Taleh Bağırzadənin son sözü-TAM MƏTN

“Nardaran işi” üzrə məhkəmədə təqsirləndirilənlər son sözlərini deməyə başlayıblar. Yanvarın 16-da keçirilən prosesdə Taleh Bağırzadə və daha 5 nəfər son söz deyib. 

Taleh Bağırzadə çıxışının əvvəlində onlara dəstək olan hər kəsə təşəkkürünü çatdırıb. Milli Şuranın Koordinasiya Mərkəzinə, şəxsən qurumun sədri Cəmil Həsənliyə, AXCP sədri Əli Kərimliyə, Eldəniz Quliyevə, Rövşən Əhmədliyə, hazırda mühacirətdə olan hüquq müdafiəçisi Leyla Yunusa, Müsavat başqanı Arif Hacılıya, İsa Qəmbərə adbaad minnətdarlığını çatdırıb. Bildirib ki, müsəlman ölkələri səfirliklərinin məhkəməyə nümayəndə göndərməklə onları müdafiə edəcəyini düşünüb, amma belə olmayıb – məhkəməyə gələn və dəstək verən Qərb səfirlikləri olub.

“Mən dəfələrlə şərlənib həbs edilmişəm, hamısında da bir-iki maddə verilib, ancaq indi 21 maddə ilə ittiham verdikləri üçün hər şeydən danışacam” deyə T.Bağırzadə çıxışına davam edib:

Fuad Qəhrəmanlının həbsi bizim xeyrimizə oldu

Nardaran hadisəsi Azərbaycanın şərəfli tarixini yazıb. Qarşı tərəf üçün bu ləkədir, amma bizim üçün şərəfdir. Siz mənim cismimi həbs etmisiniz. Mənə işgəncə veriləndə mən mənəvi həzz alırdım. Allah özü mənə ilham verdi. Mən hələ 2013-cü ildə həbs olunanda, Qobustan həbsxanasında Zümrüd xanımın yazılarını, Fuad Qəhrəmanlının çıxışlarını oxuyanda bu ailə ilə tanış olmaq istəyirdim. İş elə gətirdi, tanış oldum. Fuad Qəhrəmanlı bizə görə həbs edildi. Onun həbsinə, nə qədər düşünürümsə, bir məntiq verə bilmirəm. Bu, Allahın işidir. Fuad Qəhrəmanlının həbsi bizim nə qədər xeyrimizə oldu. Allah o ailəni Nardaran hadisələrində yardımçı kimi göndərib. Mən özümə 32 yaşımda özümə bacı tapmışam – Zümrüd Yağmuru. Mən cəsarətli qadınlara “kişi kimi qadın” deyilməsinin əleyhinəyəm. Elə “qadın kimi qadın”. Elə qadınlarımız var ki, kişilərə dərs keçər.

Quldur hökumətlə baş-başayıq

Mən tək-tük hallarda bəddua edərəm. Prokuror bizə ağır iş istədi, mənə ömürlük cəza verilməsini təklif elədi, amma o gənc prokurora da bəddua etməyəcəm. Çünki əgər ədalətli sistem olsaydı, o da ədalətli çıxış edərdi. YAP-ın yaradıcılarından olan Siruz Təbrizli deyirdi ki, “YAP simasız quldurlar partiyasıdır”. Lakin mən deyirəm ki, simalı quldurlar partiyasıdır. Biz quldur hökumətlə baş-başa gəlmişik. Əslində, Nardaran hadisəsi ilə tarix təkrarlanıb. Tutulanda 1937-ci il repressiyası ilə bağlı kitab verdilər mənə, oxudum, oxuya-oxuya özümü apardım ora. Onda da dövlət çevrilişi, işgəncə, həbslər var idi. Ancaq o vaxt xalq müstəqil deyildi, sözünü deyə bilmirdi. İndi isə müstəqildir. O müstəqilliyi bizə Əliyevlər verməyib. 1988-ci ildə xalq qazanıb.

Hamımız – dindar, ateist bir olmalıyıq

Nardaran hadisəsi Allahın lütfüdür. Məndən Əli Kərimlinin əleyhinə ifadə almaq istəyirdilər, dedim o insan sizə nə edib? Bizim birliyimizdən qorxurlar. Hakimiyyət bizi cəzalandırmaq istədi, lakin cəzalandıra bilmədi. Bu gün xalq quyudadır. Xalqı çıxarmaq üçün hamımız – dindar, ateist bir olmalıyıq. Xalqın bu günə düşməsinə səbəbi banklar və devalvasiya deyil, ölkə rəhbərliyidir, xalqın susqunluğudur. Xalq Allahdan qorxmur, amma MTN-dən, “bandotdel”dən, bu quldurlardan qorxur. Biz də Nardaran hadisəsi ilə xalqa çatdırdıq ki, qorxmaq lazım deyil. Türkiyədə polis şəhid olanda adamlar ona şəhid kimi baxır, onu dəfn edir. Çünki polis onları qoruyur. Amma burada polis insanları şərləyir, işgəncə verir. İnsanlar qorxurlar ki, polis onların cibinə narkotik vasitə atar. “Bandotdel”də 47 gün məni hamama getməyə qoymadılar. Mən paltarımı yuyub, yaş geyinirdim.

Ermənilər bu hakimiyyətə görə sevinirlər

Məmurlar gəlir Heydər Əliyevin məzarı önündə baş əyirlər. Niyə bütpərəstliyə şərait yaradırsınız? Mən erməni tərəfdə qalan əsgərin meyitinə görə çox narahatam. Ermənilər bu hakimiyyətə görə sevinirlər. Ona görə sevinirlər ki, bilirlər, bunlar Qarabağı alan deyil. Sevinirlər bizə ömürlük verilməsinə, çünki biz xalqla bir olub Qarabağı ala bilərik. Görün biz necə hakimiyyətlə qarşı-qarşıyayıq. Hakimiyyət soyğunçuluğu, rüşvətxorluğu, oğurluğu dövlət siyasətinə çevirib və bununla fəxr edirlər. Bu hakimiyyət 100 faiz gedəcək.

Mən hicablı bacılarımızı müdafiə edəndə mənə dedilər ki, sənə nə qalıb. Dedim bacılarımızın qeyrəti mənim qeyrətimdir. Bunlarda ancaq fərdi maraqdır. Bunlara başqalarını müdafiə etmək təəccüblü görünür. Azərbaycan hakimiyyətində milli maraq yoxdur, bunlar üçün ancaq ailə və öz maraqlarıdır.

Kərbəla müsibəti Nardaranda təkrarlandı

Hakimiyyətin televiziyalarında bizə qarşı anti-təbliğat kampaniyası gedən dövrdə Əbülfəz Bünyadov evinin qapısını bizim üzümüzə açdı. Nardaran qətliamında onun ailəsi, usagı, yaşlı anası da evdə idi. O hadisələrdə evdəki qadınlara da rezin güllələr vurulmuşdu, evdəki uşaqlar qorxudulmuşdu. 1400 il əvvəl baş vermiş Kərbəla müsibəti 2015-ci ilin noyabrında Nardaranda təkrarlandı. O vaxt Yezid suyun qarşısını kəsmişdi, bunlar da Nardarana gedən yolları kəsib, insanların ən zəruri ehtiyacları üçün lazım olan qida məhsullarının da aparılmasına imkan vermirdilər. Kərbəla müsibətində başları kəsirdilər, Nardaran müsibətində də şəhid qardaşlarımızın cəsədləri üzərində çəkmə ilə gəzirdilər. Cəsədləri dəfn eləmək üçün yaxınlarına vermədilər, girov saxladılar.

Əbülfəz Bünyadov ağır güllə yarası alıb, daha gəzə bilməyəcək. Amma deyib ki, “Allah 38 il mənim yeriməyimi istəyib, indi istəmirsə, demək Allahın istəyi belədir”. Bu insanın böyüklüyünə baxın…

Hakimiyyət Nardaran hadisəsindən qabaq bizə seçim yeri qoymuşdu ki, ya hakimiyyətlə razılaşmalı, ya da cəzalanmalı idik. Biz Azərbaycan xalqının xilas yolunu demişik. Bir gün xalq öz hakimini seçəcək. Niyə biz axı 25 ildir mənfur, çox az sayı olan ermənilərin qarşısında məğlubuq? Niyə? Niyə bu xalq məğlubdur? Cavab sadədir: Ədalət yoxdur. Bu ölkədə ədalət olsaydı, biz çoxdan Qarabağı da almışdıq, hələ tarixi torpaqlarımızı da. “Əgər”lə deyil, almalıydıq.

Əgər zülm qarşısında susacaqsansa, ibadətin nə faydası?!

Hökumətdə ədalət yoxdur. Mən əvvəllər ümid və gümün edirdim ki, bu hakimiyyət nə vaxtsa məcbur olub, islahatlar aparacaq, islah olunacaq. Ancaq “bandotdel”ə düşəndən sonra fikrimi birmənalı şəkildə dəyişdim. Bu hakimiyyət güc strukturlarına arxalanır. Ona görə güc strukturları, o cümlədən “bandotdel” hakimiyyətin simasıdır. “Bandotdel”də elə şeylər gördüm ki… Anladım ki, bu hakimiyyət islah olunan deyil. Bu hakimiyyət yalnız xalqın qanını axıtmaq üçündür. Mən ora islahatçı düşüncəsində girmişdim, çıxanda inqilabçı kimi çıxdım. Silahlı inqilabdan söhbət getmir. Demokratik, sivil inqilabdan söhbət gedir. Bu gün xalq bu inqilaba hazırlaşmalıdır.

Dindar təkcə namaz qılıb, oruc tutan deyil. Əgər zülm qarşısında susacaqsansa, sənin belə ibadətinin nə faydası?! Bu hadisələrdən sonra bəzi dostlar qorxusundan kənarlaşdılar, amma gözləmədiyimiz yerdən bizə dəstək gəldi.

Allahım məni heç vaxt tək buraxmayıb. Allah deyir mənə söykən, mənə inan, dalını özün görəssən. Fuad bəyin burada olması Allahın işidir. Çünki heç bir məntiqə sığmır onun burada olması. Nə qədər təhlil et, araşdır, bu adam bura gəlməməli idi. İlahi iradə var bu işdə. Cəmiyyətin bu gün oyanışının da səbəbi Allahdır. Allah zalımlara cəza verəcək. Bunlar Yezid xislətlidirlər. Təsəvvür edin, Əbülfəz Bünyadovu güllələyiblər, həbs eləyiblər, işgəncə veriblər, şikəst eləyiblər, amma yenə ürəkləri soyumayıb, sinəsinin üstündə oturub, dindar adamın ağzına zorla araq töküblər. Bu, Azərbaycan hakimiyyətinin simasını göstərir.

Uzun illərdir bu hakimiyyət demokratiya imitasiyası ilə məşğuldur. Hakimiyyət deyir ki, ölkədə siyasi məhbus yoxdur. Bəs keçən martda əfv sərəncamı ilə buraxdıqların kimlər idi? Necə yoxdur ki, sən Xədicə İsmayılovanı buraxmağa məcbur oldun? Beynəlxalq təzyiqin nəticəsində oldu hamısı. Bizim bir problemimiz var, o da düzgün rəhbərin olmamasıdır. Xalq layiqli rəhbərə layiqdir.

Əliyevlər xalqa qarşı ağır cinayət törədib

Bizi ölkənin konstitusion quruluşunu dəyişməkdə günahlandırırlar. Biz heç bir halda dövlətin konstitusion quruluşunun, dünyəvi dövlətin dəyişməsini istəməmişik, istəmirik də. Biz Konstitusiyaya, dünyəvi dövlətçiliyə əməl olunmasını istəyirik.

Ölkənin neftini, sərvətlərini talayırsız, daha nə istəyirsiz? Bunların düşmənçiliyi xalqladı. Şükür Allaha, xalq da artıq düşmənini tanıyır. Konstitusiyanın birinci maddəsində deyilir ki, hakimiyyətin mənbəyi xalqdır. Amma reallıqda buna əməl olunmur. Konstitusiyanın 6-cı maddəsində deyilir ki, hakimiyyəti mənimsəmək ən böyük cinayətdir. Əliyevlər hakimiyyəti mənimsəməklə ağır cinayət törədib. Biz də bu cinayətlərə qarşı mübarizə aparırırq. Layiqli cəzalarını alacaqlar. Kimin ağlına gələrdi ki Eldar Mahmudov, Akif Çovdarov bu vəziyyətə düşə bilər? Nardaran hadisələrindən əvvəl – 2015-ci il sentyabrın 22-də məni MTN-ə çağırıb dindirən Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev oldu. Dekabr ayında isə televizorda eşitdim ki, bu adam Kürdəxanı təcridxanasında özünü asıb. Hələ MTN-də dindirmədə ona demişdim ki, bu bina da, oturduğun kreslo da xalqındı…

Mənə “bandotdel”də şərəfsiz işgəncə verəndə, hətta prokurorluğun müstəntiqi dözmədi, dedi ki, “daha bunu eləməyin də”. Həmin müstəntiq deyirdi ki, “Hacı, qorxuram, bunlar məni də tutarlar”.

İlham Əliyevə müraciət

Nardaran qətliamının törədilməsində əsas rolu oynayan Ramil Usubovun düşüncə və əməlləri haqqında bir neçə mühüm məqamı çatdırmaq istəyirəm. Azərbaycan cəmiyyəti bu şəxsi atanızın və sizin rəhbərliyiniz dövründə çox ziqzaqlı fəaliyyəti ilə tanıyır. Belə ki, 2005-ci ildə onun rəhbərlik etdiyi nazirlikdə yuva salmış paqonlu quldurlar ifşa olunanda əsl polis işçisinə məxsus qürurla istefa verib getmək əvəzinə, dünyasını dəyişmiş və bu səbəbdən həmin vaxt özünü müdafiə edə bilməyən atanız Heydər Əliyevi şantaj edərək, hansısa cinayətkarın onun göstərişi ilə azadlığa buraxıldığını bildirdi və beləcə, şantajla postunda qalmağı bacardı. Daha sonra 2015-ci ilin noyabrında Nardaranda baş vermiş qətliamda yenə özünü hər şeydən kənarda qoymaq məqsədilə cəmiyyətə sizi nişan verərək, mətbuatda “qəsəbədə baş vermiş qanlı əməliyyatın keçirilməsinə göstəriş prezidentdən gəlib” açıqlamasını verdi. Hər şeyi başa düşmək olar, lakin cənab Usubovun hərəkətlərini anlamaq çox çətindir. Lap deyək ki, o cinayətkarı buraxmağa sizin atanız göstəriş verib, lap tutaq ki, Nardaranda o qanlı əməliyyatın keçirilməsinə şəxsən siz göstəriş vermişdiniz, bəs bütün bunları xəbər verməkdə Usubovun niyyəti nədir? Axı müdrik atalar deyir ki, kişinin yanında baş kəsərlər.

Cənab Əliyev, naziriniz Ramil Usubovun hərəkətləri bununla bitmir. Belə ki, bizim məhkəmə prosesində qondarma cinayət işinin materiallarına əlavə edilmiş “Tale Bağırzadənin müraciəti” adlı kitabçada ulu naziriniz (gərək “ulu nazir” medalı təsis oluna və verilə Ramil Usubova) Usubovun sizin və hakimiyyətinizin haqqında olan ürək sözləri öz əksini tapıb. Hətta hakim Əlövsət Abbasov belə, bu məşhur kitabçanın tədqiq olunmasından imtina edərək, Ramil Usubovun qəzəbinə tuş gəlməkdən qorxdu. İlk olaraq, bu kitabçanın mənə aid olmadığını sizə açıq dəlillərlə sübut etdikdən sonra əsas mətləbə keçirəm.

Cənab Əliyev, siz ali təhsilli, ingilis dilində danışmaq bacarığına malik şəxssiniz, yəqin bu kitabçanın mənə aid olmaması ilə bağlı gətirdiyim dəlilləri anlamaqda çətinlik çəkməyəcəksiz. Dəlillər isə bundan ibarətdir ki, bu məşhur kitabçanın mətnində Nardaran hadisələrinə işarə olunur. Məlumunuz olsun ki, Nardaran hadisələri 26 noyabr 2015-ci ildə baş verib. Şübhəsiz ki, bu kitabçanı Nardaran əməliyyatının keçirildiyi zaman kəsiyində yazmağım qeyri-mümkündür. Deməli, bu kitabça mən həbs olunandan sonra yazılıb. Mənim də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında bu kitabçanı hazırlamağım qeyri-mümkün olduğuna görə, deməli, bu kitabçanın müəllifi də mən yox, sizin naziriniz Ramil Usubovdur. Niyə Ramil Usubov? Ona görə ki, Nardaran əməliyyatında bizim qardaşlarımızı güllə atəşinə tutaraq, məzlumcasına şəhid edən polis cildində quldurların içində şəxsən Ramil Usubov yoxdu. Lakin hadisədən sonra Usubov televiziya kanalları vasitəsilə Nardaranda şəhid edilən qardaşlarımıza hörmətsizlik edərək, “beş nəfəri məhv etdik” açıqlamasını verdi. Buna əsasən, “Hacı Tale Bağırzadənin müraciəti” adlı kitabçanın da birbaşa Ramil Usubov tərəfindən yazılması məlum olmasa da, onun rəhbərlik etdiyi qurumun bu kitabçanı təşkil etməsinin məsuliyyəti birbaşa Usubovun boynundadır. Bu səbəbdən də həmin kitabçanın müəllifinin Ramil Usubov olduğunu qeyd edirəm.

İndi isə keçək nazirinizin bu kitabçada mənim adımdan istifadə edərək, sizin və hakimiyyətinizin haqqında yazdığı ürək sözlərinə. Kitabçada sizin haqqınızda “oğru İlham Əliyev”, hakimiyyətiniz haqqında da “fahişəliyin tərənnümü olan hakimiyyət” ifadəsi işlədilir.

Bundan əlavə, məhkəmə prosesi zamanı verilən ifadələrə əsasən, xanımınız Mehriban Əliyevanın yüksək çinli polis məmurları tərəfindən ağır formada təhqir olunması haqda çox ciddi məlumatlar açıqlandı. (Bir şeyi deyim ki, türmədəki dustaqların çoxunun ümid yeri Heydər Əliyev Fondudur. Düzdür, bizim üçün o ümid yeri deyil, ora korrupsiya ünvanıdır. Bunlar o məktublara Mehriban Əliyevanı söyməklə cavab verirlər) Yadınıza salım ki, 2013-cü ilin mart ayının 31-də Ramil Usubovun şər maşını məni şərləyərək, cibimə narkotik vasitə atıb həbs edəndə görkəmli sənətkar Zeynəb Xanlarovanın adından istifadə etmək istədilər. Ancaq həmin vaxtlar millət vəkili Zeynəb xanım cəsarətlə “kimi tutmaq istəyirsizsə, kişi kimi öz adınızdan tutun, mənim adımı bu işə qatmayın” – dedi. Zeynəb xanımın bu cəsarəti müqabilində sizin ictimai-siyasi məsələlər üzrə köməkçiniz, “Nardaran əməliyyatı”nın əsas ssenaristlərindən biri olan Əli Həsənov Zeynəb xanımı yetkin siyasətçi olmamaqda ittiham etmişdi. Yəqin Əli Həsənovun nəzərində yetkin siyasətçi üçün kriteriyalarda “üzə durmaq” əsas şərtlərdən hesab olunur. Mən də öz növbəmdə Zeynəb xanımın cəsarətli mövqeyindən çıxış edərək, Ramil Usubov və komandasına deyirəm ki, mənim adımdan istifadə edib İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya ürək sözlərinizi deməyin. Kişiliyiniz çatırsa, öz adınızdan o sözləri deyin.

Cənab Əliyev, yəqin ki, sizə mənim haqqımda müxtəlif məlumatlar verilib. Lakin istərdim kimliyim haqqında sizə özüm məlumat verim ki, kiminlə qarşı-qarşıya gəldiyinizin fərqinə varasınız. Mən yetkinlik yaşına çatdıqdan, özümü qismən dərk etdikdən sonra İmam Hüseynlə tanış oldum. O böyük inqilabçı şəxsiyyətin məhəbbəti qəlbimi alovlandırdı, ali məqsəd və məramımı, əqidəmi, düşüncələrimi möhkəmləndirdi. Həzrəti Hüseyn bizə Allahı xalisanə sevməyi, Ona təslim olmağı, Onun yolunda canından, malından, bir sözlə, hər şeyindən keçməyi, zülmlə, zalımlarla barışmamaq, qətiyyətlə mübarizə aparmağı eşq yolu ilə öyrətdi. Allah nəsib etdi, müqəddəs Kərbəla ziyarətinə gedərək, könüllərin sultanı Həzrəti Hüseynlə son nəfəsimizə qədər bu mübarək yolda sabitqədəm olacağımıza and içərək, sədaqət əhd-peymanı bağladıq. Uca Allahdan o böyük şəxsiyyətin ehtiramına xatir şəhadətin nəsibimiz olmasını təmənna etdik. Həzrəti Hüseyn məktəbi həyatımızın mənasına çevrildi.

Cənab Əliyev! Sizin və hakimiyyətinizin illərdi Taleh Bağırzadəyə qarşı zülm və haqsızlıqlarının əsas səbəbi Taleh Bağırzadənin şəxsindən qorxmağınızda deyil. Hakimiyyətinizi qorxudan və sarsıdan Taleh Bağırzadənin qəlbində daşıdığı nəcib İmam Hüseyn sevgisi və Hüseyni düşüncələridi. Əslində, haqqınız da var qorxasınız. Çünki 1400 ildir bu əzəmətli Hüseyni düşüncə – “Ölümü səadət, zalımlarla yaşamağı zillət sayıram” pıçıltısı zalım hakimlərin yuxularını ərşə çəkib, həyatlarını kabusa çevirib. Sizi əmin edirəm ki, Nardaran faciəsini törətməklə, günahsız insanların qanını axıtmaqla öz hakimiyyətinizin sonunu yaxınlaşdırdınız. Əgər bir hakimiyyət yersiz güc nümayiş etdirərsə, həmin güç onun məhvinə səbəb olacaqdır.

Sonda sizdən tələb edirəm ki, əgər cəsarətiniz varsa, mənə veriləcək ömürlük həbs cəzasını başqa bir cəza növü ilə əvəz etməyəsiniz.

Biz bu şərəfli xalqın azadlığı uğrunda, gələcək xoşbəxtliyi naminə nəinki ömürlük həbs cəzası almağa, hətta edam olunmağa, tonqalda diri-diri yandırılmağa hazırıq. Qoy Allah bizim və sizin aranızda Hakim olsun.

Biz məzlumun səsiyik…

Biz hazırıq dünya məhkəmələrində haqqa və ədalətə görə mühakimə olunaq, amma qiyamətdə – həqiqi məhkəmədə müttəhim qismində olmayaq. Azərbaycan hakimiyyəti bilsin, biz Nardaranda şəhid olan qardaşlarımıın bədənindən axan qanıq, məzlumun səsiyik, ananı baladan ayırıb, həsrət ki yaşadıb, biz o həsrətik, övladını Qarabağda şəhid verib, illərdi “Qarabağı alırıq” yalanları ilə aldadılan anaların göz yaşıyıq.

Sonda dahi şairimiz Məhəmmədhüseyn Şəhriyarın fikirlərindən sitat gətirmək istəyirəm:

Ya rəbb, nədir bir bu qədər ürəkləri qan etməyin?
Qolu bağlı qalacaqdır haçağacan, Azərbaycan?
Övladların haçağadək yad ellərdə dolaşacaq,
Əl-ələ ver, üsyan elə, oyan, oyan Azərbaycan!
Bəsdir ayrılıq odundan kül ələndi başımıza,
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button