Vətəni qibləgah edən şəhidlər – Dilsuz Qarayev

13059381_980793712011423_841753912_n

VI Yazı

Özünü Vətənə qurban edən nakam şəhid

Bu ilin ilk aprel gecələri… Gör neçə ailəyə kədər, qəm qüssə və qürur gətirdi. 4 gecə dünyanın gözü Azərbaycana dikildi, 4 gecə 7-dən-77-yə kimi hər kəsin qulağı səsdə oldu, qəlbi nigaran döyündü. Dünyanın hər yerində yaşayan azərbaycanlılar, azərbaycansevərlər diplomatik korpuslarımızın qarşısına yığılıb, “CAN Azərbaycan”ın müqəddəs döyüşlərində iştirak etmək arzusunda olduqlarını bildirdilər.

Elə ilk həmlələrdə öz tarixi torpaqlarımızda, vətənimizdəki təmas xəttində ermənilər bir daha atəşkəsi pozaraq, guya sərhəd bölgələrində dayanan əsgərlərimizi qorxutmaq istədilər. Vətəni azad etmək arzusunda alışıb yanan igid əsgərlərimizin tükənmiş səbrini daha kimsə basa bilmədi. Milli Ordunun sərkərdəsi general –polkovnik Zakir Həsənovun rəhbərliyi ilə dəqiq hesablanmış taktikalar ilə hücuma keçən əsgərlərimiz bizə QƏLƏBƏ sevincini yaşatdılar. 4 gün içərisində  düşmən tapdağı altında qalan torpaqlarımızın kiçik bir hissəsini erməni qəsbkarlarından qoparıb, ala bildilər. Döyüşlərdə itki də olur, şəhid də. Bu QALİBİYYƏT döyüşlərində Vətənimizin itkiləri də oldu.

13064033_980785782012216_342542298_o

Bir bəxti kəm ANA

Bayraqlara bükülmüş tabutları analar, bacılar harayla, göz yaşı ilə qarşılayar. Bu hər zaman belə olub. Aprel şəhidlərimizdən biri də  26 yaşlı Dilsuz Qarayev idi. Onu Ağcabədi rayonunun Hindarx qəsəsində – ana babasının evində böyümüşdü. Anası Cəvahir xanım deyir ki, oğlunu çox əziyyətlə böyüdüb. Onun haqqında soruşanda, əvvəlcə özünün nakam taleyindən danışdı:

 – Bütün qızlar kimi ailə həyatı quranda elə bilirdim ki, xoşbəxt olacam. Gəlin getdiyim evdə ayımı-günümü qaraya döndərdilər. Ər evində gördüyüm əzablara tab gətirə bilmədim. Axırda rəhmətlik atam mənə sahib çıxdı. İki oğlumu ər evində qoydum,  40-ı çıxmamış körpə Dilsuz balamı  və əzab-əziyyətdə yanmış canımı götürüb atam evinə gəldim. Çətin zamanlar idi. Müharibə başladı. Atamın 7 övladı var idi. Ailəmizə aid olan torpaq sahəsində əkin-biçin işlərində atama kömək etdim ki, ailəyə yük olmayım. Atamın, qardaşlarımın köməyi ilə balamı böyütdük. Oğlum həm ailəmizin, həm kəndimizin əziz-xələfi oldu. Abrı-həyası, davranışı ilə hamıya nümunə idi. Əsgərliyə gedib qayıdandan sonra, atasınnı evində qalan 2 qardaşı ilə də mütəmadi görüşməyə başladı. Böyük oğlan idi, artıq öz yolunu müəyyən edə bilirdi. Ancaq onu böyüdənə qədər, kimsəyə boyun əymədim, kəndimizin o biri başında olsalar da, o qapıdan çıxandan sonra, bir də yolumu onlar tərəfdən salmadım. Gördüklərim, çəkdiklərim mənə bəs edirdi. Yaman günlərim ötdü getdi. Oğlumla bəxtəvər idik. Balama 2013-cü il aprelin 17-də toy çaldırdıq. Toyunun xərcini də özü çəkmişdi.

13035489_980793715344756_1514589443_o

Danışdıqca yanır, odlanır Cəvahir bacı. Heç sakitləşdirmək də olmur. Deyir Allahın altında kar-kor olaydım, balamı tabutda görməyəydim, bu xəbəri eşitməyəydim. Nə qədər toxtaqlıq versələr də, hayqırtılarına aram vermir ana:

– Məni yaxşı başa düşün, onu zəhmətlə böyütmüşəm. O biri iki oğluma oğul deməyə qoymayıblar. Heç indən sonra da deməyəcəm. Onlar mənim qardaşlarımdırlar daha. Mənim balam Dilsuz idi. Dilimi ağzımda yandırdı.

Sonra birdən dönüb gəlini Röyaya dedi ki, “Röya, bala mən səni indiyə qədər incitməmişəm, bundan sonra da xətrinə dəymərəm, incitmərəm…”

13052595_980793698678091_1442106645_o

“Ala gözlüm səndən ayrı gecələr…”

İgid Vətən oğlu Dilsuz Qarayev  7 il idi ki, hərbi hissədə qulluq edirdi. Kəşfiyyatçı olduğundan sirrindən-sözündən, hara gedib-gəlməsindən kimsənin xəbəri yox idi. Lakin hara getsə, hansı təlimdə olsa, hansı tapşırığı yerinə yetirsə də, evinə salamat qayıdardı. Gəlini Röya deyir ki, hərdən çəkmələri, ya da ki, paltarları palçıqlı olurdu.

13023371_980793638678097_2062182161_n

İki il idi ki, Sumqayıtda 47-ci məhəllədə ev də almışdılar. Dilsuz anası ilə gəlinini də gətirib bu təzə evdə şad -xürrəm,  xoşbəxtlik arzuları ilə yaşayırdı. Qəlbinin ilk ovu Röyanı da yamanca sevirdi. Bu Röya, necə Röya… Baxışında-duruşunda bir maral hürkəkliyi var.  O qədər gözəl, o qədər pakizə bir gəlindir ki, ağzını açıb danışanda elə bil ki, bir bulaqdan sakit sular axır. Nə xoşbəxtdir o ocaq ki, belə gəlini var. Lakin:

Toy şamı sonacan yanmayan gəlin,
Əlinin hənası solmayan gəlin,
İndi o gəlini görməyə gəlin,
Onun taleyində yandı  o gecə.

Xonçalar yol açdı qəbristanlığa,
Ağlamaq öyrətdik yanan şamlara.
“Şəhid” adı verdik o qurbanlara,
Tufandı  o gecə,  qandı  o gecə

13000464_980785778678883_475862053_o

Qara örpəkli gəlin Röyadan Dilsuzla necə tanış olduqlarını soruşdum. Utana –utana bir mənə baxır, bir otaqda oturan qohumlarına baxır. Sonra cingiltili və həyalı bir səslə deyir:

 – Əsgər getməmişdən bir gün qabaq 2009-cu il yanvarın 2-də Sərdar baba ilə bizə gəldilər. Həmin gecə evlərinə qayıdandan sonra mənə telefonla mesaj yazdı ki, əsgərlikdən gələnə kimi onu gözləyim. Gözlədim. Gəldi… 2013-cü ilin aprel ayının 17-də toyumuz oldu. Çox xöşbəxt yaşayırdıq. Heç yerə tək getmirdim. Onun işdən gəlməyini gözləyirdim ki, bazarlığa birlikdə gedək. Hərdən narahat olurdum ki, bizim uşağımız yoxdur. Deyirdi ki, sən mənim uşağımsan da… Heç vaxt bu haqda mənə bir kəlmə də incik söz demədi. Sonuncu dəfə martın 27-də zəng vurdu ki, hazırlaş gəlib səni gəzməyə aparacam.

13054478_980793602011434_1472229935_o

Günorta gəldi. Günün ikinci yarısı apardı məni Bakıda, Dənizkənarı bulvarda xeyli gəzdik, dolandıq, gülüb-danışdıq. İndi fikirləşirəm ki, ayrılığı gözünə aldığından, “bəlkə”lər,  “güman”lar içərisində məni gəzməyə aparıb. Mənimlə gülə-gülə danışırdı, ürəyində isə sən demə ayrılıq xiffəti çəkirmiş. Tez-tez onunla Şəhidlər Xiyabanına baş çəkərdik. Orada uyuyan cavanların şəklini baş daşında görəndə həmişə məni ağlamaq tutardı. Dilsuz deyirdi ki, “ağlama, şəhidflik böyük şərəfdir. Şəhidlər üçün ağlamazlar”. Elə bil ürəyinə dammışdı.

13046175_980793855344742_1690149396_n

Bu il mart bayramlarının hamısında məni gəzməyə apardı. Ancaq şirin xatirələri qalıb indi. Martın 28–də gedəndə dedi ki, aprelin 4-ü qayıdacağam. Hələ cəbhə bölgəsində narahatçılıq olanda da telefon edib, deyirdi ki, narahat olmayaq. Aprelin 1-3-də onunla əlaqə saxladıq. Lakin aprelin 3-ü axşam saat 6-da həlak olub. Həmişə düşmən qabağına gedib, uğurlu əməliyyatlar keçirib. Onun nə qədər fəxri fərmanları, medalları var. Təlim keçdikləri hərbi hissəyə ali qonaqlar gələndə onları həmişə on sıraya düzərdilər. Bütün döyüşlərdə, əməliyyatlarda fərqlənirdi. Bu yaxınlarda da Müdafiə Nazirliyindən mükafat olaraq bizə böyük televizor hədiyyə etdilər. Bir ay bundan əvvəl isə Müdafiə Nazirliyi Hərbi hissə daxilində bizə xidməti ev də vermişdi. Guya ki, mart ayının 28-də  oraya köçəcəkdik. O isə həmin gün təlimə getmək adı ilə bizdən ayrıldı…

Röya ilə Dilsuzun toy şəkillərinə baxıram. Bərli-bəzəkli Röyanın xoşbəxt günündən yadigar şəkillər. Və diqqətimi şəkillərdən ayırıb, indi  büründüyü qara örpəylə müqayisə etmək istəyirəm.  O bəyaz paltarlardakı şəklində gözlərində nə qədər sevinc varsa, indiki qara örpəkli durumunda, o məsum çöhrəsində  bir o qədər kədər var…

Mən uşaq olanda anam deyərdi ki,  “iki sevgili bir-birini çox sevəndə, Tanrı onları tez ayırır”.

13054382_980794485344679_1267766276_o

Cəvahir ananın ah-naləsi adamın ürəyini dağlayır, onu incitməmək üçün söhbətimi tez yekunlaşdırmaq istəyirəm.

13063811_980794425344685_1054954008_o

Halallaşıb həyətdə dayanan kişilərin yanına gedirəm. Qulaqlarımda isə Cəvahir ananın naləsi var: Məni dağlara, daşlara salan balam… – deyib, haray çəkir… “Balamın gəzdikləri yerlərə qaçacam…, o torpağa tapşırmışam balamı, bəlkə nəfəs verə, oyadıb gətirə. Torpaq etibarsız olmur axı…”

…Böyük oğlu Pərviz Qarayev də indi anasının yanından əl çəkmir. İstəyir ki, anası başını onun çiyninə qoysun. Bir azca yanan ürəyinə su çiləyə bilsin. Qardaşlar daha çox qardaş paylarını itirəndə arxasız olurlar. Pərviz deyir ki, məndən kiçik olsa da hamımız ona güvənirdik. Bir tikəsini tək yemirdi. 5 yaşlı oğlum Nəbi onun yolunu elə həvəslə gözləyirdi ki… Bimirəm, necə aldadım indi uşağı…

Mərd babanın igid nəvəsi

Anası Cəvahirin dayısı Abbas Rüstəmovun söhbətlərindən məlum oldu ki, Ağcabədinin Hindarx kəndinin 10 min əhalisi var. Bundan əvvəlki döyüşlərdə 20 şəhid verib. O şəhidlərdən 13-ünün tabutu bir gecədə gətirilib kəndə.  Bu Vətən torpaqlarımızı işğal edərkən ermənilərə qarşı başalayn ilk müharibənin əvvəllərində olub. İgidlik və qəhrəmanlıqla ölənlər arasında hindarxlı Azərbaycanın Milli Qəhrəmanı  Etibar İsmayılov və cəbhədə şücaət göstərən Qaraş Əliyev də var. Qaraş Əliyevlə Dilsuz Qarayev xalaoğludurlar. İndi Hindarx kəndindəki 3 nömrəli orta məktəb də Qaraş Əliyein adını daşıyır. 26 yaşlı kəşfiyyatçı Dilsuz Qarayev də son döyüşlərimizdə qəhrəmanlıq göstərib, Talışlar kəndində nə qədər erməni girovu ələ keçirib, lakin arxadan  rekaşetlə vurulub.  Son nəfəsinə qədər düşmənin bir neçəsini cəhənnəmə vasil edə bilib. Kəndimiz, elimiz-obamız, ailəsi üçün böyük itkidir. Abbas kişi onu da əlavə etdi ki, Dilsuzun ana babası Sərhəd Hacıyev çox igid və mərd kişi idi. Bu kənd, el-oba boyda hörməti var idi. Bu uşağı da babası tərbiyə etmişdi. Onu özü kimi böyütmüşdü. Ötən il sentyabrın 27-si dünyasını dəyişdi. Yaxşı ki, nəvəsinin tabutunu görmədi.

13062676_980793932011401_1245834119_o

Bayraqları  bayraq edən üstündəki qandır!

Tabut… Adətən cəbhədən gələn tabutları açmırlar. Görənlər deyirlər ki,  Dilsuz Qarayevi  tabuta qoyanda enli kürəkli, pəhləvan cüssəli bu igid  tabuta sığmayıb, onun üçün daha böyük  tabut hazırlayıblar. Babasının həyətindəki vida mərasimində minlərlə adam iştirak edib.

13022192_980793912011403_1851004469_n

Ağcabədi və ətraf rayonlardan dəstə-dəstə qəhrəmanın sorağını alıb gələnlər üçrəngli zəfər bayrağımızı əllərində tutaraq, onu son mənzilə ehtiramla yola salıblar. Hindraxdakı Şəhidlər Xiyabanına gətiriblər. Yaylım atəşi açılandan sonra,  “Torpaq Dilsuz əmanətin”, “Etibar, Qaraş,  gözünüz aydın, Dilsuz hüzurunuza qələbə çələngi ilə gəldi!”- deyə, onu alqışlayıblar.

13036590_980785302012264_1457602594_o

Vətən uğrunda haqq savaşında həlak olan qəhrəman həmyerlimizin evini tərk edəndə həyətdə oynayan bir topa uşaq cəlb etdi diqqətimi. Yaxınlaşıb onlardan Dilsuzu necə xatırladıqlarını soruşdum. Dedilər ki, onlar da böyüyəndə Vətənə Dilsuz  kimi xidmət edəcəklər. Uşaqların içərisində ən böyüyü olan Sinan adlı oğlan isə dedi ki, məni də aparsalar, gedib dayımın qanını alacam. 

13036468_980794362011358_63307760_o

Şəhidlərimizin dəfn mərasimindəki  dalğalanan yüzlərlə Azərbaycan bayrağını görəndə insanın ürəyi təlatümə gəlir. Axı o ucada dayanan  Bayraqları  bayraq edən üstündəki qandır!

13022224_980785238678937_1847602926_n

Bu elə bir hissdir ki… O bayrağın həmişə ucalarda olması üçün Azərbaycan xalqı, Azərbaycan igidləri hər zaman canlarından, qanlarından keçməyə hazırdılar. Və inanırıq ki, Vətənimizə uzanan nankor düşmən əllərini çox yaxın vaxtda öz qanlarına boyamağa və onları geri çəklməyə vadar etməyə hələ iradəmiz və gücümüz var.

13036567_980785325345595_811642483_o

O gün lap yaxındadır. 24-25 il ərzində tökülən hər şəhid qanının, körpə uşaqların, qoca anaların, ataların qisasını qiyamətə qoymarıq. Biz dünyaya bir daha kim olduğumuzu sübut edə bildik.  Dünya, bizim savaşımızı uğurla! Haqq savaşımızı!!!

Aida Eyvazlı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button