Tənhalığa qalib gələn qadın-Yaxşı Nümunə (VİDEO)

Sadə və şərəfli müəllimə ömrü

Danışır həyata müəllimlik edən Dilqəm Zeynalova. Bu ölkənin “Yaxşı Nümunə”lərindən biri:

 4 balasını yaxşı vətəndaş kimi böyüdə bilən və tənhalığa qalib gələn qadın – Dilqəm Zeynalova

Zaman elə nümunələr çıxarıb ki ortaya, millət çaş-baş qalıb. İndi Azərbaycana haqqı çatmayanlar hakimdir. Həm mədəniyyət, həm incəsənət, həm də bütün sahələrdə. Adı ən axmaq işlərdə bərq vuran adamlar Azərbaycan üçün zorakı “yaxşı nümunə”yə çevriliblər. Televiziyalarımızın, bir çox hallarda qəzetlərimizin və sosial şəbəkələrin də gülünə-çiçəyinə çevriliblər belələri. Azərbaycan xalqının balalarına əxlaqı indi əxlaqsızlar, mərifəti mərifətsizlər, qanacağı qanacaqsızlar verir, aimlərə nadanlar, millərin balalarına tərbiyə haqqında tərbiyəsizlər dərs keçirlər.

Təbii ki, bu qədər sərt alınmasını mən də istəməzdim, amma bu qədər də yumşaq deyil heç nə. Artıq yumşaqlıqdan keçib hər şey və ciddi bir fəlakətin astanasındayıq. Bu fəlakət astanasında Dilqəm müəllimə kimi xanımların və Anaların olduğu adama ayrı bir duyğu verir.

diqi1

Yox, onu ad çəkib kimsəylə müqayisə etmək istəmirəm. Heç qəhrəman da deyil. Həyat yoldaşı Oruc müəllim də nə Vətən uğrunda, nə də başqa bir döyüşdə həlak olmayıb. Ürəyi Vətən uğrunda döyünüb, bəlkə də infarkt olmasında Vətənin də problemləri rol oynayıb, amma sadə vətəndaş ömrü yaşayıb və 46 yaşında dünyasını dəyişib. Dilqəm müəllimə də elə o yaşda olub. 2-3 yaş aşağı ola-olmaya.

Sadə bir azərbaycanlı qadın kimi həyat yoldaşı dünyasını dəyişəndə Dilqəm müəllimənin öhdəsində 4 azyaşlı körpə balası vardı. Böyük qızı Məhbubə, sonra Aqil, nəhayət, ekiz balalar Namiq və Natiq. Bu 4 balanı səbrlə, təmkinlə, ləyaqətlə böyütdü Dilqəm müəllimə. Lap nağıllarımızda deyildiyi kimi, “saçının bir telini ağ hördü, bir telini də qara.” Zamanın sərt silləsi elə bir zamanda yaxalamışdı sifətini ki, onun qarşısında duruş gətirmək çox çətindi. Dilqəm müəllimə sinə gərdi, davam gətirdi zamanın silləsinə. Bununla yetinmədi – zamana və onun yalnızlığına qalib gəldi!

Deyib keçmək asandır. Sözlə ifadə etmək olmur bəzi dərdlərin ağırlığını. Ömrünün ən gözəl zamanlarında yalnızlıq yaşayan qadınları kimsə anlamaz, amma dərddən bilən anlar bəlkə.

Həyatın özünə də, ağırlıqlarına da qalib gələn qadınlardandır Dilqəm müəllimə. İndi zamanın çətinlikləri bəlkə bir nəbzə arxada qalıb. İndi Məhbubə də, Aqil də, Namiq də, Natiq də böyüyüblər. Onlar ölkəmizin ən yaxşı ali təhsil müəssisələrində təhsil alıblar, gözəl ailə və həyat tərbiyələrinə malikdirlər. Dilqəm müəllimənin 4 gül balasının hər birinin işi-gücü var və hər biri də işini imtahanlarla qazanıblar. Hamısının əli başına yığılıb necə deyərlər, hamısı iş-güc sahibi. İndi onlar Dilqəm müəlliməyə nəvə bəxş edib başına dolanırlar.

“Yaxşı Nümunə”lər bu ölkədə çox azdırlar. Xural.com onların sorağındadır. Qoy bu ölkədə kim hansı mədəniyyəti və əxlaqı təbliğ edirsə etsin, biz bu nümunələrimizlə var olacağıq. Onları tapıb, onları çıxarmaq, onları təbliğ etmək, Azərbaycan xalqına onları – söz haqqına malik olanları tanıtmaq lazımdır.

Bu məqsədlə “Xural” qəzetinin “Yaxşı Nümunə” layihəsində Dilqəm Zeynalovadır. Sadə müəllimə. 65 yaşını tamamlayan və təqaüd yaşına çıxan, heç bir saxtakarlıqda və əliəyrilikdə iştirak etməyən müəllimə. O ayrı məsələdir ki, ömürlərinin ən kamil və verimli zamanına qədəm basanda niyə bu müəllimələri təqaüdə göndərirlər, bu, haradan gəlib bizim möhtərəm Təhsil nazirimizin ağlına, başqa mövzunun söhbətidir.

Əvəz Zeynallı

Əlaqəli məqalələr

1 şərh

  1. Ömrünüz uzun olsun Müəlliməm. Nə yaxşı ki varsınız və mənim müəlliməm olmusunuz. Bəxtəvər bugünkü şagirdlərinizə ki, Sizin kimi müəllimə onlara riyaziyyat tədris edir. Əminəm ki, tək müəllimə kimi deyil, həm də bir İnsan kimi şagirdlərinizin qəlbində möhtəşəm abidəniz ucalıqdadır.
    Tanrıdan Sizə uğurlar, sağlam və uzun omür, övladlarınıza sizin ürəyinizcə olmaları diləyilə, şagirdiniz Məhərrəm Əli oğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button