Tərtərdə seçki saxtakarlığı ifşa edildi – FOTOLAR

şəhriyar11

Şəhriyar Məcidzadənin Seçki Qərargahı faktlar açıqladı

2015-ci il parlament seçkilərinin ən aktiv seçki kampaniyası aparılan dairələrindən biri 95 saylı Tərtər Seçki Dairəsidir. Həmçinin, 9 oktyabrda qeydə alınmış namizədlərin təbliğat-təşviqat dövrü başlayandan həmin dairədən yerli icra orqanları tərəfindən seçki qanunvericiliyinə kobud müdaxilələr və qərəzli münasibət haqqında mütəmadi olaraq mətbuatda xəbərlər yayılıb və ictimai müzakirəyə səbəb olub. Xatırladaq ki, icra strukturları tərəfindən mütəmadi olaraq maneçilik 95 saylı Tərtər seçki dairəsindən bitərəf olaraq deputatlığa namizədliyini irəli sürən Tərtər rayon İcra Hakimiyyətinin sabiq başçısı Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadəyə qarşı həyata keçirilib.

Bu gün Ş.Məcidzadənin Seçki Qərargahından seçki mühitinin və Seçki Məcəlləsinin kobud pozulduğunu əks etdirən materiallar – fotofaktlar göndərilib. Həmin fotofaktlarda 95 saylı Tərtər seçki dairəsindən namizədliyini irəli sürmüş Sahib Alıyevin Tərtərin kəndlərində görüşü zamanı qanunvericiliyə zidd olaraq iş vaxtında bələdiyyələr, icra nümayəndələri ilə bərabər məktəb direktorlarının da təşkilatçı olaraq və şəxsən iştirak etdiyi görünməkdədir.

Məsələ ilə bağlı Şəhriyar Məcidzadənin seçki qərargahı bəyanat yayıb. Həmin bəyanatı təqdim edirik:

“Mərkəzi Seçki Komissiyasının qərarı ilə oktyabr ayının 9-da 2015-ci il parlament seçkilərinə qeydə alınmış namizədlərin təşviqat dövrü başlayıb. 11 oktyabr tarixində isə Azərbaycan Respublikası Seçki Məcəlləsi və Konstitusiyasının tələbləri çərçivəsində 95 saylı Tərtər seçki dairəsi üzrə qeydə alınmış namizəd Şəhriyar Məcidzadə seçicilərlə görüşlərə başlayıb. İlk görüş İsmayılbəyli kəndində keçirilib və burda icra nümayəndəsi Eldar Əsədovun təzyiqi ilə qarşılaşmışıq. Belə ki, Eldar Əsədov əvvəlcədən bütün kənd sakinlərinə görüşə çıxmamaq barədə xəbərdarlıq etmişdi. Bundan başqa görüş keçiriləcək meydana iki şəxs yerləşdirmişdi ki, görüşə gələn seçicilərin fotolarını çəksinlər. İcra strukturlarının müdaxiləsi baxımından növbəti görüşlər də birincidən fərqlənməyib. Bununla bağlı DSK-na dəfələrlə şifahi və yazılı məlumat verilsə də problemin aradan qaldırılması üçün addım atılmayıb.

Qeyd edək ki, İsmayılbəyli kənd icra nümayəndəsi qanunu kobud şəkildə pozaraq bizim hüquqi seçki prosesimizə maneçilik törətdiyi halda Sahib Alıyevin görüşündə təşkilatçı və iştirakçı olub.

AR SM-in 11-1.1-ci maddəsində göstərilib ki, hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır.

Şəhriyar Məcidzadənin seçicilərlə görüşlərinə mane olmağa çalışan icra strukturları və bələdiyyələr bununla kifayətlənməyərək digər namizəd Sahib Alıyevə açıq şəkildə dəstəklərini göstəriblər. Belə ki, Sahib Alıyevin getdiyi kəndlərdə və ətraf kəndlərdəki dövlət işçiləri vəzifələrindən sui-istifadə edərək məktəb direktorları və müəllimləri iş saatında görüşə çıxarıb. Sahib Alıyevin seçicilərlə əvvəlcədən hazırlanaraq 95 saylı Tərtər seçki dairəsinə təqdim etdiyi  görüşlərinin cədvəlinə uyğun olaraq saat 11.00-12.00 aralarında baş tutub.

Aşağıdakı fotolar Sahib Alıyevin şəxsi facebook hesabından götürülüb. Fotolarda işarələnən şəxslər dövlət orqanlarında çalışırlar və açıq-aşkar Sahib Alıyevi dəstəkləyirlər. Bu isə bərbərlik prinsipinin bələdiyyələr və icra nümayəndəlikləri tərəfindən pozulması və seçicilərdə seçkiyə inamsızlıq yaratmağa xidmət edir.

Sahib Alıyevlə görüşlərə özlərindən başqa işçilərini də çıxaran icra nümayəndələri və bələdiyyələrin bu hərəkəti isə vəzifədən sui-istifadə kimi qiymətləndirilməlidir.

Bərabərlik prinsipi icra sturukturları və bələdiyyələr tərəfindən pozulub

Azərbaycan Respublikası SM-nin 55.1-ci maddəsində göstərilir ki, bütün namizədlər bərabərdirlər.

Məcəllənin 55.2-ci maddəsinə görə isə iş saatında bələdiyyə sədrləri, icra nümayəndələri ilə yanaşı məktəb direktorlarının, müəllimlərin S.Alıyevlə görüşə çıxması vəzifədən sui-istifadədir:

55.2. Bu Məcəllədə aşağıdakılar vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunması kimi başa düşülür:

55.2.1. tabelikdə və ya digər xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri iş vaxtı namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən fəaliyyətə cəlb etmək.

Bundan başqa 19 sentyabr 2015-ci il tarixində Şəhriyar Məcidzadənin namizədliyini qərəzli olaraq qeydə almayan 95 saylı Tərtər seçki dairəsinin Dairə Seçki Komissiyası Sahib Alıyevin qanunları kobud şəkildə pozmasını görməzlikdən gəlir. Bu isə AR SM-in 17.6-cı maddəsinə ziddir.

Həmin maddəyə əsasən Seçkilərin (referendumun) təşkili və keçirilməsi zamanı seçki (referendum) komissiyaları və onların üzvləri, digər vəzifəli şəxslər öz fəaliyyətlərində qanun çərçivəsində hər bir siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna, namizədə, seçiciyə və seçki (referendum) kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməlidirlər, namizədə, siyasi partiyalara, referendum üzrə təşviqat qruplarına, seçiciyə münasibətdə neytral və qərəzsiz olmalıdırlar, hər hansı bir namizədə, siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna qarşı qərəzli mövqeyin yaranmasına gətirib çıxara bilən fəaliyyətdə (özəl fəaliyyət də daxil olmaqla) iştirak etməməlidirlər.

Sahib Alıyevin Seçki Məcəlləsini kobud şəkildə pozması seçkinin legitimliyini şübhə altına ala bilər

Biz yuxarıda təqdim etdiyimiz faktları, fotoları nəzərə alaraq Seçki Məcəlləsinin, Azərbaycan qanunvericiliyinin açıq-aşkar pozulmasından dolayı narahatlığımızı bildiririk və bəyan edirik ki, bu faktlar Azərbaycanda demokratik seçkilərin keçirilməsinə kölgə salmaqla bərabər seçkinin legitimliyini şübhə altına ala biləcək amillər kimi hüquqi faktdır. Avropa İttifaqında Azərbaycana qarşı seçkinin legitimliyini şübhə altına alan qətnamə qəbul edildikdən sonra bu kimi halların ortaya çıxmasına səbəb olan şəxslərin bu hərəkət və ya hərəkətsizliklərini vəzifələrindən sui-istifadə etmə halları ilə bərabər qanunları pozaraq seçkiyə kölgə salmaq kimi qiymətləndiririk.

Bildiririk ki, icra orqanlarının iştirakı ilə keçirilən görüşlərin fotoları 95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Sahib Alıyevin facebook sosial şəbəkəsindəki şəxsi hesabında paylaşılıb. İş vaxtı keçirilən görüşlərdə icraedici orqanın təmsilçilərinin, bələdiyyə sədrlərinin, məktəb direktorlarının və onların təşkilatçılığı ilə müəllimlərin iştirakını əks etdirən fotoların deputatlığa namizədin belə demonstrativ şəkildə şəxsi facebook profilində paylaşmasını Azərbaycan dövlətinin imicinə zərbə, seçki prosesinə kölgə salmaq istəyi, Azərbaycanda demokratik seçkilərin keçirilməsi təminatı və legitimliyini sual altına qoymaq kimi qiymətləndiririk.

Onu da əlavə edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə bu əməllər cinayət məsuliyyəti yaradır:

Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə

308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda —

min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə  üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Onu da qeyd edirik ki, göstərilən məsələ ilə bağlı 95 saylı Tərtər seçki dairəsinin Dairə Seçki Komissiyasına fəaliyyəti ilə seçkinin legitimliyini sual altına aldığına görə, Sahib Alıyevin namizədliyinin ləğvinə dair müraciət ünvanlamışıq.

şəhriyar şəhriyar1 şəhriyar2 şəhriyar3 şəhriyar4 şəhriyar5 şəhriyar6 şəhriyar7 şəhriyar8 şəhriyar9 şəhriyar10 şəhriyar11 şəhriyar12 şəhriyar13 şəhriyar14 şəhriyar15 şəhriyar16 şəhriyar17 şəhriyar18 şəhriyar19 şəhriyar20 şəhriyar21 şəhriyar22 şəhriyar23

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button