Taleh Bağırzadə: “Nardaran böhranının müəllifləri Əli Həsənov və DİN-dir”

“Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə 2015-ci ilin noyabrında Nardaranda baş vermiş qanlı hadisələr üzrə avqustun 3-də başlayan məhkəmə prosesində ifşaedici nitqlə çıxış edib.

“Hakimiyyət uzun müddət bizi qanunazidd əməllərə məcbur etməyə, münaqişəyə çağırmağa çalışıblar, amma biz təxribata getməmişik. Bütün bunların arxasında dövlət başçısının köməkçisi Əli Həsənov durur”, deyə Bağırzadə bildirib.

Onun sözlərinə görə, həbsindən sonra Əli Həsənov yanına adamlarla bunun arxasında Şeyx Allahşükür Paşazadənin durduğu haqqında məlumat göndərib.

Eyni zamanda telekanallarda bizə qarşı terrorçuluq və dini radikalizm ittihamları ilə təbliğat aparılırdı.

“Nardaranda qan axıdılmasına heç bir səbəb olmayıb və bu təxribat Prezident Administrasiyasında hazırlanıb”, deyə ilahiyyatçı bildirib.

“Biz namaz üstündə idik. Küçədən silah səsləri gəldi. Qara maskalılar güllə ata-ata içəri hücum elədilər. Fəallarımızdan birini maşında döyə-döyə öldürdülər. Bundan sonra istintaq məni islam dövləti qurmaq cəhdində, silah saxlamaqda və s. ittiham etdi. Bütün bunlar cəfəngiyyatdır”, deyə o bildirib.

“İki polisin ölümünə gəlincə, onlar polislərin özlərinin nizamsız atəş açmasının qurbanı olub. Onların ölümü Daxili İşlər Hazirliyinin üzərindədir”, deyə o bildirib.

İstintaq materiallarına toxunan Bağırzadə prokurorluğu saxtakarlıqda ittiham edib. “Taleh Bağırzadənin “müraciəti” saxtadır. Onu bizim həbsimizdən sonra hazırlayıb, radikalizm sübutu kimi təqdim etməyə çalışıblar.

Daha sonra ilahiyyatçı DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində hədsiz işgəncələrdən danışıb. “Hacı Fərahim qardaşımız tam sağlam idi, onu maşında döyə-döyə öldürdülər. Məni maşına atandan sonra əllərindəki silahların arxası ilə başıma, üz-gözümə vururdular, elə orada burnumu sındırdılar. Aparıb bizi “bandotdel”də yerə atıb təpikləyirdilər. Üç gün özümdə olmadım. Hətta prokurorluğun müstəntiqi gəlib məni görəndə onlara dedi ki, “daha bu qədər də eləməyin də””.

“Əvvəlcə bizi İrana işləməkdə ittiham ediblər, daha sonra Milli Şuranın tapşırıqlarını yerinə yetirdiyimizi etiraf etməyi tələb ediblər. Bütün ifadələr işgəncə altında alınıb”, deyə Bağırzadə bildirib.

“Müsəlman Birliyi”nin digər təqsirləndirilən üzvü Abbas Hüseynov da irəli sürülmüş silah saxlamaq və hakimiyyəti ələ keçirməyə hazırlıq ittihamlarını təkzib edib.

O, Taleh Bağırzadənin BMCMİ-də “Müsəlman Birliyi” hərəkatının üzvlərinə qarşı işgəncələr haqqında ifadələrini təsdiq edib.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı atışmada 6 nəfər, o cümlədən iki polis öldürülüb. Bu iş üzrə əksəriyyəti “Müsəlman Birliyi” hərəkatının üzvləri və tərəfdarları olan ümumilikdə 70-ə yaxın insan məsuliyyətə cəlb olunub. Onlar CM-in konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd, mütəşəkkil silahlı cinayətkar qrup yaratmaq və s. maddələri ilə ittiham olunur.

AXCP sədr müavini Fuad Qəhrəmanlı dövlət əleyhinə çağırışlarda, dini ayrı-seçkilik salmaqda, kütləvi iğtişaşlara çağırışda ittiham olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button