Tarix göstərdi ki, “Xural” haqlı imiş

Əvəz Zeynallı: “Mən ölkəmdə daha güclü, daha azadam, buranın həbsxanaları belə mənim üçün müqəddəsdir.

əvəz

xural.com – saytımızın redaktoru Əvəz Zeynallıdan xeber365.com saytının götürdüyü və qısa ixtisarla dərc etdiyi (bu linkdən oxuya bilərsiniz: http://xeber365.com/article/155/19202/) müsahibəni olduğu kimi, tam variantda yayınlayır. Qeyd edək ki, xeber365.com saytının dərc etdiyi müsahibəni strateq.az saytı da olduğu kimi yayınlamışdı (bu linkdən oxuya bilərsiniz: http://strateq.az/müsahibə/15364-əvəz-zeynallı-color-red-mən-bu-millətin-balaları-ilə-birlikdə-xoşbəxt-ola-bilərəm.html).

– Əvəz bəy, sizin həbs olunana qədərki və həbsdən çıxandan sonrakı jurnalistika fəaliyyətinizi diqqətlə izləmişəm. Sanki həbs olunmazdan öncə daha alovlu, daha sərt yazılarınız vardı. İndi isə sanki daha ehtiyatlısınız? Necə düşünürsünüz, həbsxana jurnalisti dəyişirmi?

– Əvvəlki dövrlərdə “Xural” qəzeti vardı. O yazılar da orada yazılırdı. Və bunun həbsdən əvvəlki, ya da sonrakı dönəmə heç bir aidiyyatı yoxdur. Mən elə həminki adamam. Təbii ki, həbsxananın insana müəyyən təsiri olur və mənə də oldu. Bəlkə bunun bir adı da qeyd etdiyiniz “ehtiyatlılıq”dır, bilmirəm. Amma həbsxana insana həyatın bir zarafat olmadığını göstərir. O mənada hansısa ehtiyatlılıq hiss edibsinizsə, deməli, bu, kənardan da görünür. Amma mən özümdə, öz içimdə elə həminki mənəm. İnanmıram ki, həbsxana jurnalisti dəyişə bilər. Biz çoxlarını içəri girəndə, orada və oradan çıxanda fərqli görmüşük və çox təəssüf ki, o tip jurmalistlərin sayı az da deyil. Onları, daha doğrusu, bəzilərini həbsxana dəyişdi. Ancaq cəmiyyətin nəzərdə tutduğu mənada məni dəyişdirə bilmədi. Necə girmişdimsə, eləcə də çıxdım. Öyrəndiklərim də çox oldu. Onlardan biri də ehtiyatlılıq və səbirlilik oldu. Nə qədər davam edəcək, birlikdə görəcəyik.

 

– İndi jurnalistikamızda və ədəbiyyatımızda çox az sayda parlaq simalar qalıb, onlar da ehtiyatla davranırlar, az və yumşaq yazırlar. Siz ümumiyyətlə, jurnalistikanın indiki mərhələsini bədii şəkildə necə xarakterizə edərdiniz?

 

– Zaman bizi bədii olmamağa, daha çox reallıqla durub-oturmağa səsləyir. İndi ağır zamanlara xas olan ədəbi əsərlər də yoxdur. Bu, ədəbi şəxsiyyətlərin az olması ilə xarakterikdir həm də. Zəmanə özünün şəxsiyyətlərini yetişdirir. Biz bu baxımdan, sinifdə qalmışıq, ya da mən o cür görürəm. Yazarlarımızın əksəriyyəti qorxaq olduqlarını və zəmanənin balaca qapılarından əyilərək keçdiklərini fərəhlə etiraf edirlər. Hamı ya pul qazanır, ev alır, ya da o yolda inamlı addımlarla irəliləyir.

Mətbuata gəlincə, onu daha yox hesab eləmək də olar. Jurnalistika azad və müstəqil qələmləri qeyb etdi və maraqlıdır ki, bu qələmlər ölmədilər, sadəcə mövqelərini və səngərlərini dəyişdilər. Heç kim daha qələmi süngüyə çevirmək istəmir və qələm süngüdən daha çox, pul qazanmaq vasitəsinə çevrilib. Yaxşı da bar verir. İndi Azərbaycan mətbuatında dovşanların beli yəhər görməyən kəhər atlara qalib gəldiyi, mətbuat fillərinin mətbu qarışqalara yenildiyi dövrdür. Hökumətimiz bu qəti və kəsərli qələbəni qazandı – təəssüf.

– Həbsxanada mütəmadi bədii ədəbiyyat oxuduğunuzu demişdiniz, oxuduğunuz kitablar sizə insanları və addımları seçməklə bağlı nələr öyrətdi? Hansı kitablar sizi ən çox təsirləndirdi?

– Həbsxanada 120-dən çox kitab oxudum. Bu, 60.000 səhifədən çox edir. 1158 gün, bir başqa deyişlə, 3 il 2 ay 2 gün içəridə qaldım və 3.603 səhifə “Selcanın məmləkəti – Həbsxana gündəlikləri” yazdım. Bütün sahələrdən oxudum. Dostların göndərdiyi kitablar, özümün tapdığım kitablar – “Səfillər”dən “1984”-ə, “İmam Hüseyn”dən “Cinayət və cəza”ya qədər. Bəzən hətta oxuduqlarımı təkrar oxudum və bu, həbsxanada başqa mənalar verdi.

Oxuduğum kitabların mənə yol göstərə biləcəyi yaşı keçmişəm. Sadəcə, bəzi əsərlər vardı ki, informasiya almaq üçün, bəziləri vardı ki, vaxt öldürmək üçün oxuyurdum. Məsələn, ən çətin, zülümlə oxuduğum kitablardan biri L.N.Tolstoyun hekayələri idi və ən sarsıldığım hekayə də A.P.Çexovun “6-cı palata” hekayəsi idi. İmamların taleyi haqqında oxuduğum kitablardan təsirləndim. Həzrəti Əlinin, İmam Hüseynin, İmam Rzanın həyatı xüsusilə dəhşətlidir. Bir az da günümüzün və əsrimizin gündəmi vardı.

İnsanlara gəlincə, mən daha onlardan heç nə gözləmirəm. Bir neçə qohum və dost istisna olmaqla, onların hamısı “çiy süd əmmiş” çıxdı.

– Bəs nələr tərcümə etdiniz həbsxanada? Onların cəmiyyətə gərəkdiyini necə əsaslandırardınız?

 

– Həbsxanada doyunca işlədim. Təsəvvür edin ki, yarım saat yatmaq üçün vaxt tapa bilmirdim. Gündəlik qrafikim çox ağır idi. Oxuyur-yazır, yazır-oxuyurdum. Bu haqda bir az əvvəl məlumat verdim. Onlara əlavəm odur ki, “Həbsxana gündəlikləri”nə əlavə 1.500 səhifədən çox məktublar və müraciətlər də yazılıb. İki kitab demək olar ki, tamamlanıb. Və… Böyük Mustafa Kamal Atatürkün “Nitq” əsərini Türkiyə Türkcəsindən Azərbaycan Türkcəsinə uyğunlaşdırmışam. Bu işi ömrümün və həbsxana dövrünün ən mühüm hadisəsi kimi qiymətləndirirəm. Nə qədər təəccüblənəcəksiniz, bilmirəm, amma mən öyrənəndə ki, Mustafa Kamal Atatürkün bu kitabı hələ doğma türkcəmizə tərcümə olunmayıb, çox təəssüflənmişdim. Gördüm, vaxtım var, başladım tərcüməyə. 2013-cü ilin avqustundan 2014-cü ilin sentyabrına qədər tərcümə edib bitirdim. Daha tez də etmək olardı bu işi. Ancaq qələmlə işləmək məni məhv edirdi və çatdıra bilmirdim. Çox çalışdım, bilgisayarda yazmaq icazəsi alım, amma rəis imkan vermədi.

Yeri gəlmişkən, mən bu haqda dəfələrlə demiş, yazmışam. Bir redaktora bilgisayarda yazmaq icazəsinin verilməməsi işgəncədir və elə də qəbul edilməlidir. Düşünün ki, 10 saylı Cəzaçəkmə Müəssisəsində 100-ə qədər bilgisayar vardı. Burada internetlə işləyən, sayt açan, internetdə yazışan, rəisin və Ədliyyə Nazirliyinin işlərini kompüterdə görən məhkumlar olduğu halda, rəis mənə o icazəni vermədi. Mən bu boyda yazıları barmaqlarımla yazdım və onun nəticəsində hələ də qələm tuta bilmirəm. Bu, işgəncənin ən böyüyü idi.

– Necə düşünürsünüz, həqiqətə sadiqliyi jurnalistlərə necə aşılamaq olar? Məsəlçün, mütəmadi bədii ədəbiyyat oxuyan, çoxlu insan faciələrindən nəticə çıxaran jurnalistlə, heç oxumayan arasında həqiqətə sadiqlik məsələsində fərq olurmu?

– Oxumaqla jurnalist olunmur. Təbii ki, mütaliənin təsiri var, təbii ki, təhsil əsas şərtlərdən biridir. Ancaq biz ütülü köynəklər geyinən və bir neçə diplomu olanların mətbuatı gözlərimizin qarşısında necə parça-parça satdıqlarının şahidi olduq. Bədii ədəbiyyat oxuyan, hətta milyonlarla insanın örnək kimi kitablarını oxuduqları yazar əhlinin bu millətin maraqlarını necə tapdaladıqlarını, tapdalayanlara necə züy tutduqlarını gördük. Ömürlərdən kitab yazanlar məhkəmə salonlarında qələm əhlinin üzünə tutdurub həbsxanalara göndərmədimi? Biz “dar ağacına salam verənlərin” oliqarxiyanın pəncərələrindən asılı qaldıqlarını görmədikmi? İmam Hüseyn faciəsindən danışıb bu millətin anasını ağladanlar da din adamı demirlərmi özlərinə?

Jurnalist ağıllı, savadlı, mütaliəli olmaqla bərabər, cəsarətli olmalıdır. Jurnalist yalan danışmamalıdır. Jurnalist qələmini və sözünü satmamalıdır. İndiki məqamda bu, çox önəmlidir. Biz hələ də ekstremal vəziyyətdəyik. Biz hələ də təhlükənin ortasındayıq. Bir tərəfdə həbsxana, məşəqqətlər, əzab-əziyyət, yoxluq, digər tərəfdə külli miqdarda pul, pulsuz ev, pulsuz maşın və s. İkincilər birincilərdən çox təhlükəlidir. Təhlükə sadəcə həbs olunmaq deyil, təhlükə ev alıb qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır.

– Qəribədir ki, siz əvvəllər də çoxlu təzyiqlərlə üzləşibsiniz, həbs də olundunuz. Amma bildiyim qədəriylə heç mühacirətə getməyi düşünməmisiniz. Bu, ölkəyə bağlılıqdırmı? Ya burda da yaşayıb xoşbəxt olmağın mümkünlüyünü düşünürsünüz?

– Mən mühacirətdən gəldim. Mən ömrümün ən mənalı və hərəkətli illərini Türkiyədə, Ankarada oxumuşam, orada yaşamışam. Və imkanlarım da əla olub. Mən Türkiyənin prezidenti Süleyman Dəmirəllə “protokol görüşü” alan yeganə tələbəyəm. Türkiyənin Baş nazirləri, nazirləri, deputatları, partiya sədrləri ilə yaxın təmasım olub. İctimai-siyasi dairələrdə fəal olmuşam. Kiprin prezidenti Rauf Denktaşla görüşmüşəm və s. Gəlməyə bilərdim. Amma mən oralarda qala bilmədim. Mən ölkəmdə daha güclü, daha azadam. Buranın həbsxanaları belə mənim üçün müqəddəsdir. Mən həbs olunanda Vətənin bir müqəddəs bucağından başqa bir müqəddəs bucağına getdiyimi zənn etmişəm və inanılması bir az çətin olsa da, nə istirahət görmüşəmsə, elə həbsxanada görmüşəm.

Heç bir zaman mühacirət haqqında düşünmədim. Heç bir zaman ayrıca xoşbəxtlik haqqında düşünmədim. Mən haradasa xoşbəxt ola bilmərəm. Mən bu millətin balaları ilə birlikdə, hamılıqla xoşbəxt ola bilərəm. Mühacirətə gedənlərə pis baxmıram, onları qınamıram. Onların içərisində yaxın qohumlarım, dostlarım var. Ancaq mən getməyi düşünməmişəm. Mən balalarımı burada xoşbəxt etmək istəyirəm. Xoşbəxtlik sadəcə, yaxşı yaşamaq, imkanlı olmaq deyil. Mənim Ağır Cinayətlər Məhkəməsində qızım Selcanla dəmir barmaqlıqlar arxasında öpüşərkən bir şəklimiz çəkilib. Bax, biz o zaman xoşbəxt idik. Mübarizə varsa, biz də bu mübarizənin içindəyiksə, bu da bizə əzab-əziyyət verirsə, xoşbəxtik. Mən övladlarımı da elə böyütmək istəyirəm. Qardaşım da elədir. Bacılarım da, həyat yoldaşım da, Anam da elədir. Deyəsən, Çörçill kritik seçkilərin birində “İngilis xalqı, mən Sənə əzab-əziyyət vəd edirəm” demişdi. Bu, onların xoşbəxtliyi idi. Əzab-əziyyətlərə qatlaşdılar və xoşbəxt oldular. O mərhələdə hiss edirəm özümü. Azərbaycanlılarla birlikdə əzab-əziyyətin içindəyəm və bundan məmnunluq hiss edirəm. Mən mühacirətdə ola bilmərəm. Oralarda yaşaya bilmərəm. Elə düşünürəm…

– Ümumiyyətlə, 90-larda, 2000-lərdə jurnalistlər və yazarlar mütəmadi təzyiq görürdü, amma mühacirətə getmək indiki qədər dəbə düşməmişdi. İnsanlar daimi mübarizədə idilər. Sizcə dövrümüzdə sudan səbəblər tapıb mühacirətə gedən ictimai çəkili adamları buna nə vadar edir? Həyat şəraitimi, yoxsa adamlar indi mühacirət haqda daha çox məlumatlıdırlar?

 

– Yox, sadəcə, burada yaşaya bilmirlər. Ölkədə dəhşətli siyasət yeridilir. Vətənpərvər və dəyərli adamlara, bu siyasətlə barışmayanlara “çıxın, bu ölkədən gedin” siyasətidir bunun adı. Bir yüngül çəkili siyasətçimiz bir neçə il bundan əvvəl bir partiya sədrinə açıqca demişdi ki, “bizə 1 milyon adam yetərlidir, heç kimə də burada qalmağa maneçilik etmirik.” Bu, bir ümummilli siyasətdir və insanlar dözə bilmirlər. Xüsusilə, kritik seçki dönəmlərindən, 2003-cü ildən, 2005-ci ildən, 2010-cu ildən sonra bu hadisələr daha da sürətləndi.

Ancaq bununla birlikdə, burada heç bir təzyiqə, təsirə məruz qalmayan adamlar da gedirlər ki, bunun adı başqa bir şeydir – adamlar rahatlığın arxasınca qaçırlar. Onlara elə gəlir ki, burada qarşılaşdıqları bu çətinlikləri onların balaları görməməlidirlər.

Başqa bir qisim vətəndaşlar da var ki, onlar tüfeylicəsinə “mühacir” adından sui-istifadə edirlər. Başqa millətlərin adından istifadə edir, Azərbaycana hər cür zərbə vururlar ki, bununla razılaşmaq mümkün deyil. O, heç bizim mövzumuz da deyil.

– Bildiyim qədəriylə redaktoru olduğunuz “Xural” qəzeti bir müddətdir nəşrini dayandırıb. Əgər hakimiyyət qəzetinizin mütəmadi çapına şərait yaratsa, həqiqəti qismən də olsa demək xatirinə onunla əməkdaşlığa razı olarsınızmı? Axı, indi qəzetlər əksəriyyəti bu əməkdaşlıq sayəsində ayaqda qalıb.

– “Xural”ı 2011-ci ildə müsadirə nəticəsində bağladılar. Bizim əmlakımızı nüsadirə etdilər və məni də həbs etdilər. Hüquqi cəhətdən “Xural” bağlanmayıb. İqtisadi imkan olarsa, təbii ki, “Xural”ı çap etməyi düşünürəm və ona da çalışıram. Mən hakimiyyətlə hər zaman əməkdaşlığa hazır olmuşam. Dövlətin və dövlətçiliyin hər zaman keşiyində olmuşam. Mən haqqımı tələb eləmişəm və haqqımı tələb etməyim də bəzi məmurlarımızın xoşuna gəlməyib. Bu dövlətə “Xural” kimi qəzetlər lazımdır və hakimiyyət özü maraqlı olmalıdır ki, “Xural” işıq üzü görsün. Mən nə olursa olsun, həqiqəti deyənlərdənəm. Baxın, indi hətta Fəzail Ağamalı da sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun haqqında hədyanlar danışır. Bütün ölkənin susduğu bir zamanda MTN-i və onun vahiməli kadrlarını darmadağın edən elə o “Xural” idi. İndi istintaq o illərdə “Xural”ın yazdığı yazıları, “Xural”ın dərc elədiyi müsahibələri, “Xural”ın yaydığı araşdırmaları toplayır, axtarır. Biz o həqiqətləri deyəndə MTN və onun mülki agentləri – parlamentdə və müxtəlif redaksiyalarda olan uzantıları bizə torba tikirdilər. Amma tarix göstərdi ki, “Xural” haqlı imiş.

“Xural” çıxmalıdır və mən inanıram ki, biz yenə 100 min tiraja çatan qəzetlər buraxacağıq. Bu gün ölkədə müstəqil qəzet bazarı bizi gözləyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button