Tibb Universitetində “20 yanvar” şəhidləri yad edildi

1 (7)

Bu gün Azərbaycan Tibb Universitetində 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş toplantı keçirilib. Mərasimdə qanlı yanvar hadisələri təhlil olunub, həmin günlər şəhid olmuş həmvətənlərimizin ruhu yad edilib.

Toplantıdan öncə Tibb Universitetinin rəhbərliyi, müəllim və tələbə heyəti tərəfindən  universitetin şəhid olmuş tələbələrinin şərəfinə ucaldılmış büstün önünə gül dəstələri qoyuldu.

1 (9)

Tədbirdə açılış nitqi ilə çıxış edən  ATU-nun rektoru vəzifəsini icra edən professor Sabir Əliyev qeyd edib ki, Azərbaycan xalqı öz müstəqilliyini asan yolla qazanmayıb, bu yol xalqımıza çətinliklər və  faciələr hesabına başa gəlib. S.Əliyev xalqımızın ötən əsrin əvvəllərində, 1918-ci ildə də böyük bir soyqırımla üzləşdiyini xatırlatdı: “Cümhuriyyət dövründə bu soyqırım haqda dəqiq dəlillər təqdim olunsa da, Avropa və dünya buna laqeyd yanaşdı. Bundan sonra da Azərbaycan xalqı repressiya və deportasiyalarla üz-üzə qalıb. Və nəhayət sovetlər dönəminin dağılması ərəfəsində ermənilər Qarabağ problemini yaratdılar”.

1

S.Əliyev 20 Yanvar hadisələri ərəfəsində Bakıda və Sumqayıtda yaşanan təxribatlardan, Azərbaycanı ələ keçirmək üçün hazırlanan ssenaridən danışdı: “Yanvarın 19-da axşam Azərbaycana böyük ordu ilə hücum olundu. Əvvəlcədən bilirdilər ki, azərbaycanlılar müqavimət göstərəcək və qırğın olacaq, ona görə də təcili yardım maşınları da çox idi. O dəhşətli gecədə bütün səma atəş, güllə ilə dolu idi. Sovet ordusu əliyalın xalqın üstünə getdi. Dünyada çox az xalq olar ki, onun üzərinə ordu gəldiyini bildiyi halda, onların qabağına əliyalın çıxsınlar.  Azərbaycan xalqı məhz belə bir addım atdı və müstəqillik uğrunda şəhidlərini verdi”.

1 (8)Sonra ATU-nun travmatologiya və ortopediya kafedrasının müdiri, professor Əhməd Əhmədzadə çıxış edərək qanlı Yanvar olaylarının şahidi kimi həmin gecəni xatırladı: “Yanvarın 10-dan etibarən şəhərdə böyük təxribatlar gedirdi. Bizi çağırıb dedilər ki, şəhərdə böyük qırğın gözlənilir, bütün xəstələri evə yazın, xəstəxananı boşaldın. Haradansa təzə yataq dəstləri gətirib xəstəxanaya düzdülər. Elə bil hamı nəsə gözləyirdi. Və belə də oldu. 19-u gecə heç bir xəbərdarlıq olmadan Bakının hər tərəfindən şəhərə qoşunlar yeridildi. İnsanları qıra-qıra şəhərə girdilər. Xəstəxana yaralılarla dolub daşırdı, hətta dəhlizlər də xəstələrlə doluydu”.

1 (5)

Əhməd Əhmədzadə xatırladır ki, həmin gecə digər təxribat da yaşanıb – bütün şəhərdə işıqları söndürüblər: “Biz xəstələrə yardım edə bilmirdik. Belə olanda bizim yataqxanada qalan gənc tələbələr qəzet yandırıb bizim üçün işıq salırdılar ki, xəstələrə yardım edə bilək  və xəstələr qanaxmadan ölməsin. Səhər tezdən gördük ki, silahlı hərbçilər bütün xəstəxananın ətrafını əhatəyə alıb və onlara 3-4 metr yaxınlaşanların hamısını öldürürdülər. Orada 39 meyidi elə mən özüm saydım. Səhər valideynlər gəlib öz uşaqlarının meyidini tapanda, onların yaşadıqlarını demək mümkün deyil”. Ə.Əhmədzadə  qazandığımız müstəqilliyimizə görə məhz həmin şəhidlərə borclu olduğumuzu qeyd etdi.

1 (6)

Daha sonra ATU-nun I cərrahi xəstəliklər kafedrasının dosenti Eldar Əliyev də 20 yanvar hadisələrinin canlı şahidi kimi həmin gecə yaşanan dəhşətlərdən söz açdı. O, 20 Yanvarın azərbaycanlılar üçün həm xilas, həm də eyni zamanda  matəm günü olduğunu bildirib: “Yaddaşlarımızdan heç vaxt silinməyəcək bu gecədə verdiyimiz şəhidlər Azərbaycan tarixində növbəti  qəhrəmanlıq səhifəsini yazmış oldular.  Şəhidlərimiz azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq”.

1 (7)

ATU-nun müalicə profilaktika fakültəsinin II kurs tələbəsi Nicat Rzayev isə  atasının 20 yanvar əlili olduğunu qeyd edərək, hazırda dövlət tərəfindən şəhid və əlil ailələrinə göstərilən diqqətə görə təşəkkürünü bildirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button