Üşütməz pencəyim məzar daşını

Azər Allahverdiyev, yazıçı

Gəncə şəhəri

 

Şər yeni qarışırdı. Hava dumanlı idi , narın-narın yağış yağırdı. Bəzi evlərin çırağı söndürülmüş, əl-ayaq çəkilmişdi. Məni tənhalıq darıxdırırdı. Havanın dumanlı olmağına baxmayaraq, pençəyimi geyinərək sahilə doğru yavaş-yavaş irəlilədim. Sahilin mehi məni dərin xəyallara aparmışdı. Aradan bir neçə saat keçmişdi. Dumanlı, çiskinli hava getdikcə bərk yağışa çevrilirdi. Şər tam qarışmışdı, evə doğru gəlirdim. Bir anlığa ağacların arasından, hıçqırtı səsi eşidildi. O yan-bu yana boylanaraq bu səsin haradan gəldiyini dinləyirdim. Bir az sonra ağacların arasında bükülərək başını dizlərinə söykəyib, hıçqırtı ilə ağlayan qıza yaxınlaşdım. Onun qıvrılaraq soyuqdan titrədiyini görəndə bütün vücudumu soyuq tər basdı, elə bil bütün dünyanı başıma yıxdılar. Asta-asta ona yaxınlaşıb, xəbəri olmadan pencəyimi onun çiyninə saldım.

Bütün paltarı islanmışdı, soyuqdan dili kəkələyirdi. Əlindən tutaraq ayağa qaldırdım, başını tumarlayaraq evə doğru gəldim. Sobanı yandırdım, çay isidib ona isti çay verdim, canına çökmüş soyuğun havasını almağa çalışdım, onun qırışmış vücuduna baxanda məni qəhər basırdı. O, ayağa qalxaraq odun sobasının yanına yaxınlaşıb, vücudunu isitməyə çalışır, əllərini ovuşdurur, iki əlini qoynuna qoyub yığcam halda sobanın yanında qıvrılıb dərin fikrə daldı. Yağışın şiddətli yağması pəncərənin taqqıldadır, onun gözünü, fikirini, taqqıltıya yönəldirdi. Hiss edirdim ondakı dərin düşüncəni… Mən sobanın yanına yaxınlaşıb, onunla üz-üzə oturub çay içməyə başladım, onu sual atəşinə tutmaq istəyirdim, ancaq bilmirdim ki, nədən başlayım.

Bir neçə qurtum çay içmişdik ki, soruşdum isinmisən, üzümə baxaraq gülümsədi, gözüm yaşla doldu, özümü güclə saxladım, içimdə boğulurdum, dəhşət idi o an hisslərim. Adınız nədir? Azər! Bəs sizin – dinmirdi, susurdu. Qəmgin gözlər, soyuqdan qırışmış üz məni çox məyus etmişdi, hiss edirdim boynunda Dəvə yükü var. Aram-aram danışırdıq, danışdıqca təkrar sual verirdim, ismin nədir? Fikirimdən yayındırmaq istəyirdi, nədənisə adını bildirmək istəmirdi, buna baxmayaraq mən israr edirdim, adın nədir?

– Bahar!

– Bahar, siz niyə, cisginli, dumanlı havada bükülərək məyus halda, hıçqıra-hıçqıra ağlayırdınız?

– Mən körpə olanda atam, anam yol qəzasında dünyasını dəyişib. Atam yazıçı, anam şairə xanım olub, hər ikisi Ədəbiyyat müəllimi idi, vaxtsız əcəl hər ikisini məndən ayırıb. Nənəmin himayəsində yaşayırdım, ağbirçək nənəm təqaüdlə mənə baxırdı. Artıq bir neçə ildir ki, o da dünyasını dəyişib, kimsəsizəm.

Baharın acı taleyi məni bir anlıq uşaqlıq xatirələrimə yönəltdi. Atam dünyasını dəyişmişdi, anamla yaşayırdım. Uşaq olarkən, mən də Bahar kimi yağışda islanmışdım. Acılı xatirələrim vardı. Bağcanın qarşısında anamı gözləyərdim. Dumanlı, cisginli havalarda, ağaclara qısılardım. Çox illər keçib, çox, indi ali məktəbdə işləyirəm. Baharın atasının yazıçı, anasının şairə xanım, hər ikisinin Ədəbiyyat müəllimi olması adamda “görünür ki, yazıçı balaları yetim olurlar” düşüncəsi yaradır. Buna baxmayaraq, yazıçılar dünyanın ən ərköyün, ən döyülən övladlarıdır.

Dostlar, məni qoymayın yazıçı olmağa… Baharla söhbətimiz gecə yarısına kimi olub, xəbərim olmadan odun sobasının yanında yuxuya dalmışam. Dan yeri yeni sökülmək istəyirdi, azan səsi məni qəflət yuxusundan oyatdı, gözümü açanda tək pencəyimin qıvrılmış halda üzərimə atıldığını gördüm. Odun sobası sönmüş, məni “Bahar”ın soyuq təri bürümüşdür. O, yox idi, odun sobasının yanından evi tərk etmişdi.

Bir neçə gündən sonra onun intihar etdiyini mediadan oxudum. Çox sarsıldım. Pencəyimi çiynimə atıb, onun məzarını axdarmağa çalışdım, çətinliklə olsa da tapa bildim, o an özümdə deyildim, gözlərim dolub, içərim isə hönkürürdü. Həyəcandan boğulan kimiydim. Qəmgin və soyuq məzarı görəndə içərimdən qəribə gizilti keçdi. Bir anlığa düşündüm ki,  o məzar mənim məzarımdır – soyuq, tənha məzar. Addım-addım, ağrı-acı kəsə-kəsə, yaxınlaşdım məzar daşına. Dərdin, qəmin ağırlığı üstümə çökmüş halda məzarın başına dolanıram. Baharın intiharı məni çox sarsıtmışdı. Axund “QURAN” oxuduqca məni qəhər basır, göz yaşım damla-damla yanağımdan ətəyimə tökülürdü. Hava cisginli, narın-narın yağış yağırdı, şarpım islanmışdı, islanmış şarpımla məzar daşının üzərini silib, pencəyimi baş daşının çiyninə salaraq onunla vidalaşdım. Vidalaşıb məzardan ayrıldım.

Məzarlıqdan çıxanda qoruyucunu gördü. Düz qapının yanında dayanmışdı. Mənimlə salamlaşır, ondan soruşuram ki, siz hər günmü burada olursunuz? Yaşlı qoruyucu təəccüblə və qəribə heyrətlə deyir: “Bəli, nə olub ki?” Əlimlə Baharın məzarını nişan verirəm ki, o məzardan muğayat ol! Gözlə o qəbir-məzarı!

Və… tərk edirəm məzarlığı. Məndən Baharın məzar daşına tək pencəyim hədiyyə qaldı. Üşütməz pençəyim məzar daşını…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button