Təslim olmaq, geri çəkilmək olmaz

samira ağayeva1

Samirə Ağayeva: “Ölkəni tərk etmək fikrində deyiləm”

 

Strateq.az-ın və “16-1” layihəsinin budəfəki qonağı Samirə Ağayevadır. Samirə Ağayeva ölkənin ən vicdanlı hüquq müdafiəçilərindəndir. Harada bir hüququ pozulan varsa, oradadır və işini bəziləri kimi göstərişə və özünügöstərməyə görə qurmur. O da hüquq müdafiəçilərinin “İsimsiz qəhrəmanları”ndandır. Əslində, belə adamların kim olduqlarını həbsxana divarlarının arasında çabalayan adamlar daha dəqiq bilirlər. Onlara ən xırda bir ümid, ən isti bir xəbər belə yaşamaq həvəsi verir və bu xəbəri təşkil edənlərdən biri Samirə Ağayevadır. O, xırda ümidlərin mənbələrindən biridir. İşi odur – insanlara var olmaq, yaşamaq və mübarizə aparmaq həvəsi vermək. Bütün mənalarda ən müqəddəs hiss və duyğudur – yaşamayan bilməz…

Samirə Ağayeva bütün bu qovğaların içində hələ də Azərbaycanda “Vicdanlı, obyektiv və savadlı hakimlər”in olduğuna inanır və bunun özü nonsensdir. Görünür, o, həbsxanaların içi haqqında o qədər də məlumatlı deyil. Məlumatlı olsaydı və prosesin gedişatını dəqiq bilsəydi, bu sistemdə heç bir hakimin vicdanlı və obyektiv olduğuna inanmazdı. Yoxdur çünki elə hakimlər…

Qonağımız hüquq müdafiəçisi Samirə Ağayevadır…

 

samira ağayeva2

Həyat tərzimi dəyişmək fikrimdə deyiləm

 

– Azərbaycanda hüquq müdafiəçisi olmaq həm də risklidir. Hətta əks cinsin nümayəndələri belə bu funksiyanı yerinə yetirməkdən imtina edirlər. Amma siz hər zamankı kimi yenə də irəlidəsiniz. Bu, sizi narahat etmir ki?

– Azərbaycanda hüquq müdafiəçisi olmaq həqiqətən riskli və ağırdır. Məqsədimiz insan hüquqların və azadlıqların müdafiəsidir. Bu sahədə ölkəmizdə həmişə çətinliklər mövcud idi. Mənim üçün bu artıq həyat tərzimə çevrilib. Hazırkı həyat tərzimi isə dəyişmək fikrimdə deyiləm. Hər bir fərdin hüquqları mənim üçün əhəmiyyət kəsb edir. Ona görə fəaliyyətimi davam etməyə hazıram.

– Həmkarlarınızın bəziləri həbsdədir və onların görəcəkləri işlərin çox hissəsi artıq sizin üzərinizə düşür. Ağır deyil ki?

– Əlbəttə ki, ağırdır. Mən hüquqşünas olaraq bir fərdin hüquqlarının müdafiəsi zamanı hüquq sahəsində presedent yaradılması üçün çalışıram. Məsələn, bir jurnalistin Avropa Konvensiyasının 10-cu (özünü ifadəetmə azadlığı) maddəsi pozulub. Bunu əvvəla, yerli məhkəmələrdə, sonra isə Avropa İnsan Haqları Məhkəməsində sübut etməyə çalışıram. İşin nəticəsi uğurlu olsa, bu artıq Azərbaycan üçün  böyük əhəmiyyət kəsb edir.

samira ağayeva

Hüquq müdafiəçisi vicdanlı və fədakar olmalıdır

– Sizcə hüquq müdafiəçisi hansı keyfiyyətlərə malik olmalıdır?

– Bildiyiniz kimi, hüquq müdafiəçisi olmaq üçün hüquqşünas olmaq şərt deyil. Hüquq müdafiəçilərinin əksəriyyətinin heç hüquqi təhsili yoxdur. Mənim zənnimcə, hüquq müdafiəçisi vicdanlı və fədakar olmalıdır. Onun üçün əsas məqam insan haqları və azadlıqları olmalıdır. Və yuxarıda qeyd etdiyim kimi, bu sahə hüquq müdafiəçisi üçün həyat tərzinə çevrilməlidir. Əgər kiminsə haqqı pozulubsa, heç nəyə baxmayaraq, heç nədən qorxmadan və çəkinmədən, təmənnasız olaraq müdafiə etməlidir.

– Beynəlxalq hüquq normalarını qəbul edən Azərbaycanda qanun pozuntularını necə qarşılayırsınız?

– Əlbəttə ki, mənfi. Öz fəaliyyətimdə hər zaman çalışıram ki, beynəlxalq hüquq normalarına, bu sahədə olan beynəlxalq standartlarına diqqət yetirim. Hətta Azərbaycan üçün tövsiyə xarakteri daşıyan Avropa Məhkəməsinin qərarlarına istinad edirəm. Məhkəmələrdə iştirak edəndə isə fikir verirəm ki, bəzi hakimlərin bütün bunlardan təsəvvürləri belə olmur.

– Siyasi məhbus məsələsi Azərbaycanda bu gün də həll olunmamış qalır. Sizcə bu problem həll etməyin başqa yolları varmı?

– Azərbaycanda 1993-cü ildən başlayaraq siyasi məhbuslar məsələsi hər zaman aktual olub. Keçən ildə baş verən bir sıra tanınmış hüquq müdafiəçilərinin həbsi bu məsələyə diqqətini daha da artırdı. Mən hər zaman bu fikrində idim, indi də həmin fikirdəyəm: siyasi məhbusların məsələsini həll etmək üçün siyasi iradə olmalıdır. İctimai və siyasi fəalların, jurnalistlərin, hüquq müdafiəçilərinin azadlığa çıxması yalnız əfv fərmanı ilə həll olunmasının illər ərzində şahidi oluruq.

– Siyasi məhbuslarla bağlı nə kimi işlər görülür?

– Başqalarının bu sahədə hansı işləri görməsi barədə deməyə çətinlik çəkirəm. Şəxsən mən siyasi məhbusların məhkəmələrini müşahidə etmək və proseslərə düzgün və obyektiv hüquqi qiymət verməklə məşğulam.

Vicdanlı, obyektiv və savadlı hakimlər var

– Məhkəmələrin qanunla deyil, sifarişlə işlədiyini deyənlər var. Belə hallarla şəxsən rastlaşmısınızmı? Məhkəmələrdən sonra insanlar nə düşünürlər – Azərbaycan hüquqi dövlətdir, yoxsa?..

– Heç kimə sirr deyil ki, Azərbaycan məhkəmələrində hər bir halla rastlaşmaq olar: sifarişdən başlayaraq rüşvət verməyə qədər. Amma onu da qeyd edim ki, dediklərim hamıya aid deyil, yəni kifayət qədər vicdanlı, obyektiv və savadlı hakimlər var. Belə hakimlər müşahidəmə görə, təəssüf ki, azlıq təşkil edir. İnsanların yerli məhkəmələrə inamı və etibarı yoxdur. Hər gün insanların hüquqları pozulur, amma bu pozuntuların əksər hissəsi latent keçirir. Vətəndaşlar məhkəmələrə müraciət etməkdən çəkinirlər. Azərbaycan hüquqi dövlət olsaydı, insan hüquqları təhlükədə olmazdı. Azərbaycan hüquqi dövlət olması üçün məhkəmə hakimiyyəti icra hakimiyyətində asılı olmamalıdır.

– Həbs olunanlarla yanaşı, öldürülən aktiv insanların itkisi sizə nə deyir? Azərbaycanda bu vəziyyət dəyişəcək, yoxsa getdikcə daha ağırlarına hazır olmaq lazımdır?

– Əlbəttə ki, dostlarımızın həbsi, jurnalistlərin öldürülməsi hamı üçün çox böyük zərbə oldu, şoka saldı. Bəziləri qorxaraq geri çəkildi, bəziləri başqa fəaliyyəti ilə məşğul olmağa başladılar, bəziləri hazırda ölkədən kənarda yaşayırlar. Amma mən hər zaman pozitiv olmağa çalışıram. Nə olur olsun, biz ümidimizi itirməməliyik, hər bir fəal öz işini davam etdirməlidir. Təslim olmaq olmaz. Geri çəkilmək olmaz. Heç olmasa mübarizə aparan və çətinliklərlə üzləşən dostlarımıza görə geri çəkilmək olmaz. Bu onlara münasibətdə ədalətsizlik olar. Vəziyyətin dəyişməsi üçün hamımız çalışmalıyık. Hər kəs öz işini vicdanla etsə, əminəm ki, vəziyyət yaxşılığa doğru gedəcək.

Stress ata bilirəm…

– İş və ailə. Hüquq müdafiəçisi olmaq həm də evdən kənarda fəaliyyət göstərmək deməkdir. Stress, yorğunluq, həyəcan və sonra ev. Bunların ikisini bir araya gətirə bilirsinizmi?

– Əvvəl qeyd etdiyim kimi, hüquq müdafiəçisi olmaq həyat tərzidir. Bütün günü insanların problemlərini dinləməli olursan və istər-istəməz psixoloji olaraq bu yükü daşıyırsan. Amma çalışıram ki, evə gələndə bu yükü özüm ilə gətirməyim. İllər ərzində belə yaşamağa öyrəşmişəm. Artıq fəaliyyətimi və şəxsi həyatımı bir araya gətirə bilirəm. Stressi atmaq üçün dənizin qırağında olmağa, dostlarla vaxt keçirməyə, gözəl musiqiyə dinləməyə, kitab oxumağa, təbiətlə ünsiyyətdə olmağa çalışıram.

– Gələcək planlarınız nədir – hüquq müdafiəçisi olaraq qalacaqsınız, yoxsa ilk imkanda ölkəni tərk edib kənarda özünüzə bir həyat quracaqsınız?

– Heç nəyə baxmayaraq bu sahəni dəyişmək fikrində deyiləm. Öz peşəmi və fəaliyyətimi çox sevirəm, bacardığım qədər onu keyfiyyətlə yerinə yetirməyə çalışıram. Sözlərim nə qədər pafoslu səslənsə də, Azərbaycan mənim vətənimdir, xalqımı, millətimi öz həyatımdan çox sevirəm və məhz həmvətənlilərim üçün çalışıram. Ölkəni tərk etmək fikrində deyiləm. Fəaliyyətimi burada davam etdirəcəm.

Hazırladı:

Əvəz Zeynallı

Məlahət Zeynallı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button