Təhsilimiz təkmilləşir

Babalıq

Yetkililər dur demədən əlləşir,

Təhsilimiz get-gedə təkmilləşir!

 

Birisi deyir, son nəticə nəhs deyil,

Birisi deyir, nəhs o yana, bəs deyil,

Birisi deyir, test özü bir test deyil,

TQDK Nazirlik ilə dilləşir,

Təhsilimiz get-gedə təkmilləşir!

 

Yüz pedaqoq ildə alır beş mini,

Heç bu işin formatı açmır məni,

Hər “yüz”ə bir əlaçı yoxdur yəni?

Gəl, bu həsir, gəl, bu da Məmmədnəsir,

Təhsilimiz get-gedə təkmilləşir!

 

Biz də dedik, kurikulum getdi xod,

Sarsaq oyunmuş ki bu intermetod!

Dərsi dedin, bitdi oyun: şot–raşot!

Son nəticə: bal gəlir əksik düşür,

Təhsilimiz get-gedə təkmilləşir!

 

Müəllim olan çatdımı altmış beşə,

Zər, domino çırtmağı etsin peşə,

Məmur üçün varmı bu cür əndişə?

Ta yüzəcən əlləri milyon kəsir,

Təhsilimiz get-gedə təkmilləşir!

 

Köhnə kələş məktəbə şefdir yenə,

İmanı lax, vicdanı kifdir yenə,

Müavin işə pulla giribdir yenə,

Axmasa su, həm qoxur, həm lilləşir,

Təhsilimiz get-gedə təkmilləşir!

 

Dərs yükünə norma nədir, həd nədir?

Norma bir stavkadır, ay müqtədir,

Qoy o durub, haqqa izafət gətir…

Mürdə yuyur, suç ki yumur mürdəşir,

Təhsilimiz bəs belə təkmilləşir?

 

Get xəbər al: harda açıq dərs gedir,

Müəllim, uşaq düz iki ay məşq edir,

Pərdələnir, forma mahiyyət gedir,

Sonra yalandan salırıq hay-həşir:

Təhsilimiz guya ki təkmilləşir!

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button