TÜRKİYƏNİN DEMOKRATİYA DƏRSLƏRİ

3-cü yazı

Türkiyənin dünəni, bu günü və sabahı ilə bağlı silsilə məqalələrin üç yazıdan ibarət olacağını düşünürdüm. Lakin azsaylı da olsa, mənim üçün çox dəyərli oxucularımin bəzi sualları məni silsilənin ilk iki məqaləsində əksini tapmış bir sıra fikirlərə aydınlıq gətirmək məcburiyyətində qoydu.

Əziz oxucular, nəzərinizə çatdırmaq istərdim ki, bu maqalələr silsiləsində Türkiyə tarixində baş vermiş ayrı-ayrı tarixi hadisələri deyil, bütöv mərhələləri əhatə edən ictimai-siyasi proseslər və onların təhlinini verməyə çalışmışam. İstisna etmirəm ki, bir qisminiz bu iddialarımi yersiz sayır və düşünürsünüz ki, intelektimin imkanları xaricindəki bir işin qulpundan yapışmışam. Ola bilər. Mən yalnız öz düşüncələrimlə sizinlə bölüşmək hüququndan istifadə edirəm. Əgər onların heç bir dəyəri yoxdursa, onda sizin şüurunuzda heç bir iz buraxmayacaq. Mən isə ürəyimi boşaltmış olacağam.

Bir də əminəm ki, təhlili yazılarda baş verən hadisə və prosesləri şəxsi simpatiya və antipatiyalaramız süzgəcindən keçırərək dəyərləndirmək olmaz. Əks təqdirdə bu artıq təhlil deyil, təbliğatdır.

QABAGDA GEDƏNİMİZ TÜRKİYƏDİRSƏ, VAY HALIMIZA

Bu yaxınlarda Türkiyə Dəyanət işləri bakanlığı (nazirliyi – müəllif) fitva, yəni “rəhbər göstəriş” verib ki, müsəlman kişilərinin saçlarını qaraltması günahdır, islam qaydalarına ziddir. Maraqlısı odur ki, bığla saqqalın qaraldılmasına nə üçünsə heç bir qadağa yoxdur. Düşünməyin ki, bu qadağanın mənə nə isə bir dəxli var. Əsla!!! Birincisi, ona görə ki, qocalmışam, başımın saçı tökülüb. O qədər azdır ki, qaraltsan da xeyri yoxdur. Bir də belə “gözəlliyin” heç vaxt həvəskarı olmamışam. İkincisi, və ən əsası, artıq Türkiyədə yaşamıram.

Amma bu xəbəri oxuyandan sonra məni dəhşət bürüdü. Çünkü söhbət mənə doğma, türk-müsəlman dünyasının ən qabaqcıl ölkəsi olan Türkiyədən gedir. Əgər öndə gedənimiz bu gündədirsə, onda vay geridə qalanlarımızın halına.

Yenə də Makiavelli yadıma düşdü:”Din, əxlaq və hüquq dövlətə bağlidir. Məqsədi gerçəkləşdirmək üçün lazım olduğunda dövlət bunları alət olaraq istifadə etməlidir”. Bəziləri deyəcəklər ki, Mirqədirov özü-özünü təkzib edir. Elə deyil. Sözsüz ki, hər bir iqtidar bacardığı qədər ictimai fikir, cəmiyyətin əhval-ruhiyyəsi ilə manipulyasiya etməyə çalışır. Amma qeyd etdiyim kimi nə az, nə çox, yalnız bacardığı qədər. İqtidarın manipulyasiya imkanları isə cəmiyyətin yetkinlik və öz iradəsi üzərində zorakılığa qarşı müqavimət gücünün səviyyəsi ilə məhdudlaşır.

Bütün Avropa ölkələrində olduğu kimi hal-hazırda sığınacaq tapdığım İsveçrədə də qaçqınlarla bağlı problemlər cəmiyyətin mütləq əksəriyyətini ciddi şəkildə qıcıqlandırır. Nəticədə ifrat sağ və sol siyasi qüvvələr bu amildən hakimiyyət uğrunda mübarizədə, öz maraqlarını gerçəkləşdirmək üçün istifadə edirlər. Onu da nəzərə almaq lazımdır ki, İsveçrədə vacib qərarların qəbulu prosedurları ilə bağlı ənənələr ictimai fikrin manipulyasiyası üçün geniş imkanlar açır. Bu ölkədə vacib məsələlərin həlli, o cümlədən, qanunvericilik aktlarının qəbulu üçün birbaşa demokratiyadan, yəni, referendumlardan geninə-boluna istifadə olunur.

Təxminən br il bundan əvvəl sağ partiyalardan birinin təşəbbüsü ilə inzibati hüquq pozuntularına yol vermiş qaçqinların məhkəmə araşdırılması aparılmadan, icra hakimiyyəti orqanının qərarı ilə İsveçrədən deportasiya edilməsi məsələsi referenduma çıxarıldı. Qaçqınlara neqativ münasibətin güclənməsinə baxmayaraq, seçicilərin əksəriyyəti bu qanunun əleyhinə səs verdi. Onları buna vadar edən qaçqınların halına yanmaları deyildi. Cəmiyyətin əksəriyyəti anladı ki, bu gün qaçqınların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına İsveçrə vətandaşlarının razılığını almaq istəyənlər, bir müddət sonra onların özlərinin hüquq və azadlıqlarını tapdaq altına almağa çalışacaqlar. İsveçrə vətəndaşlarının əksəriyyəti anladı ki, bu gün qaçqınların hüquq və azadlıqlarını müdafiə etməklə öz azad gələcəklərini sığortalamış olurlar.

Bir sözlə, cəmiyyət toplumun qıcıq və hətta nifrət doğuran kəsim və fərdlərinin belə hüquq və azadlıqlarının təminatının həyati zəruriliyini dərk etməlidir. Cəmiyyət anlamalıdır ki, bu onun bütövlükdə maraqlarına cavab verən, onun azad gələcəyini təmin edən yeganə davranış tərzidir.

TÜRK ELİTASININ GÜNAHI VƏ SÜQUTU

İnsan eqoist məxluqdur. Yalnız eqoist maraqlar ayrı-ayrı fərdləri və bütövlükdə cəmiyyəti demokratik dəyərlər, insan haqqları uğrunda mübarizəyə qaldıra bilər. Lakin eqoist maraqlara bu cür qlobal baxışı əxz etmək o qədər də sadə proses deyil. Ayrı-ayrı fərdlər, toplumun kütlə adlandırdığımız mütləq əksəriyyəti öz gündəlik həyatlarında bir qayda olaraq daha aydın və bəsit dəyərlərə, məntiqə əsaslanan davranış sxemlərini əldə rəhbər tuturlar. Məsələn:”X mənim rəqibimdir. Rəqibləri isə məhv etmək lazımdır. Deməli, X-sı məhv etmək zəruridir”.

Elmdə ictimai (sosial) lift anlayışı var. İctimai (sosial) lift – şaquli hərəkətliliyə oxşayan, lakin elitalar nəzəriyyəsinin müasir müzakirəsi kontekstində daha çox hakim elitanın rotasiyasının əsas vasitəsi kimi istifadə olunan anlayışdır. Kasta və silki cəmiyyətində kəskin məhdudlaşdırılmış ictimai hərəkətlilik sənayə cəmiyyəti şəraitində xeyli böyüyür.
Müasir dövrdə ictimai lift nəzəriyyəsini dəyərlərin təbəqələrarası mübadiləsinə də şamil etmək zəruridir. Problem ondan ibarətdir ki, yeni ideyalar, yeni dəyərlər cəmiyyətin bütün tabəqələri tərəfindən eyni vaxtda və eyni həcmdə mənimsənilmir. Əksər hallarda elitanın məhdud bir hissəsi yeni ideya və dəyərləri mənimsəyir və ya onların generatoruna çevrilir. Məhz elita yeni ideya və dəyərlərin digər sosial təbəqələr tərəfindən mənimsənilməsi vəzifəsini gerçəkləşdirməlidir. Türkiyə elitası bu vəzifənin öhdəsindən gələ bilmədi. “Çalıquşu” filmindəki tez-tez “Ah Avropa, Ah Avropa” hayqıran türk çinovniki obrazını yada salın. Əslində yüz il ərzində Türkiyədə heç nə dəyişməmişdi. Yeni ideya və dəyərlər yalnız elitanın monopoliyasında qalmışdı. Geniş kütlələr tərəfindən demokratiya ən yaxşı halda özünün antik, mexaniki-riyazi, yəni çoxluğun iradəsinin təzahürü anlamında başa düşülürdü.

Ərdoğan və onun tərəfdarları müasir ideya və dəyərlərə düşmən, savadsız, irticaçı və mövhümatçı çoxluğu daxili siyasətin əsas subyektinə çevirdi. Təsəvvür edin ki, müasir Türkiyədə 4 milyona yaxın həddi-buluğa çatmış qadın oxuyub yaza bilmir.
Onun qələbəsini, Türkiyə ənənəvi elitasının məhvini şərtləndirən əsas amil budur. Ənənəvi, yəni əksəriyyət tərəfindən Atatürkçü adlandırılan dünyəvi elita yuxarıda haqqında danışdığımız egoist maraqlar əsasında azad cəmiyyət formalaşdırıb onu öz şərikinə, müttəfiqinə çevirə bilmədi.
Fikrimcə, demokratiya ilk nəzərdən bir-birinə zidd iki tezisin cəmiyyət tərəfindən mənimsənildiyi halda mümkündür.

DƏYƏRLƏRİN SÜQUTU

Birincisi, cəmiyyət öz iradəsi üzərində zorakılığa yol verməməlidir. Bu əksər hallarda özünü çoxluğun iradəsində gerçəkləşdirir. Öz iradəsi üzərində zorakılıq cəhdlərinə qarşı cəmiyyətin müqavimət gücünün yetərliliyi toplumun yuxarıda qeyd etdiyimiz kimi əntiq dövrlərdən məlum demokratiya əlifbasına yiyələnməsinin göstəricisidir.

İkincisi, cəmiyyət bir tam halında mənimsəməlidir ki, çoxluğun iradəsi belə mütləq həqiqət deyil. Başqa sözlə desək, çoxluğun iradəsinə ram olmayan həqiqətlər və dəyərlər də var. Bu isə cəmiyyətin dəyərlər səviyyəsində demokratiyanın fəlsəfəsinə yiyələnməsinin göstəricisidir. Əslində, mahiyyətcə demokratiya fəlsəfəsinin daxili strukturunun dindən elə bir ciddi fərqi yoxdur. Demokratiyanın özünün doqmaları var, bütün dinlərdə, o cümlədən İslamda olduğu kimi. Lap Quran ayələri kimi. Bu həqiqətləri demokratiya əlifbası, yəni səsvermə yolu ilə müəyyənləşdirilən çoxluğun iradəsi vasitəsi ilə dəyişmək olmaz. Elmdə də belə, yəni sübuta və təsdigə ehtiyacı olmayan dogmalar var – məsələn, aksiomalar.

Həqiqətə oxşar bir lətifə yadıma düşdü. Həqiqət olması da istisna deyil. Sovet hakimiyyəti qurulandan sonra savadlızlığın ləğvi kursları yaradılmışdı. Bu kurslarda ingilabi siniflərin çoxdan həddi-buluğa çatmış nümayəndələrinə oxuyub-yazmağı, saymağı öyrədirdilər. Belə dərslərdən birində Qızıl Ordunun komissarlarından biri naqanını müəllimin gicgahına dirəyib tələb edir:”Mən iki üstəgəl ikinin dörd olduğunu qəbul etmirəm. Gəlin səsə qoyaq”. Deyəcəksiniz ki, lətifədir. Elə deyil. Sovet gerçəkliyinin əksidir. Hətta deyərdim ki, heç bir ifrata varmadan. Sovet dövründə Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun qərarı, yəni adi səsvermə yolu ilə elmin ayrı-ayrı sahələri qadağan edilir, tanınmış alimlər isə ya qətlə yetirilir, ya da həbs düşərgələrinə göndərilirdi.

Demokratiyanın doqmaları çox sadədir. Bir sıra hamıya aydın və məlum istisnaları çıxmaq şərti ilə insan haqq və azadlıqları hətta çoxluğun iradəsi ilə belə məhdudlaşdırıla bilməz. Lap loru dildə desək, məsələn, söz azadlığını çoxluğun iradəsinə əsaslanaraq ləğv etmək və ya məhdudlaşdırmaq olmaz. Demokratik prosedurlardan demokratik dəyərlərin ləğvi üçün istifadə yolverilməzdir.

Çoxluğun iradəsini mütləq həqiqət kimi cəmiyyətə sırımaq cəhdi gec-tez totalitarizmə, siyasi-ideoloji diktaturaya gətirib çıxarır. Keçən əsrin ortalarını yada salmaq kifayətdir. Nasional-sosialistlər Almaniyada demokratik dəyərlərin ləğvi üçün demokratik prosedurlardan geninə-boluna istifadə etdilər.

Türkiyədə həmişə ideoloji diktatura və basqı mövcud olub və bu gün də mövcuddur. Hamıya aydın bir misal gətirmək istəyirəm. On il öncə hicablı qadın universitetə daxil ola, dövlət idarəsində iş tapa bilməzdi. Bu gün isə küçələrdə islamçılar dünyəvilərə, hətta hamilə qadınlara belə basqın edirlər. Çünkü qısa ətəkli don və ya şalvar geyinmiş qadınları islami dəyərlər prizmasından əxlaqsız sayırlar. Heç nə dəyişməyib. Dünyəvi ideoloji basqı islami irtica ilə əvəz olunub. Bir ideoloji diktaturanı digəri əvəz edib.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button