“Turan”ın analizi: “Mahmudov dövrü”

Mahmudov dövrü

Mahmudov milli təhlükəsizlik naziri postundan azad edilib. Səbəblər göstərilmir.

Bu qərar prezident İlham Əliyev Qazaxıstandan MDB dövlət başçılarının sammitindən qayıtdıqdan sonra Müstəqillik Günü ərəfəsində qəbul edilib. Belə ki, sammitdə bağlı qapılar arxasında müzakirə edilən əsas məsələlərdən biri beynəlxalq islam terrorizminə qarşı birgə mübarizə olub.

E.Mahmudovun çıxarılmasının sözügedən mövzu ilə nə qədər əlaqədar olduğunu söyləmək çətindir, baxmayaraq ki, onun rəhbərlik etdiyi qurumun buna birbaşa aidiyyatı var. MTN vaxtaşırı, hətta sammit ərəfəsində növbəti dəfə bir qrup radikal islamçının həbs olunduğunu bildirib və bununla da Azərbaycan çekistlərinin sayıqlığını nümayiş etdirib. Eyni zamanda bu ilin aprelində Rusiyada efirə gedən “Prezident” sənədli filmində Putinin bəyanatını xatırlatmaq da yerinə  düşər. Rusiya lideri Azərbaycanı Şimali Qafqazda ABŞ-in MKİ-nin fəaliyyətinə yardım göstərməkdə ittiham etmişdi.

Sammitdə digər mühüm məsələ iqtisadi böhran mözvusu olub. E.Mahmudovun qlobal münasibətdə böhrana aidiyyatı olmasa da, Azərbaycan çərçivəsində onun qurumunu dərin böhranı görməməkdə və tədbirlər həyata keçirməməkdə ittiham etmək olar. Bundan basqa o, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin qudasıdır. Belə ki, C.Hacıyevin qeyri-peşəkar fəaliyyəti səbəbindən ölkənin bank sisteminin sütunlarından biri olan bank çöküb.

E.Mahmudovun vəzifəyə təyin edilməsi və kənarlaşdırılması İ.Əliyevin idarəçiliyinin çətin dövrünə təsadüf edib ki, bu da iqtisadi göstəricilərin pisləşməsi, növbəti maliyyə kollapsının yaxınlaşması, xarici siyasi təzyiqlərin olması baxımından ölkədə vəziyyətin pisləşdiyindən xəbər verir.

Sovet milisinin şinelindən çıxmış Eldar Mahmudov 2004-cü ilin iyulunda MTN rəhbəri təyin edilib. O, bu postda peşəkar çekist Namiq Abbasovu əvəzləyib. N.Abbasovun qərb xüsusi xidmət orqanları ilə sıx əlaqələrinin olduğu, əsasən öz işini ölkənin xarici təhlükəsizlik istiqamətində qurduğu söylənilirdi. Onun fəaliyyəti zamanı Ermənistan və İran tərəfdən təhdidlərin aradan qaldırılması aspektləri nəzərə çarpırdı ki, bu da həmsərhəd dövlətlərin kəşfiyyat xidmətlərinin açıq şəkildə işfa olunduğundan xəbər verirdi.

İ.Əliyevə daha çox sadiqliyi ilə seçilən E.Mahmudovun təyinatı prezidentin öz atasının köhnə qvardiyası ilə çətin mübazirəsinin ən mürəkkəb zamanında baş verdi. Bu mübarizə 2005-ci ilin payızında dövlət başçısının qələbəsi və təkbaşına hakimiyyətin sonradan möhkəmləndirilməsi ilə başa çatdı.

Məhz E.Mahmudovun MTN-ə rəhbərlik etdiyi dövrdə bu təşkilat ölkə daxilində fəaliyyətini ciddi şəkildə genişləndirdi, rejim düşmənlərini izləməyə və təqib etməyə başladı. Belə ki, vətəndaş cəmiyyəti institutları: siyasi partiyalar, QHT, KİV, sosial şəbəkələr bu təşkilatın nəzarəti altına düşdülər. MTN Stalin tipli hər şeyi görən gözə çevrildi və ölkənin siyasi rəhbərliyinin iradəsinin icraçısına çevrildi.

E.Mahmudovun indiki böhran şəraitində kənarlaşdırılması, həm də 2004-cü ildə təyinatı da istənilən halda İlham Əliyevin idarəçiliyinin hansısa yeni məsul dövründən xəbər verir. Ölkə iqtisadi böhranla yüklənməkdə davam edir, cəmiyyətin bütün təbəqələrində siyasi narazılıqlar var. Buna nümunə olaraq diplomatların geri qayıtmaqdan imtina etməsi, iri biznesmenlərin timsalında rejimin sütunlarının həbsi, gözdən düşənlərin siyahısının hazırlanmasını göstərmək olar. Bu siyahıda ikinci sırada nəqliyyat naziri Ziya Məmmədov yer alıb. O, hökumətin sonuncu iclasında iştirak etmirdi. Bu siyahının davam edəcəyini gözləmək olar.

Yeni zaman yetişir, bir tərəfdən böhran şəraitində sabitliyin və asayişin saxlanması üçün prezidentin ətrafında hakimiyyətin maksimum konsolidasiyasi, digər tərəfdən labüd iqtisadi liberallaşma, korrupsiya və inhisarın səviyyəsinin aşağı salınması, cəmiyyətlə barışa nail olunması tələb olunur. Bu ziddiyyətli çağırışlar Əliyev idarəçiliyinin növbəti dövrü üçün paradiqma olacaq və növbəti qərarları, eyni zamanda kadr siyasəti sahəsində qərarları  bunlar diqtə edəcəklər.

“Turan” analitik xidməti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button