Tomrid Hatəmi “Azadlıq salnaməsi”ndə (III sonuncu hissə): “Elçibəylə Hatəmini ayıran keçəl həmzələr…”-VİDEO

Tomrid Hatəmi: “Məhəmməd Hatəminin yatdığı yer elə Fəxri Xiyabandır”

Milli Azadlıq Hərəkatının əfsanəvi isimlərindən biri Məhəmməd Hatəmi Tantəkinin qardaşıdır. Adını da Məhəmməd Hatəmi qoyub. Maraqlı əsaslandırması olub Tantəkinin. Bizim tarixdən “Tomris Ana” kimi tanıdığımız adın kişiləşdirilmiş forması Məhəmməd Hatəminin düşüncələrinə görə, Tomrid olub. Yəni Tomris Ananı qarşılığı Tomrid Ata olub. Bu düşüncələrlə də qardaşının adını qoyub. Həmin o qardaşı – Tomridi, biz sonra Milli Azadlıq Hərəkatının hər mərhələsində onun və millətin yanında görürük. Son nəfəsində də Tomridi onun yanında gördük – cənazəsinə də Tomrid çiyin verdi.

Məhəmməd Hatəmi Tantəkinlə mənim münasibətim o qədər də yaxın, sıx və rəvan olmayıb. Hər zaman məsafəli olmuşuq, amma zaman-zaman ondan müsahibə götürmək istəmişəm. Bu haqda dəfələrlə yazmışam, Hatəmi ilə müsahibə götürmək imkanları alınmayıb. Zaman-zaman onu razı salanda mənim imkanlarım olmayıb (həbsxana illəri başlayıb), mən onu tapıb razı salanda, mənim imkanlarım olanda isə onunla müsahibə götürə bilmədim – haqqın rəhmətinə qovuşdu. Mən son zamanlarına kimi heç Tomridi də tanımadım.

Tomridlə Hatəminin son günlərində tanış olduq. Hər sözünün başı o idi. Nemət Pənahlı tez-tez ondan hansısa arxivlər haqqında soruşar, “nə olsa Tomriddədir” cavabını alardı. Onda bildim ki, Tomrid həyatında olduğu kimi, sirrlərində də vacib adamıdır Məhəmməd Hatəmi Tantəkinin. Elə bizim dostluğumuz da o çətin və ağır günlərdən – Hatəminin son günlərindən başladı. Boşuna deyilməyib: “Hər son bir ilkin başlanğıcıdır.”

Tomridlə Məhəmməd Hatəmi haqqında danışmaq istədim. Məhəmməd Hatəmini onun kimi kim tanıya bilərdi ki. Tərəddüdlə razılaşdı. Əslində, onu yaxından tanıyanlar Tomridin müsahibəyə gəlməyəcəyini dedilər, amma deyəndə etiraz etmədi. Sadəcə, buna zaman lazım oldu və təxminən 6 aylıq zaman zərfindən sonra Tomridlə “Azadlıq salnaməsi”ndə söhbətləşə bildik.

Maraqlı və məlumatlı bir müsahibdir Tomrid bəy. Onunla söhbətimizin təkcə Məhəmməd Hatəmidən ibarət olacağını zənn etsəm də, elə olmadı. Nəsillərinin, ümumən, cənubda yaşayan soydaşlarımızın, inqilabların tarixindən danışdıq həm də. Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin həyatından, onların rəhbərlik etdiyi inqilabların tarixindən ibrətamiz məqamları bölüşdük. Babalarının bu inqilablarla əlaqəsi var, nəsillərinin kişiləri bu inqilablarda iştirak edib. Məhəmməd Hatəmi Tantəkinin barışmazlığının və mübarizliyinin səbəbləri Tomrid bəylə danışınca, anlaşılır. Genetikdir həm də – qandır mübarizə. Bu kökün, bu əsalətin üzərində elə Məhəmməd Hatəmi rişələnər, boya-başa çatar…

Ondan son arxivlərini istəyəndə “hər şeyim – bütün arxivim Tomriddədir” demişdi. Elə də oldu. Tomdir bəy onda olan nə varsa, təqdim etdi. Böyük dissident şair İsfəndiyar Coşğunun yazdığı şeirlərin əldə olunanlarının hamısını Tomrid bəy bizə təqdim edib. Onların ilk nümunəsini dərc etmişəm, digər nümunələrini də dərc edib, bütün əlimizdə olan şeirləri bir kitab halında nəşr etməyə çalışacağam. Bundan başqa, Tomrid bəy Məhəmməd Hatəmi Tantəkinin “Lefortovo gündəlikləri”ni də bu sətirlərin müəllifinə təqdim edib. O gündəliklər də yaxın günlərdə işıq üzü görəcək. Və təbii ki, imkanlarımızı səfərbər edə bilsək, Məhəmməd Hatəminin bütün yaradıcılığını bir neçə cild şəklində təkrar edəcəyik. Beləcə, millətimizin və onun şanlı tarixinin qarşısında Məhəmməd Hatəmiyə aid olan qismini yerinə yetirməyə çalışacağıq.

“Azadlıq salnaməsi”nin 23-cü qonağı Məhəmməd Hatəmi Tantəkinin qardaşı Tomrid Hatəmidir. Onunla millətin və Məhəmməd Hatəminin taleyindən danışırıq…

Əvəz Zeynallı,

“Azadlıq salnaməsi” 

 

I hissəni buradan oxuya bilərsiniz:

Tomrid Hatəmi “Azadlıq salnaməsi”ndə (II hissə): ““Çənlibel” bu cür yarandı…”-VİDEO

 

II hissəni buradan oxuya bilərsiniz:

Tomrid Hatəmi “Azadlıq salnaməsi”ndə (II hissə): ““Çənlibel” bu cür yarandı…”-VİDEO

 

III sonuncu hissə

 

Tomrid Hatəmi “Azadlıq Salnaməsi”nin III sonuncu hissəsində nə dedi:

– Məhəmməd Hatəmi çox döyüşkən adam olub

– “Çənlibel”ə görə siyasi təzyiqlər başlamışdı

– Məhəmməd Hatəmi ancaq xəyanət görüb

– “Çənlibel” niyə bağlanmalı idi ki? Sonuncu iclasda elan elədilər ki, “Çənlibel” artıq özünü buraxır

– Xalq Cəbhəsinin proqramı ondan ibarət idi ki, biz hökumətin yenidənqurma siyasətinə dəstək olmaq fikri ilə bu Cəbhəni yaradırıq – köməkçi, Kommunist Partiyasının köməkçisi kimi. Xalq Hərəkatı Cəbhəsi isə, onun ideyası, ideologiyası Seyid Cəfər Pişəvərinin, Şeyx Məhəmməd Xiyabaninin, Səttarxanın və s. ideyasını irəli çəkən, o amallar uğrunda vuruşan bir Cəbhə idi.

– Azərbaycan ziyalısı qanın arxasında dayana bilmədi, ya da dayanmadı. Məsələn, rəhmətlik Xəlil Rza qaldı ikisinin arasında – bir tərəfdə Əbülfəz Elçibəy, bir tərəfdə Məhəmməd Hatəmi. Bilmədi ki, kimə yaxınlaşsın? Şəxsən mən özüm də elə vəziyyətə düşdüm.

– Xalq Cəbhəsində gözlənilməz insanlar ortalığa çıxdı. Bunlar kimlərdi, hansı məqsədlərlə ortaya çıxıblar? Əlbəttə, Məhəmməd Hatəmi bu şeyləri daha yaxşı bilirdi.

– Nemət cavan oğlan idi. Demək olar ki, Məhəmməd Hatəminin, bizim yanımızda böyümüşdü

– Keçəl Həmzələr öz işlərini gördülər, ona görə də dağıldı hərəkat

– Məhəmməd Hatəmi üçün əsas məsələ ideya, məslək sahibi olmaq idi. Məhəmməd Hatəmi başqa bir şey bilmirdi. Onun işi yalnız mənəvi, siyasi düşüncələr idi.

– Xalq Cəbhəsini quranlar səhv etmişdilər, onları aldatdılar

– Əgər Azərbaycan xalqının qabağına düşüb onu Azərbaycan Xalq Hərəkatı ideyasından çevirməsəydilər – onu çevirənlər Xalq Cəbhəsinin üzvləri oldular – indi çox güman ki, başqa cür vəziyyət ola bilərdi… Biz bunu xəyanət hesab edirik.

– Məhəmməd Hatəminin nəyi vardı ki – heç nəyi qalmadı!

– Bir dövlət, bir xalq, ancaq Məhəmməd Hatəmi kimi şəxslərin hesabına yaşayır – əlbəttə, dəyərdi…

– Partiya sədrlərinin hamısı Hatəminin haqlı, doğru, sabit olduğunu dedilər. Elədirsə, bəs siz haradasınız?

– Özünü nümayiş etdirmək bir şeydir, amma şəxsiyyətə hörmətlə yanaşmaq başqa şeydir

– Şahsevən Türk tayfasıdır. Bizim əslimiz, cinsimiz Türkdür. Soykökümüz Türkdür. Mənim nə anam, nə babam, nə atam bir kəlmə farsca bilməyiblər

– Məhəmməd Hatəminin Fəxri Xiyabanda dəfn olunması söhbətlərinə biganə qaldım. Hesab elədim ki, mənim qardaşım Məhəmməd Hatəminin Fəxri Xiyabanı elə onun atasının yanıdır

– Əgər Azərbaycan xalqı bir gün onu axtarıb tapsa, elə ora hər bir Azərbaycanlı üçün müqəddəs bir yerdir

– Məhəmməd Hatəminin yatdığı yer elə Fəxri Xiyabandır

– Fəxri Xiyabanda kimlər yatır? Bu gün qəhrəmandır, sabah düşməndir, birisi gün…

– Əbülfəz Elçibəylə Məhəmməd Hatəmi bir-biri ilə dost olublar, bir-biri ilə hər zaman fəxr ediblər

– Əbülfəz Elçibəylə Hatəmini bir-birindən ayıran Keçəl Həmzələr oldu

 

SON

 

Tomrid Hatəmi ilə “Azadlıq Salnaməsi” fotolarda:

         

 

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button