Tuthatut həftəsində yaddaşımıza hakim terror…

Tuthatut həftəsində yaddaşımıza hakim terror...

 
Bu həftə həm tuthatutlarıyla “əlamətdar”dı, həm də terrorla.
Reaksiyalar hər zamankı kimi kütləvi! Kreativ düşüncənin yoxluğundan, açıq təfəkkürün hələ də əxz olunmamasından, qlobal baxışın ümumiyyətlə yolverilməzliyindən və ibrətamiz hansısa irəliləyişə can atılmamasından heç kim narahat deyil!
Narahatlıq varsa da, taktika və strategiya sıfır! Hamamda duş altında çimərkən inqilab etmək və başqasına məsləhət vermək komfortundan heç kim imtina eləmir. Hətta ən ağır olaylar çözülərkən belə ironiya, sarkazm yox e, laglağı ehtirası səngimir – Habil Əliyevin Akif İslamzadəyə dediyi nə yerinə düşür…
Ölkənin təhlükəsizlik sisteminə bağlı bu qədər (özümü bu qədər sözünü böyük hərflərlə yazmaqdan zorla saxlayıram – A.C.) yetkilinin cinayətə bulaşıqlığı, xarici kəşfiyyatın bu qədər içimizdə azad və rahat performansı, insanların bu qədər güvənsiz qalması lazım olan cəmi bircə sualı verdirmədi: xalqına bu qədər düşmən vətəndaşı bu xalq haçan böyütdü? Hamısı da alim oğlu, müəllim oğlu, həkim əri, siyasətçi şəcərəsinin mənsubu.
Bu həbslərin ədalətin təntənəsi sayılmasını isə acı təəssüflə qarşılayıram: MSİ və ÇCM-lər hacıməmmədovları, akifçovdarovları heç nədən məhrum etmir! – açmasına ehtiyac duymuram. Və həm də bu həbslər heç nəyi dəyişmir! Çünki…
Xalqın mentallığını, hiss və həyəcanlarını dilin yazılı işarələri – qışqırıq, etiraz, yanğı, təəssüf, qeyri-müəyyənlik bildirən nidalar, nöqtələr, suallar xalqın idarəetməsini sərgiləyən siyasət simvolları qarşısında aciz.
Müstəqillik dönəminin qısa zaman kəsimində xalqın inamını qırmağa, psixologiyasını pozmağa, yaşam prinsiplərindən bilmərrə imtinaya həddən ziyadə çox sayılmalıdı şahidlik etdiklərimiz. Bu qədər də olmaz, olmamalıdı!
İqtisadi sahədə Fərhad Əliyevlə bir dönəm yaşadıq!
Səhiyyədə “İnsanovin çuma”sını “Şıxəliyev vaksini”ylə peyvənd elədilər.
“Hacıməmmədov vəbası” “Çovdarov taunu” ilə əvəzlənibmiş. Növbəti epidemiya gözləniləndi!
Əslində əmin olmaq lazımdı ki, belə də davam edəcək! Bir o sadə səbəbdən ki, içimizdə Hacı Məmmədov, Akif Çovdarov olmaq azarı var – müəllim, alim dədələrimiz belə öyrətməsə də! Ən azından onların dəstəsində olmaq eşqimiz körüyə amadə.
 
Amanabənd ideoloji bağlılıq anındaca qırılır, halbuki… Xocalıdan sonra, Şuşadan sonra, Laçından sonra, əlqərəz, bu qədər faciələrdən sonra xalq bir yana, xalqın sözünü deyənlər yaddaşımıza terror etməməliydilər!
Hər gün 20 yanvar, 26 fevral… 20 noyabr kimi yaşanmalıykən, “penoplast alovu”yla qıcıqlanırıq, qazi intiharıyla əndişələnirik və sonra… unuduruq.
Biz tarix xalqı olmalıykən, təqvim xalqına çevrilirik.
 
Biz tarix yazmalıykən, tarixlərə yazılırıq – terrorla bitirik!
Terrorla bitməyəcək, bitirilə bilinməyəcək xalq olmasaq da, məhz bu iddianı sərgiləməliyik! Nə olsun ki, biz “superderjava” deyilik, “G-7” cəhənnəmə, heç “G-20”-likdə yoxuq. Axı xalq ki olaraq varıq və heç də ingilisdən, fransızdan az elmli, az mədəniyyətli deyilik. Bu ki doğrudur!
Kim hara yozur yozsun, tam səmimi deyirəm – bu xalq üçün qəhrəmancasına və yaxud da terror nəticəsində, başqa formada zülmə qurban gedənlər… sonda ancaq ən yaxınlarının yaddaşında qalır.
Qəhrəmanı – fədakarı, döyüşçüsü, siasətçisi, müəllimi, həkimi yaddaşında məhəkləşməyən xalqın məhvinə düşmən lazım deyil bir yana, bu xalqın faciələrdən xilası qeyri-mümkün. Çünki…
Biz yaddaşımızı da terrora məruz qoyuruq – bundan xilas olmasaq, sadəcə və sakitcə deyirəm: heç nə alınmayacaq!
Günümüzün reallığı bu: mətbuata sərgilədiyi məsuliyyətsizliyə görə irad tutulur, halbuki…
Bu həftə nəinki milli təhlükəsizlik, rabitə, vergi və digər sahələrin tutuqlanan təmsilçiləri timsalında yaşamımızın üzqarası sayılmalıdı, həm də elə jurnalistikanın payıdı! – …
Dəyişən təqvimin günləri bizi həm də Məmmədovdan Çovdarova çevrilmiş növbəti terrorçularla tanış edəcək. Lap bəzi rayonlarda çoxuşaqlı aillərdə olduğu kimi – bir atanın 10 uşağının hərəsi bir familiya daşıyır…
 
Etirazı olan yoxdu?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button