Tibb Universitetinin Klinikası nadir hallarda sağ qala bilən xəstə uşağı xilas etdi

18 03

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkimləri daha bir uğura imza atıblar. Belə ki, bu yaxınlarda ağciyər xəstəliyi ilə ağır vəziyyətdə klinikaya gətirilmiş 7 yaşlı Aylin Bağırzadənin həyatını bu tibb ocağının Reanimasiya və İntensiv Terapiya Şöbəsinin həkimləri xilas ediblər.

Xural.com-un məlumatına görə, Hadisə barədə ətraflı məlumat verən Uşaq Reanimasiya Şöbəsinin həkimi L.Hüseynova bildirib ki, 7 yaşlı Aylin klinikaya gətirildiyi zaman çox ağır vəziyyətdə olub:

“Gəldiyi zaman vəziyyətinin ağırlığı tənəffüs çatışmazlığı ilə əlaqədar idi. Yorğun, yuxuya meylliyi və təngnəfəsliyi var idi. Ağciyərlərin rentgen şəkli çəkildi və ona ikitərəfli total atelektaz (ağciyərlərin büzüşməsi), ikitərəfli plevrit diaqnozu qoyuldu. Plevrada (ağciyər kisəsi) – sol ağciyərdə 1200 ml, sağda isə 400 ml maye var idi.  Arterial qanda oksigenin səviyəsi 65% idi.

Tənəffüs çatışmazlığı əlamətləri ön planda olduğuna görə xəstə dərhal intubasiya olunaraq, süni tənəffüs aparatına qoşuldu. İntubasiyada xəstənin müşahidəsi uzun müddət davam etdiyindən traxeostomiya açıldı. Müayinə zamanı çox ciddi korreksiya olunmayan dərin respirator asidozunun olduğu da ortaya çıxdı”.

L.Hüseynova qeyd edib ki, aparılan müayinələr zamanı xəstədə hepatosplenomeqaliya (qaraciyər və dalağın böyüməsi), assit (qarın boşluğunda 600 ml maye), ciddi qaraciyər çatışmazlığı, mədə-bağırsaq qanamaları, aritmiyalar müşahidə olunub.

“Sol ağciyərdə 1200 ml maye olduğundan,toraks drenajı taxıldı və bu, 3 həftə saxlanıldı. Qanama riski olduğundan biz periodik olaraq uşağa plazma və qan köçürürdük”.

Xəstənin bəlğəmində ikincili bakterial pnevmoniya törədicisi kimi Stenotrophomonas maltiohila aşkar edildiyini vurğulayan həkim, bu bakteriyanın əksər antibiotiklərə qarşı davamlı olduğunu da bildirib.

“Lakin müasir standartlara cavab verən mikrobioloji laboratoriyamızın sayəsində biz adekvat antibiotiki seçə bildik və bu çətinliyin də öhdəsindən gəldik”.

Əsasən antibotik terapiya, ventilyator təqibi və simptomatik müalicələr aparıldığını söyləyən L.Hüseynova onu da bildirib ki, müalicələr zamanı müşahidə olunan hər bir xəstəliklə bağlı müxtəlif sahələrdən məsləhətçilər çağırılıb, vaxtında və yerində müdaxilələr aparılıb.

“Xəstə klinikaya daxil olarkən biz onun ağciyərlərinin çəkilmiş rentgen şəklini tanınmış mütəxəssislərə də göstərdik. Onlar belə vəziyyətdə xəstələrin nadir hallarda sağ qaldığını bizə dedilər. Və sonda belə bir nəticəni əldə etməyimizin əsas səbəbini burdakı həkimlərin peşəkarlığı ilə əlaqələndirdilər”.

L.Hüseynova onu da qeyd edib ki, hazırda xəstənin ümumi vəziyyəti yaxşıdır:

“Reanimasiya və İntensiv Terapiya şöbəsində 37 günlük müşahidədən sonra hazırda xəstənin ümumi vəziyyəti stabildir, süni tənəffüsdən ayrılıb, aktiv qidalanır. Buna görə də onun evə aparılmasına icazə verdik”.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button