Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I forumuna

images22.06.2013

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I forumuna məktubla müraciət edib:

Hörmətli forum iştirakçıları!

Sizi Azərbaycanda ürəkdən salamlayır və forumun işinə uğurlar arzulayıram.

Fərqli coğrafi məkanda məskunlaşmış, keşməkeşli inkişaf yolu qət etmiş türkdilli xalqlar bəşəriyyətin çoxəsrlik təkamül prosesində daim mühüm rol oynamış,  öz zəngin mədəni ənənələri ilə tarix səhnəsində öncül yerlərini qoruyub saxlamışlar. Türkdilli xalqlar və onları təmsil edən dövlətlər bu gün də dünyada sülhün və təhlükəsizliyin təmin olunması, sivilizasiyalararası dialoqun dərinləşməsi, beynəlxalq iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfələr verirlər.

Qloballaşan dünyanın diktə etdiyi hazırkı reallıqlar türkdilli ölkələrin xalqlarını və hökumətlərini sıx əməkdaşlığa, qarşılıqlı əlaqələri daha da gücləndirməyə, xarici siyasət fəaliyyətini uyğunlaşdırmağa və birgə taktika müəyyənləşdirməyə sövq edir. Bu istiqamətdə xalqlarımızın diaspor təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin qurulması və inkişafına yönəlmiş təşəbbüslər təqdirəlayiqdir. Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında, ortaq mənafelərimizin etibarlı qorunmasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rolu xüsusi əhəmiyyətə malikdir. Azərbaycan hər zaman həmin təşəbbüsləri dəstəkləmiş və gələcəkdə də bu siyasəti davam etdirmək əzmindədir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Bakı forumunun keçirilməsi dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq soykökünə, tarixinə, milli mənəvi dəyərlərinə ehtiram, doğma vətənin maraqlarına bağlılıq nümayiş etdirən diasporun formalaşmasının bariz nümunəsidir. Düşünürəm ki, biz bu potensiala güvənərək siyasi çoxqütblülük, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafiəsi, regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verə bilərik.

Bir daha forum çərçivəsindəki müzakirələrin və qəbul ediləcək qərarların dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə dərin inamımı ifadə edir və  hər birinizə bu yolda uğurlar diləyirəm.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2013-cü il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button