Tanınmış siyasətçi Çapay Sultanovun “Naşestvie”dən yazdı

ilyas-1.jpg

İlyas İSMAYILOV

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru

Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət Mükafatı Laureatı, geoloji elmlər doktoru, professor Çapay Əli oğlu Sultanovun 2004-cü ildə Bakıda rus dilində nəşr edilmiş ikicildlik (1156 səh.) “Basqın” (“Naşestvie”) əsəri barədə mülahizələr

Annotasiyasında qeyd olunduğu kimi, oxucu əsərdə Azərbaycanın bu günü və gələcəyi üçün vacib olan bir çox suallara cavab tapa bilər. XX əsrin əvvəllərində nəhəng dövlətlərin Zaqafqaziya üzrə mövqeləri Azərbaycanın maraqlarına uyğun idimi? Azərbaycan nefti sahəsində böyük kapital sahibləri olan erməni milyonerləri Mantaşev və Lionozev kimə və nəyə qulluq edirdilər? Ötən əsrin əvvəllərində və yeni tarixdə bolşeviklər və daşnaklar tərəfindən Azərbaycan xalqının genosidi necə həyata keçirildi? Sovetlər ölkəsində Vətənin yüksək mükafatı birincilər sırasında Serebrovskiyə nəyə görə verildi? Azərbaycan nefti bir neçə ilə Kolçakın xaricə apardığı qızılların əvəzini verə bildimi?  Azərbaycan nefti olmadan SSRİ İkinci Dünya Müharibəsini uda bilərdimi? Qorbaçovun dövrünə qədər Qarabağ məsələsi necə qaldırıldı? Qorbaçovun vaxtında Qarabağ məsələsi kim tərəfindən və necə qaldırıldı? Qarabağ probleminə münasibətdə Qorbaçov və Yeltsin, həmçinin onların komandaları arasında əhəmiyyətli fərqlər vardımı? Yeni tarixdə Qarabağ probleminə keçmiş SSRİ-nin “qardaş” xalqlarının, Rusiya, ABŞ və Qərbi Avropanın münasibəti necədir? Erməni terrorçuluğu, separatçılığı və “qara piar”ının fərqli əlamətləri hansılardır? Nəyə görə 1990-cı ildə baş verən 20 Yanvar hadisəsinə, həmçinin 1992-ci ildəki Xocalı soyqrırımına dünya ictimaiyyəti tərəfindən əsl qiymət verilmədi? Bu gün müasir Qarabağ nə deməkdir? Məlum hadisələrdən sonra Cənubi Qafqaz ölkələrinin iqtisadi və sosial vəziyyəti necədir? Neft Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq gətirəcəkmi? Bağlanmış neft müqavilələri Qarabağ probleminin həllinə kömək edə biləcəkmi? Bakı-Tiflis-Ceyhan neft kəməri Azərbaycana nə verəcək? Nəhayət, əsas məsələ – indiyədək baş vermiş hadisələri nəzərə alaraq Azərbaycan nə etməlidir?

chapay-1.jpg

Əsərdə bütün bu suallara müəllifin əsaslandırılmış mükəmməl cavabları vardır. Kitabda habelə, Azərbaycanın yeni tarixində son dərəcə neqativ rolları olan Qorbaçov və Yeltsinin əsl siyası simaları da tam çılpaqlığı ilə açılır.

Mən sadalanan suallara müəllifin verdiyi cavabları oxucuların nəzərinə çatdırmaq istəmirəm. Arzum budur ki, Azərbaycanın yeni tarixində və gələcəyində əhəmiyyəti, təəssüf ki, hələ dərk edilməyən, lakin bizim ictimai-siyasi həyatımızda, xüsusilə gələcək inkişaf  baxımından nəhəng, bəlkə də, planetar bir hadisə olan bu kitabı hər bir azərbaycanlı özü oxusun.

Əsər, sözsüz, fundamental xarakter daşıyır. Onunla ötəri tanışlıq belə, labüd olaraq bir sual doğurur: bu əsəri yazmağa müəllifi hansı maraqlar sövq etmişdir? Elmi dərəcə almaq, yoxsa pul qazanmaq? Müəllif, artıq qeyd olunduğu kimi, təkcə Azərbaycanda deyil, dünyada qəbul olunan alimdir, ictimai xadimdir, yüksək elmi nüfuza malikdir. Əsərin çapından bir qara qəpik belə, qazancı olmayıb. Əksinə, səhhəti hesabına ortaya gətirdiyi bu əsəri öz vəsaiti ilə çap etdirib. Bəs onda, bəlkə də, bir elmi-tədqiqat inistutunun yaza bilməyəcəyi bu kitabı bir nəfər necə yaratmışdır, onun hansı hissləri, şəxsi keyfiyyətləri əsərin ortaya çıxmasını şərtləndirmişdir? Əlbəttə ki, ancaq və ancaq vətənə məhəbbəti, vətən yanğısı, haqqa, ədalətə bağlılığı, yalana, zorakılığa, onun ən dəhşətli forması olan terrorçuluğa nifrəti, şəxsi ləyaqət hissi güclü olan bu insanın vətən və xalq qarşısında öz məsuliyyət hissini yüksək dərəcədə dərk etməsi! Lakin bu azdır. Belə bir fundamental əsəri yaratmaq üçün Çapay Sultanova məxsus fenomenal erudisiyanın və gözəl bədii talantın, istedadın olması da kifayət deyildir. Bunun üçün bunlardan başqa, həm də qeyri-adi enerjiyə, qarşıya qoyulan məsələlərin böyüklüyü, nəhəngliyi qarşısında əyilməyən cəsarətə, mətanətə malik olmaq gərəkdir. Cəsarət və mətanət, öz gücünə inanmaq elmdə də dağları öz yerindən oynadar.

Belə bir fundamental əsərin yazılması sadalanan keyfiyyətlərlə yanaşı, həm də faktların toplanmasında və təhlilində elmi tədqiqatın müasir metodlarından istifadə edilməsini, bu prosesdə böyük səbr, əzmkarlıq göstərilməsini və şübhəsiz, sağlam düşüncə tələb edir.

O da bir həqiqətdir ki, təfəkkürdə müstəqillik olmadan orijinal elmi əsərlər yaradıla bilməz. Xüsusidən ümumiliyə, ehtimal olunan ədalətə, xüsusilə də həqiqətə gəlmək elmi müstəqilliyin əlamətidir.

Çoxları tədqiqatçı olmadıqlarına görə, başqalarının axtarışlarının nəticələrini təbliğ edərək oxucuya bilik yox, biliyə bənzər saxta, bədəl məlumatları sırıyırlar, onu yoxlanılmamış faktların təsadüfi yığımı və düşünülməmiş nəticələri ilə tanış edirlər. Çünki adətən, faktları birbaşa ilk qaynaqlardan  götürərək onları öz tənqidi fikir süzgəcindən keçirmirlər. Belə əsərlər ona görə nə elmi yaradıcılıq baxımından orijinallığı, nə də faktların toplanması və təhlili əsasında fikirlərin söylənməsində müəyyən səviyyədə ehtiyatlılığı ilə xarakterizə oluna bilməz. Məhz bu iki keyfiyyət də mənbəni müstəqil öyrənən əsl alim-tədqiqatçı – Ç. Sultanovun əsərinin yazılmasında nümayiş etdirdiyi xarakterik xüsusiyyətləridir.

Ancaq bu da azdır. Tarixi faktlara əsl tədqiqatçı, necə deyərlər, can verməli, bir növ, rəssam kimi quru faktları mahiyyətinə, şəxsiyyətləri isə fəaliyyətinə görə canlı rənglərlə təsvir etməyi bacarmalıdır. Bu baxımdan da professor Ç.Sultanovun əsəri oxucunu heyran edir, çox maraqla oxunur. Oxucu əsərin hər bir sahəsində təsvir olunan hadisələrin, fikirlərin, mövqelərin müəllifə dərin təsirini həssaslıqla duyur.

Bəziləri düşünürlər ki, tədqiqatçı ehtirassız, şövqsüz, lakin obyektiv olmalıdır. Bu, səhv mövqedir. Ürəyinin qanı və əsəblərinin şirəsi ilə yazılan əsərlərdə müəllifin mövqeyi bilinməli, ancaq bu mövqe mütləq həqiqətə uyğun olmalıdır. O, faktları əvvəlcədən nəzərdə tutulan hansısa bir siyasi doktrinaya, kursa uyğunlaşdırmamalıdır. Oxucu tədqiq olunan hadisələrə münasibətdə onun öz mövqeyini də bilməlidir. Ç.Sultanovun  əsərini oxuyan hər bir şəxs daim onun ürəyinin səsini eşidir və dəqiq bilir ki, o, kimin tərəfindədir – haqqın, ədalətin, təcavüzə məruz qalanların, yoxsa terrorçu cəlladların.

Professor Ç.Sultanov mahir tədqiqatçı kimi əsas diqqətini məsələnin aydın olmayan, görünməyən tərəfinə yönəldərək, əsrlər boyu Azərbaycan xalqının başına gətirilən müsibətlərin səbəblərini axtarır, bu müsibətlərin hansı bayraq altında və kimlər tərəfindən həyata keçirildiyini, nahayətdə isə kimlərə lazım olduğunu çox sərrastlıqla göstərir, heç bir şeydən çəkinmədən “mələk”, “demokrat” donuna bürünən bəzi şəxslərin əslində əlində qanlı balta olan cəllad olduqlarını sübut edir. Beləliklə, Azərbaycan xalqına qarşı hazırlanıb həyata keçirilən dəhşətli sui-qəsdin üstünü açır.

Vaxtilə Holbax “Müqəddəslərin qalareyası” əsərində yazırdı ki, insanlara qiymət verməyin ancaq bir meyarı var: onların cəmiyyətə verdikləri fayda, xeyir. İnsanlara həqiqətən xeyir verən hər bir şəxs cəmiyyətdə hörmətli tutulmalıdır. Çünki hörmət, minnətdarlıq, şöhrət, xeyir verməyə görə ədalətli mükafatdır. Əgər cəmiyyətə fayda verən insanlar haqlı olaraq belə mükafatlara layiq görülərsə, onda xeyirsiz varlıqlara hörmət göstərmək axmaqlıq, cəmiyyətə ziyan vuran, onu öz şəxsi eqoist maraqlarına qurban verənləri şərəfli tutmaq isə ən böyük ağılsızlıq, ədalətsizlikdir. Bu baxımdan da Ç.Sultanov əsərində bir çoxlarının – Qorbaçov, Yakovlev, Yeltsin, Brunets və başqalarını əsl simalarını açır, onları ifşa edir.

Doğrudan da, insan nə dərəcədə maskalanarmış?! Uzun müddət kommunist ideologiyası sahəsinə rəhbərlik edən, bu sahədə saysız-hesabsız kitablar yazan bir insan (Yakovlev) necə oldu, birdən cildini dəyişib müasir liberal-demokrata döndü?! Həmişə qanunun aliliyindən danışan bu kəs nədən terrorçuların, separatçıların vəkilinə çevrildi?! Böyük vətənpərvərimiz, dərin ağıl və hərtərəfli bilik sahibi olan Çapay müəllimin  mövqeyinin düzgünlüyünü bir daha sübut edən bir faktı oxucuların nəzərinə çatdırmağı özümə borc bilirəm:

Dağlıq Qarabağ separatçılarının o vaxtki rəhbəri Manuçarovun haqqında Azərbaycan Respublikası Prokurorluğunda dövlət əmlakını xüsusilə külli miqdarda oğurladığına və rüşvətxorluqla məşğul olduğuna görə cinayət işi qaldırılmışdı və Respublika prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi V.T.Boqomolovun rəhbərliyi ilə istintaq aparılırdı. İstintaq çox uğurlu gedirdi. Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları özləri Manuçarovu ifşa edən ifadələr verirdilər. Əşyayi-dəlillər də əldə edilmişdi. Cinayətkarlar tərəfindən binanın divar hörgüsündə gizlədilmiş qiymətli qızıl sikkələr və bəzək əşyaları da əldə edilmişdi. İfşa olunduğundan hədsiz qəzəblənən Manuçarov Xankəndində vilayət prokurorluğunda istintaqı davam etdirən Boqomolova hücuma keçdi. Mən deyərdim ki, Boqomolov bu işi böyük qəhrəmanlıqla ondan xilas edə bildi. Manuçarov Azərbaycandan Yerevana qaçdı. Sonralar ermənilərin şikayətinə əsasən (guya, biz işi qərəzli aparırdıq) bu işi SSRİ prokurorluğu bizdən alıb icraatına götürdü və istintaqı xüsusilə mühüm işlər üzrə baş müstəntiq  K.K.Maydanyuka tapşırdı. Maydanyuk, həmçinin SSRİ Baş prokurorunun istintaq üzrə müavini A.F.Katusev də işə çox vicdanla yanaşdılar, 10 nəfərdən çox adam həbs edildi, o cümlədən Manuçarov Yerevanda tutlub Şuşa türməsinə gətirildi. Həmin ərəfədə (tarixi dəqiq yadımda deyil – İ.İ.) SSRİ Baş prokuroru A.Y.Suxarev mənə zəng edərək bildirdi ki, səhər Bakıya uçur, onu qarşılayım. Onun istintaq üzrə müavini A.F.Katusev də Bakıda idi. Səhər Suxarevi qarşılayıb mehmanxanada yerləşdirdim. O, müavini A.F.Katusevi, Manuçarovun işini istintaq edən K.K.Maydanyuku və məni yanına dəvət edərək, Manuçarovun haqqındakı həbs qəti-imkan tədbirinin dəyişdirilib onun azad edilməsi barədə fikrimizi soruşdu. A.F.Katusev və Maydanyuk işin tam sübutlu olduğunu ona bildirdilər və xüsusilə təhlükəli cinayətkar olan Manuçarovun azad edilməsini mümkünsüz saydılar. Onda Suxarev Manuçarovun Moskvaya etap olunması məsələsini müzakirə etdi. Müstəntiq bunun işin istintaqı baxımından ziyanlı olduğunu bildirdi. O dedi ki, həbsdə 10 nəfərdən çox müqəssir var, bu müqəssirlər də Manuçarovla üzləşməlidir. Müqəssir və şahidləri Moskvaya etap eləmək isə ağılsızlıqdır. Suxarev bu dəlillərlə razılaşdı. Elə bu vaxt Moskvadan ona zəng oldu. O, zəng edənə işin sübutlu olduğunu, Manuçarovun da azad edilməsinin mümkün olmadığını bildirdi. Zəng edən şəxs narazı qaldı və “ermənilərə qarşı repressiya aparırsınız” dedi. A.Y.Suxarev bizə bildirdi ki, bu şəxs məhz Sov.İKP MK katibi, Siyası Büronun üzvü A.N.Yakovlevdir. Sonra mənə aydın oldu ki, Suxarev məhz onun tapşırığı ilə Bakıya gəlibmiş.

Ardınca daha dəhşətli hadisər baş verdi: səhər hərbi vertolyotla Manuçarovu qanunsuz olaraq Şüşa türməsindən Moskvaya apardılar. Qanuna görə, müqəssirin bir türmədən başqasına köçürülməsi ancaq işin istintaqını aparan müstəntiqin onun barəsində etap olunmaya dair prokuror tərəfindən sanksiyalanmış qərarı əsasında ola bilərdi. Belə bir qərar olmadan Moskvadakı azadlıqdan məhrum olunma yeri də müqəssiri qəbul edə bilməzdi. Tez bir müddətdə Manuçarovu Ermənistan Ali Sovetinə deputat seçdilər. Ermənipərəst olmaları ilə tanınan, Azərbaycana düşmən kəsilmiş A.Saxarov və Q.Starovoytova türmədə ona deputat mandatını təqdim etdilər və onun azad olunmasına nail oldular. O vaxtlar artıq mən Azərbaycan Respublikası prokuroru deyildim, Moskvada SSRİ Prokurorluğunda işləyirdim, Manuçarovun işi ilə də daim maraqlanırdım.

Onu qeyd etməyi özümə borc bilirəm ki, həm A.F.Katusev, həm də K.K. Maydanyuk bu işə vicdanla yanaşırdılar, böyük təsirlarə baxmayaraq, qanun pozuntusuna və ədalətsizliyə yol vermirdilər. Onların məlumatlarına görə, hələ Qorbaçovun həyat yoldaşı Raisa Maksimovna da zəng edərək işin xətm olunmasını xahiş edirmiş. Qanuna hörmət bəsləyən insanlar işi xətm etmədilər, əksinə, təqsirnamə ilə baxılması üçün SSRİ Ali Məhkəmsinə göndərdilər. Burda da ağılagəlməz hadisə baş verdi – SSRİ Ali Məhkəməsi işə baxmadı və onu Belorusiya Ali Məhkəməsinə göndərdi. Belorusiya Ali Məhkəməsi də işə baxmadı, onu Brest Vilayət məhkəməsinə göndərdi. Vilayət Məhkəməsi də işi uydurma əsaslar üzrə qanunsuz olaraq təkmil istintaqa qaytardı. SSRİ Prokurorluğunda Vilaət Məhkəməsinin bu qərarından protest hazırlanırdı ki, SSRİ dağıldı, Yakovlev və digərlərinin köməyi ilə dövlət əmlakını xüsusilə külli miqdarda talayan, rüşvətxor Manuçarov cəzasız qaldı. Bu da Yakovlevin şəxsində Sov.İKP MK Siyasi Bürosunun separatçılara dəstəyi idi.

***

Dövlətin qarşısında həmişə iqtisadi, siyasi, mənəvi və s. xarakterli müxtəlif vəzifələr durur. Bu vəzifələrdən əsasını, mahiyyətcə birincisini müəyyən etmək dövlət idarəçiliyində son dərəcə mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Qarabağ problemi Azərbaycan xalqı və dövlətinin ən vacib vəzifəsi, bütün digər iqtisadi, siyasi, mənəvi xarakterli vəzifələrinin uğurla həyata keçirilməsinin zəruri şərtidir. Özümüzü aldatmamalıyıq. Bu problemi həll etmədən, ölkədə stabil iqtisadi inkişaf, mənəvi dirçəliş ola bilməz. Odur ki, bütövlükdə ölkənin, ayrılıqda isə hər bir Azərbaycan vətəndaşının bütün imkanları, resursları, ilk növbədə və əsas etibarilə məhz Qarabağ probleminin həllinə səfərbər olmalıdır. Bu işdə digər dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycanın maraqlarına zidd mövqeyi qətiyyən nəzərə alınmamalıdır. Vətənin maraqlarına zidd olaraq fövqəldövlətlərə yarınmaq siyasətinə də son qoyulmalıdır. Vətən hər şeydən üstündür! Hesab edirəm ki, professor Ç.Sultanov öz vətəndaşlıq vəzifəsini yerinə yetirib. O, başqaları üçün örnək ola bilər. Hakimiyyət də, ilk növbədə, xalq və ölkə qarşısında öz borcunu qismən yerinə yetirərək professor Ç.Sultanovun əsərini istinasız bütün dünya dillərinə, həmçinin Azərbaycan dilinə tərcümə etdirib yaymalıdır. Respublikamızda bu kitabın təbliği dövlətin Qarabağ siyasətinin tərkib hissəsi olmalıdır. Bu, şübhəsiz, ideoloji təminat istiqamətində atılmış ciddi addım olardı.

Professor Ç.Sultanovun əsərinin oxunmasından məntiqi olaraq meydana gələn növbəti fikir: hakimiyyəy bütün fəaliyyəti dövründə ancaq və ancaq öz vətəndaşlarına, xalqına arxalanmalıdır! Bunu Azərbaycan xalqına qarşı əsrlərlə hazırlanan, həm də davam edeən sui-qəsdin qarşısının alınması zərurəti tələb edir.

Nəhayət, bu kitab korrupisyaya uğramış bəzi hakimiyyət nümayəndələrini, Vətənin inidisini və gələcəyini kommersiya maraqlarına qurban verən “yeni azərbaycanlıar”ı düşündürməli, onlar üçün də Vətən, onun maraqları şəxsi maraqlarından daha üstün tutulmalıdır.

Unutmaq olmaz ki, ölkənin inkişafı, xalqın formalaşması, hər bir vətəndaşda şəxsi ləyaqət hissinin canlanması, torpaqlarımızın düşmən tapdağından azad edilməsi Vətənə məhəbbətdən keçir. Özü də “Vətən” deyəndə biz təkcə ərazimizi deyil, həm də bu ərazidə yaşayan bütün insanları nəzərdə tutmalıyıq. Odur ki, bu ayrı-ayrı şəxsləri bütləşdirmək yox, Vətənə məhəbbət və milli ləyaqət kimi əxlaqi tələbləri dini ehkam səviyyəsinə qaldırmalıyıq. Bu işdə də Ç.Sultanovun haqqında bəhs etdiyimiz əsərin əhəmiyyəti olduqca böyükdür.

Onu oxuyun!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button