Vəkilləri İntiqam Əliyevə bəraət istədi

intiqam aliyev21.04.2015

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) sədri İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə hüquq müdafiəçisinin vəkilləri müdafiə nitqi ilə çıxış ediblər. Vəkil Şəhla Hümbətova ilk əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, insan hüquqları sahəsində ixtisaslaşan HMC insanların hüquqlarının qorunmasında və peşəkar hüquqşünasların hazırlanmasında əvəzsiz rol oynayıb. “Bu ölkədə dövriyyəsi ən çox məhdudlaşdırılan insan haqlarıdır” O bildirib ki, İ.Əliyev bu işləri beynəlxalq təşkilatlardan aldığı qrantlar hesabına görüb. “İstintaq isə ittihamında bildirir ki, qrant müqavilələri Ədliyyə Nazirliyinin qeydiyyatından keçməyibsə, bu, avtomatik qanunsuz sahibkarlıq sayılır. Ancaq bu, tamamilə absurddur. Belə ki, qrant müqaviləsinin qeydə alınması proseduru formal məqsəd daşıyır. Qeydə alınmırsa, bu qanunsuz sahibkarlıq deyil. Nə ittiham aktında, nə də məhkəmə prosesində ittiham tərəfi göstərmədi ki, məsələn, bu əməl İntiqam Əliyevin qanunsuz sahibkarlıq əməlidir. İntiqam Əliyev hansı dövriyyəsi məhdudlaşdırılmış əşyalarla əməliyyat apara bilərdi? Bu ölkədə dövriyyəsi ən çox məhdudlaşdırılan insan haqlarıdır və İntiqam Əliyev bununla məşğul olduğu üçün buradadır. Amma bunun cinayət işinə heç bir aidiyyəti yoxdur. Həmçinin hətta qrant müqavilələri qeydiyyata alınmadan icra edilirsə, bu cinayət əməli deyil və cinayət qanunvericiliyində bununla bağlı heç bir məsuliyyət nəzərdə tutulmayıb. Buna görə yalnız inzibati məsuliyyət nəzərdə tutulur, bu da cərimədən ibarətdir” – deyən vəkil əlavə etdi ki, əslində qrant müqavilələri ilə bağlı Ədliyyə Nazirliyinə məlumat da verilib və bu, nazirliyin internet saytlnda yer alıb. “Qrantların Ədliyyə Nazirliyində qeydiyyatı ilə bağlı qanunvericilik dəyişikliyindən sonra bu barədə məlumatlar nazirliyin saytında qeyd edilirdi və hər kəs üçün açıq idi. Lakin 2013-cü ildə həmin məlumatlar saytdan yığışdırıldı. Ancaq nəzərə almayıblar ki, internetdə heç nə itmir. 2013-cü ildə bu məlumatı saytından çıxarsa da, keşlərdə həmin məlumatlar qalırdı və biz də həmin məlumatları notariusda təqdim olunmuş formada sizə təqdim etmişik. Hətta bu işdə zərərçəkmiş sayılan təşkilatın mühasibi olmuş Gülşən Orucova da qrant müqavilələrinin qeydiyyata alınması ilə bağlı ifadəsində qeyd edib” – deyə vəkil bildirdi. “İntiqam Əliyev kimin pulunu talayıb?” Şəhla Hümbətova mənimsəmə ilə bağlı ittihamın da tamamilə əsassız olduğunu dedi. O bildirdi ki, mənimsəmə özgənin əmlakını talamadır. “İntiqam Əliyev kimin pulunu talayıb? Axı bu özgə deyilən adam şikayət yazmalıdır, zərərçəkən kimi tanınmalıdır. Pul donor təşkilatlarınındır, onlar isə nəinki şikayətçi deyillər, əksinə narahatdırlar. Məktublar göndəriblər ki, bu adama sonsuz etibar edirlər. Deyirlər ki, bizim pulumuz mənimsənilməyib. Amma prokuror deyir ki, mənimsənilib. Ancaq məhkəmə araşdırması zamanı da 119 min manatın mənimsənilməsi ilə bağlı heç bir sübut ortaya qoyulmadı. “Bu ittiham işdə maraqlı olan iki bacının ifadələri üzrə qurulub. Bütün bu fəaliyyətlərdə birbaşa iştirakı olan baş mühasib kimi Gülşən Orucovanın sözü ilə ittiham vermək absurddur. Əgər belə bir hal baş vermişdisə, təşkilatda mühasib olmuş G.Orucova da İntiqam Əliyevin yanında oturmalı idi. İfadələrində öz fikirlərini inkar edən bir adamın ifadəsini necə mötəbər sayaraq, sübut kimi kimi qiymətləndirərək ittiham vermək olar?” – deyən Hümbətiva “vəzifədən sui-istifadə” ilə bağlı ittihamın da əsassız olduğunu vurğuladı. “Prokurorluq İntiqam Əliyevin qeydinə qalaraq, “həyat tərzini dəyişib”” Vəkil Cavad Cavadov da İntiqam Əliyevə qarşı ittihamları əsassız saydıını deyib. “Burada sual olundu ki, İntiqam Əliyev niyə buradadır? İstintaqın götürdüyü sənədlərin içində İntiqam Əliyevin səhhəti ilə bağlı həkimin qeydi var. 2011-ci ildə rəy verən həkim bildirib ki, İntiqam Əliyev mütləq həyat tərzini dəyişməlidir. Prokurorluq orqanı onun qeydinə qalaraq, güclə də olsa, həyat tərzini dəyişib” – deyə vəkil bildirdi. O vurğuladı ki, İntiqam Əliyev prokurorluğa çağırılan zaman ona qarşı heç bir sübut olmayıb.Barəsində həbs-qətimkan tədbiri seçildikdən sonra istintaq orqanı ofisdə axtarış aparmaqla sübut yığmağa çalışıb. O, qeyd edib ki, axtarış zamanı ofisdən sənədlərin götürülməsi də qanunsuz formada həyata keçirilib. “Sənədlər götürülən zaman onunla bağlı aktda ətraflı təsvir yazılmalıdır. Burada isə sadəcə yazıblar ki, bu qədər qovluq, içərisində bu qədər sənəd. Həmin sənədlərin aqibəti bu günədək bizə bəlli deyil. Ona görə də, müdafiəmizi yetərincə qura bilməmişik. Məhkəmə araşdırması da Avropa Konvensiyasına uyğun olmadı. Bizim ən sadə vəsatətlərimiz belə təmin olunmadı. Məsələn, sənədlərdəki imzaların İntiqam Əliyevə məxsus olub-olmadığını yoxlamaqla bağlı ekspertizanın təyin olunması barədə dəfələrlə vəsatət versək də, təmin edilmədi” – deyən Cavad Cavadov İntiqam Əliyevin həbsinin fəaliyyətiylə əlaqədar və siyasi motivli olduğunu dedi və vurğuladı ki, bu ittihamlar Avropa Məhkəməsi tərəfindən rədd ediləcək. “İntiqam Əliyev əxlaq etalonudur” Vəkil Elçin Sadıqov nitqində İntiqam Əliyevə qarşı vergidən yayınma ilə bağlı ittihamların tamamilə əsassız olduğunu bildirdi. Qeyd etdi ki, həmin vaxt qrantlara ƏDV tətbiq edilmirdi. O, çıxışının sonunda “Troya atı” filmindən xatırlatma da verdi. “Məhkəməyə gələndə bu film yadıma düşdü. Orada sonda sərkərdə Axillesin meyitini yandırmağa gedəndə bildirdi ki, vaxt gələcək deyəcəklər ki, bu sərkərdə Axillesin dövründə yaşayıb. Bizdə də vaxt gələcək deyəcəklər ki, Elçin Sadıqov, Şəhla Hümbətova, Fəxrəddin Mehdiyev, Cavad Cavadov İntiqam Əliyevin dövründə yaşayıb və onun vəkilləri olublar. Ona görə də, hörmətli hakimlər, çalışın, siz də ədalətli qərar verin!” – Sadıqov bildirdi.. Digər vəkil Fəxrəddin Mehdiyev də ittihamların əsassız olduğunu dedi. “Bu cinayət işi Cinayət Məcəlləsinin, klassik və müasir hüququn inkarı, prokurorun çıxışı isə hüququn, elmin mühakiməsi oldu. Həm ibtidai istintaq zamanı, həm də sonralar dəfələrlə cinayət tərkibinin olmamasını demişik. Bu gün də deyirik, siz də bunu bilirsiniz. İntiqam Əliyevin fəaliyyətində nəinki ictimai təhlükə yoxdur, əksinə, onun fəaliyyəti cəmiyyət üçün əhəmiyyətlidir. Avropa İnsan Haqları Məhkəməsində gördüyü işlərlə İntiqam Əliyev ölkənin hüquq ictimai sisteminə baş ucalığı gətirib. İntiqam Əliyev həm də ziyalı hüquqşünas, beynəlxalq səviyyəli ekspert, əxlaq etalonudur” – deyə vəkil bildirdi. Qeyd edək ki, bütün vəkillər İntiqam Əliyevə bəraət verilməsini məhkəmədən xahiş etdilər. Vəkillərin çıxışına dövlət ittihamçısı replika hüququndan istifadə edərək cavab verib. Prokuror Fərid Nağıyev bildirib ki, müdafiə tərəfi özlərini sərf edən vaxtı zərərçəkən Gülşən Orucovanın ifadəsinə istinad etsə də, digər hissələrdə sübut kimi tanınmasını əsassız sayırlar. Prokuror həmçinin bildirib ki, yalnız barəsində həbs qətimkan tədbiri seçildikdən sonra İntiqam Əliyevin barəsində sübutlar toplanılması haqqında deyilənlər əsassızdır. “Bu iş üzrə istintaq əvvəldən davam edib və kifayət qədər əsaslar görüldüyü üçün barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra ofisdə axtarış aparılması və əlavə sübutların toplanması da istintaqın işidir” – deyə prokuror bildirdi. Növbəti proses 22 aprel saat 14:00-a təyin edilib. Prosesdə İntiqam Əliyev son sözlə çıxış edəcək. Bundan sonra məhkəmənin hökm oxuyacağı da gözlənilir. İ. Əliyevə Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham elan edilib. Lakin o, həbsinin siyasi sifariş olduğunu bəyan edib. Amnesty İnternational təşkilatı İ.Əliyevi “vicdan məhbusu” kimi tanıyıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button