Taleh Xasməmmədov niyə həbs olunub?

azad mursaliyevAzad Mursaliyev

Fevralın 24-də günorta saatlarında saxlanılan hüquq müdafiəçisi Taleh Xasməmmədova Cinayət Məcəlləsinin 221.1 maddəsi – xuliqanlıq ittihamı ilə cinayət işi açılır. Hansısa məmur Taleh Xasməmmədovun fəaliyyətindən narahat olaraq öz maraqları üçün onu həbs etdirmək istəyir. Həmin bu şəxslər başa düşmədilər ki, belə hərəkətləri ilə ölkə başçısına yaxşı görünmək əvəzinə, ona qarşı təxribat etdilər, Azərbaycanın imicinə zərbə vurdular, baxmayaraq ki, bunları şəxsi mənafelərindən başqa heç nə maraqlandırmır. Maraqlısı budur ki, onların bu hərəkətləri o vaxta təsadüf edir ki, Avropa Şurasının insan haqları üzrə komissarı Bakıda olur və fevralın 25-də rəsmi şəxslərlə görüşləri nəzərdə tutulurdu”.

CÜMƏ AXŞAMI, 26 FEVRAL 2015-ci ildə Göyçay rayon məhkəməsi hüquq müdafiəçisi Taleh Xasməmmədova qarşı CM-in 221.2-ci maddəsi ilə (xuliqanlıq, təkrarən törədildikdə) ittiham irəli sürərək, onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçir. Məhkəmə binasının ətrafına gücləndirilmiş polis mühafizəsi cəlb edilir. Bu zaman rayon polis rəisi hüquq müdafiəçisinin məhkəmə zalına daxil olmaq istəyən anasını kobud şəkildə itələyir. Etiraz əlaməti olaraq təqsirləndirilən şəxsin qardaşı qollarını kəsərək özünə xəsarət yetirir. Məhkəmə iclasından sonra polis məhkəmə qarşısında toplaşmış onlarca yerli fəalı dağılmağa məcbur edir. Bu arada, yerli fəallar iki gün əvvəl Xasməmmədova qarşı təxribat törətmiş şəxsin kimliyini müəyyən etməyə müvəffəq olublar. Bu, polislə sıx əməkdaşlıq edən Zair Əzizovdur. İndiyədək o, 10 işdə şahid olub. Bundan başqa, saxlanıldığı gün o, Xasməmmədovun getdiyi iaşə obyektində görünüb. Bu, Əzizovun səhərdən Xasməmmədovu təqib etdiyini ehtimal etmək üçün əsas verir. Bundan başqa, hadisə yerində rayon polis rəisinin müavini və DİN-in iki çevik polis alayı olub. Bu məlumatlardan belə bir nəticə çıxarmaq olar ki, hüquq müdafiəçisinin həbsə atılması üçün xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib. Ümumiyytlə, hakimiyyət uzun illərdir içtimai fəallara, fərqli düşünən opponentlərinə və yaxud da şəxsiyyətləri maraq doğuran canlı hədəflərin yaxın qohum-əqrabalarına qarşı bu kimi primitiv tədbirləri həyata keçirərək onları həbsə atmaqla məşğul olur. Əgər xatırlayırsınızsa, eynilə bu səhnələşdirilmiş tədbirin oxşar variantı 10 il müddətinə məhkum edilmiş, hal hazırda məhbəsdə olan siyasi məhbus Abdullayev Mübariz Əslan oğluna da tətbiq edilmişdir. Yeganə fərq ondan ibarətdir ki, Talehin misalında nüfuz etmiş oyunçu Zairdir, Mübariz məsələsində isə Ziya. Taleh Xasməmmədov müalicə olunduğu Penitensiar Xidmətin Müalicə Müəssisəsində anası və qardaşı ilə görüşü zamanı «Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansının rəhbəri Oqtay Gülalıyevə məktub göndərib və həmin məktubda başına gələnləri anladıb. Ailə üzvlərinə də deyib, özü də məktubda yazıb ki, damarlarını doğrayıb özünə qəsd etmək istəyirmiş. Çünki ona edilən işgəncələrdən cana doyub. Taleh yazıb ki, saxlandığından bəri, haradasa 20 gündür ki, hüquqları tapdanıb, xarici aləmdən təcrid olunub, telefonla əlaqəyə imkan verilməyib. Hətta ailənin tək qızının toyu olub, icazə verməyiblər ki, yeganə bacısına zəng edib onu təbrik eləsin. Məktubda göstərilənlərə əsasən, Taleh Xasməmmədovun barəsində seçilmiş həbs-qəti imkan tədbiri ilə bağlı məhkəmə qərarı ona 8 gün sonra verilib: “Bu isə o deməkdir ki, Talehin qərardan apellyasiya vermək imkanı məhdudlaşdırılıb”. Taleh Xasməmmədov məktubunda bildirib ki, Gəncə 2 saylı İstintaq Təcridxanasında ona işgəncələr verilib, evdən göndərilən yeməkləri ona çatdırmayıblar, psixi problemləri olan bir şəxsin yanında 5 gün saxlayıblar. Taleh yazır ki, bunlara etiraz olaraq 10 gün aclıq aksiyası keçirib, bundan sonra vəziyyəti pisləşib. Çıxış yolu kimi damarlarını kəsib. «Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansı tərəfindən T.Xasməmmədovun səhhəti ilə bağlı Ombudsman Aparatına müraciət edilsə də, hələ cavab ala bilməyiblər: “Talehin bir böyrəyində problem yaranıb, əməliyyat olunacaq. Taleh hesab edir ki, Gəncə 2 saylı İstintaq Təcridxanasında onu nəm yerdə saxladıqları üçün səhhətində belə bir problem yaranıb. Məktubunda onu da yazıb ki, ona verilən ittihamla bağlı zərərçəkən şəxs dəyişib, onlar Göyçay polis idarəsinin əməkdaşları olub. Hətta o, bir polis əməkdaşının 4 barmağını qırmaqda günahlandırılır”. 18 mart 2015-ci ildə T.Xasməmmədovun müdafiəsinə üzvü olduğu “Müsavat” Partiyası da qalxır. Müsavat Partiyası hüquq müdafiəçisi Taleh Xasməmmədovun dərhal azadlığa buraxılmasını tələb edir. Partiya hüquq müdafiəçisinin həbsi ilə bağlı martın 18-də bəyanat yayıb. Bəyanatda bildirilir ki, Taleh Xasməmmədov Göyçay rayonunda icra strukturlarının fəaliyyətini tənqid etdiyinə görə şərlənərək həbs edilib. Bəyanatda hüquq müdafiəçisinə işgəncələrin verilməsi də pislənib: “Yayılan məlumatlara görə, keçmiş vicdan məhbusu şərlənərək həbs edildikdən sonra aclıq aksiyası keçirib. Başlatdığı aclıq aksiyasından sonra Taleh Xasməmmədova qarşı daha bir qanunsuz hərəkətə yol verilib. O, zorakılıqla İstintaq Təcridxanasından Gəncə şəhərində yerləşən ruhi-əsəb xəstəxanasına köçürülüb. Bütün bu qanunsuzluqlar Taleh Xasməmmədovu özünə qəsd edərək qan damarlarını kəsməyə vadar edib. Müsavat Partiyası Taleh Xasməmmədovun özünə qəsd etmə həddinə çatdırılması ilə nəticələnən qanunsuzluqların aradan qaldırılmasını, bu qanun pozuntularına yol verənlərin cəzalandırılmasını və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir”. 9 Aprel 2015-ildə 350 nəfər Göyçay rayon sakini hüquq müdafiəçisi T.Xasməmmədovun azadlığa buraxılması üçün açıq məktubla dövlət başçısına müraciət edirlər. Müraciətdə hüquq müdafiəçisinin 24 fevral 2015-ci il tarixdə şərlənərək həbs edildiyi, səhhətinin ağır olması, Göyçay rayonda hüquqları pozulmuş sakinlərə köməklik göstərdiyini və bu da öz növbəsində Göyçay rayon rəhbərliyinin xoşuna gəlmədiyini dövlət başçısının diqqətinə çatdırıblar. Mayın 20-dən həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun Göyçay rayon Məhkəməsində hazırlıq məhkəməsi keçirilib. Hazırlıq iclasına yalnız hüquq müdafiəçisinin ailə üzvləri buraxılıb, başqa şəxslərin, xüsusən yerli fəalların məhkəmə prosesində iştirakına imkan verilməyib. Hazırlıq iclasında ilkin olaraq zərərçəkmiş kimi tanınan şəxslər özlərini təqdim ediblər, sənəd və protokollarla tanış olublar.Taleh Xasməmmədov vəsatətlə çıxış edərək, baş verdiyi iddia olunan hadisə zamanı polis idarəsindəki, o cümlədən mebel mağazasının qarşısındakı müşahidə kameralarının yaddaşına köçürülmüş video görüntülərin məhkəməyə təqdim olunmasını, eləcə də şahidlərin dindirilməsini istəyib. Hakim vəsatətləri qəbul edib. Məhkəmədə Taleh Xasməmmədov vəkildən imtina edib. Siyasi məhbusların siyahısını hazırlayan işçi qrup bu yaxınlarda Taleh Xasməmmədovu siyasi məhbus elan edib. Bir neçə gün bundan əvvəl isə hüquq müdaifiəçisi Taleh Xasməmmədovun anası G.Xasməmmədova prezident İlham Əliyevə müraciət ünvanlayıb. G.Xasməmmədovanın müraciətində qeyd olunur ki, Taleh Xasməmmədov heç bir cinayət törətməyib və şərlənərək həbs olunub. «Bütün bunlar şəxsən gözümün qarşısında baş verməsəydi, susardım, dinməzdim. Ancaq Talehin necə şərlənməsi gözümün qarşısında baş verdi. Guya Taleh tərəfindən fiziki zora məruz qalmış Zahir adlı şəxs polisin “işverənidir”, çoxlu sayda cinayət işində şahid və zərərçəkən kimi iştirak edib ki, artıq bunu təsdiq edən sənədlər də əldə edilib». Anası bildirir ki, iki gündür Talehdən heç bir xəbər yoxdur. «Apardığımız yeməyi də qəbul etmirlər. Hadisənin necə baş verməsini gözü ilə görən çoxlu sayda insanlar var ki, həqiqəti söyləməyə hazır olduqlarını bildirirlər. Həmçinin gizli video çəkiliş də var ki, artıq əldə etmişik və bunu şəxsən Sizə təqdim edəcəyik. Bir ana kimi inanıram ki, Siz obyektiv həqiqəti görüb bunu edən şəxsləri cəzalandıracaqsınız və şərlənərək həbsə atılmış Talehin dərhal azad edilməsinə göstəriş verəcəksiniz». Bütün bunlardan sonra Azərbaycan hakimiyyətinin rəsmiləri “Azərbaycanda insan hüquqları pozulur, azad söz və mətbuat boğulur, müstəqil məhkəmə yoxdur” kimi iddialara qəti etirazlarını bildirərərək, “Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür, Azərbaycan Avropanın hüquq məkanındadır və Azərbaycan məhkəmələri istəsə belə hər hansı bir insanı – kim olur olsun Avropa prinsiplərindən kənar məhkum edə bilməz” və sair şablon açıqlamalar verirlər. İş burasındadır ki, hüquq müdafiəçisi T.Xasməmmədovu və onunla bərabər bir çox Azərbaycan vətandaşını şərləyərək həbsə atanlar, məhkəmə proseslərində demirlər ki, sizi söz azadlığına, insan haqlarına görə, Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsinə qalxdığınız üçün və yaxud da ümumiyyətlə heç bir günahınız olmadığından sifarişli hakimlər vasitəsilə mühakimə edirik. Rəsmilər ağ yalan danışaraq “Azərbaycan məhkəmələri hakimiyyətin müstəqil qanadıdır”, “heç kim günahsız mühakimə oluna bilməz”, “Azərbaycanda siyasi məhbus yoxdur”, “Azərbaycanda hər hansı bir səhvinə görə cəza alan şəxslər var, Azərbaycan hüquqi dövlətdir” kimi açıqlamalar verirlər. Əslində “düz buyururlar”, həmin rəsmilərin ədalət hesab etdikləri qanunsuz həbslər, təqiblər, sürgünlər, vətəndaşların illər boyu topladıqları mallarının-mülklərinin əllərindən alınması, siyasi fəaliyyətlərinə görə işgəncələrə məruz qalmaları, sıravi Azrbaycan vətəndaşına, elə həmin T.Xasməmmədovun ailəsi üçün dəhşətlərlə dolu sonsuz bir röyadır. Hələ bu azmış kimi, bildirirlər: “Biz bundan təəssüflənirik, onları bu yoldan çəkilməyə çağırırıq”. “Hansı yoldan, cənablar” – soruşmaq lazımdır bunlardan. Siyasi və vicdan məhbuslarını heç bir əsas olmadan uzun müddət məhbəslərdə tutmaq olmaz. Hüquq müdafiəçisi T.Xasməmmədovun şəxsən aclıq aksiyası keçirməyi, özünün, anasının, qardaşının etiraz əlaməti kimi, damarlarını kəsərək özlərinə xəsarət yetirməkləri onun göstəricidir ki, yuxarıda qeyd olunan yolun enini də, uzununu da ağına-bozuna baxmadan siz gedirsiniz, cənablar. Etiraf etmək lazımdır ki, zaman keçdikcə “ədalət”, “nəcib ideyalar uğrunda mübarizə” anlayışları və bunlarla bağlı dövlətə və onun institutlarına qarşı yönəlmiş fərqli hərəkətlərin siyasi motivləri cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Keçmiş sovetlər ittifaqı dağıldıqdan sonra öz müstəqilliyini elan etmiş respublikalarda, o cümlədən Azərbaycanda “bizdə siyasi məhbuslar var, ya yox ?” sualı kəskin müzakirə predmetinə çevrilmişdir. “Var” deyənlər T.Xasməmmədov kimi bu açı gerçəkliyi yaşayanlardır, onların az yaşlı övladlarıdır və yaxud həmin şəxslərin müdafiəsinə qalxanlardır. “Yox” deyənlər bu ədalətsizliyə imza atanlardır. T.Xasməmmədov qanunsuz və ədalətsiz olaraq həbsdə saxlanılan şəxsdir, hansı ki, təqsirli deyil, hətta qanunu pozubsa da, bu onun özünün nəcib məqsədlər naminə düşünülmüş şəkildə atdığı siyasi addımdır. Hesab edirəm ki, keşməkeşli, zəngin tarixə malik Azərbaycan vətəndaşına izah etməyə ehtyac duyulmur, nəyə görə hüquq müdafiəçisi T.Xasməmmədov və yaxud da digər siyasi və vicdan məhbusları bizdə özlərinə qarşı rəğbət yaradırlar. T.Xasməmmədov Göyçay və Ucar rayonlarında, insanlar arasında zorakılığa çağırış əks etdirməyən açıq fikir və inanclarını ifadə etdiyi üçün cinayət mühakimə icraatı qaydasında təqib olunur və çox güman ki, insanların bədbəxtçiliyi üzərində “ədalətli” məhkəmə prosesi qurmağa alışmış məhkəmə onu mühakimə etmək üçün əlindən gələni edəcək. Baxmayaraq ki, bütün dunyada belə şəxslərin dərhal azad olunmaları və qeyd-şərtsiz olaraq onların təqib olunmalarına xitam verilməsi praktikası mövcuddur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button