Türk Dünyasında qadının yeri – Qadın niyə hədəfdədir?

İsveçin Stokholm şəhərində “Türk Dünyasında Qadının Yeri” mövzusunda beynəlxalq toplantı keçirilib. Toplantıda Azərbaycanı yeganə təmsilçi kimi gənc qadın fəal Türkan Cəfərzadə təmsil edib. Türkan Cəfərzadə qadınlarla və onların qarşılaşdığı problemlərlə bağlı məruzə ilə etdiyi çıxışında vacib məsələlərə toxunub. Xural.com Türkan Cəfərzadənin çıxışını təqdim edir:

Qadınlar məsələsi hər zaman aktual olub. Ancaq mən bu dəfə başqa formatda bu mövzunun müzakirəsini aparacam. Problemlərdən danışmaqdan çox, səbəblərə və problemlərin həllinə diqqətinizi yönəltmək istəyirəm. Mən bu gün burada çıxış yolunun ortaya qoyulmasından yanayam və çıxışımı da bunun üzərində quracam.

Öncə biz bu sualı özümüzə verməliyik: “Niyə qadın hədəfdədir?”

Bu sual çox vacibdir: “Niyə məhz qadın?!”

Çünki qadın toplumun sütunudur. Çünki qadın öncə anadır.

Toplumun ən kiçik müəssisəsi nədir? Ailədir. Hər şey ailədə başlayır və toplumun kiçik bir müəssisəsi olan ailəni quran iki tərəfdən biri qadındır. Ailə sadəcə kişilərdən ibarət deyil.

Ailə toplum üçün önəmlidir, çünki anaların yetişdirdiyi nəsil bizim gələcəyimizdir. Sağlam zehniyyətə sahib olmayan bir ana heç bir şəkildə sağlam zehniyyətə sahib olan bir nəsil yetişdirə bilməz.

Bizim xoşlamadığımız kişi tiplərini yetişdirən də bizim analardır.

Bizim qadınlar deyilmi ki, evdə öz övladlarına tövsiyə verərkən qızlar üçün: “qızım, sən başını aşağı sal, işinlə məşğul ol, bu iş sənlik deyil”, oğlanlar üçün isə: “hey igid oğlum, irəli” kimi cümlələri quran? Bu zehniyyətlə yetişir kişilər. Və beləliklə, qadınlar çarəsizlik içərisində buraxılır. Əgər bir qadın problemlərlə üz-üzə qalaraq çarəsizlik içində buraxılırsa, onun yetişdirdiyi gənclər də, nəsillər də o şəkildə yetişəcəkdir.

Gəlin diqqət edək.

turkan1

Niyə məhz idarəetmədə qadınlar aşağıdadır?

Niyə məhz qadınlar hədəflərini seçərkən aşağıdan seçir? Mənə maraqlı gələn suallardan biri də budur.

Çünki qadınlar çəkingən böyüyüb. Daha çox qapalı bir mühitdə yetişən qadının aktiv həyatda, aktiv ictimai-siyasi həyatda təmsil olunması da çox-çox çətin olur.

Bizim ən önəmli problemlərimizdən biri qadının vasitəçi durumuna salınmasıdır. Qadın bir etiket olaraq istifadə edilir. Necə istifadə edilir? Kiçik bir nümunə vermək istəyirəm. Diqqət etsək kişilərlə qadınlar arasındakı müqayisədə kişilərin fikirlərini, ideoloji bazalarını oxumaq ya çox vaxt alınmır, ya da bunu oxumaq üçün böyük bir əmək sərf etmək lazım olur.

Amma bir də baxaq qadınlara.

Qadınlara özgürlük maskası altında sırınan bəzi profillər, geyim tərzləri onlara özgürlük deyə sırınarkən cəmiyyətə müxtəlif mesajlar verir. Çox asan, hamımızın bildiyi bir nümunəni çəkmək istəyirəm. Məsələn, baş örtüsü. Başını bağlamaq formaları belə müxtəlifdir. Qara rəngli baş örtüsü ilə başını bağlayanlara daha çox təriqət əhli, rəngli baş örtüsü olanlara isə camaatçı deyirlər. Baxın, etiket olaraq necə vasitəçi durumundadır qadının geyim tərzi. Və bu geyim tərzi qadının artıq bir fikrini ortaya qoymaq deməkdir. Hətta bir kişinin yanındakı qadınla o kişinin hansı ideoloji fikrə mənsub olduğunu da öyrənmək mümkündür. Türkiyədəki örnəklərdə bunu daha rahat görmək olur.

Görün, nə qədər kiçik bir düşüncədir ki, azadlığınız nədir deyəndə bəzi qadınlar bunu məhz geyim tərzi ilə əlaqələndirir.

Digər çox önəmli bir məsələ halına gəlmiş problem isə şiddətdir. Şiddət nədir? Şiddət zərər verir, həm də elə bir zərər ki, onun travmatik izlərini həyatın hər sahəsində görürük. Qadın şiddətə məruz qalırsa, bu, travmaların izi, əlbəttə ki, özünü həyatın bütün sahələrində açıq-aşkar göstərir. Məhz bu travmatik izlərin sayəsindədir ki, qadın içinə qapalıdır, qadın özünə güvənmir, qadın artıq hədəflərini seçərkən daha aşağıdan seçir, çünki yuxarı hədəfləri seçmək üçün qadın çarəsiz vəziyyətdədir. Özünə güvənməyən bir fərd necə böyük işlər görə bilər?! Soruşuram sizdən! Özünə güvənən qadın böyük işlər görə bilər sadəcə.

Qadınlar aciz bir şəkildə problemlərini dilə gətirərərək o problemlərin həllini başqalarından gözləməməlidirlər. Toplum olaraq elə problemlərimizdən biri də hər zaman hər şeyi başqasından gözləmək deyilmi? Özün edəcəksən! Qadınlar bir şeyi dərk etsin ki, kimsə buyurun, bu yol sizindir deməyəcək. Problemə deyil, həllinə diqqət yetirmək və enerji sərf etmək lazımdır.

Problemin kökündə nə durur? Təhsilsizlik. Birinci sırada da, ikinci sırada da, üçdə də əsas səbəb təhsilsizlik, bilgisizlikdir.

Qadınların təhsilli olması çox vacibdir, çünki qadın şüurlanarsa, toplum şüurlanar. Qadın irəli gedərsə, toplum da irəli gedər.

Mövzuya başlayarkən niyə məhz qadın hədəfdədir deyə verdiyim sualı gəlin, bir az daha dərinləşdirək.

Kimin hədəfindədir, kim istəyir ki, toplum qabağa getməsin? Qadından yola çıxılaraq kim istəyir ki, gənc nəslin bu qədər məhvinə səbəb olsun?

Artıq daha açıq deyilmi sualın cavabı?!

Zəif və cahil toplumu idarə etmək çox daha asandır çünki. Biz nə qədər örgütlənmiş, biz nə qədər güclü, biz nə qədər şüurlu toplum olsaq hər şeyin rəngi də bambaşqa olacaq çünki.

Bəs necə edə bilərik ki, biz bu problemləri həll edə bilək?

  1. Təhsil
  2. Örgütlənmək (Qadın Dayanışması)
  3. Nümunə təqdim etmək
  4. Aktiv ictimai-siyasi həyatda təmsil olunmaq

Kimdir bizim qadın nümunəmiz? Gənc xanımlarımızın yetişməsinə təsir edə biləcək nümunələrimiz olmalıdır.

Qadınlar duyarlıdır, qadın yaradıcıdır, qadın mübarizdir. Bu keyfiyyətləri biz cəmiyyətə necə daxil etməliyik? Bunun üçün qadının dövlətin idarəedilməsində, aktiv ictimai-siyasi həyatda yer alması lazımdır. Ölkəsinin taleyində rol almaq hər bir Azərbaycan Respublikası vətəndaşının konstitusion haqqıdır.

Mən demirəm, sırf bərabərliyi təmin etmək üçün illa hər qadın ictimai-siyasi həyatda öndə olmalıdır. Xeyr. Əgər qadın savadlıdırsa, əgər qadının intellekti,onun dünyagörüşü, qabiliyyəti millətini təmsil etməyə yetirsə o zaman o qadının cəmiyyətin ictimai-siyasi sferasında yer almaq  haqqı vardır. Yəni potensial kimdədirsə, öncəlik onda olmalıdır. Bunun üçün də potensiallı qadınları yetişdirmək və cəmiyyətə qazandırmaq lazımdır.

Büyük işlər görmək və Türk Dünyasına layiqli xidmət edə bilmək üçün Türk Dünyasından olan bütün aktiv qadınların hamısının köməyinə ehtiyacımız var.

Səhnə bizimdir, seçim bizimdir. İnsan seçimlərini yaşayır. Əgər biz, həqiqətən də, kişilərlə eyni səviyyədə idarəetmədə iştirak etmək, qərarvermə prosesinə qatılmaq və istədiyimiz şəkildə cəmiyyətdə dəyər görmək istəyiriksə, özümüz bunun üçün çalışmalıyıq. Kimsədən nəyisə tələb etmədən, özümüz buna nail olmalıyıq. Tələb etmək acizlikdir, mən ala bilmirəm, sən ver deməkdir. Sən alacaqsan! Sən nail olacaqsan! Sən qazanacaqsan! Ən başda isə o dəyəri haqq edəcəksən!

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button