Tapdıq Abbas nə istəyir?

Mətbuat Şurası İdarə Heyətinin üzvü nədən narazı qalıb? – Vicdanın ədalətsizliyə etirazı, yoxsa…

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas öz Facebook hesabında çox maraqlı bir status paylaşıb.

Son vaxtlar media ilə işləyən iki qurum – Mətbuat Şurası (MŞ) və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunda (KİVDDF) təmsil olan bəzi redaktorlar arasındakı münasibətlərdən, qruplaşmalardan xəbərdar olanlar üçün Tapdıq Abbasın yazdıqları bir çox məsələlərə  işıq salmaq baxımından üzərində dayanılası əhəmiyyətli mövzudur…

Bəribaşdan vurğulayaq ki, “Paralel”in baş redaktorunun yazdıqlarını oxuyanlar – hətta media cameəsi ilə yaxından-uzaqdan əlaqəsi olmayanlar belə – görəcək ki, onun əsas hədəfi elə özü ilə bir qurumda təmsil olunan həmkarlarıdır.

Tapdıq Abbas bu statusunda tez-tez televiziya verilişlərinə dəvət edilən və medianın problemlərindən danışan həmkarlarından narazılığını dilə gətirsə də, başlıca hədəfinin Mətbuat Şurası İdarə Heyətinin üzvləri olması dərhal diqqəti çəkir. Çünki son vaxtlar mətbuatla bağlı verilişlərə daha çox məhz Mətbuat Şurası İdarə Heyətinin üzvləri dəvət edilirlər.

Tapdıq Abbas ad çəkməsə də, onun başlıca hədəfinin kimlər olduğunu jurnalistlər dəqiq bilir. Sadəcə, Tapdıq Abbasın yazdıqları indiyədək media sektorunda dolaşan şayiələrin, söz-söhbətin, xüsusən də  Mətbuat Şurası İdarə Heyəti üzvləri arasında hökm sürən böyük narazılığın təsdiqlənməsi baxımından indiki ərəfədə ciddi hadisə sayıla bilər…

İşin maraqlı tərəfi isə Tapdıq Abbasın bu narazılığını niyə rəhbərlik etdiyi “Paralel” qəzeti vasitəsilə işıqlandırmaması və ad çəkmədən, gizli eyhamlarla nələrisə xatırlatmağa çalışmasıdır. Görünür, Tapdıq Abbas açıq danışmağın KİVDDF-dən aldığı illik 80 min manatdan məhrum oluna biləcəyinə gətirib çıxaracağından çəkinir.

Nəzərə alsaq ki, MŞ İdarə Heyəti üzvləri sırasında Tapdıq Abbası “həzm etməyənlər” də az deyil və onun aşağıda təqdim edəcəyimiz statusunun tez bir zamanda MŞ-də cavabsız qalmayacağı, hər hansı şəkildə buna reaksiya veriləcəyi də bəribaşdan aydındır. Bircə anlıq təsəvvür edək ki, Tapdıq Abbas yazdığı bu sərt statusda daha çox verilişlərə qatılan redaktorlardan birinin – məsələn, Vüqar Səfərli, Vüqar Rəhimzadə, Bəhruz Quliyev və digərinin adını çəkir… Onda nə baş verə biləcəyini özünüz düşünün…

İndisə, gəlin, Tapdıq Abbasın paylaşdığı statusa diqqət yetirək:

“Bu gün dostlardan biri sual verdi ki, siz mətbuatla bağlı olan televiziya verilişlərində niyə iştirak etmirsiniz? Dostuma izah etməyə məcbur oldum ki, bunun bir neçə subyektiv və obyektiv səbəbləri var. Birincisi, yalan danışmağı bacarmıram. İkincisi, televiziya hökumətindir, mən isə hökumətin “adamı” deyiləm. Üçüncüsü, kimləri isə tərifləmək “istedadından” məhrumam. Dördüncüsü, tv-lərdə reallıqlar yox, illüziyalar uydurulur və bu uydurmaları da fantaziyalaşdırmağı bacarmıram. Nəhayət, bu tip verilişlərdə iştirak etməyə, özümü tamaşaçıya sırımağa ehtiyac duymuram. Uca Allahın bəxş etdiyi sadəliyi, səmimiliyi həyatım boyu hər şeydən üstün tutmuşam, nəinki pis əməllərlə məşğul olub, sonra tv-də çıxış edib haqqdan, ədalətdən, düzgünlükdən dəm vurmağı.

Fikir verirsinizsə, tv-lərdə Milli Mətbuat gününə həsr edilmiş bütün verilişlərdə əsasən məmurlar, millət vəkilləri, hakimiyyətə yaxın mediadının nümayəndələri yer alırlar. Sadə media nümayəndəsinə rast gəlmək, istedadlı bir jurnalistin fikirlərini eşitmək qeyri-mümkündü. Bu da Azərbaycan mediasının ən ciddi problemidir. Bu ölkədə müstəqil, məmur çubuğunun təsiri altında olmayan media nümayındəsinin tv-lərdə görünməsi mümkün deyil. Ona görə də tv kanallarında təkrar-təkrar bir neçə təşkilatın üzvü olan, çox vaxt mətbuata aidiyyəti olmayan eyni adamların boş söz yığınından ibarət fikirləri yeknəsək olduğu üçün, bu tip verilişlərə yalnız həmin adamların ailə üzvlərindən başqa heç kim baxmır və bunun heç bir ictimai effekti də yoxdu. Yalnız yeganə sevindirici hal odur ki, yaxşı ki, ölkə Prezidenti cənab İlham Əliyev müstəqil medianın inkişaf etməsində son dərəcə maraqlı və ardıcıldır. Nə yaxşı ki, ölkə Prezidentinin ölkə mediasını yüksək səviyyə çatdırmaq tapşırığını yerinə yetirməyə qadir olan yeganə məmur – Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov var. Yoxsa, hər şeyə qazanc əldə etmək mənbəyi kimi baxanlar bu sahəni xaşıl kimi bir-birinə qarışdırarlar!!!”

Belə…

Şübhəsiz, Tapdıq Abbasın bu cümlələrinin altında yatan həqiqətlərin ictimailəşməsinin MŞ və KİVDDF rəhbərliyi barədə hansı imici yaradacağını təsəvvür etmək elə də çətin deyil.

Tapdıq Abbasın bəzi həqiqətləri açmaq, bəzilərini gizlətmək hissiylə yazdığı bu statusunda isə çoxsaylı ziddiyyətlər tapmaq və onun əsas niyyətinin nə olduğunu  asanca çözmək mümkündür. Məsələn, o, televiziyalara dəvət olunan jurnalistləri “hökumətin adamı” sayır. İndi biri də qalxıb soruşacaq ki, bəs, Tapdıq Abbasın özü kimin adamıdı?

Bilməyənlər üçün xatırladaq ki, Tapdıq Abbas da bir neçə il bundan əvvələ kimi, yenicə artıq rəsmi şəkildə “konstruktivləşən” Rauf Arifoğlu ilə bərabər radikal müxalifət cinahında  yer alanlardan idi. Sonradan təmsil olunduğu Müsavat partiyasından istefa verərək, iqtidarın kursunu dəstəkləməyə başladı. Onun hələ müxalifət düşərgəsindən rəsmən üzülüşmədiyi vaxtda mərhum Prezident Heydər Əliyevin qəbrini ziyarət etməsi böyük qalmaqala səbəb olmuşdu… Elə bugünlərdə onun prezident İlham Əliyevin yanında durub şəkil çəkdirməyə necə şövqlə can atdığı hələ də sosial şəbəkələrdə müzakirə mövzusudur.

media-1.jpg

Hazırda rəhbərlik etdiyi qəzet isə birmənalı şəkildə iqtidarın siyasətini dəstəkləyir. Jurnalistlərə verilən pulsuz evdən də Tapdıq Abbasa pay ayrılıb və ən nəhayət, statusunun sonunda bütün varlığı ilə hörmətli Əli Həsənova tərif yağdırır…

Görəsən, bütün sadalanan kriteriyalar hökumətin adamı sayılmaq üçün yetərli deyilmi? Demək, Tapdıq Abbasın davası həmkarlarının “siyasi baxışları” və ya “yalan danışa bilməməsi”, “kimisə tərifləmək istedadının olmaması” ilə bağlı olan məsələ deyil.

Yaxından tanıyanların təsdiqinə görə də, Tapdıq Abbasın narazılığının kökündə sadəcə efirə buraxılmaq istəyi və daha çox da onun qəzetinə ayrılan vəsaitin azlığı durur. Hətta deyilənə görə, o, bir neçə dəfə bu narazılığını açıq mətnlə də ifadə edib və məlum olub ki, onun əsas istəyi 80 mini, başqa gündəlik qəzetlər kimi, illik 120 min manatla əvəzləməkdir.

Tapdıq Abbasını davasının “din” yox, “dən” davası olduğunu isə başqa bir mülahizə də təsdiqləyir. Əgər baş redaktor, doğrudan da, istedadlı jurnalistlərin qarşısının alınmasına və yarıtmaz kadrların önə verilməsinə, ümumiyyətlə, media cameəsində baş verən haqsızlığa, ədalətsizliyə etiraz edirsə, niyə şəffaflığı şübhə doğuran və özünün də davamlı pay aldığı fərdi jurnalist müsabiqələri barədə danışmır? Niyə özünə ev veriləndə, mənzil almağa layiq olan, lakin kimsəzilikdən, adamsızlıqdan kənarda qalan həmkarlarının etraz səsinə səs vermədi? Və yaxud bilə-bilə ki, hansı MŞ üzvü və ya KİVDF təmsilçisi bu müsabiqə, pul, ad və evpaylama işində vicdanı və qələmi yerində olan peşəkar jurnalistləri bir kənara qoyaraq utanmadan, sırtıqcasına öz urvatsız qohum-əqrəbasını, sürücü və katibələrini bu siyahılara dürtüşdürür, niyə açıq şəkildə onların adlarını çəkmir?

Əlbəttə ki, dava yorğan davasıdır və biz heç də Tapdıq Abbasın ittiham etdiyi, MŞ-da təmsil olunan, tez-tez televiziya verilişlərinə qatılan baş redaktorların “şəffaf fəaliyyət göstərən” və “mələk simalı” olduqları qənaətində deyilik. Əksinə, düşünürük ki, əksəriyyəti mahiyyət etibarilə elə eyni adamlardır.

Necə deyərlər, “su axar, çuxurunu tapar”…

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button