Uduzmağa məhkumsunuz!

Əvəz Zeynallı

Azərbaycan sənə qalib gələcək, İlham Əliyev!

Bunu gözləyirdim. Hamıdan çox mən gözləyirdim. Prezidentin «Əl-Cəzirə»dəki uğursuz və cahil çıxışından sonra «Xural» bir anda hadisələrin və fikirlərin qaynar qazanına çevrildi. Biz ölkənin bu məsələdə ən həssas və sərt duruşunu sərgilədik. Aramsız olaraq prezidentin üzərinə getdik və müəllif yazımda İlham Əliyevi millətdən üzr istəməyə, əks təqdirdə istefa verib getməyə səslədim. Bunun ardınca bir neçə yerdən anlamlı mesajlar aldım və uşaqlara bir şeylər olacağını dedim. Gözləyirdim. Amma necə, haradan, nə cür?!
Bir məhkəmədən gözləmirdim. Çünki mətbuat qəssabı Vüqar Səfərli ilə ayın 14-də məhkəmə prosesi keçirilmiş, işlər davam edirdi. Ramiz Mehdiyevlə isə ayın 18-də proses olmuş və orada da hüquqi sürəc davam edirdi. Adam Tlexurayın məhkəmə məsələsinə gəlincə, onun hələ sırasına çox vardı. Harada idi bunların o qədər səbri ki, gözləsinlər…
Dünən səhər saat 10.00-dan axşam saat 10.00-a qədər redaksiyada siyahıyaalınma baş verdi. Tam qanunsuz olaraq sırf subyektiv səbəblərlə «gündəliyə keçdiyinizə görə vəziyyətiniz normal olmalıdır» arqumenti ilə yeni alınan texniki vasitələr siyahıya alındı. 6 saat bu çəkdi və sonra çıxıb getdilər. Bir də xəbər gəldi ki, icraçı əməkdaşlardan 3 nəfəri qapının ağzında keşik çəkirlər. Səbəbini öyrəndik, dedilər ki, sənədlərin sizə gətiriləcək surətlərini gözləyirik. Amma düz qapının ağzını kəsdirmişdilər. Şübhələndik və qaranlıq düşməsini və iş saatının bitməsini gözlədiklərini sezdik. Doslara, həmkarlara, mediaya xəbər saldıq. Zatən günorta saatlarında – saat 14.00-da mətbuat konfransı keçirmiş, olanlardan ölkə mediasını xəbərdar etmişdim. Beləcə, məlum oldu ki, həqiqətən təhlükə var və icraçılar işi iflic edib qəzetin çıxmasının qarşısını almaq istəyirlər. Az keçmədi ki, icraçılardan biri zəng edib məlumat verdi: «Qərar verildi, əşyalarınızı götürməyə gəlirik.» 3 dəqiqə keçmədi ki, əşyaları toplamaq üçün yanlarında da yekə bir «Qazel» gəldilər. Gəldilər və qanunsuz olaraq bütün bilgisayarlarımızı yığıb apardılar. Bütün bilgisayarlarımızı, qızdırıcı sobalarımızı, printerlərimizi, klaviaturalarımızı, telefonlarımızı, hətta mışkalarımızı belə yığıb apardılar. Redaksiyada texnika adına heç bir avadanlıq saxlamadılar. Qalan siyahıya alınan vəsaitləri isə – kitabları, fotoları, stol-stulları bizə əmanət etdilər. Kitabla, stol-stulla qəzet çıxarmağın mümkün olmayacağını Ramiz Mehdiyev də öyrənib yəqin – ona görə bizə texnikadan başqa hər şeyi buraxıb getdilər. Nərimanov rayon icraçıları gedəndə saat 22.00-ı keçirdi…
Başımızda bu qovğa çoxdan var, amma son bir ay bir başqadır mənim ömrümdə. Gündəliyə keçməyə qərar verəndən elə bil Azərbaycan hakimiyyəti dəli oldu. Bir qrup qabiliyyətsizi yığıb şəbəkə yaradıblar və biz o şəbəkəni bir ayın içində darmadağın etdik. Qəzetin çıxmasına bir gün qalmış – keçən ayın 19-da bizi Mətbuat Şurasının rəhbərliyinə daxil olan şəxslərin atalarının, analarının, ölülərinin, dirilərinin, bütün əb-əcdadlarının adlarının layiq olduğu və yer aldığı siyahıya saldılar. 20-də gündəliyə keçdik. 30 gündən sonra dözə bilmədilər – yenə ayın 19-da, gündəliyə keçməyimizin 1 ayının tamamında əmlakımızı vəhşicəsinə yığdılar. İnsan kimi yox, vəşhi kimi «Xural»ı talan etdilər.
Bu qərarın arxasında birbaşa İlham Əliyev dayanır. Biz onu çox tənqid edirik. O, buna cavab vermək iqtidarında deyil. Özü və komandası qabiliyyətdən məhrumdurlar. Əl atırlar inzibati yollara. İnanmasınlar ki, bu yoldan dönüş var. Yox, sonuna qədər gedəcəyik.
Mən İlham Əliyevə qarşıyam. Onun vəhşi, talançı, rüşvətxor, yalançı, talançı və gücsüz komandasına qarşıyam. Bu qarşıdurma başımıza açılan bu oyunlarla daha da dərinləşir və siyasi mahiyyət alır. Mən üzərinə gələndə geri çəkilən, sözündən çəkilən adam deyiləm. Mən bu ölkədə ölümün gözlərinin içinə diri baxmağa söz vermişəm. Yox, qəhrəman olmaq niyyətində deyiləm, mən elə qarajlardayam. Amma mənim komandam – bu cəsarətli özgürlük savaşçıları dünən icraçıların mühasirəsində özlərini İlham Əliyevin 20 illik nazirlərindən ləyaqətli apardılar. Mən onların düyünlənmiş yumruqlarını müşahidə edirdim və bilirdim. Bir hərəkətimlə, tək bir hərəkətimlə «Xural»ın yerləşdiyi qarajdan 20 meyit çıxardı. Biz artıq mübarizəyə hazırıq və İlham Əliyevin bu anlamsız və mənasız qərarı bizi yolumuzdan yıldıra bilməz. Nə bu mətbu şəbəkənin atalarının layiq olduğu qara siyahı, nə də redaksiyamızdan aparılan bilgisayarlar bizim fəaliyyətimizin dayanmasına səbəb deyil. Əksinə, onlar bilgisayarlarımızı doldurub apardıqları «Qazel»i hərəkətə gətirəndə mən «Xural»ın böyük komandasının düyünlənmiş yumruqlarla bir ağızdan Azərbaycanın himnini oxuduqlarını gördüm. Kövrəldim. Bu kövrəlmələri gözüqızmış əməkdaşlarımızın icraçıların üzərinə yürüdüyü anlarda da keçirdim. Hə, biz sahib olduğumuz dəyər uğrunda ölməyə hazırıq!
Ölməyə hazırıqsa, mübarizə başlayır!
Əzizim, İlham Əliyev, biz sənə qalib gələcəyik! Sən bu ölkəni idarə etməyə qadir və qabil deyilsən. Azərbaycanın heç bir Milli məsələsini həll etməmisən. Etməyinə də artıq inanmıram. Öz adımdan, şəxsən öz adımdan deyirəm. Bu ölkənin idarəsindən bir an öncə uzaqlaşmalı, millətin dəyərli övladlarını görəvə çağırmalısan. Qaldıqca batacaqsan!
Əziz Millətim! «Xural»ın bütün texniki avadanlıqlarını aparıblar. Heç bir texniki vasitəmiz qalmayıb. İmkanlarımız da zatən tükənmişdi. Biz bu ölkənin ən yüksək ranqlı dövlət adamlarının təkliflərini, milyonlarını qəbul etmədik. Bizə İlham Əliyevi tənqid etməmək şərti ilə hər şey təklif etdilər. Ramiz Mehdiyev də məhkəmə iddiasını geri götürürdü. Təklifi edən də sıradan bir məmur deyildi – Azərbaycanın daxili işlər naziri Ramil Usubov idi! Etmədim! Mən azad mətbuatın prinsiplərini bunların ayaqlarının altına pəyəndaz etmədim! Mən azadlığı və müstəqilliyi seçdim.
Dava o davadır. Dava Azərbaycanın müstəqil sözünün davasıdır. Ona görə də bütün duyarlı insanlara müraciət edirəm – bizə kömək edin! Bizə bilgisayar göndərin! Əlinizdən gələni edin! Sizin bizə göndərdiyiniz hər manat bizim bunlara qarşı dirəniş gücümüzü min dəfə artıracaq! Bunları dəli edən odur. Biz uçuq-sökük qarajlarda bunların milyonlarla manat xərcləyib etdiklərini xırda-xuruşlara edirik. Ürəyimiz var, ona görə…

Əminəm:

 Biz qalib gələcəyik!

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

5 şərh

  1. İlhamlıq nə iş var, ramiz mehdiyevdir ölkəni idarə edən, İlhamın da gücü çatmır onu işdən çıxarsın, təqaüdə göndərsin. Əmiasini sakitləşdirdi, amma bu Daydaya gücü çatmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button