Taleh Xasməmmədov şərti azadlığa çıxdı

Məhkəmə onu polis nəzarətinə verdi

Hüquq müdafiəçisi Taleh Xasməmmədov aprelin 21-də axşam saatlarında Göyçay Rayon Məhkəməsinin qərarı ilə azad edilib.

Bu barədə Meydan TV-yə məlumat verən hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, 4 saat davam edən məhkəmə Xasməmmədovu şərti, polis nəzarətinə verməklə azadlığa buraxıb. Cinayət işi davam edəcək və Taleh Xasməmmədov polis nəzarətində olacaq.

Oqtay Gülalıyev güman edir ki, məhkəmənin qərarı 2 gün aparılan ictimai kampaniyanın, Taleh Xasməmmədovun günahsızlığı ilə bağlıdır. İlk dəfədir ki, belə hadisə baş verir.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) üzvü, hüquq müdafiəçisi Taleh Xasməmmədov aprelin 19-da, səhər saatlarında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi açılıb, haqqında Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə (qərəzli xuliqnalıq və hakimiyyət nümayəndəsi ilə zor tətbiq etmək) ilə cinayət işi açılmışdı.
O, 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilib. Göyçay Rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarıb. Təxminən bir il sonra prezidentin əfv sərəncamına düşərək azad olunub.

Taleh Xasməmmədov 2015-ci ildə Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib. Onu həmin ilin fevralın 24-də Göyçay rayonunda ailə üzvləri ilə birgə mebel salonundan çıxıb maşınına yaxınlaşan zaman tanımadığı bir şəxsin hücumu ilə üzləşib. Bundan sonra o, polis tərəfindən saxlanıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıb. T.Xasməmmədov 2016-cı ilin martında əfv sərəncamı ilə azad edilib.

Həmin vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu “vicdan məhbusu” elan edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button