Tariximiz saxta qəhrəmanlarla doludur

guntay7

Güntay Gəncalp: “Müsavatçılıq keçmişdən qopuşu, Xalq Cəbhəsi məramı keçmişə dönüşü ön görürdü”

 

Strateq.az-da “16-1” layihəsinin təqdimatı davam edir. Bu dəfə qonağımız son zamanların ən ziddiyyətli tarixçilərindən sayılan Güntay Gəncalpdır. Onunla İranda yaşayan soydaşlarımızdan və “Cənubi Azərbaycan” məsələsindən danışdıq. Söz-sözü apardı…

Güntay Gəncalp öz orijinal baxışı ilə uzun müddətdir ki, sosial şəbəkələrdə bəzi təpkiləri üzərinə çəkib. Onun Azərbaycan tarixinə maraqlı yanaşması var və bu yanaşma bəziləri tərəfindən qəbul olunmur. Hətta onu bu yanaşmalarına görə “farsın adamı” kimi dəyərləndirənlər də yox deyil. Bunların da səbəbi var. Güntay Gəncalp Azərbaycan tarixinin elə simalarına “ilişir”, o şəxsiyyətlər haqqında o sözləri yazır ki, biz uzun illər o tarixi şəxsiyyətləri qəhrəman bilib, fotolarını başımızın üzərinə qaldırmışıq. Uzun Sovet dönəmində belə olub, Sovet dövründən sonrakı dönəmdə də bu, davam edib. Biz tənbəlliyimizdən tarixə baxışımızı dəyişməmişik. Açığı, heç o suala da cavab verməmişik ki, necə olur bizə düşmən olan və tariximizi bizə az qala qadağan edən bir Sovet rejiminin bizə qəhrəman bildiyi şəxsiyyətlər hələ də öz “yerlərini” qorumaqdadır? Düşmənin bizə qəhrəman kimi təqdim etdiyi şəxsiyyətlər həqiqətənmi bizim qəhrəmanlarımızdır?

Güntay Gəncalpın müsahibəsində bu məsələlər barədə maraqlı məqamlar var. Orada Şah İsmayıl Xətaidən Səttarxana, Şeyx Məhəmməd Xiyabanidən Seyid Cəfər Pişəvəriyə, Şəriətmədaridən tarixin ən qaranlıq məsələlərinə qədər münasibət var. Güntay Şərq-Qərb ziddiyyətini də bizə açmağa, mahiyyətini izah etməyə çalışır.

Azərbaycan tarixinə körlü-köməcli fərqli baxış bucağından yanaşan bu tarixçinin müxtəlif müzakirələrə səbəb olacaq müsahibəsini təqdim edir və müzakirələrin dəyərli tarixçilərimiz tərəfindən davam etdirilməsini arzulayırıq. Azərbaycanın həqiqi tarixi naminə!..

Əvəz Zeynallı

 I hissə

İran tarixi və sosial mühitində türk milli şəxsiyyəti yetişməmişdir

 

– Güntay bəy, özünüzü Azərbaycan Oxucusuna təqdim edə bilərsinizmi? Kimsiniz, harada doğulmusunuz, hansı təhsili almısınız, indi nə işlə məşğulsunuz?

– İran pasportunda adım Mənuçehr, soyadım Cavanşir idi. İran həyatımda bəzən şeirlər yazıb müxtəlif türkçə təxəllüslərlə çap etdirərdim. Bu təxəllüslərimdən biri də “Güntay” idi. İranda fars dili ədəbiyyatı oxudum. Bakıda filologiya üzərinə yüksək lisans və Ankarada doktorantura oxudum. Daha sonra Qərbə yerləşdiyimdə ad və soyad olaraq kimliyimi tam türkləşdirməyə qərar verdim. Fin dövlətinə tutarlı bir səbəb göstərmişdim. İranda türkcə ad və soyad yasaq olduğu üçün türkcə pasport almaq istədiyimi bildirdim və qəbul etdilər. İndiki pasportumda “Güntay Gəncalp” olaraq kimliyim yazılmışdır. “Güntay” “mənuçehr” və “gəncalp” da “cavanşir” sözlərinin türkcə qarşılıqlarıdır. İranda ikən uşaqlıq yaşlarımdan başlayaraq milli duyğularım çox güclü idi, lakin bu duyğuları düşüncəyə dönüşdürmək üçün elmi imkan, türkcə qaynaq və mətn yox idi. Olanlar da heç bir ədəbi və dil dəyəri olmayan anlamsız söz yığını nəzmlərdən və mərsiyyələrdən ibarət idi. Sırf bu üzdən İran tarixi və sosial mühitində türk milli şəxsiyyəti yetişməmişdir. Nəyi oxuyub yetişəcəkdilər? Tarixi, elmi və fəlsəfi dərinliyi olan kitablar nə tariximizdə olmuşdur, nə də günümüzdə.

Kitabsızdır tarximiz

Bütün türk enerjisi fars dilinin yüksəlişinə həsr edilmişdir. Bu məsələ məni çox üzürdü. Dilimizdə var olan mətnlər ya mərsiyə və növhə, ya da Bakıdan gələn “ay Araz, vay Araz…” kimi geniş düşüncə üfüqləri olmayan sızıltılar idi. Belə bir mühitdə böyüdüm və sonra İranda sadəcə bir neçə Qərb romanı oxuduğum üçün universitetdən uzaqlaşdırılaraq zorla İran-İraq savaşında əsgərliyə aparıldım. Əsgərlikdə kimyəvi silahla yaralandım. Bu yaralanmanın ruhi və fiziki təsiri həyatımdan, bədənimdən silinmədi. Əsgərlik həyatımda çox acı təcrübələr qazandım. İrandakı türklərin molla-seyyid-feodal sinfinin kölələri halına gətirildiyini sezdim. Düşüncəsi qaranlığa gömülmüş yüzminlərcə şiə türk ayətullahların fətvaları üzərinə könüllü olaraq 13 yaşdan tutmuş 80 yaşa qədər savaşa qatılır və hətta özlərini minaların üzərinə atırdılar. Tam bu savaş sırasında fətva verən ayətullahların oğulları Qərbdə ən yaxşı universitetlərdə oxuyurdular. Səfəvilərdən sonra uzun zaman axışı içində kölələşdirilmiş türk sürüsünü görürdüm. Bunların dəyəri bu rejim üçün bir heyvan qədər də deyildi. Bu fətvalara uyub cəbhəyə gələn türk sürüsünü minaların üzərinə göndərirdilər. Minalar partlayıb onları param-parça etdikdən sonra yol açılır və sonra təcrübə görmüş ordu hücuma keçirdi. Bu təcrübəni 21-22 yaşımda yaşamaq məni böyük ümidsizliyə uğratmışdı. Bu xalqın ruhunun molla-seyyid-feodala uyması, son 500 ildə işğal edərək onu köləlik yolunda fədakarlıq edən toplum yığını halına gətirmişdi. İran-İraq savaşında 300 mindən artıq türk, molla-feodal-seyyidin iqtidar və azqınlıq şəhvəti yolunda öldürüldü. Bu, mənim milli kimlik mövzusunda ilk faciəvi müşahidəm idi. 2008-ci ildə Bakıda çap olunan “Yüksəl Birol” romanım bu mövzu üzərinə yazılmışdır.

guntay3

İrandakı türklərin tarixi hafizəsində dəyərli heç bir xatirə yoxdur

– Deməli, İrandakı həyatınız çox maraqsız keçib?

– Dərinlik yox idi. Türk şəhərlərində intellektual ortamlarda çox bulundum. Sanki ibtidai icma quruluşunda yaşayırdım. Adamların dünyagörüşü çox bəsit, dil bilgisi yox, ana dilində düşünmə və düşüncə təcrübəsi olmayan bir tarixin davamı idik. Bu bəsitlik üzündən də insanlarımız həyatlarına dəyər verməyərək onu indinin özündə də molla-seyyid-kapitalistin fətvaları üzərinə könüllü olaraq Şamı, Kərbəlanı və Nəcəfi qorumaq üçün fəda edə bilir. İrandakı türklərin tarixi hafizəsində dəyərli heç bir xatirə yoxdur. Nə varsa hamısını Səfəvilərdən sonra məhv edib yerinə ağlaşma, sızıltı, şaxsey-vaxsey xatirələri yükləmişlər. Toplumun tarixi bilinci təxrib edilmişdir. Düşüncə axtarışında olan bir gənc üçün belə bir ortamda yaşamaq çox sıxıntılıdır.

– Azərbaycan Respublikasına necə gəldiniz?

– Türkiyədə BMT mühacirləri ofisinə baş vurdum. Kanadaya göndərəcəkdilər. Ancaq sovetlər dağıldı və “Azərbaycana bir yararım ola bilər” deyə düşünürək Kanadanı buraxıb Bakıya gəldim! Bakıda yüksək lisans yapmanın yanı sıra, çox ciddi mütaliə etdim. Axundovdan günümüzə qədər Qafqazdakı türk milli kimlik axtarışında bulunan şəxsiyyətlərimizi dəftərlərimə notlar alaraq diqqətlə oxudum. Onların ağlında dolaşan sualları və cavabları kəşf etməyə çalışdım. Bir şey kəşf etmişdim. Onlar sorular sormuş, ancaq cavablar verməmişlər. Bəlkə də bu, zamanın öz əksikliyi imiş. Mən bu suallara cavab vermək istədim. Öz dünyagörüşümdə belə bir missiya hiss etdim. Bütün kitablarım da bu suallara cavab üçün yazıldı və yazılır. Bu üzdən dini, tarixi və fəlsəfi mütaliəmi genişlətdim. Özəlliklə dini sahədə bacardığım qədər geniş mütaliə apardım. Ərəbcəmi gəlişdirdim. Qafqazda ortaya çıxan oyanış dövründə cavabsız qalan suallara dini, tarixi, sosioloji zəmində cavab verməyə hazırlaşırdım. Çünki mənim təsbitimə görə ölkəmizin və millətimizin yazqısı, gələcəyi bu suala cavabın dialektik ilişkisindən təsirlənəcəkdi. Bakıda çap olan “Qafqaz türklərinin oyanış dövrü” adlı kitabım bu mütaliələrin və uzun illər boyu axtarışlarımın nəticəsi kimi meydana çıxdı.

– Bu kitabda bizim araşdırmaçılardan fərqli olaraq nəyi ortaya qoymusunuz?

Kitabımda Qafqaz türklərinin Axundovdan başlayıb 1940-ci ilə qədər, yəni Hüseyn Cavidin öldürüldüyü (1941) ilə qədərki oyanış dövrünü incələmişəm. Oyanış sürəci burada sonlanır. O düşüncə və vizion bayrağı endirilir. Ondan sonra müsavatçı siyasi kimliyi doğuran aydınlanma dönəminə antitez olaraq fərqli bir dünyagörüşü ortaya qoyulur. Əvvəlki sorqulayıcı, ikincisi təslimçi və saxta tarix heyranlığını təsvir etmişdir. Mən oradan, yəni durdurulan o tarixi viziondan başlamaq missiyası ilə şüurumu, ruhumu gərəkən bilgilərlə təchiz etməyə çalışdım. Bunun üçün o dönəm sonrasını da diqqətlə oxumalı idim və elə də etdim. Türkiyəyə gedib orada doktoranturamı yapdığım illərdə də Tənzimatdan modern Türkiyəyə qədər fikir axınlarını incələdim. Çünkü mənə görə, ümumi türk tarixi və mədəniyyətinin yanı sıra, İrandakı oyanış dövründə hər bir aydın kişi, özəlliklə Türkiyəni, İranı, Qafqazı yaxşı bilməlidir. Bu bilgi üzərində qurtuluş görüşlərini və üfüqlərini təsvir etmək mümkün ola bilər. Lakin bütün bunlar üçün modernitə ilə də düşüncə sahəsində ilişkidə olmaq gərəkməkdədir. Kitabımdakı özəlliklər özət olaraq bunlardır.

Xalq Cəbhəsi Müsavatçılıq çizgisindən sapmışdır

Müsavatçı siyasi kültürü ortaya qoyan oyanış dövrü deyirsiniz. Yəqin ki, Sovet dönəmində ortaya çıxan bilgilərin içindən də Xalq Cəbhəsi ortaya çıxmışdır. Qısa olaraq Müsavatla Xalq Cəbhəsinin fərqini nədə görürsünüz?

– Müsavatçı kimlik Azərbaycanı Türk kimliyi və Türk-İslam aləminin bir parçası kimi görmüş, Əhməd Ağaoğlundan tutmuş Rəsulzadəyə qədər İran-Səfəvi kimliyini tənqid etmişlər. Xalq Cəbhəsi bəlkə bilincində olmadan tarixi gələcəyimiz baxımından açıqca İrançılıq edərək Müsavatçılıq çizgisindən sapmışdır. Müsavatçılıq gələcəyə doğru aydın bir üfüqaçma projesi idi, Xalq Cəbhəsi keçmişi idealizə edərək, əslində, tarixdə olmayan saxta mədəniyyətə varsilik iddiasında idi. Bu üzdən birincisi türk, ikincisi İran milliyətçiliyinə qapı açmışlar. Bunu irəlidəki illərdə daha açıqca görəcəyik. Çünkü müsavatçılıq keçmişdən qopuşu, Xalq Cəbhəsi məramı keçmişə dönüşü ön görürdü. Hər bir mədəniyət təsisetmə qopuşla mümkündür. Yaponlar, almanlar və finlər kimi. Böyük gəmilər dənizlərdə səyahətə çıxıb hədəfə varmaları üçün öncə sahillə olan bağlarını qoparmalıdırlar. Millətləşmə də buna bənzər bir durumdur. Tarix şüur və yaşantı deyil, qurqulanan bilgidir. Keçmişdə nə olmuş ki? Heç bir şey, qatı qaranlıq. Xalq Cəbhəsi tarix bilgilərinin tarixlə əlaqəsi yox idi. Bir ideologiya düzəltmişdilər və o ideologiya da tarix boyu irançılığa xidmət etmişdir. Guya şah babaları Bütöv Azərbaycan qurmuş və türk dilini də rəsmi dövlət dili elan etmiş! Yalan, ikisi də yalan. Şah İsmayıl zamanında Şirvanşahlar dövləti heç tarixdən belə silinməzkən, necə bütöv Azərbaycan qurdu? Şirvanşahlar İsmayılın ölümündən onillər sonra Təhmasib tərəfindən tarixdən silindi. Dövlət dili-filan da dadlı yalan. Əzizə Cəfərzadənin “Bakı 1501” adlı zəif romanında uydurulan dadlı bir yalandır.

 

guntay1

Bir millətin inkişafı həm də öz tarixini sorğulamaqdan keçər

 

– Belə çıxır ki, Azərbaycan tarixçiliyini siz sual altına qoyursunuz?

– Bakıda tarix elmi çox zəifdir. Tarixçi bölgə dillərini bilməlidir. Bölgə dillərini bilməyən tarixçi Azərbaycanda nəyi oxuyacaq? Bu üzdən Bakıdakı tarix bilgilərinin elmi dəyəri yoxdur. Hamısı oxucuda elmi təsəvvür yerinə, iftixar duyğusu yaratmağa çalışmaqdadır. Ancaq bir millətin inkişafı həm də öz tarixini sorğulamaqdan keçər. Millətsevərlik milləti gecə-gündüz tərifləmək deyildir. Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid də millətsevər idilər. Ancaq onların dünyagörüşlərində tənqid də var idi. Bu tarix anlayışı ilə gələcəyə doğru bir üfüq açmaq mümkün olmaz. Çünkü tarix fəlsəfəsi yoxdur. Yəni tarix bilgiləri sorğulanmamış. Kütlə üçün qürur qaynaqları oluşdurulmağa çalışılmış. Belə tarixçilik olmaz. Bu üzdən o tarixçilərin kitabını aydın bir insan oxumaq istəmir. Hamısı nəqli bilgilər, əqli münasibət yoxdur. Əqli dərinlik üçün din, mədəniyət, dil, kültür tarixləri bir yerdə sorğulama yöntəmi ilə bir bütün olaraq ələ alınmalıdır. Tarix sadəcə elm deyil, çünki elmi bilgilərin veriləri əllə tutular, laboratoriyada gözlə görülər. Tarix bilgiləri yalnız ağıl laboratoriyasında incələnən qurğulardır. Əqli bilgi də fəlsəfi baxış gərəkdirər. Bu üzdən tarix fəlsəfəsi ilə məşğul olanlara görə tarix qismən elm, qismən fəlsəfə, qismən də sənətdir, gerçəyi tapma sənətidir. Azərbaycandakı tarix kitablarının demək olar çoxunu oxudum. Çox natamamlıq var. Hamısı sovet zamanında uydurulan ideologiyanın arxasından dünyaya baxırlar. Azərbaycan tarixçilərinin niyyəti ilə 19-cu əsrin ikinci yarısından başlayıb 1940-ci ilə qədər davam edən aydınların niyyəti bir-birinə ziddir. Daha doğrusu, vizion baxımından o aydınların və müsavatçıların varisi olan ziyalılar meydana çıxmadı. İndi isə İranda türklərin oyanışı üçün lazım olan tam da o viziondur, sovet zamanında uydurulan saxta qəhrəmanlar tarixi doğrular deyildir.

 

Bir əsrdə dörd inqilabmı olar?

 

– Nələr uydurulmuş sovet zamanında?

– Guya “Güney Azərbaycan” adında qəhrəman bir ölkə varmış və bir əsrdə dörd dəfə inqilab etmiş! Bir əsrdə dörd inqilabmı olar? İnqilabın teorisi, kitabları, nəzəriyyəsi və aydınları olmalıdır. Hanı o dörd inqilabın nəzəriyyəsi və kitabları? Anlaşılan, onlar inqilab sözünün mənasını heç bilməmişlər. İnqilab bir əsrdə dörd dəfə olmaz. Hər 300, 500 ildə bir kərə olar və ən az minillik tarixin sorunlarını çözər. Böyük fransa inqilabı kimi, ya da 19-cu əsrin birinci yarısında Yaponiyadakı Meyci inqilabı kimi. Japoniyanı tarixin qaranlığından dünyanın ən başarılı ölkəsi halına gətirdi. Güney Azərbaycanda dörd dəfə inqilab olmuş və hələ də xalq molla-seyyid-feodalın ətəyindən yapışıb və ümidini onun dualarına bağlamış!

“Həsrət Ədəbiyatı” da bir KGB planı idi

– Belə çıxır ki, “Cənubi Azərbaycan” ifadəsi də sovet uydurmasıdır?

– Doğrudur, sovetlərin İran və Amerikaya qarşı ortaya atdığı xarici siyasətin stratejilərindən biri idi. Müsəddiq İranda baş nazir olduqdan sonra Şah qaçdı. Müsəddiq Amerika və İngiltərəyə qarşı sovetlərdən yardım istəməkdə idi. Kommunist partiyasını sərbəst buraxdı və hətta kommunistlərdən də kabinetə yerləşdirmək üzrə idi. Lakin Amerika və İngiltərənin girişimi ilə 1953-cü ildə hərbi çevriliş oldu. Müsəddiq uzaqlaşdırıldı və tamamən Amerikan yanlısı bir dövlət yenidən iş başına gəldi. Bu zaman sovetlərin dış politikası üzərinə Moskva radiosunun İran bürosunda Azərbaycan dilində “İranın milli səsi radiosu” adında radio verilişləri hazırladılar. 1991-ci ilə qədər bu veriliş davam etdi. Bakı radiosunda da “Cənubi Azərbaycan Redaksiyası” təşkil etdilər. “Həsrət ədəbiyyatı” da bu zamandan sonra ard-arda yazılmağa başlayır. Yəni “Həsrət Ədəbiyatı” da bir KGB planı idi. Dərin sovet dövləti üçün “Cənubi Azərbaycan” məsələsi ABŞ-İran birliyinə qarşı bir təhdid stratejisi idi. Sovetin bu planı Azərbaycanda əhalinin duyğuları ilə örtüşdüyü üçün dərhal xalq tərəfindən qəbul edildi. Bu üzdən biz “Güney Azərbaycan” ifadəsini ortadan qaldıraraq yerinə, TÜRKELİ sözünü yerləşdirdik. İranın quzeyində bitişik şəkildə bir yerdə yaşayan türk bölgəsi “Türkeli” adlanmalı. Azərbaycan da onun içində bölgələrdən biridir.

guntay6

Şərq dövlətləri yağmaçı olmuşlar

– Bir yazınızda “Batı olmasaydı, çoxdan öldürülmüşdük, Doğuda qaranlıqdan başqa nə var?” deyirsiniz, niyə?

– Qərb mədəniyyəti, yəni renesans, yəni rasionalizm, yəni intellektualizm, yəni siyantizm (elmi görüş), yəni insan haqları, demokratiya. Bunların beşiyi Qərbdir. Şərqdə siyasi fəlsəfə olmamış. Şərq dövlətləri yağmaçı olmuşlar, yox olduqlarında da özlərindən heç bir qlobal, mənəvi və bəşəri dəyər miras buraxmamışlar. Məsələn, son 500 illik öz tariximizlə Qərb tarixinə baxalım. Səfəvi, Osmanlı, Qacar. Bir tək siyasi filosofumuz yox. Nə Hobbes, nə Hegel, nə Kant, nə Volter, heç bir şey yox. Çağdaş bir insan bu qaranlıq tarixin nəyi ilə qürur duymalıdır? Orada öyrəniləcək bir şey yox. Cəmil Meriç kimi bəzi Türkiyə aydınları “1789-cu ildə Fransada burjua inqilabı gerçəkləşdiyində Osmanlı kəndi qaranlığında boğuldu” deyirdilər. Bunlar çox doğru təsbitdir. 18-ci əsrin ortalarında sadəcə Almaniyada 273 dərgi və qəzet çıxarkən, bütün Doğuda bir tək qəzet çıxmırdı. Qaranlığın səbəbləri anlaşılır. Səfəvi-Qacar ortamı daha qaranlıq və anti-insani olmuş. Hamısı yağma dövlətləri. Nə sənayeləşmə, nə də başqa sahələrdə ürətim olmuş. Bu üzdən də heç bir modern siyasi təcrübəmiz yoxdur. Mən Qərbə gəldikdən, avropalılarla qonşu olduqdan, çocuqlarımı Avropa məktəblərində oxutmağa başladıqdan sonra gördüm ki, biz şərqlilər hələ tarixə girməmiş, qeyri-tarixi topluluqlarıq. Necə ola bilər, mən öz ölkəmdə yaşamaq haqqımı itirərkən, ancaq Avropada insan kimi yaşamağa haqq qazanım? 11-ci əsrdə böyük düşüncə adamı Əbureyhan Biruni yazırdı ki, Şərq mədəniyyəti bizə aid deyil, Çin və Hindustana aiddir. Bizdəki mədəniyyəti biz yaratmamışıq. 9-cu əsrdə Yunan mədəniyyəti Mötəzilə tərəfindən ərəb dilinə tərcümə edildi. Bu mədəniyyət Yunanındır, bizim deyil.

Bütün tariximizdə bir elmi araşdırma mərkəzi, bir universitet olmamış

Nəyə lazımdır bu tarix? Tam tərsinə, harada düşünən birini görümüşlərsə, dərhal boğub yox etmişlər. Çünkü düşünən toplumu molla-şeyx-feodal köləsi etmək asan iş deyil. Düşünün, Qərbdə qaranlıq tarixin basqısından qurtulmaq üçün əqli inqilablar oldu, Yaponiyada da oldu. İranda isə tarixin qaranlığına gömülmək üçün şiə üsyanı oldu. İndi ona da inqilab deyirlər!

 

– Sizi doğma ölkənizdən ayıran səbəblər hansılardır?

– Sadəcə mən deyiləm, ağlında bir azcıq düşünmə qabiliyyəti olan insan Şərq ölkələrində yaşaya bilməz, yaşamaq istəməz. Ya edam edilər, ya zindanda çürüdülər, ya da bütün sosial haqlardan məhrum buraxılaraq miskin vəziyyətdə yaşamaq məcburiyyətində qalar. Doğu despotizmi düşünən insana həyat haqqı tanımaz. İran şiə despotizmi də Şərq despotizminin ən çirkinlərindən biridir. Digər tərəfdən, insan öz aqibətində nələr olacağını bilməz. Mən sadəcə bir alim olmaq istəyirdim. Bir doktor, riyaziyyatçı, ya da bioloq olmaq arzusunda idim. Buna İranda izin vermədilər. Bakıda da bu sahədə oxumağa imkan olmadı. Anlamsız aşırı xəstə milliyətçilik xəyalları ilə gəncliyim İranda və Bakıda məhv edildi. Dünyaya gəlişimin bəşəriyyətə bir yararı olduğunu düşünmürəm. Yararlı olma istedadım İranda və Bakıda yox edildi. Öz ölkəmdən ayrılarkən dünyanın yaxşı bir universitetində oxumaq istəmişdim. Ancaq sovet dağıldı, mən də Azərbaycan üçün faydalı olaram düşüncəsiylə Bakıya getdim və oradakı qaranlığın İrandan çox fərqli olmadığını gördüm. Bakıdan ayrıldığımda da çox gec idi.

Tam 100 ildir Bakıdan İran türklərinə saxta və zərərli bilgilər gəlir

Çünkü qərbləşmə bizdə birbaşa Qərblə təmas yoluyla olmamış. Rusiya yoluyla olmuş, yəni Qafqaz yoluyla.

 

– Niyə hər zaman Azərbaycan Türkünün özünə təməl bildiyi anlayışlara zidd gedirsiniz?

– Bu, düşünəcənin dialektikasıdır. Ziddiyət olmazsa inkişaf olmaz. Çayların da dənizə qovuşması üçün çağlayıb uçurumlardan aşması lazımdır. Azərbaycandakı tarix və sosial bilgilərə niyə qarşı gəlirəm? Öncə bu qarşı gəlmək üçün insanın səlahiyyəti olmalıdır. Səlahiyyət də oxumaqla, bilgi ilə əldə edilər. Bu elmi səlahiyət kiməsə hansı şəxs və ya qurum tərəfindən verilməz. Bunu hər kişi özü öz elmi fəaliyyətləri ilə qazanar. Mən Azərbaycanı, İranı, Türkiyəni ədəbi, tarixi, sosial və siyasi gəlişmələri ilə bir yerdə oxudum, incələdim. Ömrümün çoxunu bu araşdırmaya həsr etdim. 20-dən artıq bu yöndə kitab yazdım. Bütün bunlara görə istər Azərbaycanda, istərsə də Türkiyə və ya İranda tarix və sosial bilgiləri sorğulamağa haqqım var, yoxsa yox? Mənim sorğulamalarımı da bir başqası sorğulaya bilər. Düşüncə inkişafı, ancaq bu yolla irəlilər. Yalnız mənim yazdığım kitabları bu günə qədər kimsə sorğulamamış, yaman-yovuz yazmaq sorğulamaq deyildir. Sorğulamaq üçün mənim bütün kitablarımı oxuyub sonra sorğulama yetkisini əldə etmək lazımdır. Sorğulayıcı düşüncəni sorğulamaq da asan iş deyil. Çünkü hər sorğulayıcı yöntəm öz nəfsində fəlsəfi səyyallıq və hərəkətlilik daşıyar. Bu baxımdan, mənim sorğulamalarıma qarşı bəlkə 30 il sonra cavab yazan biriləri meydana çıxar. Əslində, mənim sorğulamalarım Axundovdan başlayaraq keçən əsrin 30-cu illərinə qədər olmuş, ancaq onlar zahiri durumu tənqid etmişlər. Mənim kitablarım olayların altküməsini incələmiş, tarixi köklərini və səbəblərini araşdırmışdır. Demək istəyirəm ki, keçən əsrin əvvəllərində davam edən sorğulayıcı düşüncə mənim əsərlərimdə daha tarixi və fəlsəfi dərinlik kəsb etmişdir. Azərbaycandakı gerçək bilgilər də o aydınlar tərəfindən ortaya qoyuldu. Hüseyn Cavidin ölümü ilə o xətt durduruldu və mən o bayrağı yenidən əlimə almaq istədim. İrandakı türklər olaraq bizim qurtuluşumuz o dönəmdəki aydınlıq görüşlərinə möhtacdır, sonradan oluşdurulan saxta bilgilər bizə zərər verməkdədir. Çünkü hamısı gerçəkliklə bağlantıları qoparılmış utopiya üzərinə qurulmuşdur. Tarix sultanların öz şəhvətləri yolunda at oynatmaları deyil. Kantın da dediyi kimi “tarix özgürləşmə ideyasının gerçəkləşmə sürəcidir.” Tam tərsinə, bizim tarixdə ortaya atılan ideyalar özgürlüklər önündə əngəl olmuşdur. Örnəyin, Səfəviyyət ideyası insanın şərəfini yox sayaraq onu ağlağan kölələr sürüsünə dönüşdürmüşdür. Ayrıca, tarix keçmişi anlatmaqan daha çox gələcəyə yön vermək üçün qurqulanar. Azərbaycandakı tarix qurqular yalan üzərinə qurulduğundan zərərimizdir. İrançılığa xidmət etməkdədir.

 

Dini iqtidarlar Şərqi qaranlığa gömmüşlər

 

– Hər zaman Doğuyu ittiham edirsiniz, bu, Batıda qərar tutmanız səbəbilədirmi?

– Sadəcə, Batıda qərar tutduğuma görə deyil. Həm də Doğunu yaxşı tanıdığım üçündür. Batının başarısının səbəbi moderləşmənin hər cür tənqidə açıq olmasındadır. Doğu alimlərinin çoxunun əsərlərini oxudum. Doğuda heç bir alim qurumsallaşan və insan haqlarına, işçi, qadın və cocuqların təhsil haqlarına hörmət aşılayan bir siyasi fəlsəfə ortaya qoymamışdır. Ən zirvəsi “ənəlhəq” olmuş. Yəni nə olsun? Bakıda üç milyon adam toplaşıb “ənəlhəq” deyə bağırsalar, hansı eyitim, iqtisadi, siyasi və sosial sorunlar çözülə bilər? Heç bir siyasi fəlsəfəmiz olmamışdır. Bunun bir səbəbi Doğu despotizmi olmuşsa, digər səbəbi Doğu mütəfəkkirlərinin siyasi fəlsəfəyə ehtiyac duymamaları olmuşdur. Bu üzdən də sosial həyatımızda insani və qlobal nə varsa, hamısı Batıdan gəlmədir. Doğuya aid heç bir sağlam mənəvi-siyasi miras yox. Açıq toplum Batı kültürünün ürünüdür. Doğu qapalı despot kültürünə davam etməkdədir. “Respublika, konstitusiya, demokratiya, liberalizm, insan haqları, qoca-qadın- uşaq-əlil haqları, sekulyarizm” kimi bütün insani nə varsa hamısı Batıdan gəlmə deyilmi? Doğudan bizə qalan nə olmuş? Doğuda İbni-Rüşd kimi filosoflar bir iş görmək istəsələr də, susdurulmuşlar. Şəriətlə ölkə və millət yönətilməz, bunun üçün Peyqəmbər lazımdır. Peyqəmbər də artıq bundan sonra olmayacağı üçün sekulyar siyasi sistem İslamın da qəbul etdiyi durumdur. Bu üzdən İqbal Lahuri kimi böyük İslam şəxsiyyətləri 1930-lu illərdə Atatürkün sekulyar dövlət sistemi qurmasını İslama uyğun olaraq dəyərləndirirdilər. Din əxlaq məsələsidir, hər fırıldağa qapısı açıq olan siyasət dindən uzaq durmaz, durdurulmazsa o zaman din də İranda olduğu kimi siyasiləşər və hiyləkarlığın aracına dönüşər. Dini iqtidarlar Şərqi qaranlığa gömmüşlər. Qərbi də bənzər dini iqtidarlar qaranlığa gömmüşdü. Lakin Qərb o qaranlığı yararaq aydınlığa qovuşdu, Şərq hürküdücü qaranlığında gömülü qalmışdır. Şərqdə İslam adına adamların əl-qolunu kəsmək ədalətmi? Şərq qorxunc bir qaranlığa gömülmüşdür. Diqqət etsəniz, əlinə fürsət düşən hər kəs bu cəhənnəm əzabını yaşamasın deyə ipini qırmış dana kimi Şərqdən Qərbə qaçır. Düşünün, bu qədər mühacir Şərqə gəlsəydi nə olardı? Hamısını fərqli düşündükləri üçün dəstə-dəstə qətl edərdilər. Bütün bu gerçəkləri göz önündə bulunduraraq tarix kitablarımda, romanlarımda, fəlsəfi yazılarımda çağımız və gələcək nəsillərə “bu tarixi ortam və sürəc dəyişmədikcə mutlu və xoşbəxt ola bilməzsiniz, bir renesans gerçəkləşməlidir” mesajını verməyə çalışmışam. Modern sosioloqların da görüşləri zatən bundan ibarətdir. Onlara görə də toplumdan millətə dönüşmək istəyən xalqlar tarixi baxış bucaqlarında köklü bir dəyişikliyə və zehni inqilaba getməlidirlər. Yəni gələcəkdə Şərq-Qərb fərqi ortadan qaldırılmalı və ancaq insanın haq və azadlıqları əsas alınmalıdır. Bu da laik, demokratik, ədalətli gəlir dağılımı, açıq cəmiyyət ortamında mümkün ola bilər. Sərbəst düşüncələrin önündə dəmir divar kimi duran tabuları yıxmadan azadlığa varmaq mümkün deyildir.

 

Avropalaşma daş dövründən başlamış

 

– Yəni Şərq bu qədər qəddardır?

– Şərqin qəddarlığının coğrafi səbəbləri də var. İslam şərqində illik ortalama yağış 15-35, Qərbdə bu miqdar 150-200 santim arasındadır. Şərq quraqlıqdır. Tarix və mədəniyyət də verimli torpaqlarda boy atar. Ərəbistanın qumsal, İranın, Anadolunun, Türküstanın çöl və yağmursuz iqlimində mədəniyyət döllənməz. Yaponiyada da yağmurun miqdarı 200 santimin üzərində. Bu üzdən Uzaq Doğudan Qərbə dəstə-dəstə mühacirət edən yoxdur. Bu qədər verimli və bərəkətli torpağı buraxıb hara gedəcəklər? Coğrafi tarix nəzəriyyəsini ilk dəfə olaraq böyük İslam alimi İbni-Xəldun ortaya qoymuşdur. Daha sonra modern gəlişmələr Xəldunun coğrafi tarix nəzəruyyəsini isbatlamışdır. Buna görə daş dövründən bəri Orta Doğudan və Mərkəzi Asiyadan Avrupaya axın olmuş, yəni avropalaşma daş dövründən başlamış. Hunlardan Osmanlıya qədər Avropanın yaşıl iqliminə yerləşmək üçün bütün savaşlar bu niyyətlə meydana çıxmışdır. Lakin Avropa güclənib bu axınları durdurduqdan sonra avropalaşma bir ideologiyaya dönüşdü. Bizim də bayrağımızda yer alan avropalaşmanın macərası bu şəkildədir. Orta Doğuda təbiətin əhliləşməsi və yeraltı suları ölçülü şəkildə istifadə etmək elmi gəlişməmişdir, heç bir dövlət buna önəm vermədiyi üçün əhalinin artışı və mövcud suların azalması ilə fəlakətlər daha da artmaqdadır. Bütün İran quraqlıq təhdidi ilə qarşı-qarşıyadır.

 

Farsların günahı yoxdur

 

– Milliyyətçi gənclərdən biri mənə sizin farsların adamı olduğunuzu, ona görə də tariximizi təhrif etdiyinizi yazdı. Mən ona bu suala sizdən cavab alacağımı dedim. Nə deyə bilərsiniz?

– Mən millətlərin bir-biri ilə qardaş olmasından yanayam. Bir millətin öz haqqına qovuşması üçün düşmənə ehtiyacı yoxdur. Böyük Qandinin bir kitabını tərcümə etdim, Bakıda çap oldu. Qandi “Mən ölkəmin istiqlalını istəyirəm, ancaq bu istiqlalı ingilis xalqına düşmənçilik üzərinə qurmaq istəmirəm, öz ölkəmin istiqlalı üçün bir ingilis əsgərinin burnunun belə qanamasını istəmirəm” deyir. Mən də belə düşünürəm. Mən fars millətini özümə düşmən görmürəm. Barışcıl yöntəmlə milli haqlarımıza çatmalıyıq. Yəni qlobal düşünərək və dünya, bölgə və ölkə barışına qatqımız olaraq bu yolda irəliləməliyik. Azərbaycanda isə heç tarixini və sosial həyatını bilmədikləri halda fars düşmənliyi yaranıb. Tarix boyu cahil qalmışıqsa, buna fars nə etsin? O zaman mənim bu sualıma cavab versinlər: fars bizə nə pislik etmiş? Adama sormazlarmı ki, 1000 ildir siyasi, hərbi, iqtisadi iqtidar sənin əlində idi, niyə öz xalqına bir gün ağlamadın? Bir tək məktəb belə öz dilində açmadın? Bunu tarixdə siyasi iqtidarı olmayan farsmı gəlib açacaqdı? Bu üzdən mən yağmaçı tariximizi suçlayıram. Farsların günahı yoxdur. Pəhləvilər belə türk idi. Səfəvi sonrası o mühitdən türkə yararlı olacaq siyasi sistem çıxmazdı. Modern fars milliyyətçiliyinin ideologiyasını yazanlara baxsanız, hamısı səfəvizədə türklərdir, içlərində nə türkmən, nə kürd, nə fars, nə də başqa millət var, hamısı səfəvizədə türk. Buna fars nə etsin? Mənim üçün “bu farsın adamıdır” kimi söhbətlərin etkisi yoxdur. Bütün aşırı milliyyətçiləri istər fars, ya da türk olsun, xəstə adamlar olaraq görürəm. Mənim milliyyətçilərlə heç bir bağım yoxdur. Bu, 10 il bundan öncəyə qədər idi. Bakıdakı saxta bilgilər ağlımı xəstə etmişdi. Mən indi azad və humanist bir insanam. Ora Azərbaycan və Arazın digər tərəfi də İrandır. İki ölkə dostluq münasibətləri qurmalıdır.

guntay gencalp1

“Parçalanmış Azərbaycan” mifinin də əsası yoxdur

Bunu dərin sovet dövləti uydurdu. Hansı sənəddə Azərbaycanın parçalanması ilə bağlı bilgi var? Nadirin ölümündən sonra Qafqaz türk bəylikləri yarandı və hamısı da rusçuydular, çünkü mədəniyyətin Rusiyadan gəldiyinə inanırdılar. A.Bakıxanov, hətta Rəsulzadə belə Türkmənçay müqaviləsini Qafqazda müstəqil dövlətin qurulması üçün bir şans hesab etmişlər. Rəsulzadə daha da irəli gedərək “Qafqaz türkləri” adlı kitabında bir fars ata sözü yazaraq Səfəvi-İran mühitindən qurtulmaq üçün rusları Allahın göndərdiyini yazar. Nədən o dönəmə daha yaxın və farscası da olan heç bir müsavatçı parçalanmış Azərbaycan ifadəsini qullanmazkən, farscası olmayan və İran gerçəkliyini bilməyən sonrakılar Güney Azərbaycan anlayışına sarılmışlar? Qacar dövləti də heç vaxt Qafqaza hakim ola bilmədi, sadəcə olaraq ərazi iddiası var idi və bu ərazi iddiası da “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə ortadan qaldırıldı. Gerçək tarix budur. Rus müstəmləkəçiliyi Qafqazdakı türklərin daxili müstəmləkəçiliyinin ortadan qalxmasına yardım etdi. İki cür müstəmləkəçilik var, daxili müstəmləkəçilik və xarici müstəmləkəçilik. Daxili müstəmləkəçiliyə məhkum olan millətlərin ruhu çökmüş və başqa dəyərlərlə işğal edilmişdir. İrandakı türklər kimi. Lakin Türkmənçaydan sonra Qafqaz türkləri Rusiya müstəmləkəçiliyinin basqısı ilə daxili müstəmləkəçiliyinin fərqinə vardılar.

Niyə Üzeyir bəylər Qafqazda yetişdi?!

Niyə Üzeyir bəylər Qafqazda yetişdi, İranda heç bir şey yetişmədi? Azərbaycan inkişaf edib orta Doğunun Sinqapuru olarsa, öz-özünə bizə nümunə ölkə olar. Bizim batıb boğulmaqda olduğumuz bataqlığa sürüklənməsin. Biz milli haqlarımızı İranda iç savaş olmadan o ölkə sınırları içində əldə etməliyik. Buna bütün dünyada dəstək verər. Yoxsa İranı parçalayaq, qan su yerinə axsın, sonra da Bakı ilə Təbriz bir olsun! Bu, ancaq xəstə bir ağlın məhsuludur. Bir olanda sanki nə olacaq? Mümkün olan şey yolunda siyasi mücadilə aparmaq lazımdır, mümkün olmayanı mədəniyyət və düşüncə mövzusu etmək olar. Bütöv Azərbaycan deyə bir şey nə keçmişdə olmuş, nə də bu gün onun yolunda kasıb uşaqların İranda zindana düşmələrinə gərək var. Realist olmaq lazımdır. İran Suriyələşərsə, on milyondan çox qaçqın Bakıya sığınar. Nə edərsiniz o zaman? Barış hər zaman savaşdan daha gözəldir. Azərbaycan da mənim ölkəmdir, İran da, Türkiyədə. Mən böyük birlik yolunda düşünürəm, yəni İran-Türkiyə-Azərbaycan güclü dostluq əlaqələri quraraq sınırları qaldırmalı və sonra Türküstanla bütünləşmə imkanı ortaya çıxmalı. Avropa Birliyi kimi. Savaşa gərək yoxdur. Savaş çıxarmaq ən asan və əlindən heç bir iş gəlməyən axmaqların işidir. Barışı təsis etmək, qurmaq və qorumaq böyük şərəf və cəsarət tələb edər. Lakin bu ideyanın həyata keçməsi üçün indiki İranda olan faşist şiə rejimi devrilməli və orada laik, demokratik dövlət qurulmalıdır. Hər hansı bir toplum Təbrizdə, Ərdəbildə olduğu kimi milyonlar şəklində bir yerdə yaşasa, onun öz dilində təhsil almasını kimsə əngəlləyə bilməz. Əngəllənsə də, xalq öz təşəbbüsü ilə buna nail olar. Səfəvizədə İran türklərində öz dilində təhsil alma niyyəti tarixin heç bir zamanında olmamışdır. Səttar xan hərəkatı zamanı İstanbulda yetişmiş milli şəxslər ana dilində də məktəb açdılar türk şəhərlərində. Kimsə övladını o məktəblərə buraxmadığı üçün qapandılar. M.S.Ordubadinin “Dumanlı Təbriz” əsəri Qacar dönəmində yazılmış. Əsərdə “türk” Qacarların öz xalqına “eşşək türk” dediyini qeyd edilir. Buna fars nə etsin? İndiki rejimi belə farsların başına biz bəla etdik. Təbriz hizbullahları Xomeynini iş başına gətirdi. İnsan tarixi gerçəkləri bilmədiyində öz dar və xəstə xəyalları ilə bilgi ürətməyə çalışar.

Davamı var

Söhbətləşdi:

Əvəz Zeynallı

Əlaqəli məqalələr

1 şərh

  1. Güntay beyin müsahibesini maraqla oxudum,tariximiz ve medeniyyetimiz haqqinda düsünceleri olduqca orijinal bir sepgide ifade olunub,tehlilleri mübahiseli olsa da cesareti ve yeniliyi ile diqqeti celb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button