Toğrul Rəhimovun “Gestapo”ya çevirdiyi idarə!

“Bakıelektrikşəbəkə”nin Sabunçu rayon şöbəsinin rəisi idarəni polis rəisi kimi idarə edir – özü də keçmişdə rəis olub…

Burada insanlara 60.000 (!!!) borc yazırlar!..

Özümün şəxsən işim və problemim olduğu üçün getmişdim bu idarəyə. Deməli, o qədər haqsız və yersiz, apaçıq və ağ yalan bir cərimə yazıblar mənə ki, adam sadəcə havalanmaq həddinə çatır. Bu idarənin əməkdaşları 2009-cu ilin aprel ayında hələ o vaxt tikilməkdə olan evimə gəldilər ki, icazə verin, artıq yeni ünvan kimi kodlaşdıraq, sayğac qoyaq, işıq xətti çəkək. Mən də bu kod açılması üçün lazım olan pulu ödədim və bunlar da kodlaşdırdılar, amma nə xətt çəkdilər, nə də sayğac qoydular. Tam bir ildən sonra, yəni 2010-cu ilin aprel ayında bu ünvana işıq çəkdilər, sayğac qoydular. O vaxt hələ ev hazır olmadığı üçün o evdə yaşamırdım və onun üçün də için üstünə o qədər ciddi düşmürdüm. İndi birdən-birə adıma 650 manata yaxın borc gəlir və borclu olub ödəmədiyim üçün işığım kəsilir. İdarədə gördüklərimdən sonra isə özümə az qala şükür elədim. Çünki bəlkə də ən az borcu olanlardan biri mənəm. 1000, 1500, 1800, 2300, hətta 10000, 60000 manat borc yazılan insanlar var burada. Ömür boyu evin işıqları yanılı qalsa da, heç bu qədər yaza bilməz. Ağlayana bax, özündən gedib yıxılana bax… Heç kimin də vecinə deyil. Sən demə, bu idarədə bu səhnələr adi hala çevrilibmiş. Burada şəhid anası gördüm, yaşadığı küçə şəhid oğlunun adını daşıyır, amma ona külli miqdarda borc yazıb işığını kəsiblər. Bu şəhid Şamil Kamilovun anası idi. Hamı dərdini danışmağa gəlib, amma dinləyən yoxdur. Məlum oldu ki, bu idarənin rəisi Sabunçu rayonunun keçmiş polis rəisi Toğrul Rəhimov imiş, onun da həftədə bircə dəfə, onda da bircə saat qəbul vaxtı var imiş, onda da heç kimi qəbul etmirmiş. Ümumiyyətlə, 6 aydan çox imiş ki, katibəsi Toğrul müəllimin məzuniyyətdə olduğunu söyləyirmiş, səs-küy salanı isə çıxarıb atırlarmış bayıra. Bunu mənə çoxdan gəlib-gedən bir neçə vətəndaş söylədi. Doğruluğunu yoxlamaq üçün özüm də görüş tələb etdim rəislə. Katibə xanım rəisin məzuniyyətdə olduğunu bildirdi. Bunun düz olub-olmadığını bilmək üçün mətbuatdan olduğumu bildirdim. Bu dəfə katibə xanım daha maraqlı bir cavab verdi ki, “Mənə nə tapşırılıbsa onu da deyirəm.” Daha sonra kiminlə görüşüb problemi deyə bilərəm deyə maraqlandım və məlum oldu ki, rəisin müavini İlham Rzayev gündə bir saat vətəndaş qəbul edir, lakin bunun üçün növbəyə yazılmaq lazımdır. Növbədə isə artıq 20 nəfərdən artıq adam yazıldığı üçün məni yazmadılar. Məlim oldu ki, bura toplaşan 100-dən artıq adamdan gün ərzində yalnız 20-si qəbul edilirmiş. Həftə ərzində hər gün gedib-gəlsəm də, son gün qəbula düşə bildim. Mənə “Abunə haqqında” sənəd təqdim olundu ki, guya mənə həmin kod açılan vaxt sayğac da quraşdırılıb, onun üçün bir pul yazılıb – sayğac pulu. Halbuki ünvanıma ümumiyyətlə elə bir sayğac quraşdırılmayıb. Daha sonra dövlət yenidən sayğaclaşdırma əməliyyatı keçirən vaxt guya köhnə – yəni olmayan sayğacı qaytarmadığı üçün bir cərimə yazılıb və bu vaxt ərzində köhnə, həmin olmayan sayğac heç nə yazmadığı üçün mənə on iki ay üçün bir cərimə yazılıb. Miqdarı da indi işlətdiyim işıqla hesablayırlar. İdarə boynuna alır ki, bəli, bu sayğac olmayıb, onun pulunu çıxarıq, onu qaytarmadığın üçün yeni sayğac üçün yazılan cəriməni də çıxarıq, amma on iki ayın pulunu ödəməlisən. Onu da boyunlarına alırlar ki, bu, onların işçilərinin məsuliyyətsizliyi və səhvi ucbatından olub və Balaxanı qəsəbəsində təxminən hamı bu vəziyyətdədir. Bildirdim ki, həmin müddətdə işıq xəttim belə olmayıb və siz təbii ki bunu bilirsiniz. Belə olan halda nə üçün o pulu ödəməliyəm? Rəis müavini bildirdi ki, bu, onlara maraqlı deyil və qanunvericilik əsasında iş görürlər, söylədi ki, “bəlkə sən işığı haradansa “levi” çəkib işlətmisən, nə bilək? ” Mənə xatırlatdılar ki, çox vaxt alıram və mən digər vətəndaşları nəzərə alıb qəbuldan çıxdım.

Bundan sonra keçmiş polis rəisinin yaratdığı bu gestapo rejimində problem danışası kimsə olmadığı üçün rəisin adına yazılı müraciət etdim və qeydiyyatdan keçirdim. On gündən artıq vaxt keçsə də cavab gəlməyib. Onu da bildirim ki, bir gün axşama qədər orada oldum və bəzi müşahidələr apardım. Rəis idarəyə gəlirmiş gün ərzində, mən gördüm. Amma o idarəyə başqa qapıdan, qoruyucu eşliyində gəlir və belə də gedir.

Araşdırmalarım davam edir və daha geniş yazılarım olacaq.

Kamran Kələş

“Xural” qəzeti
il: 9, sayı: 004(412), 30 yanvar – 05 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button