Telekanallarımız niyə Rusiyanı təbliğ edir?!

əli əliuev

VİP sədri Əli Əliyev

Əli  Əliyev: “Azərbaycanın efir məkanına ideoloji xətti diqtə edənlər hər vəhclə Rusiyanı dünyanın güc qütbü kimi qəbul etdirmək istəyirlər”

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində Azərbaycan telekanallarında Rusiyaya müsbət imic qazandırılması cəhdlərinə dair geniş yazı yerləşdirib. Həmin yazını təqdim edirik:

“Dünən Azərbaycan televiziyalarının birində dünya siyasətinə həsr olunmuş bir veriliş translyasiya edilirdi. TV-lərimizə həvəs göstərməsəm də, verilişdəki aparıcı və iştirakçıları şəxsən tanıdığımdan səbrimi basıb baxdım. Təbii ki, hakimiyyət nəzarətində olan TV proqramlarda, qlobal siyasət obyektiv müzakirə edilə bilməz. İqtidar obyektiv müzakirələrdən ona görə yayınır ki, Moskva narazı qala bilər.

Dünənki müzakirələrdə də dünyanın kürəsəl trendi real koordinatlarda müzakirə edilmir, tendensiya “qulaq deşirdi”. Politoloq statusunda olan iştirakçılar bəsit tərzdə ABŞ-ın siyasi səhvlərini, “etibarlı tərəfdaş olmadığını”, nüfuz və imkanlarının tükəndiyini tamaşaçıya sırımağa cəhd göstərirdilər. Müsahiblər növbə ilə Rusiyanı, Çini, hətta Səudiyyə Ərəbistanını ABŞ-la tərəzinin simmetrik gözlərinə qoymağa təşəbbüs edirdilər. Azərbaycanın efir məkanına ideoloji xətti diqtə edənlər hər vəhclə Rusiyanı dünyanın güc qütbü kimi qəbul etdirmək istəyir, bu fonda ABŞ-ın, bütövlükdə Qərb dünyasının pozitiv roluna kölgə salmaqdadırlar.

Bu təşəbbüs başa düşüləndir. Azərbaycanın Qərbə inteqrasiyası ölkəyə Qərbin siyasi, iqtisadi, məhkəmə və digər standartlarının gətirilməsi deməkdir. Belə rəqabətli şəraitdə isə iqtidarımız üçün taxtı itirmək an məsələsi olar. Lakin Rusiyanın imperiya iştahasına qarşılıq verəndə, ən azı isə Azərbaycanın inkişafını ləngidərək Qərblə Şimal arasında pərsəng vurduqca, Şimalın məmnuniyyətlə əsirgəmədiyi siyasi dəstəyinə sahiblənmək mümkündür. Siyasi təcrübəmiz göstərir ki, belə anlarda hətta Rusiyanın güc strukturları da hadisəyə müdaxilədən çəkinmir.

Dünən şahidi olduğum “debatda” çıxışçılar ABŞ-ın zəiflədiyini, Rusiyanın isə nüfuzunun artdığını sübuta yetirirdilər. Debatın getdiyi vaxtda Rusiyanın ən yaxın təbii müttəfiqi sayılan Serbiyada isə parlament seçkilərinin nətiçələri elan olunmağa başladı. Kreml Avropada dayaqlarını bərpa etmək üçün bu seçkilərə çox böyük ümidlər bəsləyirdi. Bu gün hakimiyyətdə olan, üzərindən Qərbə qaz borusunun çəkilməsini tormozlamış koalisiya yenidən serb parlamentinin təqribən yarısını götürdü. Bu isə o deməkdir ki, Avropa pravoslavları da Rusiyanı deyil, Brüsselli seçdilər. Moskvapərəst Karadciç və Mladiçin davamçıları isə cəmi 8%-lə kifayətlənməli olublar. Göründüyü kimi Vaşinqton hətta pravoslav və slavyan ictimaiyyətində Rusiyanı üstələyir. Moldovada da Kremlin aranı qatmaq təşəbbüsləri boşa çıxacaq.

Beləliklə, Obama tənqidçilərinə demək istədiyim odur ki, faktlar və real nəticələr söz yığnağından daha təsirlidir. Başa çatmaqda olan idarəçilik dönəmində Obama administrasiyası Rusiyanı Latın Amerikasından (Kuba, Venesuela), Yaxın Şərqdən (Yəmən, Tunis, Liviya, Suriya), İrandan, MDB məkanından (Ukrayna, Moldova, Gürcüstan) çıxarıb, iqtisadiyyatına bərpaolunmaz zərbə endirib, sosial durumunu gərginləşdirib, ən yaxın müttəfiqləri – Qazaxstan və Belarus ittiham dolu bəyanatlar səsləndirir, küçüyü Ermənistan belə Qərblə danışıqlara başlayıb, Türkiyə ilə əlaqələr kəsilib və s. Obama daha hansı qələbəni çalmalı idi? Bəli, dünyanın bütün ağıllı adamları bilir ki, Rusiya nüvə dövlətidir və idarəçiliyində olanlar adekvat deyil, Şimali Koreya rəhbərindən çox da əqli dərinlikdə durmurlar. Ona görə də Rusiyaya sərf edən qaynar fazadan hamı yayınır. Dünya Rusiya bəlasından az itkisiz çıxmaq niyyətindədir. Biz də belə istəməliyik. İnşallah belə də olar.

Sonda isə təəccübümü gizlədə bilmədiyim bir suala aydınlıq istəyirəm. Torpaqlarımızı işğalda saxlayan, düşmənimizi üzərimizə qaldıran, silahlandıran, övladlarımızı qətlə yetirən, bizi bütün vasitələrlə inkişafdan saxlayan ən qəddar dünya dövləti Rusiya barədə sussaq daha düz olmazmı? Heç olmasa təzə verdiyimiz və hələ 40-ları çıxmamış Şəhidlərimizin ruhuna xatir!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button