Taleh Bağırzadə Qobustana, Fuad Qəhrəmanlı 10-cu “zon”a aparıldı

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə Qobustandakı qapalı həbsxanaya köçürülüb. O, iyulun 29-da səhər saatlarında il yarımdan çoxdur ki, saxlanıldığı Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasından aparılıb. Bu haqda “Azadliq.info”ya Nardaran məhbuslarının yaxınları məlumat verib. Taleh Bağırzadə ona verilmiş 20 illik həbs müddətinin 7 ilini orada qapalı həbsxana rejimində keçirməlidir.

Bir neçə gün öncə Nardaran məhbuslarından Abbas Hüseynov və Cabbar Cabbarov da Qobustana köçürülmüşdü.

Bu gün Taleh Bağırzadə ilə yanaşı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da istintaq təcridxanasından köçürülüb. Fuad Qəhrəmanlı 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılacaq.

Digər Nardaran məhbuslarından Cahad Babakişizadə 12 saylı, Zakir Mustafayev 15 saylı, İbrahim Xudaverdiyev və Etibar İsmayılov 1 saylı, Bəhruz Əsgərov və Aqil Quliyev 7 saylı cəzaçəkmə müəssisələrinə köçürülüb.

Xatırladaq ki, adları çəkilən şəxslər də daxil olmaqla, 18 nəfər 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümünə səbəb olmuş qanlı polis əməliyyatı nəticəsində həbs olunub. Onlardan yalnız Fuad Qəhrəmanlı “facebook” statuslarında Nardaran hadisələrilə bağlı gerçəkləri açıqladığına, Taleh Bağırzadə də daxil, həbs olunan şəxslərdə silah olmaması, onların heç bir cinayət törətməməsi haqda yazdığı fikirlərə görə məsuliyyətə cəlb olunub. Sonradan onun işi də Taleh Bağırzadə və digərləri haqqında cinayət işinə birləşdirilib və onlar birlikdə mühakimə olunub. Nardaran məhbuslarından Taleh Bağırzadə və Abbas Hüseynov 20, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Fuad Qəhrəmanlı və Ramin Yarıyev 10, qalanları da 14 il 6 ay azadlıqdan məhrum edilib. İyulun

20-də Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button