Türkiyəcəni qulplamıram (dəstəkləmirəm)

ağalar qutDəstək farsca qulp, dəstəkləmək qulplamaq deməkdir.

Məqalələrimə qarşı çıxmaq üçün onları az qala lupa ilə oxuyanlar, nədənsə yeni böyük qardaşın dilinə – türkiyəcənin bütün yanlışlarına “Dildə belə hallar ola bilər” deyibən, yaman tolerant yanaşırlar. Tarixən bu, həmişə belə olmuşdur: Qul öz ağasına yox, bu ağaya üsyan bayrağı qaldırana nifrət etmişdir.

Məqaləsinin adını düzgün yaza bilməyən, ancaq buna baxmayaraq dilçilik məsələlərinə girişib, özlüyündə mənə etiraz etmək istəyərək, türkiyəcəyə bəh-bəh deyən Ramazan Siracoğlu adlı belə müəlliflərdən birinə ilk sözüm budur ki, məqaləsinin adında “gerçək” kimi yazdığı sözün kökü “ger-” deyildir, gərmək feilinin də kökü olan “gər-”dir; buna görə də bu sözün “gerçək” kimi yazılışı yanlışdır, “gərçək” yazmalı idi.

DOĞA

Sən demə, bu müəllif hansısa bir internet saytında görüb ki, doğa sözü təbiət deməkdir. O, gec də olsa gərək öyrənsin ki, elmi polemikalarda belə formada anonim, müəllifsiz, qeyri-elmi kontentlərə istinad verilə bilməz. Elmiliyin ilkin şərtlərindən və kriterilərindən biri ciddi qaynaqlardan istifadə edilməsidir. Bu bir.

İkincisi, doğa uyqur dialektində əxlaq, qayda, prins; cığatay (özbək) dialektində qanun, gözətçi, sədr deməkdir. Qaynaq belə olur, açın, baxın: Professor H.Vámbéry: “Etymologisches Wörterbuch der Turko-Tatarischen Sprachen.” Leipzig, 1878. səh. 182. Söz varsa, deməli, ona toponimlərdə də, şəxs adlarında da tuş gəlmək olar. Ancaq doğa sözünə türkiyəcədə sonradan verilmiş mənaları “Türkiyə türkcəsində doğa sözünün mənaları” deyə sırımağa çalışmaq bazarda öz alıcılarını aldadanları xatırlatdı mənə.

İnsanın anadangəlmə, yəni doğuluşuyla birlikdə gətirdiyi genetik xüsusiyyətlərinə (xarakterinə, fitrətinə, xilqətinə, məzacına və s.) doğ-kökündən düzələn “doğa” adı qoymaq olar prinsipcə. Ancaq biz insanın xarakterinə qılıq və xoy demişik, doğa yox. Yeni, üçüncü bir sözə ehtiyac yoxdur. Bu bir. İkincisi, insanın təbiətə, təbii mexanizmaya bənzədilməsi XVII yüz illikdən başlanır, konkret desək, R.Descartes-dan (Maşın insan teoriyası). Yəni qədimdə insan mahiyyətinə təbiət kimi baxılmamışdır. “İnsan təbiəti” maarifçi fəlsəfənin anlayışıdır. Əski yunanca təbiət anlayışını bildirən, fuomai feilindən yaranmış fusis sözündə də insanın doğuluşuyla birlikdə gətirdiyi xarakterinə aid hansısa məna yoxdur (Bax.: Hjalmar Frisk. Griechisches Wörterbuch. In 3 Baenden. Heidelberg, 1954-1972., səh. 1052). Latın dilində “natur”a gəldikdə isə, o, fusisin yanlış tərcüməsidir (M.Heidegger).

Buna görə də, insanın anadangəlmə xarakterini təbiətə bənzədib ona, “doğa” sözünün uyqur və özbəkcədəki mənalarını nəzərə almadan bu adı yapışdırmaq, qısaca, insandakı təbiətə doğa adı vermək prinsipcə mümkün olsa da, ancaq buradan geriyə hoppanıb, bu dəfə əsl təbiətə (heyvanlar, mikroorqanizmalar, bitkilər və s.) doğa adı qoymaq fəlsəfi yanlışlıqdır. Özü də “təbiət” sözünün dilimizin tarixində olduqca dəqiq bir qarşılığı ola-ola.

Mən təkcə elə bu doğ- feil kökündən dilimizdə olmayan bir yığın söz düzəldə bilərəm sizin üçün: doğunc, doğuntu, doğucu, doğqu, doğqun, doğmaz (“qanmaz” kimi bir sifət), doğun (“sağın” kimi bir isim), doğağan (“çalağan” kimi bir isim), doğurqa (“qovurğa” kimi bir isim), doğmalı (“yeməli” kimi bir sifət), doğalaq (“yatalaq” kimi bir isim), doğqac (“süzgəc” kimi bir isim), doğquc (“dalğıc” kimi bir isim), doğaq (“yataq” kimi bir isim), doğuq (“donuq” kimi bir sifət, “qatıq” kimi bir isim), doğqa (döngə kimi bir isim), doğulqan (“çəkingən” kimi bir sifət), doğud (“umud” kimi bir isim), doğunca (“düşüncə” kimi bir isim), doğmuş (“keçmiş” kimi bir isim)… Görürsünüzmü, birnəfəsə bir feil kökündən 20 söz yaratdım.

Mənalarını da ürəyiniz nə istəyir verək (sifariş qəbul edilir). Məsələn, “təvəllüd”ə deyək doğun; “mövlud”a deyək doğurqa; “validə”yə deyək doğuq; “abort”a deyək doğuntu, “hamilə”yə deyək doğalaq, “zahı”ya deyək doğqun… Belə yolla mən bir gecəyə iki xalqın dilini düzəldərəm. Yarımca günə isə dilimizi arı-duru hala gətirərəm. Bu, dilimizin gücündəndir. Amma dili arındırma (pürizm) budurmu?! Qanınızı lap da qaraldacaq bir sual da: Sizin dil təsəvvürünüz budurmu?!

Sözköklərini və sonluqları zər atma metoduyla bir-birinə yapışdırıb, sonra kefin istəyən mənaları onlara bir-bir tutuzdurursan, olur türkiyəcə! Budur sizin inkişaf etmiş saydığınız və Azərbaycan dili üzərinə köçürmək istədiyiniz dil?!

“DURUM”

Mən dilimizdə dur- feil kökünün və -um sonluğunun varlığını bilmirəmmi?! “Durum” sözünün dünyanın az qala bütün dillərində tərcümələrini sadalamaq mənə etiraz etməkdirmi? (“Ağaların yerlə-yeksan edilməsi” adı verəcəyiniz yeni məqalənizdə durum sözünün yoruba, teluqa, zulu dillərində də tərcümələrini google-dan tapıb yazmağı unutmayın).  İnciməyin, siz elmi mübahisə apara bilmirsiniz.

Demişəm, yenə də təkrar edirəm: XI əsrdə yazılmış, türk dilinin ən əski sözlüyündə “durum” sözünün mənası boyun hündürlüyü, uzunluğu kimi göstərilmişdir (Bax: Divanı lüqati-t-türk, I cild, səh. 396). Azərbaycan dilində indi də durmaq dedikdə birinci başa düşülən məna – ayağa durmaq, ayaq üstə durmaqdır. Durum sözü bizim tutum, oturum, atım(lıq), yeyim(lik), burum və s. sözlərimiz kimi, ölçü, miqdar, say bildirən sözlərimizin quruluşundadır. Bizim bugünkü dilimizdə isə, eləcə də türkmənlərdə “durum” – qüvvət, tab, səbat, yəni ayaq üstə durmaq gücü, ayaq üstə dayanmaq gücü deməkdir. Görün, bu söz necə zorlanmalıdır ki, o hal, vəziyyət mənasını bildirsin. Deməli, türkiyəlilər bir sözün nə keçmişdəki mənasını, nə də türk dilinin azərbaycanca, türkməncə kimi dialektial qollarında yaşayan müasir mənalarını veclərinə də almadan ona təsadüfi, ixtiyari, kefləri istəyən mənaları (hal, vəziyyət mənalarını) yapışdırıblar. İndi siz bunu hansı üzlə müdafiə edirsiniz?!

Dildə indi işlənilməyən yüzlərlə arxaizmləri onlara bambaşqa mənalar verərək diriltməyin hansı haqlılığı ola bilər? Tutaq, Nəsimi-nin dilində “şey” mənasını bildirən “nəsnə” sözünu biz indi “motosiklet” mənasında diriltsək; “xəstə” mənasını bildirən “sayru” (sayrı) sözünü “metro” mənasında dilimizə qaytarsaq; əski azərbaycandilli dastanlarımızda “xeyli” mənasını bildirən “dəlim” sözünü “rabitə” mənasında işlətməyə qərar versək, buna nə ad verərdiniz?! Elə isə Dədə Qorqut-un dilində bir nəsnənin axırı, yekunu, qutaracağı mənasında işlənilmiş “sonuc” sözünə də nəticə mənası verilə bilməzdi, “dartışmaq” sözünə də mübahisə etmək mənası verilməməliydi və s.

Ancaq türkiyəlilər burda mənə belə deyə bilərlər: “Bu, bizim dilimizdir, özümüz bilərik! Biz süni dil yaratmışıq, bunu edərkən də nə keçmişi, nə sizin sözlərinizi, nə də onların mənalarını nəzərə almışıq, əcəb eləmişik! Bəs, siz – qüzeyli-güneyli azərbaycanlılar, dilinizdə məsələn, durum sözünün daşıdığı minillik mənaları (qüvvət, tab, səbat) niyə atıb, bizim bu sözə verdiyimiz süni və təsadüfi mənaları götürürsünüz?!” Nə cavab verərik onlara?

Yeri gəlmişkən, “mübahisə” sözünün qarşılığı ola biləcək sözlər dilimizdə çoxdur: dilləşmək, deyişmək, sözləşmək, ağızlaşmaq, öcəşmək və s. Bunlardan ən uyğun olanını seçib, ona terminoloji status verilə bilər. Bir-birini dartışdırmağın mübahisə etməyə nə bağlılığı var?!

UYQAR

Uyqar sözündə uy- kökünün mənasını, Yəsrib şəhərinə peyğəmbəriniz Məhəmmədin Mədinə adını verməsinin və s. mənim qaldırdığım problemə nə isti-soyuğu var?

Sizin “kültür” (kultura) termini ilə “sivilizasiya” terminini sinonim kimi yanaşı yazmağınızdan da kulturologiyanı hansı səviyyədə bilməyiniz mənə aydın oldu…

Mədəni mənasında uyqar sözü uyqur sözünə sırf bənzətmə yoluyla yaradılmışdır. Heç bir kökü, heç bir mənası, heç bir xatirəsi yoxdur. “Uyqur” sözünü bir az dəyişdirib “mədəni” mənasında “uyqar” sözünü yaratmaq ona bənzəyir ki, eyni məntiqlə, məsələn, Orta Əsrlərdə “Qafqazın anası” kimi ad çıxarmış Bərdə şəhərinin adını bir az dəyişdirib, eliyirsən “burdur” və bu “burdur” sözüylə farscanın “şəhər” sözünü əvəzləyirsən; etiraz edən olan da deyirsən ki, dilimizdə bur- kökü də var, -dur sonluğu da.

Bir dilin tarixi boyunca ayrı-ayrı sözlərin mənası, təbii yolla əlbəttə, darala, sürüşə, genişlənə bilər, məsələn, min il bundan qabaq “cocuq” donuz balası demək idi; “işıq” isti demək idi; oturmaq (olturmaq) həm də iqamət etmək demək idi və s. Dildə baş verən belə təbii hadisələri inkar etmək mümkündürmü? Mən isə Türkiyədə cahilliklə birləşən inzibati zorakılığın dilin başına açdığı oyundan və azərbaycanlıların da bu oyuna kor kimi qoşulmaqlarından danışıram. Bu saat Azərbaycan dilində gedən türkiyəcələşmə sırf dildaxili faktorların təsiriylə gedən, təbii linqvistik proses deyildir.

QATILMAQ

Dilimizdə qoşulmaq sözü dura-dura niyə qatılmaq deməyə başlamısınız? Halbuki, qoş- kökü dilimizin sumercə ilə ortaq köklərindən biridir, azı 8 min il yaşı var. Türkiyəcədə qatılmaq deyirlər deyə, noldu indi qoşulmaq sözü dəyərdən düşdü?! Dilimizdə qatılmaq feili kütlənin kütləyə, maddənin maddəyə, heyvanın heyvanlara qarışması deməkdir. Azərbaycan türkcəsinin türkiyəcələşdirilməsini nəzərdə tutaraq, “Bu işə hamılıqla qatılmalıyıq” yazan adamdan soruşmaq istərdim: Sən malsan qoyunlara qatılırsan, ya sirkəsən yağa qatılırsan?

İSMARIC

XIX-XX yüz illiklərdə azərbaycancanı osmanlıcanın ayaqları altına çəkənlərin, deyəsən, birincisi Ə.Hüseynzadə, sonralar bunu ən ardıcıl edən isə H.Cavid oldu. Cavid ana dilimizin “necə” sözü əvəzinə yarımtürkcə-yarımərəbcə “nasıl”; ana dilimizin “od” sözü əvəzinə osmanlıca-farsca “atəş”; özümüzün “il” sözümüz əvəzinə osmanlıca-farsca “sənə”; “yox” sözünü “yoq”; “elə”ni “öylə” yazmaqla özünün, ən yumşaq ifadəylə desək, qulbeçəliyini və dayazlığını ifşa edirdi. Vaxtında repressiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi.

O, şeirlərində “ismarlamaq” sözünü işlətməkdən həzz alırdı. İsmarlamaq farsca sifariş sözünün dilimizdə pozulmuş tələffüzüdür. Elə indi də Azərbaycanda bir çoxları “mesaj” sözünün əvəzində “ismarıc” (ismarış) sözünü işlədirlər, bu sözün farsca “sifariş” sözü olduğunu bilmirlər. Başburut (pasport), onbarmaq (univermaq) sözləri nə qədər əsl türkcədirsə, ismarlamaq, ismarıc, ismarış sözləri də bir o qədər türkcədir. Belə hallar cavidkimilərdən tökülən zibillərdir, indi “göyərirlər”. Cavidin osmanlıca danışığının Azərbaycan dili üzərində təsirini azaldan faktorlardan başlıcası Sovet ideologiyasının pantürkizmə düşməncəsinə yanaşması oldu, əks halda, indiyə Azərbaycan türkcəsi osmanlıcanın gününə düşmüşdü.

“İLGİNC”

Bundan qabaqkı məqalələrimin birində “ilginc” sözünün yanlış qurulduğunu və nə üçün yanlış qurulduğunu geniş anlatmışdım. Bu adam mənə cavab yazıb ki, yox, düz sözdür bu. Türkiyəcəni daim müdafiə etməyə çalışan türkiyəli dilçi, professor T.Gülensoy isə yazıb: “İlginc formalı bir söz yanlışdır!” (Bax.: Türkiye Türkçesindeki Türkçe Sözcüklerin Köken Bilgisi Sözlüğü”, səh. 431). Söz yiyəsi deyir sözüm yanlışdır. Buna da etirazınız varmı, papadan çox xristian olmaq istəyən(lər)?

Gülünc olan – küçədə bir qızın “sapaçki”, “marocnu” və s. deməsi deyildir; son vaxtlar boşbeyin yalaqların “baxmayaraq” sözümüz əvəzinə türkiyəcə-ərəbcə “rəğmən”; “onsuz da” (“bunsuz da”) sözümüz əvəzinə türkiyəcə-ərəbcə “zatən”; “dayaq durmaq (vermək)” sözümüz əvəzinə türkiyəcə-farsca “dəstəkləmək” və s. yazmaqlarıdır.

Gedin, öz çürük ideologiyanıza, yeni siyasi eşqbazlığınıza şəxsi nəyiniz varsa, onu qurban edin. Dil heç kimin tövləsindəki şəxsi inəyi deyil.

İndi nədən ikrah etdiyimi, kimlərə, nə üçün acıqlı olduğumu bir az başa düşə bildinizmi?

meydan.tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button