Uşaqlar Əlifba bayramında

171 saylı orta məktəbin 1 Ç sinif şagirdləri Əlifba bayramlarını qeyd etdilər. Məktəblilər bir ildə öyrəndiklərinin hesabatını çətin də olsa bir gündə verməyə çalışdılar. Tədbiri məktəbin direktoru İradə xanım Murquzova açaraq uşaqlara hər zaman səslərinin ali mərtəbələrdən gəlməsini, gələcək təhsil yollarında müvəffəqiyyət arzuladı. Çıxışdan sonra uşaqlar Azərbaycan Dövlət Himnini oxudular. Tədbirin rəsmi hissəsindən sonra istedadlı uşaqlar bir–birindən gözəl milli və əcnəbi rəqs nümunələri, bir–birindən gözəl və maraqlı səhnəciklər göstərərək gələn qonaqların zövqünü oxşadılar. Hər səhnəciyə özəl olaraq dekorun və paltarların hazırlanması yüksək təşkilatçılıqdan xəbər verirdi. Dilli-dilavər Miranın, balaca Aydanın, gözəl Leylanın, Cavidanın, Adilin və digər uşaqların onlara verilən rolları məharətlə oynamaları özlərindən çox Samirə müəllimənin əməyinin bəhrəsi idi. Uşaqların xüsusi intonasiya və pafosla söylədikləri Vətənə, anaya, müəllimə aid şeirləri valideyinlər və müəllimlərin xüsusi marağına səbəb oldu. Şeir deyib mahnı oxumaqdan bir an belə yorulmayan məktəblilərin verdiyi bu hesabat tədbirində bir daha sübut olundu ki, Vətənin gələcəyi etibarlı əllərdədir. Uşaqların belə gözəl çıxışlarını görən valideynlərin qürur hissi gözlərindən oxunurdu. Dünənə kimi ana quzusu olan övladlarının bu gün sərbəst şəkildə özlərini ifadə etdiklərini və müəyyən kütlə qarşısında utanıb sıxılmadan istedadlarını nümayiş etdirə bilmələri anaların ikiqat sevincinə səbəb olmuşdu. Məktəblilərin çıxışından sonra məktəb rəhbərliyi və valideynlər tərəfindən hədiyyə olaraq təqdim edilən klounlar uşaqların şən zaman keçirməsinə, bir illik keşməkeşli məktəb ilinin yorğunluğunu az da olsa unutdurmağa nail oldular. Sonda 1 Ç sinfinin sinif rəhbəri Samirə Həsənova uşaqları Əlifba bayramı münasibətilə təbrik etdi. Onlara həyatda ən önəmli olan can sağlığı, dərslərində müvəffəqiyyətlər arzuladı. Kiçik balalarının səslərinin hər zaman yüksəklərdən gəlməsini, həmişə Vətənə millətə xeyirli övlad olmalarını dilədi.

Zəhra Hidayətqızı

 

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button