Təhdid zəngi edən mürtəd tapıldı, Usubovun kadrları isə “qərar vermir”

 
Şübhələrimiz özünü doğrultdu. Təhlükəsizlik kameralarının qeydə aldığı lent yazılarının təsdiqlədiyi faktları Jurnalist Təhqiqat Qrupu olaraq dərhal Nərimanov rayon Polis Idarəsinin istintaq şöbəsinə təqdim etdik. Söhbətin nədən getdiyi anlaşıldı, yəqin.

Ötən ayın 6-da bəndənizə övladlarımın ölüm təhdidi ilə bağlı şərəfsiz bir şəxsdən telefon zəngi gəlmişdi. Bu barədə dərhal Daxili Işlər Nazirliyinə müraciət etmişdim və təhqiqat başlamışdı. Daha sonra təhqiqat istintaq mərhələsinə qədəm qoydu.
Dəfələrlə yazılı və şifahi müraciətlərimizdən sonra axır ki, şərəfsiz zəngin edildiyi Nərimanov kinoteatrının qarşısındakı taksafonun böyür-başında yerləşdirilən təhlükəsizlik kameralarının qeydlərinə baxmaq fürsəti yaradıldı. Əsas kameranın yaddaşındakı yazılar verilməsə də, kənar kameralar da kifayət etdi və biz Təhqiqat Qrupu olaraq digər faktları da birləşdirib, istintaqın ixtiyarına buraxdıq. Nə baş verdi?
Biz istintaq hərəkətlərinə mane olmamaq üçün faktın mətbuata çıxmaması vədimizə sadiq qaldıq. Baxmayaraq ki, 10 gündən artıqdır zəng edənlərin kimliyi, hara bağlı olmaları haqda artıq tam və müfəssəl bilgilərimiz var. Bunu Nərimanov rayon Polis Idarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Mübariz Süleymanov da bilir. Ancaq hələ də məsləhətləşmələr aparılır, hələ də konkret bizim və istintaqın qətiyyətlə əmin olduğu anonim zəng müəllifləri barədə ölçü götürülmür.
Nəyi gözləyirlər? Kimlə məsləhətləşirlər?
O insanların Milli Təhlükəsizlik Nazirliyinin içimizə atılan çuğulçuları olmasına kimsənin şübhəsi yoxdur. Onlar artıq çoxdan mətbuatda deşifrə olunmuş şəxslərdir. Mənimsə həmişə o zavallılara görə ürəyim ağrıyıb. Çünki istedadlı, qabiliyyətli insanlardırlar. Bu hakimiyyət bu cür istedadlı insanları dəyərləndirmir ki! Onlar əvvəlcə işsiz-gücsüz buraxılır, bir parça çörəyin tamarzısına çevrilir, zəlil, miskin vəziyyətə salınır, şantaj edilir və nəhayət, öz sirdaşlarının, dostlarının, çörək kəsdikləri adamların böyründə yerləşdirilmiş canlı “juçok” kimi istifadə olunurlar; onlardan ən eybəcər işlərdə çox eybəcər formada yararlanırlar. Öz vətəndaşını ruhən əlil və zəlil günə qoymağın bundan daha amansız yolunu təsəvvür etmirəm.
Bu cür sındırılmış, əsir-yesir edilmiş, şəxsiyyəti alçaldılmış, ruhən məhv edilmiş insanlardan bir neçəsi növbəti dəfə mənə zənglə deşifrə olundu. Daxili Işlər Nazirliyi isə həmin şəxslər barədə qərar verə bilmir: Niyə?
Cənab Usubov, yalnız bizim təkidli israrlarımızdan sonra istintaq müəyyən irəliləyişlərə nail olub. Bəs, indi niyə açıqlamırsız həmin şəxsləri? Nəyi gözləyirsiniz?
Qəbulolunmaz yalnız bir şey var: hansısa şərəfsizin təhdid zəngində ailənin adını tutması, azyaşlı uşaqlarla insanın şantaj olunması! Bu, biqeyrətlikdir və bu biqeyrətin adını bildiyinizə, artıq sizə məruzə olunduğuna şübhə etmirəm.
Son 15-20 ildə bəlkə də ilk faktdır ki, biz bunun sonuna qədər getdik və onları aydınlaşdırmağı bacardıq. Bilirsiniz niyə? Çünki o qədər primitiv, o qədər əbləh, o qədər kobud səhvlər üstündə qurulan bir əməliyyat idi ki, bunu əməliyyata heç bir aidiyyəti olmayan sıravi vətəndaş da üzə çıxarardı. Cinayətin heç vaxt açılmayacağına, görün, nə qədər əmindirlər ki, heç düz-əməlli əməliyyat da qurmurlar, Daxili Işlər Nazirliyinin ənənəvi olaraq belə təhdidləri ört-basdır edəcəyini düşünürlər. Belə düşündüklərindəndir ki, müstəntiqdən daha inamlı görünür cinayətkar. Arxalarında dayananı olmazsa, elə sırtıqcasına üzə keçərlərmi? Müstəntiqin özünü belə ələ salarlarmı?
Cənab nazir, inanıram ki, övladınızı sizin fəaliyyətinizə görə ölümlə hədələyən şəxsi heç vaxt bağışlamazsınız. Mən də bağışlamaram!
Istintaqın işinə yenə mane olmuram və bir neçə gün də gözləyirəm. Sizin cinayətkarın adını açıqlayacağınıza və barəsində ölçü götürəcəyinizə inanmaq istəyirəm.
Qanunlar işləməyəndə, cinayətkar qanunla cəzalandırılmayanda, insanlar cinayətkarın cəzasını vermək üçün cinayətkara çevrilir. Hər yerindən duranın öz bildiyi kimi cəza tətbiq etməsi sizin marağınızda olmamalıdır, məncə. Axı, bu ölkənin Qanunu var və siz onun qoruyanısınız!
P.S. Cənab Usubov, bu yazını müraciət kimi qəbul etməyinizi xahiş edirəm. Xatırladım ki, dekabrın 7-də sizə etdiyim rəsmi müraciətə dekabrın 28-də cavab almışam. Növbəti 21 günü gözləmək istəmədim…

07.01.2012

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button