Türkçülüyümüzlə azərbaycançılığımız-1

Nəsib Nəsibli

Tarix elmləri doktoru, Professor

 

Azərbaycanda milli ideologiyanın əsas dirəklərindən ikisi – Türkçülük və Azərbaycançılıq haqqında nə qədər yazılırsa da – azdır. Yetər ki, doğru-düzgün yazılsın. Qatıb-qarışdırılmasın.   Milli hərəkatın görkəmli araşdırıcısı, eyni zamanda ideoloqu Mirzəbala Məmmədzadə bizim milli fikir tarixində millətçiliyi Türkçülük, dövlətçiliyi isə Azərbaycançılıq olaraq tanımlayır.[1] 1997-ci ilin aprelində Bakıda keçirilmiş “Azərbaycanın Türkçülük və Azərbaycançılıq problemləri” mövzusunda beynəlxalq konfransda da məsələ məhz bu şəkildə qoyulmuşdur.[2] Qərb elmi fikrində yayğın olan millət-dövlət nəzəriyyəsindən məsələyə baxsaq, bunun tamamilə məntiqli yanaşma olduğunu görərik. Millət quruculuğu və modern dövlət quruculuğu ayrı-ayrı, avtonom proseslərdir. Özgün prinsipləri və ideyaları var. Ancaq həm quruculuq, həm də sonrakı dövrlərdə onlar bir-biri ilə sıx əlaqədə olur. Bir-birini tamamlamalıdır deyə mütləq bir qayda yoxdur, bəzən dövlətlə millətin eyni ölkədə maraqları üst-stə düşməyə bilir. Qərbi Avropada millət-dövlətlərin yaranması, bu sıradan deyilən məsələlər haqqında zəngin ədəbiyyat var.[3] Bu gün Quzeydə də, Güneydə də Türkçülük və Azərbaycançılıq anlayışlarının qavranmasında çox əskikliyimiz var. Əslində bu prinsiplərin elmi-tarixi şərhində elə bir problem yoxdur. Məsələ daha çox siyasidir   Türkçülük nədir? Millət olmaq istəyən hər bir etnosun tarixində “Biz kimik, haradan gəlib, haraya gedirik?”, ya da daha dəqiq ifadə etmiş olsaq – “Biz kimik, keçmişimiz nədir, gələcəyimiz necə olacaq?” qaçınılmaz sualının qoyulması millətləşmə sürəcinin başlandığını göstərir. Azərbaycanda özünüdərk prosesi də məhz bu suala cavabın axtarışı ilə başlayıb. Millətçiliyin bu adı (Türkçülük) almasının birinci səbəbi odur ki, onun meydana çıxdığı dövrdə yad dövlətlər Türklüyü yox saymış, onu varlığından və adından imtinaya zorlamışlar. İlk Türkçülərin də ən böyük xidməti “Biz kimik, adımız nədir?” sualına cavab tapmaq olmuşdur. 100 ildən artıq tarixi olan bu hərəkat inkişaf prosesi gedişində millətləşmənin (millət olmanın) başqa məsələlərini də gündəmə gətirmişdir. Bu gün fikir və əməl böyüklərimizin hamısını Türkçü (millətçi) saymaq olar və lazımdır. Bu böyüklərimizin sırasında, əlbəttə, Həsən Bəy Zərdabi, Əli Bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əli Mərdan Topçubaşı, Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib Bəy Yusifbəyli, Həsən Bəy Ağayev, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Mirzəbala Məmmədzadə, Məmməd Sadıq Aran, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Əli Təbrizli, Məmmədtağı Zehtabi və Əbülfəz Elçibəyin özəl yeri var. İndi həyatda olmasalar da şəxsiyyətləri və  fikirləri ilə onlar Azərbaycanda Türkçülüyü simvollaşdırırlar. Türkçülük yalnız bu şəxslərdən ibarət deyil, onun onminlərlə daşıyıcısı olmuş, indi də var. Azərbaycanda Türkçülüyün tarixi geniş, bir neçə kitaba sığışmayacaq araşdırma mövzusudur. Bu qısa qeydlərdə həmin cərəyanın başlanğıc mərhələsini bir neçə epizodla özətləməyə çalışaq. …Kimiləri Azərbaycanda Türkçülüyün Mirzə Fətəli Axundzadə (Axundov, 1812-78) ilə  başlandığını fikrini irəli sürür.  Axundzadəni şərti olaraq Türkçü saya bilərik. Əsərlərinin önəmli hissəsi, özəlliklə dram əsərləri Türkcədir. Amma nəzəri əsərlərində, özəlliklə “Kəmalüddövlə məktubları”nda Türkçülüyə zidd xeyli ideyaları var.[4]   …Həsən Bəy Zərdabini (1842-1907) yeni dövrdə ilk Türkçü saymaq olar. “Əkinçi” qəzetində (1875-77) ilk dəfə olaraq milli şüurun yaranmasının ön şərtlərindən olan “biz-onlar” dixotomiyası/fərqləndirməsi ortaya qoyuldu. Onun “biz”i Qafqaz Müsəlmanları, Məşriğ-zəmindir. Bu Müsəlmanlar “öz Türk dilimizdə” danışır [5] və Qafqazın ən çoxsaylı millətidir. “Onlar” isə Qafqazdakı Xristian millətləridirlər və günü-gündən inkişaf edirlər. İnkişafın da əsas  səbəbi onların elm-təhsil sahəsində fəal olmalarıdır:”Bizim qonşular bizlərdən birə əlli artıq elm təhsil etməyə səy edirlər, yəni zindəganlıq cəngində onların birisi əlli Müsəlmana bərabərdir. Onların birisi[nin] qazandığı dövləti əlli Müsəlman qazanır.”[6] Ermənilərin və Gürcülərin yaratdıqları məktəblər haqqında “Əkinçi”nin bir neçə sayında danışılır və onlar Müsəlmanlara örnək göstərilir. “Əkinçi” demək olar ki, hər sayında yeni üsul (üsuli-cədid) məktəblərinin yaradılması zərurətindən bəhs edir. Bu məktəblərdə ana dilinin tədrisi də vacibdir. Çünki “belə məktəbxana açan gərək yaddan çıxarmasın ki, gələcəkdə gərək biz də adam olaq və hər bir elmi öz dilimizdə oxudaq. Ona binaən indi açılan məktəbxanalarda öz dilimizi oxutmaq nə ki lazımdır, bəlkə vacibraqdır.”[7] Zərdabi və dostlarına görə, məktəblərdə dərslik yerinə istifadə olunan klassik Fars ədəbiyyatı nümunələrini (Firdovsinin, Hafizin, Sədinin əsərləri və s.) də yeni dərsliklərlə əvəz etmək lazımdır. Yeni dərsliklər hazırlamağın çətinliyini nəzərə alan “Əkinçi” müəllifləri bu ehtiyacın Osmanlıdakı dərsliklər hesabına ödənilməsini təklif edirlər. [8]   …Ünsizadə qardaşlarının “Kəşkül” dərgisində (1881) kimlik axtarışları istiqamətində dərc edilmiş yazılar arasında Məhəmməd Şahtaxtlının (Məhəmməd Ağa Şahtaxtinski, 1846-1931) bir məqaləsi diqqəti çəkir. “Bir az da özümüzdən ki, Azərbaycan Türkləriyik danışaq” çağırışı edən müəllif, etnosun yaxın keçmişi və hazırki vəziyyəti haqqında maraqlı fikir söyləyir: ”Biz Azərbaycan Türkləri Rus istilasından əvvəl indiki Rus Zaqafqaziyasının müstəqil və yeganə sahibi idik. İran, biz idik. İndiki vəxtdə əhali hesabınca Qafqaz qövmlərinin hamısından çoxlusu yenə bizik. Və həmd olsun sərvət və müknətcə [qüdrətcə] qonşularımızın heç birindən əskik deyilik. Bununla belə hər necə olubsa-olub, biz indi elm və maarifcə Qafqaz millətlərinin dalda qalanı olmuşux.” Müəllif hesab edir ki, “bəzi qərəzkar bədxahların iddialarının əksinə” bu geridəqalmışlıq bizim millətin daimi xüsusiyyəti deyil. Məhəmməd Şahtaxtlı qonşularla yaranmış fərqi aradan qaldırmağın yeganə yolunun elm və maarifə diqqət yetirməkdən ibarət olduğunu bildirir.[9] Müəllif eyni məqalədə Osmanlı Türkcəsi ilə Azərbaycan Türkcəsi (bəzən də “Azərbaycan dili” işlədir) arasında müqayisə aparır və onları eyni dilin müxtəlif ləhcələri hesab edir:”Bizim dil ilə Osmanlı dili bir dildir. Aralarında olan təfavüt ancaq ləhcə, ya avam istilahınca həng təfavütdür.” Şahtaxtlı müqayisə üçün Alman və Fransız dilləri daxilində müxtəlif ləhcə fərqlərini örnək göstərir. Osmanlıdakı Türkcənin fərqli özəlliyi olaraq o, bu dildə Ərəb və Fars sözlərinin çoxluğunu, eləcə də bu yad dillərin qrammatikasının Türkcəyə təsir etdiyindən narahat olduğunu bildirir.   …Əli Bəy Hüseynzadənin (1864-1940) “Türklər kimdir və kimlərdən ibarətdir?” başlıqlı 8 bölümlü silsilə məqaləsini Türkçülüyün klassik nümunəsi saya bilərik. Müəllif Türklərin keçmişi haqqında təsəvvürlərin yanlış olduğunu, bu yanlışlığın yabançı yazılardan qaynaqlandığını bildirir. O, Türkcə mətbuatda belə “Türk və Tatarların mədari-iftixarı bulunan Çingizlərə və Teymurlara dair narəva sözlərə rast gəlinən” fikirlərin fərqinə varmağa çağırır. Əli Bəyə görə, tarixi keçmişlə bağlı məsələlərlə indi deyil, “bir neçə əsr əvvəldən” məşğul olmaq lazım idi və onu gələcəyə saxlamaq doğru deyildir. O da həqiqətdir ki, milli tarix məsələsi “bir, ya iki fərdin işi deyildir”, bu problemin həlli üçün “darülfünunlar, məclislər, cəmiyyətlər mövcud olmalı.” Müəllif, Avropa türkologiyasının xeyli irəli getdiyini, bir sıra akademik məsələlərin həllinə müvəffəq olduğunu yazır və bəzi türkoloq və şərqşünasın adını çəkir. Daha sonra Osmanlı Türklərindən Şəmsəddin Sami, Nəcib Asim kimi araşdırıcıların təşəbbüslərini örnək olaraq göstərir. Yerli türkoloqların yetişmədiyi bir yana, xarici müəlliflərin əsərlərini oxuyanların belə olmadığına diqqət çəkən Əli Bəy, içdən təəssüfləndiyini bildirir.[10] Əli Bəy Hüseynzadə məqaləsinin sonrakı hissələrində Azərbaycan Türklərinə “Tatar” deməyin yanlış olduğunu bildirir, Tatarların mənşəyini izah edir. Onların,  Moğolların bir hissəsi olduğunu,  amma Qərbə kütləvi şəkildə köç etmədiklərini bildirir. Daha sonra  əski Türklərin “səhneyi-tarixiyyəyə miladi-İsadan 2000 il əvvəl çıxdığını”, “Baykal civarında Orxon və Yenisey nəhrləri səvahilində və Altay ətəklərində yaşamış” olduqlarını qeyd edərək, antropoloji baxımdan Türklərin çeşidli təsirlərə məruz qaldığını ətraflı izah edir. Məqalənin növbəti hissəsində Hüseynzadə Ural-Altay (Turan) dil qrupunun özəlliklərinə keçir, onun Sami və Hind-Avropa dil qrupundan fərqini göstərir. O, İslamı qəbul etdiklərinə və Ərəblərlə yüzillərlə yanaşı yaşadıqlarına baxmayaraq, Türklərin  ərəbləşməməsinin birinci səbəbi olaraq Türk dilinin fərqli özəlliyini göstərir. Əsərin sonrakı bölmələrində əski Türklərin inanışlarını, onların əski mədəniyyətini ələ alan Əli Bəy Hüseynzadə, orta yüzillərdə Türklərin böyük bir coğrafiyada yazdığı möhtəşəm tarixdən bəhs edir. Onun bu əsəri dövrün türkologiya elminin son uğurlarına əsaslanır və ciddi siyasi önəmi vardır. Milli məfkurənin formalaşması baxımından  Əli Bəy Hüseynzadənin “Həyat”da çap etdirdiyi “Bizə hangi elmlər lazımdır?” məqaləsinin də böyük önəmi olmuşdur.[11] Məhz bu məqaləsində Hüseynzadə məşhur üçlü düsturunu – “Türk qanlı, İslam imanlı, Firəng qiyafəli olalım!” – formulə etdi. Fövqəladə uğurlu ifadə olunmuş bu düsturu millətçi kəsim millətçiliyin əsas şüarı olaraq qəbul etdi, daha sonralar isə bu ideoloji-siyasi istiqamətlər – Türkçülük, İslamçılıq, Çağdaşçılıq –  müstəqil dövlətin bayrağındakı rənglərdə simvollaşdı (1918).   …Əhməd Ağaoğlu (Ağayev, 1869-1939) Azərbaycanda Türkçülüyün möhtəşəm nümayəndələrindəndir. Əhməd Bəy redaktoru olduğu “İrşad” qəzetində (1906-7) millətçilik (Türkçülük) mövzusunda müzakirələr açır. Fərhad Ağayev (Ağazadə) millətçiliyə həsr olunmuş məqaləsində “millətin istiqbalını təmin etmək üçün birləşmək” gərəkliyi və bunun üçün millətçiliyin yeganə uyğun cərəyan olduğu fikrini irəli sürür. Elə buradaca o yazır: “Bir parə darülfünunlarda təlim tapmış cavanlar millətin böylə ağlar halətini görübdə onun mühim ehtiyaclarına əslən etina etməyub, özlərini ayrı firqələrə, ayrı partiyalara mülhəq ediyorlar.”[12] Fərhad Ağayevin məqaləsindəki fikirlər Harun Sultanov adlı bir “intelligentin” etirazına səbəb oldu. Harun Sultanova görə, “Nasyonalizm o vəqt lazım idi ki, bir dildə, bir yerdə, bir adətdə olanları yığsın bir yerə… Nasyonalizm bizə heç lazım deyil, biz nasyonalizmdən keçmişik.” Millətçiliyi (“nasyonalizm”i) tənqid edən müəllif, alternativ olaraq sosializm və İslamın gərəkliyi fikrini müdafiə edir.[13]  Redaksiya bu müzakirənin vacib olduğunu bildirir və oxucuları müzakirəyə qoşulmağa dəvət edir. Fərhad Ağayev özü müzakirənin davamı olaraq bu mövzuda bir neçə məqalə yazır. Məqalələrin birində Fərhad Ağayev göstərirdi: “… ha xəyalə düşürəm, ha imdiki Müsəlmanların nəinki nasyonalizmdən keçib ötmədigini, hətta nasyonalizmə gəlüb çatmadığını da müşahidə edə bilmiyorum… Yenə başa düşə bilmiyorəm ki, rəfiqimiz [Harun Sultanov] bu dünyadan xəbər veriyor, yoxsa axirətdən?”[14] Əhməd Bəy Ağayev bir qədər sonra özü bu dartışmalara qoşulub, “Millət və millətçilik” başlıqlı dörd hissədən ibarət məqalə yazdı. Bu məqalə Bakı mətbuatını sosializm (“adəmiyyət”) fikrinə aludə olmaqda ittiham edən “Tərcüman” qəzetinin bir məqaləsinə cavab olaraq yazılmışdı. Əhməd Bəy bu iddianın doğru olmadığını bildirir və millətçilik haqqında özünün baxışlarını izah edir. O bildirir ki, “hər fərdin ömründə olduğu kibi bir millətin ömründə də dövrələri var. Bu dövrələri keçmək məcburi bir əməldir.” Daha sonra müəllif Avropa  ölkələrindən öyrənməyin vacib olduğunu deyir, Avropa tarixində millətçiliyin oynadığı müsbət quruculuq rolundan bəhs edir və göstərir ki: “… cümlə millətlərin ən parlaq mərhələləri həman “millətçilik” deyilən dövrələridir! Əlan ümum dünyanı heyrətdə qoyan, ümum dünyaya hökmfərma olan, o müşəşə [parlaq], o müqtədir, öz ülum, sənayesi ilə ouce-əlaya [yüksəklərə] çatmış Fransanı, İngiltərəni, Almaniyanı, İtaliyanı bu əzəmətə, bu həşəmətə çıxaran həman millətçilik, həman nasyonalizm dövrəsi oldu!”[15] Əhməd Bəy başqa məsələlərlə yanaşı hər millətçiliyin müsbət olmadığı fikrində də israr edir.  Rusiyada Pruşkeviçin millətçiliyi ilə Turgenevin millətçiliyi arasında  böyük fərq olduğunu izah edir. Elə buradaca o, öz millətinin eyblərini, başqa millətlərin müsbət keyfiyyətlərini gizlətməyi xəyanət sayır: “Həqiqi millətçi millətini tənqid etməkdən, millətinin üyyubatını [eyblərini], qüsuratını görkəzməkdən, millətinin azarlarını, dərdlərini arıyıb da açıq-açığa deməkdən nəinki çəkinmiyorlər, bəlkə bir an böylə qafil olmiyorlər. Və həmçinin həqiqi millətçilər qeyr millətlərin arasında olan gözəl sifətləri, gözəl adətləri, gözəl bənaləri [qurumları?] öz milləti üçün imtisal edüb [örnək bilib], millətini bu günə şeyləri əxz etməgə təhrik və təşviq etməkdən çəkinmiyorlər.”[16] …Rəsulzadənin “Açıq söz” qəzeti (1915) ümmətçiliyin deyil, millətçiliyin (Türkçülüyün) milli elitin şüurunda dominant-aparıcı axıma çevrildiyinin göstəricisidir. Milli mətbuatda ilk dəfə  qəzetin başında “gündəlik Türk qəzetəsidir” yazıldı.   …Ömər Faiq Nemanzadə 1917-ci ildə “Mən kiməm?!” adlı məqaləsində yazırdı: “Mən iddia etmək deyil, uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilmiyiriz… Hə, ey Türk! İstər darıx, istərsə qarıx, yaxandan əl çəkəcək deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yoxdur? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən Türkəm.”[17]   Azərbaycan Demokratik Respublikası dövrü (1918-20) ilk dəfə olaraq millətlə dövlətin bir-birini tamamladığı, dövlətin Türkçülüyə sahib çıxdığı bir dövrdür. Millətin və milli dilin adı rəsmiləşdi; 1918-ci ilin 27 iyununda Nazirlər Kabineti “dövləti lisanın Türkcə olması” haqqında qərar verdi; milli təhsil sisteminin qurulması işləri başlandı; parlaman sədrinin müavini Həsən Bəy Ağayev ona ünvanlanmış diləkçənin (ərizənin) üstündə yazmışdı: “Ərizə Türkcə lisanda olmadığından əncamsız qalır”; Məhəmməd Baharlı ilk dəfə olaraq etnogenez məsələlərini araşdırdı.[18]   Rəsulzadənin “bolşevık Türkçülüyü dövrü” adlandırdığı 1920-36-cı illərdə Türkçülüyün irəlidə qaldırdığı bəzi problemlər həll edildi, ya həlli istiqamətində mühüm işlər görüldü: etnik kimliyin (Türk milləti, Türk dili, Türk ədəbiyyatı, Türk mədəniyyəti, Türk teatrı və s.) təsbiti, təhsil sisteminin milliləşməsi və inkişafı, milli dildə təmizlik, milli ədəbiyyatın və mədəniyyətin inkişafı və s. Ancaq bu proses 1930-cu illərin ortalarından dayandı, daha doğrusu, bir sıra sahələrdə tərs yön aldı. Sovet diktatoru Stalinin əmri ilə millətin, dilin, ədəbiyyatın, kültürün və s. adı dəyişdirildi; “Türk” adına tabu qoyuldu; tarixçilikdə “Azərbaycanlı” konsepti qəbul edildi və vətəndaşın tarix şüuru qarışdırıldı…   Sovet rejiminin sonlarında, özəlliklə Perestroyka’dan başlayaraq Türkçülük yenidən canlandı, əski irsin mənimsənilməsi üçün müəyyən işlər görüldü; yeni ideyalar və fikir adamları meydana çıxdı. Ən yeni dövr Türkçülüyün lideri Əbülfəz Elçibəy dərin mənalı düstur irəli sürdü: “Azərbaycan xalqı Türklüyünü dərk etdikdən sonra milli problemlərini həll etməyə başlayacaq.” Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-93) dekolonizasiya siyasəti çərçivəsində ictimai həyatın milliləşməsi yönündə mühüm addımlar atıldı; Qüvvədə olan Anayasaya uyğun olaraq Azərbaycan dilinin dövlət orqanlarında  işlədilməsi təmin edildi; 1992-ci ilin dekabrın 22-də Milli Məclis “Dövlət dili haqqında qanun” qəbul edərək, dövlət dilinin “Türk dili” olması məsələsində tarixi ədalətin yerini tapmasını təmin etdi; təhsil siteminin milliləşməsinə başlandı; milli məktəblərin statusu və populyarlığı artdı; Kiril əvəzində qəbul edilmiş Latın qrafikası ilə yeni dərs kitabları çap edildi; Türk yer adlarının bərpası işi sürətləndi; Milli Məclis ruslaşdırılmış soyad sonluqlarının (“ov”, “yev” kimi) dəyişdirilməsinin asanlaşdırılması qaydaları haqqında qərar verdi. Ancaq bu sürəc uzun çəkmədi, bir ildən sonra milli hakimiyyət devrildi.   Güneydə isə Türkçülüyün yeni mərhələsi İslam inqılabından (1979) sonra başlanmışdı. Ana dilində onlarla qəzet-dərgi çıxdı, milli həyatın problemləri üzərinə yüzlərlə məqalə yazıldı. Varlıq dərgisi yazarları başda Dr. Cavad Heyət olmaqla yerli Türkçülüyü elmi əsaslara oturtdu, milli tariximiz ümumtürk tarixinin bir bölümü olaraq ələ alındı, Fars irqçiliyinə qarşı ideoloji-mədəni mübarizə cəbhəsi açıldı. Onminlərlə insanın stadionlarda və başqa yığnaq yerlərində “Haray, haray, mən Türkəm!” hayqırtıları səpilən toxumların verimli torpağa düşməsinin göstəricisidir… [19]   Bir sözlə, Türkçülük meydana çıxdığından bu yana yalnız üç dəfə (!), özü də epizodik olaraq dövlət siyasətinin əsasını oluşdurdu:  ADR (1918-20), Elçibəy hakimiyyəti (1992-93) və 21 Azər (1945-46) dövrlərində. Qalan vaxt – Rusiya İmperiyası (təxm.1805 – 1917), Sovet İttifaqı (1920-1991),  kosmopolit-avtoritar Əliyevlər iqtidarı (1993-dən sonra), Pəhləvilər (1925-79) və İslam Cümhuriyyəti (1979-dan sonra) zamanı Türkçülük dövlət hakimiyyətinin basqıları, bəzən repressiyaları altında özünə yol tapmalı oldu. Dramatik tariximiz Azərbaycanda Türkçülüyün (millətçiliyin) nəzəri cəhətdən bitkinlik qazanmasına da imkan vermədi. Nəzəri cəhətdən formalaşması bir yana, bir neçə nəsil əvvəlki Türkçülərin yaratdığı irs, onların mirasçılarından yadırğadıldı, ən önəmlisi isə onların qarşıya qoyduğu problemlərin əksəriyyəti bu gün də  qalmaqdadır. Günümüz Quzeydə və Güneydə Türkçülüyün, məsələn, milli mədəniyyət (kültür) sahəsində ən aktual vəzifələri bunlar sayıla bilər: Türk milləti, Türk dili, Türk ədəbiyyatı, Türk kültürü və s. anlayışların bərpa edilməsi; Doğru-düzgün, inandırıcı tarix şüurunun formalaşdırılması; Quzeydə təhsil sisteminin milliləşməsi və çağdaşlaşması; Güneydə milli təhsil sisteminin qurulması; Milli dildə təmizlik və dilin inkişafı; Əski ideoloji-siyasi irsin (Zərdabi, Əhməd Ağaoğlu, Əli Hüseynzadə, Əli Mərdan Topçubaşı, Rəsulzadə, Mirzəbala Məmmədzadə və b.) mənimsənilməsi; Milli birlik fikrinin (yerliçilik və tayfaçılığın alternativi) formalaşdırılması; Adların və soyadların milliləşməsi; Azərbaycan coğrafiyası xaricindəki soydaşlarla əlaqələrin gücləndirilməsi; Türk dünyasının birliyi şüuru və s.   [1] Mirza-Bala Mehmet-zade, Milli Azerbaycan Hareketi. Milli Az. “Müsavat” Halk Fırkası Tarihi, Berlin: Fırka Divanı, 1938, s. 21. [2] Azərbaycanın Türkçülük və Azərbaycançılıq problemləri, Bakı: Ay-Ulduz, 1998, 160 s. [3] Məsələn, baxın: H. Kohn, Prelude to Nation-States. The French and German Experience, 1789-1815, NJ: Princeton, 1967; C. Tilly (ed.), The Formation of National States in Western Europe, NJ: Princeton, 1975;  Peter Alter, Nationalism, London etc.: Edward Arnold, 1985 (özəlliklə,4-cü bölüm); Anthony Smith, The Ethnic Origins of Nations, Oxford, 1986; John Stoessinger, The Anatomy of the Nation-State and the Nature of Power, in Richard Little and Michael Smith (ed.), Perspectives on World Politics, London and NY: Routledge, 1992, pp. 23-35; Orhan Türkdoğan, Türk Ulus-Devlet Kimliği, İstanbul: İQ, 2005. [4] Geniş bilgi üçün, məsələn, baxın: http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2345-AZERBAYCANDA-TURK-VARLIGI-Siyasi-ideoloji-terefi-1.html/inner/1 [5] Əkinçi. 1875-1877. Tam mətni. Transliterasiya və tərtib edəni Turan Həsənzadə, Bakı: Avrasya Press, 2005, s. 26. [6] Əkinçi, s. 83. [7] Yenə orada, s. 274.[8] Yenə orada, s. 161-162. [9] Kəşkül, 13 mart 1891, sayı 118. [10] Əli bəy Hüseynzadə, Seçilmiş əsərləri,  Transliterasiya və tərtibi Ofeliya Bayramlınındır, Bakı: Çaşıoğlu,2007, s. 312-313. [11] Həyat, 8 iyun 1905, N 2 [12] Fərhad Ağayof, Hansı əqidədə olmalıyız, İrşad, 14 avqust 1906, N 191, s. 3. [13] Harun, Nasyonalizm, İrşad, 8 sentyabr 1906, N 211, s. 2-3. [14] Fərhad Ağayof, Hansı mümkündür? İrşad, 11 sentyabr 1906, N 213, s. 2. Əlavə olaraq baxın: Fərhad Ağayof, Nasyonalizm və Bakü qəzetələri, İrşad, 27 sentyabr 1906, N 227, s. 2. [15] Əhməd Bəg Ağayef, Millət və millətçilik, Tərəqqi, 22 yanvar 1909, N 16, s. 2. [16] Yenə orada, 26 yanvar 1909, N 19, s. 2. [17] Azərbaycan publisistikasının antologiyası. Tərtib edən Cəlal Bəydili (Məmmədov), Bakı: Şərq-Qərb, 2007, s. 443, 447. [18] Baxın: http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2345-AZERBAYCANDA-TURK-VARLIGI-Siyasi-ideoloji-terefi-1.html/inner/1 [19] Məsələn, baxın: http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2326-DR-ZEHTABININ-CURUTMESI.html/inner/1; http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2315-VARLIQ-MEKTEBI.html/inner/1; http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2313-HESEN-RASIDININ-SORUSDURMASI.html/inner/1; http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2292-TEBRIZLI-ELININ-HARAYI.html/inner/1 N.S

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button