Türk yazarların toplantısı keçiriləcək

DGTYB29.06.2013

İyulun 1-dən 4-dək Bakıda Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşəbbüsü ilə Türk dünyasının gənc yazarlarının toplantısı keçiriləcək. Toplantıda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Başqurditsan, Çuvaşıstan, Qaqauz Yeri və Kırımdan, habelə, Almaniyadan, Rusiyanın Moskva və Sank-Peterburq şəhərlərindən gələn yazarlar iştirak edəcəklər. 

Tədbirin birinci günü Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyi və “Güllələnmiş heykəllər”i ziyarət edən yazarların, ziyarətlərin ardından bir sıra mətbu qurumlarla görüşlər keçiriləcək.

Təntənəli açılış mərasimi isə “DGTYB – 15: Ödül törəni və Türk Dünyası Şeir Axşamı” adı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq.

Növbəti ikinci gün yazarlar AMEA N. Gəncəvi adına Ədəbiyyat Muzeyi ilə tanış olacaq, sonra Atatürk Mərkəzində “Addım-addım Türk Dünyası” kitabının təqdimatında iştirak edəcək. Nahardan sonra isə Gənclər Təşkilatları Milli Şurasının Mərkəzi Qərargahında DGTYB Hesabat-seçki Qurultayı keçiriləcək.

Toplantının sonuncu günü, Azərbaycanda Atatürk Mərkəzində DGTYB Hesabat-Seçki Qurultayı davam etdiriləcək. “Azərbaycan Dil Qurumu” İB-də, Azərbaycan Yazıçılar Birliyində görüşlər keçirəcək. Toplantı iştirakçıları, daha sonra Nazirlər Kabinetində Baş nazirin müavini Elçin Əfəndiyev tərəfindən qəbul olunacaq.

Qeyd edək ki, “Türk Dünyası Gənc Yazarların Bakı toplantısı” layihəsi Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button