Burada qanunlardan başqa, neftin tərkibindən tutmuş, onun istismarına qədər məlumatlar toplanılır. Bu təşkilatda çalışmaq üçün neft sektorunu beş barmağın qədər bilməlisən. Hətta hər bir neftçini belə tanımalısan. Onun həyatını, dilini, problemlərini yaxşı bilməlisən. Mən bu qədər informasiya toplamağı və onların üzərində işləməyi anam qədər yəqin ki, bacarmazdım. Həqiqətən. Mənim atam da neftçi olub. Bəzən mənə hərdən elə gəlir ki, onlar bu planetin adamları deyillər, tamamilə başqa planetdən gəliblər. Neftçiləri çox sevirəm. Amma onların problemləri ilə anam qədər yaxşı məşğul ola bilməzdim. Yəqin ki, nə biliyim, nə bacarığım, nə də cəsarətim buna imkan verməzdi.

Amma sizə bir sirr də açmaq istəyirəm. Mirvari Qəhrəmanlı da heç bir zaman mənim çalışdığım sahə ilə məşğul ola bilməz. Özü də bunu dəfələrlə etiraf edib. Onun bu məsələlərə yanaşması bir az fərqlidir. Çox vaxt da hər hansı məsələ ilə bağlı söhbətləşəndə iradla bildirir ki, “Mətanət, sən Krizis Mərkəzində deyilsən, ananla danışırsan”. Qadın hüquqlarının müdafiəsilə bağlı mövzularda çox mübahisəmiz olub və çox vaxt da mənim fikirlərimlə razılaşmayıb.

 

– Ümumiyyətlə, “ailə və aktiv fəaliyyət” – bunları necə bir araya gətirirsiniz?

– Desəm ki, çox rahat, inanarmısınız? Həyat yoldaşım, tanış olduğumuz ilk gündən bilirdi ki, ailəmiz siyasi yönümdən sakit deyil. Mitinqlər, etiraz aksiyaları, siyasi mövzularda müzakirələr, bütün bunlar hələ o zamandan var idi. Onun ərsəyə çatdığı ailə ümumiyyətlə siyasətlə maraqlanmırdı. Siyasət ona da maraqlı gəldi və o özü mənim seminarlarda iştirak etməyimdə, görüşlərdə, müzakirələrdə fəal iştirak etməyimdə maraqlı idi. İlk dəfə Gürcüstanda keçirilən bir seminara dəvət aldım. Mənimlə birlikdə o da sevinirdi. Oğlumun kiçik yaşlarında problemlərimiz də çox idi. Aktiv fəaliyyətim – beynəlxalq tədbirlərdə, seminarlarda günlərlə iştirakım ailəmə, oğluma qarşı diqqət və qayğımı azaldırdı, bu da təbii olaraq müəyyən narazılıqlar yaradırdı. Ailəmizin qorunub saxlanmasında hər ikimizin xarakterində olan müsbət keyfiyyətlərimiz böyük rol oynadı. Bizim hər ikimiz kinli deyilik, bir-birimizə qarşı hörmətli yanaşmamız, heç nəyə baxmayaraq tez ünsiyyət qurmağımız, fəqrliliyimiz, – bir qədər də özümü tərifləyim – mənim münaqişədən qaçmaq bacarığım və olduğum hər yerdə xoş ab-hava yaratmaq istəyim ailəmizin təməl daşlarını möhkəm saxladı.

Demirəm ki, hər şey bu qədər sadədir, təbii ki, çatışmayan cəhətlərim də var. Xətrimə dəyəndə sözümü deməyi bacarıram. Anam mənə bunu da tez-tez irad tutur ki, “gəldin, sancdın, getdin.” Əsas odur ki, öz səhvlərimi qəbul edirəm və onları düzəltməyə çalışıram.

 

– Cəmiyyətimizdən nə gözləyirsiniz?

– Səmimi olacam. Heç nə gözləmirəm. Bu, nə pisdir, nə də yaxşı. Sadəcə, durmadan fəaliyyəti davam etdirmək lazımdır. Hələ cəmiyyəti formalaşdırmaq lazımdır. Öyrətmək, bəzi hallarda isə tərbiyə etmək lazımdır.

– Qadın Krizis Mərkəzini 10 ildən sonra harada görürsünüz?

– QHT- nin fəaliyyəti adətən düz bir xəttə bənzəyir. Nə yüksəlişi var, nə də enişi. Belə prinsip ilə QHT ya fəaliyyət göstərir, ya da ümumiyyətlə bağlanır. İndiki durumda isə 10 ildən sonra necə olacağını deyə bilmərəm. Ümid edirəm ki, köhnə komandam ilə yenə də insanlara kömək etməkdə davam edəcəyik.

– Həyatınızda və fəaliyyətinizdə nələrisə dəyişmək istərdinizmi?

– İş fəaliyyətimlə bağlı heç nəyi dəyişmək istəməzdim. Planlı şəkildə, düzgün və müsbət nəticəverici bir yol seçmişdik və bu yolu bu gün də davam edirik. Şəxsi həyatımda isə, mənə doğma olan insanlarla münasibətlərimi yaxşıya doğru dəyişmək istərdim, onlara daha çox məhəbbət və qayğı göstərmək istərdim. Bir bilsəniz məni anam, bacım, bacımın övladları necə çox sevirlər, mən bunu çox dərindən hiss edirəm. Amma təəssüf edirəm ki, mən öz sevgimi onlara tam olaraq göstərə bilmədim.

Qadınların hüquqlarını müdafiə etmək maraqlı və faydalı işdir

– Nə vaxtsa, həmişəlik olaraq ölkədən kənarda fəaliyyət göstərmək haqqında düşünmüsünüzmü?

– Bir zamanlar çox istəyirdim ki, geniş beynəlxalq təcrübəyə malik hansısa QHT-də təcrübə mübadiləsi keçim. Bunun üçün yəqin ki, hansısa dövlətdə yaşamaq lazım gələcəkdi. Hazırda bu imkanım var və çalışıram ki, yaxşı təcrübə və bilik qazanım. Çexiyada bir neçə QHT nümayəndəsi ilə görüşlərim olub. Onların iş prinsipləri mənə maraqlı gəlir. Baxdım, öyrəndim, işlədim. Ümidvaram ki, bu təcrübələri öz həmkarlarımla bölüşə biləcəm.

– Bir daha seçim qarşısında qalsaydınız hansı sahəyə daha çox üstünlük verərdiniz?

– Məktəbdə təhsil alarkən həm jurnalist, həm də hüquqşünas olmaq istəmişəm. Həyat elə gətirdi ki, fəaliyyət göstərdiyim sahədə – QHT elə bir sahədir ki, orada bir neçə ixtisası birləşdirmək mümkündür – hər iki ixtisasdan bəhrələnə bilirəm. Bu gün də çox sevinirəm ki, Qadın Krizis Mərkəzində bütün arzularımı həyata keçirə bilmişəm. Ona görə də işimdən çox razıyam. Qadınların hüquqlarını müdafiə etmək maraqlı və faydalı işdir. Bəzən bu hüquqları müdafiə edərkən, özün də fərqində olmadan bir insanın həyatını qurtarırsan, ona yeni nəfəs, yeni həyat verirsən. Əgər seçim qarşısında qalsam, özümə Qadın, Uşaq və Ailə Məsələləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini hədəf götürərdim. Əvvəldə də demişdim ki, iddialı, ambisiyalı adam deyiləm və bu işə də vəzifə kimi deyil, fayda verə biləcəyim bir sahə kimi baxıram.

– Ölkədən çox uzaqdasınız. Müsahibə vasitəsilə kimə səslənmək istərdiniz? Kimə deyiləcək və çatdırılacaq sözünüz var?

– Mesajım həyatı ağırlaşdıranlaradır. Dedi-qodu ilə yaşamayın. Boşluqdan etdiyiniz qeybətlərlə insan talelərini sındrmayın. Və sonda sevdiklərimə etiraf etmək istəyirəm. Sizi çox sevirəm. Siz necə də gözəl insanlarsınız.

Hazırladı:

Əvəz Zeynallı

Məlahət Zeynallı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button