Torpaq almaq istəyənlərə 300 min manat “atıb” Rusiyaya qaçdı

Özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin işçisi kimi təqdim edən Musa İsmayılov qurbanlarına torpaq və tikinti ilə bağlı işlərin sənəd məsələlərini həll etməsinə inandırıb. Hətta onların etimadını qazanmaq üçün “görüşləri” adıçəkilən idarənin qarşısına təyin edib. Çox keçməyib ki, dələduzluqla üzləşən qurbanlar pullarını geri tələb ediblər. M.İsmayılov isə çıxış yolunu Rusiyaya qaçmaqda görüb. O, bu ilin əvvəlində sərhədi qanunsuz olaraq keçərək Azərbaycana qayıdıb.

Xural.com virtualaz.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan 51 yaşlı Musa İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib.

Görüşlər bu binanın qarşısına təyin olunurdu

İttihama görə, Musa İsmayılov özgənin əmlakını ələ keçirmək məqsədilə İlham Tarquliyevin etibarından sui-istifadə edərək Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi, 19 A ünvanında yerləşən 600 kvadrat metrlik (6 sot) torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən “çıxarış” alınmasını təmin edəcəyinə dair yalan vəd verib aldatmaqla 2014-cü ilin aprelində onun 150 min manat pulunu ələ keçirib. O, eyni üsulla Yeni Günəşli ərazisindəki torpaq sahəsinə “çıxarış” alacağını vəd edərək Sadiq Kərimovun da 164 min manat pulunu dələduzluq yoluyla mənimsəyib.

İstintaqdan gizləndiyinə görə M.İsmayılov barəsində axtarış elan ediıib. Bu ilin yanvarında ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb və 4 aylıq həbs qətimkan tədbiri seçilib.

M.İsmayılov ifadəsində ev alqı-satqısı ilə məşğul olduğunu, 3 il öncə İlham Tarquliyevin onun yanına gələrək “Botanika bağı”nın arxa tərəfində olan 6 sot torpaq sahəsi üçün Bakı Texniki İnventarlaşdırma İdarəsindən çıxarış almağa köməklik göstərməsini xahiş edib. O da razılaşıb, bunun üçün İlhamdan 150 min manat pul isytəyib. İ.Tarquliyev həmin məbləği ona verib. Pul verilməsinə dair aralarında borc müqaviləsi bağlanıb. Pulu alsa da, çıxarışı hazırlatdıra bilməyib. Belə olan halda İ.Tarquliyev ondan verdiyi pulu geri tələb edib: “İlham məndən polisə şikayət etdi. Hazırda ona 35 min manat ödəmədiyim ziyan qalıb”.

M.İsmayılovun ifadəsinə görə, 2014-cü ilin oktyabrında Sadiq Kərimov ona Xətai rayonu “Həzi Aslanov” metro stansiyasının yaxınlığında maşın yuma məntəqəsi açmaq istədiyini və sərəncam almaqda köməklik göstərməsini xahiş edib: “Bu iş üçün Sadiqdən 15 min manat istədim. Sonra mühəndis dostumu həmin obyektə göndərdim, oranın koordinatlarını çıxarıb şəklini çəkdi. Bu məsələni bir həftəyə həll edəcəyimi dedim”.

Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsinə gedən S.Kərimov adına heç bir sənədləşdirmə işi aparılmadığını öyrənib. Bu məsələyə aydınlıq gətirilməsini tələb edib. M.İsmayılov “3 min manat da lazımdır” deyib. Pullar sözügedən idarənin qarşısında M.İsmayılova verilib. Üstəlik Yeni Günəşli qəsəbəsində üç torpaq sahəsinin çıxarış məsələsini həll etmək üçün ondan əlavə 38 min manat da alıb. Ümumilikdə, S.Kərimovun 164 min manatını ələ keçirib.

M.İsmayılov bu hadisədən bir neçə gün sonra Rusiyaya getdiyini, işləri ilə əlaqədar 2016-cı ildə Gürcüstanda olarkən sənədlərini itirdiyini deyib: “Yanvarın 9-da gecə saatlarında Gürcüstanın Cod kəndindən piyada yolla Balakənə keçdim. Axtarışda olduğumu bilirdim. Bakıya gəldikdən sonra Səbail rayon prokurorluğuna gedib özümü təqdim etdim”.

Zərərçəkmiş İlham Tarquliyev ifadəsində “Botanika bağı”nın arxa hissəsində 28 sot torpaq sahəsi aldığını, həmin torpaq sahəsinin 6 sotunun rəsmi sənədi olmadığını deyib: “Torpaq sahəsinə sənəd almaq istəyirdim. Musaya 150 min manat pul, şəxsiyyət vəsiqəsinin surətini verdim. Yerdə qalan sənədləri özü düzəldəcəkdi. Mənə dedi ki, 40 gün ərzində torpağın qanuni sənədlərini əldə edib sənə verəcəyım. Tez-tez əlaqə saxlayırdım. Hətta bir dəfə zəng vurub məni Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsinə çağırdı. Gedib orada gözlədim. Dedi, adam çoxdur, bir neçə gündən sonra düzələcək. Bu minvalla məni aldatdı. Ona görə də, notariusa apardım, borc müqaviləsi bağladım. Müqavilənin şərtlərinə əsasən Musa iyunun 30-a kimi sənədləri mənə verməli idi, əks halda 150 min manatı qaytarmalıydı. Amma telefonu söndürdü, məndən qaçmağa başladı, tapa bilmədim. Sonradan eşitdim ki, Rusiyaya qaçıb. Ona görə də polisə şikayət etdim”.

Zərərçəkmiş Sadiq Kərimov ifadəsində Yeni Günəşlidə olan 48 sot torpaq sahəsinə mülkiyyət şəhadətnaməsi əldə etmək istədiyini, bunun üçün də Musa İsmayılovla görüşdüyünü deyib: “Həmin torpaq sahəsinin bələdiyyədən icarə müqaviləsi olsa da mülkiyyət sənədi yox idi. Musa ilə tanışım Şahverdi vasitəsilə tanış olmuşam. Özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsində mühəndis kimi təqdim etdi. İcarə müqavilələrinin surətini götürdü və dedi ki, bu, məhz mənim işimdir, heç bir problem yoxdur, həll edəcəyəm. Musa 164 min manat pulumu aldı. Sonradan gizləndi, telefonlarıma cavab vermədi. Məlum oldu ki, mənə qarşı dələduzluq edib, aldadıb”.

Məhkəmə prosesi dekabrın 21-də davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button