Topluma kim xitab edə bilər?-ANALİZ

nəsimi məmmədli

Nəsimi Məmmədli

Yoxsullaşan toplum böhrandan hansı çıxış yolunu seçəcək?

 

Ölkədə mövcud olan böhran bütövlükdə dövlət sektorunu əhatə etməklə yanaşı, həm də günü-gündən dərinləşməkdədir. Elə bir ailə yoxdur ki, bunu öz yaşamında hiss etməsin. Hətta böhranın mahiyyətindən doğan fərdi və kollektiv ictimai-siyasi təşəbbüslər də genişlənməkdədir. Vəziyyətin belə davam etməsi toplumu hansı istiqamətə meylləndirəcək, hansı yeni siyasi nəticələr doğuracaq? Toplumu vahid hədəfə kim və necə səfərbər edə bilər? Təbii ki, bu sualların hamısını bir yazı ilə ətraflı cavablandırmaq çətin olsa da, qısaca ümumi durumu analiz etməyə çalışacağıq. Növbəti yazılarımızda məsələlərin daha dərin təhlilinə cəhd edəcəyik.

Durumu bu həddə çatdıran səbəblərə qısa nəzər salaq

 

İqtidar toplum üzərində anti-demokratik siyasətini sistemli və ardıcıl həyata keçirməyə nail ola bilib. Bu siyasətin uğurla həyata keçirilməsində onların ən böyük müttəfiqi demokratik vərdişlərə yiyələnməyən, öz hüquq və azadlıqlarına etinasız yanaşan, siyasi təfəkkürdən yoxsul olan, asan varlanmaq və işini həll etmək üçün rüşvətxorlarla ortaqlıq edən toplum olub. İqtidar toplumun bu “məmnun halı”ndan maksimum yararlanaraq dövlətin resursları ilə hakimiyyətini gücləndirməkdə ciddi fürsət kimi yararlandı. İlk növbədə toplumun iqtidara alternativ kimi qəbul edə biləcəyi siyasi institutlar zəiflədildi və təməl hüquqların qorunduğu qanunvericiliyin bütün pillələrində mürtəce tənzimlənmə aparıldı. Ardınca azad medianın boğulması, sərbəst toplaşma və birləşmə azadlıqlarının faktiki yox edilməsi, vətəndaş cəmiyyətinin əsas sütunu olan müstəqil QHT-lərin sıradan çıxarılması, vətəndaşların və ictimai-siyasi qurumların özünüifadə müstəvisinin daraldılması mərhələsi aparıldı. Toplum isə bütün bu baş verənlərə tamaşa etməkdən sanki məmnun görünürdü. Ölkənin gələcəyi ilə bağlı narahatlıqları ifadə edənlərə dəstək vermək əvəzinə, bu fəlakəti gətirənlərə öz seyrçiliyi ilə dəstək verdi. İqtidarın bu “uğuru”nun təhlükəli nəticələri indi artıq özünü daha açıq biruzə verməkdədir və hər kəs öz üzərində təhlükəni hiss edir. Yetkin xalq özü seçmədiyi hökumətin heç bir vədinə inanmamalı olduğu halda bizdə əksi baş verdi. Bu gün xalqımızın yaşadığı maddi və mənəvi problemlərin tamamı bu məntiqsiz yanaşmadan qaynaqlanır. Demokratik idarəetməyə can atmayan, təşkilatlanmış siyasi qrumlara dəstək verməyən toplum mənəvi və maddi çətinliklərdən, hakimiyyətin təyziqlərindən qurtula bilməz.

Böhranın davam etməsi toplumu hansı istiqamətə meylləndirəcək

Dağınıq və kortəbii etirazların yeni müstəviyə keçməməsinin səbəbləri aydındır. Bu, hökumətin daxili qoşunları tam döyüş hazırlığı ilə dinc insanların üzərinə yeritməsi və bütün zorakı vasitələrlə etirazları yatırması, kiçik də olsa güzəştlər etməsi və proseslərlə bağlı alternativ qüvvələrdən təşəbbüslərin olmaması hesabına müvəqqəti mümkün olub. Qeyd etdiyimiz kimi bu hal müvəqqəti olmaqla yanaşı, həm də yeni hazırlıq mərhələsinə keçiddir. Bizim üçün də maraqlıdır ki, ölkədə ictimai-siyasi müzakirələrə münbit şərait yaradan bu ərəfəni alternativ qüvvələr ciddi dəyərləndirməyi bacaracaqlarmı?

Müxalifət haqlı olaraq toplumun əhval-ruhiyyəsi və arzusu ilə deyil, öz strateji planlaşdırması ilə hərəkət etməkdə qərarlı görünür. Toplum elə bir durumdadır ki ən kiçik güzəşt, parıltılı vədlər belə ona yanlış istiqamət verə bilir. Odur ki, heç bir halda müxalifət toplumun arxasınca getməməli, onu öz məqsədlərinə doğru çəkməyi bacarmalıdır.

Müşahidələrimizə əsasən, deyə bilərik ki, toplumun ən aciz və avtoritarizmin tamamilə ram etdiyi hissəsi ənənəvi sükunət halını son anadək qoruyub saxlayacaq. Onlar da hökumət üzvləri kimi əlləri qoynunda neftin qiymətinin yenidən yüksələcəyini gözləyəcəklər.

Hakimiyyətin siyasətini dəstəkləyib ondan bəhrələnənlər də müəyyən istisnalarla hökumətə qarşı etirazlara meyl etməyəcəklər. Mövsümi atəşfəşanlıqları, gül bayramlarını, idman yarışlarını şövqlə izləyib, hüquqsuzluq şəraitində xoşbəxt yaşamağın nümunəsini yaradanlar da toplumun etirazlarına qoşulmayacaq. Ümumiyyətlə toplumun bu kəsimi adətən müstəqil ictimai-siyasi təşəbbüsləri dərk etməyə çətinlik çəkir.

Toplumun nisbətən fəal, savadlı və anlaqlı kəsimi bu idarəetmənin davam etməməsi üçün yeni təşəbbüslərə və dəyişikliklərə mütləq dəstək verəcək. Hətta müxalifətin ətrafında təşkilatlanmaya meyllər də yüksələcək. İndiyədək baş tutmuş etirazlarda iştirak edən insanlar anlayır ki, böyük hərbiləşmiş nizami qüvvələrin qarşısında kortəbii etirazlarla bundan artıq müqavimət göstərə bilməyəcəklər. Problemlər isə günü-gündən artır, yaşamaq çətinləşir,  ailədaxili və cəmiyyətiçi münasibətlər kəskinləşir. Bəs nə etməli ki, vəziyyətdən çıxmaq mümkün olsun? Bu suala etiraz potensialı olan insanlar arasında hələlik vahid cavab yoxdur. Amma tezliklə bu sualların aydın cavabını toplumun sağlam kəsimi ortaya qoyacaq.

İqtidar proseslərin normal demokratik müstəvidə davam etməsində qətiyyən maraqlı görünmür. Bütün plan və isterik hazırlıqlar onun üzərində qurulub ki, toplumu qeyri-stabil durumla şantaj edib, siyasi təşəbbüsləri və tələbləri dəstəkləməkdən çəkindirsin. Bu təbliğatın təsiri altında müxalifəti də, toplumun fəal kəsimini də asanlıqla boğa bilsin. İqtidarın xarakterini, davranışlarını, yanaşmalarını illərlə müşahidə edən şəxslər durumun çox mürəkkəb olduğunun fərqindədir. Həm iqtidardaxili problemlər, həm cəmiyyətdaxili sosial-ictimai gərginliklər, həm də regional və beynəlxalq durum çox qarışıqdır. Anlaşılan budur ki, hökumət gələcək sosial-siyasi təlatümləri önləmək üçün yalnız güc üzərindən hazırlıq aparır. Təəssüf ki, bu gün “cəhənnəmə” çevrilən ərəb coğrafiyasındakı rejimlər də cəmiyyətdaxili münasibətlərin yalnız güc müstəvisində həllini təsəvvür edirdi. Dinc siyasi tənzimləmələri qəbul etməyən rejimlər başqa alternativ tətbiq edə bilmir. Belə bir şəraitdə topluma elə istiqamət verilməlidir ki, çoxluğun onu qəbul etməsi çətin olmasın və bu istiqamətdə təşəbbüslərə qoşulsun.

Bəs topluma bu mesajları kim verməlidir?

İlk baxışda toplumun lokomotivi olan ictimai-siyasi institutlar yada düşür. Dövlət və toplum adına bütün hallarda bunun alternativi yoxdur. Müəyyən təcrübələrə istinad etsək, nə beynəlxalq dairələrin, nə də dini qrupların mesajları toplumu arzu olunan demokratik hədəflərə aparıb. Odur ki, bu mesajların daxili auditoriyadan alınması ən effektli nəticə yarada bilər. Bunları səthi ümumiləşdirsək, təxmini belə bir siyahı müəyyən edə bilərik. İqtidar, müxalifət, vətəndaş cəmiyyəti, ziyalılar və xalqın hansısa nümayəndələri.

İqtidar təmsilçiləri mütəmadi olaraq topluma yönəlik çıxışlarında ardıcıl və sistemli etimad zədələnməsi ilə yadda qalıb. Hökumətdə elə bir səlahiyyətli şəxs qalmayıb ki, onun dediklərinə toplumu inandırmaq mümkün olsun. Xüsusilə də manatın aqibəti ilə bağlı, sürətli iqtisadi inkişaf tendensiyası, yeni iş yerlərinin açılması, sahibkarlara hərtərəfli yardım göstərilməsi adlı bütün bəyanatlar real həyatda əks nəticə doğurub. Həmçinin böhranın acınacaqlı səbəbləri iqtisadi amillərdən çox, siyasi-idarəetmə qüsurlarından qaynaqlandığını da toplum anlamaqdadır. Bütün bunlardan sonra hansı ağlı başında olan insanı inandırmaq olar ki, hökumət sənə doğru yol gəstərir. Düşdüyün ağır durumdan çıxmaq üçün mütləq onun təklif etdiyi yolu getmək lazımdır. Hələ də iqtidarın real duruma baxışı qeyri-müəyyəndir. Gah böhran etiraf olunur və ondan çıxış yolları istiqamətində kosmetik addımlar atılır, gah da ümumiyyətlə böhran olduğu qəbul edilmir. Hökumət üzvləri əlləri qoyunlarında gözlərini dikiblər neft birjalarına ki, bəlkə neft bahalaşdı və idarəetməyə beləcə davam etmək mümkün oldu. Bir qədər sərt səslənsə də, müşahidələr göstərir ki, iqtidarın topluma verdiyi bütün mesajlar istehza ilə qarşılanır.

 

Müxalifət adına iddia edənlərin sayı çox olsa da, onlardan yalnız bir neçəsi ictimai rəyə və toplumun müəyyən siyasi aktiv hissəsinə təsir etmək imkanına malikdir. Müxalifətin fəaliyyəti elə həddə kimi məhdudlaşdırılıb ki, nəinki sadə əhali, hətta öz üzvləri ilə də təmaslara imkanı yoxdur. Çoxsaylı üzvləri həbs edilən, fəaliyyət müstəvisi əsasən əlindən alınan müxalifəti hansısa zəruri mesajları canlı olaraq topluma çatdırmamaqda qınamaq indiki halda çox yersizdir. Müşahidələr göstərir ki, toplumun müəyyən fəal kəsimi çətinliklə olsa da müxalifətin mesajlarını ala bilir. Bu mesajlar sadə insanların müxalifətə etibarını və rəğbətini qazandırsa da, hələ ki hərəkətə gətirməyə yetərli deyil. Müxalifət əhaliyə geniş çatım imkanı əldə edərsə, heç şübhəsiz ki, toplumun fəal hissəsini istiqamətləndirməsi mümkün ola bilər.

 

Vətəndaş cəmiyyətinin də ölkəmizdə tam təşəkkül tapmasına iqtidar imkan verməyib. Toplumla ən yaxşı xarakterik iş metodları olan bu ictimai institut da ciddi basqılara məruz qalib. Az-çox fəaliyyət imkanları və resursları olan müstəqil QHT-lər hüquq-mühafizə orqanları tərəfindən qapadılıb, vətəndaş cəmiyyətinin bir neçə fəal nümayəndəsi həbs olunub, mühacirət edib və ya nəzarət altındadır. Bu platformada toplumun etibar edəcəyi nüfuzlu, işgüzar, savadlı, peşəkar şəxslər olsa da, dağınıq halda hansısa təsir imkanlarına malik deyillər. Müşahidələr göstərir ki, mövcud strukturlarda fəaliyyət göstərən vətəndaş cəmiyyəti topluma zəruri mesajlar ötürə bilsə də, hələlik onu istiqamətləndirmək gücündə və iddiasında deyil.

Ziyalı adlandırılan kəsimə toplumun münasibəti heç də birmənalı deyil. Çox az sayda öz ləyaqətini, vicdanını qoruyub saxlayan ziyalımız qalıb. Onlar da ictimai-siyasi təşəbbüslərdə bir o qədər də həvəsli görünmürlər. Təəssüf ki, ümumi baxdıqda ziyalı adı son illər ən çox istismar edilmiş və nüfuzdan salınmış kateqoriyadır. Bu adın zirehi altında yaltaqlıq, riyakarlıq, rüşvətxorluq, korrupsiya, qanunsuzluqlar, seçki saxtakarlıqları o qədər geniş meydan sulayıb ki, hansısa cəlbediciliyi qalmayıb. Toplumun ziyalı sözünə möhtac olduğu bütün dönəmlərdə bu “missiya” nın daşıyıcıları susmağa üstünlük verib. Xalqın fəal kəsiminin bu istiqamətdən hansısa mənəvi nicat gözləməsi inandırıcı deyil. Müşahidələr göstərir ki, vitrində olan ziyalılarla toplumu hansısa hədəfə istiqamətləndirmək  mümkün olmayacaq.

 

Xalqın nüfuzlu nümayəndələri anlayışı da ölkəmizdə öz dəyərini itirib. Ümumiyyətlə belə fərdlər və icmalar uzun müddətdir ki, mövcud deyil. Hətta belə bir kəsim mövcud olsaydı belə, o da ciddi təsir gücünə sahib ola bilməzdi. Çünki mövcud ictimai münasibətlərdə belə bir institutun sosial təsir dairəsi yoxdur.

Deməli, böhranın səbəbləri, aradan qaldırılması yolları və əhalinin necə davranması ilə bağlı mesajları topluma qəbul etdirmək imkanı olan ən böyük sosial qrup hələ də müxalifətdir. Təsadüfi deyil ki, iqtidar da öz davranışlarında müxalifətin bu imkanlarına qarşı açıq və real addımlar atır. Müxtəlif vasitələrlə aparılan monitorinqlər də təsdiq edir ki topluma daha çox kimlər təsir edə bilir. Toplumun növbəti hərəkətlərində bu təsirlər müsbət şəkildə təzahür edə biləcəkmi? Topluma təsir resursları olan təşkilatların zəruri mesajları cəlbedicidirmi? Bu sualların cavabı hələ ki müsbət deyil.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button