Uşaqlara vaxt ayıraq!

Hazırda mühacirət həyatı yaşayan Əlövsət Əliyev 1 iyun Beynəlxalq Uşaqlar Günündən yazıb. Xural.com-a göndərilən yazını təqdim edirik:

“1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Məclisinin 1950-ci il iyunun 1-də təşkil etdiyi beynəlxalq konfransda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı müzakirələr aparılıb və elə həmin konfransda da 1 iyun tarixini Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd etmək qərara alınıb. Artıq 65 ildir ki, 1 iyun tarixi Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi əksər ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilir. Amma paytaxt Bakıda keçirilən bəzi məhdud miqyaslı tədbirləri nəzərə almasaq, bu mühüm günün bütün ölkədə qeyd edildiyini demək çətindir. Fikrimizcə, Azərbaycanda hər evdə, hər bir yaşayış məntəqəsində bu gün qeyd edilməli, bu günün gözəlliyi hiss olunmalı, hər evdə uşaqların müdafiəsi əsl bayrama çevrilməlidir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizindən çoxunu təşkil edir. Orta təhsilin icbari olmasına baxmayaraq, uşaqların 5-7 faizi təhsilə cəlb olunmur. Bəzi kəndlərdə uşaqların sayi az olduğundan yalnız ibtidai təhsil mövcuddur, qonşu kəndlərə isə təhsil almağa daha çox oğlanlar gedirlər. Bəzi yaşayış məntəqələrində məktəbəqədər təhsil mövcud və ya əlçatan deyil. Uşaqlara göstərilən tibbi xidmətin səviyyəsi aşağıdır. Bir çox sahələrdə olduğu kimi uşaq ölümünün səviyyəsinə görə ölkəmiz “irəlidədir”. Uşaqların şəxsi həyatlarına valideyn müdaxiləsinin acı nəticələri davam etməkdədir. Uşaqlar arasında evlilik halları, xüsusilə ağır nəticələrlə bitən qohumlararası nikahlar, erkən nikahlar, məcburi evlilik halları davam etməkdədir. Buna görədir ki, azyaşlı anaların sayı artmaqda davam edir. Uşaqlar, körpələr və ailələrlə bağlı digər bu xarakterli xoşagəlməz ictimai meylləri sadalamaq da olar… Ailələrin iqtisadi durumunun ağır olması səbəbindən uşaqların ev şəraitində doğulması halları hələ də davam edir ki, bu da ananın və uşağın sağlamlığına ciddi təhlükədir. Doğulan uşaqların dərhal sənədləşdirilməməyi, rəsmi qeydiyyatdan gizlədilməsi, uzun illər sənədsiz yaşaması halları da mövcuddur ki, bu da sonradan həmin uşaqların müxtəlif ağır cinayətlərin qurbanı olmasına şərait yaradır. Mən təbii ki, ayrı-ayrı fondlar tərəfindən həyata keçirilən layihələrin fərqindəyəm, onları ğözdən salmaq istəmirəm və bunları müsbət qiymətləndirirəm. Lakin həmin tədbirlər mövsümi xarakterlidir və dövlət tədbirlərinə dəstək üçündür. Təhsili, işə düzəlməsi, peşə hazırlığının aşağı səviyyədə olması və s. hallarla daha çox ifadə olunur. Bu, həm də ölkədə fəaliyyət göstərən 50-yə qədər internat məktəbinin və uşaq evlərinin himayəsində olan 20 mindən çox uşağa – Azərbaycan Respublikasının vətəndaşına dövlətin münasibətdir.

Heç olmasa 1 iyun tarixində hər birimiz uşaqlara vaxt ayıraq, müvafiq orqanlara isə zəruri islahatlar üçün təkliflərimizi verməyi unutmayaq.

BAYRAMINIZ MÜBARƏK ƏZİZ UŞAQLAR!”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button