Üzlük “mifi”: Bəzək dekoru niyə vahimə yaradan “əcinnə silahına” çevrilib?

uzluk03

Son günlər KİV-lərdə ötən ilin ən ağır hadisəsi sayılan bina yanğınları ilə bağlı yazılar diqqəti çəkir.  Qeyd edək ki, bu yanğınlar ictimai rəydə birmənalı qarşılanmamışdı. Təxribatdan tutmuş yanğın təhlükəsizliyinin pozulmasına qədər bir çox versiyalar müzakirə edilmişdi. Rəsmi açıqlamalarda isə Xətai və Binəqədidəki hündürmərtəbəli binalarda baş verən yanğınlarda əsas səbəb kimi, fasad üzlükləri göstərilirdi.

“Azadlıq” radiosunun bu günlərdə Xətaidəki binadan hazırladığı reportajda da sakinlər hələ süni üzlüklə bağlı qorxularının bitmədiyini deyiblər. Baxmyaraq ki, həmin binanın yaxınlığındakı binalara yeni üzlüklər vurulur. İş icraçıları üzlüklərin keyfiyyətli olması barədə nə qədər and-aman etsələr də, gözü qorxmuş sakinlər bu sözlərə inanmırlar.

Bina sakinlərinin “üzlük qorxusu”nu hardasa anlamaq olar. Axı, ötənilki yanğınlarda əsas günahkar məhz bu plastik material göstərilmşidi. Onun  haqqında necə dəhşətli şeylər danışırdılar? Yəqin, xatırlayırsınız: “bir göz qırpımındaca yanır, yandırır…”

Belə təsəvvür var idi ki, bu binəva polimer elə durduğu yerdə alışaraq el-aləmi alova qərq edə bilirmiş. Məşhur atalar sözü olan “Adın çıxınca, canın çıxsın” misalınınnecə gerçək olduğunu biz elə dünyda çoxdan bəri işlənən bu polimer materiala münasibətdə əyani şəkildə görə bildik.

Bəs sakinləri bu vəsvəsədən xilas edəcək “qorxu dərmanı” varmı? Nəyə görə mədəni ölkələrdə şəhər binalarının dekorasiyası üçün əvəzsiz material sayılan bu üzlüklər bizdə vahimə yaradan bir məsələyə çevrilib?

Fikrimizcə, burada məsələlər heç də tam aydın deyil. Əvvəla, ondan başlayaq ki, fasad dekorları hələ antik dövrlərdən məlum olub.

Dünyada bina fasadının üzlük materialları ilə üzlənməsinin dəbdə olması səbəbsiz deyil. Kimya sənayesinin bu sahədə yaratdığı kəşf böyük şəhərlərdə olan binalara  estetik zövq verərək gözəl interyer və ekstreyerləri ilə qonaqların və sakinlərin zövqünü oxşayır. Avropanın bir çox məşhur şəhərlərində belə üzlüklə üzlənmiş binalar artıq çoxdandır ki, mövcuddur.

Son 7-8 ildə Azərbaycanda binaların üzlənməsi ilə bağlı aparılan işləri sə tikinti sektorunda həm də yeni bir sahəni meydana gətirdi. Avropanın müvəffəqiyyətlə istifadə etdiyi müxtəlif üzlük materialları ölkəmizin tikinti bazarına kütləvi şəkildə daşındı. Bakıda və rayonlarda inzibati binalardan tutmuş bina evlərinə qədər hər yerdə belə süni üzlüklərlə üzlənmiş binaları görmək mümkün idi.

Məsələn, alkopanı götürək. Rayon icra başçılarının sevimli materialı olan bu üzlükdən sovet dövrünün köhnə binalarının əyri-üyrü divarlarını gizlətmək üçün geninə-boluna istifadə edirdilər.

Biz Bakıda indi də ən müxtəlif məkanlarda alkopanla üzlənmiş binaları görə bilərik. Xətai rayonunda FHN idarəsinin binası, “Ağa Plaza” hündür mərtəbəli ofis binası, “Babək plaza” hündür mərtəbəli ofis binası, “Luxen Plaza” hündürmərtəbəli ofis və ticarət mərkəzi, Nəsimi rayonunda “Unibank”ın inzibati binası, Səbail rayonunda “Yeni həyat” hündür mərtəbəli yaşayış kompleksi alkopanla üzlənib. Bundan başqa, Səbaildə “Holiday inn otel” binası, Yasamal rayonunda “Xalqbank” bankının inzibati binası bu üzlüklə üzlənib. Dövlət müəssisələri də alkopana biganə qalmayıb: Dövlət Statistika Komitəsinin, Milli Arxiv İdarəsinin inzibati binası, FHN-in inzibati binası, Talassemiya Mərkəzi alkoponla üzlənib… Deputatlarımız da bu materialla üzlənmiş binada -Milli Məclisdə fəaliyyət göstərirlər.

Dövlət Sosial Müdafiə Fondunun inzibati binası, Heydər Əliyev Mərkəzi də bu materialla üzlənib. Hələ bu üzlüklə üzlənmiş neçə-neçə hündür mərtəbəli binaları demirik…

Əgər bu materiallar belə təhükəli sayılırsa, o zaman ötən il digər  üzlükləri saxlayıb niyə yalnız poliuretan üzlükləri sökürdülər?

Əgər üzlük materiallarının keyfiyyəti barədə mübahisə açılsa, o zaman müqayisə imkanları çox böyük olur.

2014-cü ilin fevralında Hökümət Evinin arxasında yerləşən 16 mərtəbəli binada baş verən yanğına səbəb üzlük kimi vurulmuş alkopan olmuşdu. Buna baxmayaraq, FHN təxliyyəni uğurla həyata keçirərək yanğını söndürə bilmişdi. Lakin bu yanğına görə heç kim bu üzlüyü “əbədi və əzəli düşmən” elan etmədi.

Qeyd edək ki, alkopan tikintinin çoxlu sahələrində istifadə olunur.Yüngül, yüksək möhkəmliyi və səs izoliyasiyası onun yaxşı texniki xarakteridir. Çatışmamazlığı isə istilik izoliyasiya imkanının olmamasıdır. Lakin əgər biz onu poliuretan üzlüklə müqayisə etsək, alkopanun ona uduzuduğunu görərik. Poliuretanın “qiymət-keyfiyyət- uzunömürlük-yüngül çəki” formatını nəzərə alsaq, o fasad üzlükləri istehsalı üçün ən yaxşı müasir material hesab olunur.

Poliuretanın bir üstünlüyü də üzləmə zamanı asan montaj olunmasındadır.

Poliuretandan olan məhsullar özlərini yaxşı tərəfədən göstərərək, özünün üstünlükləri ilə əvvəlki tanınmış materiallardan xeyli fərqlənə bilib.

Məsələn, təbii daş dekor üçün əla materialdır. Amma onun istehsal prosesi çox bahadır, böyük həcmə malikdir, üzləmə zamanı incə işləri görmək çox çətin olur.  Təbii və süni daşdan fərqli olaraq, poliuretan üzlükdə ən xırda rəsm və relyefi işləmək olur.Material bu formanı uzun illər saxlaya bilir.

Beton və onun daha yüngül istehsalı olan polimerbeton və şüşəfibrobeton hər yerdə işlənir. Lakin onların da daş kimi əsas çatışmamazlığı ağır olmasındadır. Heç də bütün binaların fasadı tonlarla çəkisi olan belə üzlüyü saxlaya bilmir. Çox vaxt belə fasad dekorları bina üçün əlavə möhkəmləndirmə işlərinin aparılmasını tələb edir. Onlardanfərqli olaraq, poliuretandan olan üzlüklər yüngül çəkiyə malikdir və hətta ən köhnə tikililərdə uğurla istifadə oluna bilir.

Təsadüfi deyil ki, 20-ci əsrin 70-ci illərində fasad üzlüyü kimi işlənmiş poliuretan bu günə qədər uğurla öz keyfiyyətini saxlayır.

Demək ki, Xətaidə və Binəqədidə baş verən yanğınlarda yalnız fasad üzlüklərin keyfiyyətini mübahisə obyektinə çevirmək əslində baş vermiş faciənin başqa detallarını arxa plana atır. Məsələn, Binəqədidəki bina da yanğın mənzillərdə kütləvi şəkildə, kustar üsulla və özbaşına quraşdırılmış qaz balonlarından da törənə bilərdi. Şerlok Holms belə anlarda deyərdi: “Siz nə düşünürsünuz, Vatson?”…

Burada hətta təxribat versiyası da inandırıcı görünə bilər.

Fasad üzlüklərinə gəlincə, onların təhlükəsizlik parametrləri müxtəlifdir. Mütəxəssislər qeyd edirlər ki, indi üzləmədə dəbdə olan aqlayın zərərli şüalandırma imkanı var, alkopan və penoplast isə yanğın zamanıçoxtez alışır.

Hər şeydən əvvəl, binalarda yanğın təhlükəsizliyinin necə təmin olunmasına baxmaq, yanğına görə məsuliyyəti müəyyənləşdirən əsas arqumenti tapmaq lazımdır. Əgər avtomobilqəzaya uğrayıbsa, təyyarə göydə partlayıbsa, buna görə onu istehsal edən şirkəti ittiham etmək o qədər də ciddi görünmür.

Hazırda Azərbaycanda bir çox binaların üzlənməsində daha az keyfiyyətli olan fasad üzlüklərindən istifadə olunduğu halda, digər material – poliuretan  “ögey övlad”a çevrilib. Belə anlaşılır ki, bu materiallarla bağlı bu cür ayrı-seçkilik, ola bilsin, monopolist istəyindən qaynaqlanır və yanğın bəhanəsi burada ən kara gələn bir “mif”dur.

Yoxsa şəhərin bir tərəfini bəh-bəhlə üzlüklə üzləyib, o tərəfdən də bu materialla bağlı “xoxan” obrazını saxlamağın nə adı var?!

Xalq arasında “üzlük xofu”nu isə qadağalarla deyil, tikinti bazarında mövcud məhsulların düzgün təqdimatı ilə aradan qaldırmaq mümkündür. Eyni zamanda, yanğının səbəbləri barədə ciddi araşdırmanın aparılması da əhalinin canına hopdurulmuş “fasad üzlük vahiməsi”ni çıxarmaq üçün çox vacibdir.

Ümid edirik ki, istintaq bununla bağlı əsl səbəbləri araşdıraraq, tikinti sektorunda çox gərəkli materiallardan sayılan, ancaq birtərəfli şəkildə “arzuolunmaz məhsul” siyahısına düşmüş polimerləri “qara siyahı”dan çıxara biləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button