Vətənin qələbəsini oğurlayanlar

şəhriyar məcidadə

Şəhriyar Məcidzadə

Dünyada 2000 millət olduğu halda, yalnız 200-nün dövləti var. Azərbaycan xalqı həmin 200-ün içində müstəqil dövlətçiliyə sahib xalqlardandır.

Müstəqil dövlətimiz, tükənməz sərvətlərimiz, bacarıqlı vətəndaşlarımız, işıqlı beyinə sahib gənclərimiz olduğu halda, bizlər qərib həyatı yaşayırıq. Hamımızın bir-birimizdən xəbərimiz var. Xoşbəxt deyilik. Çünki hamımız çörək qazanmağın yolunu bir-birimizi istismar etməkdə görür, cəngəllik qanunları ilə yaşayırıq. İmkanı olan, imkanı olmayanı əzməyi vəzifə kimi qəbul edib. İndi bizim “böyük qardaşımız” Moskva yoxdur. Ancaq öz insanımız, öz vətəndaşımıza müstəmləkə həyatı yaşadırıq. İndi özümüz öz hüquqlarımızı pozuruq. Özümüz özümüzə düşmən kəsilmişik. Məğlubiyyət sindromu uzun müddətli müstəmləkə həyatı yaşayan xalqlarda belə bir sindrom olur. Onun fərdləri gücsüzlüyünü, məğlubiyyətini gizlətmək üçün əlində olan vəzifədən, sahib olduğu məqamdan istifadə edib, digər fərdin üzərində olan hökmü ilə onu əzməklə, sanki məğlubiyyətini paylaşmadığını ifadə etmək istəyir. Ancaq hamımız bilirik ki, indi gördüyümüz korrupsiyaya bulaşmış məmurların çoxları vəzifəyə gəlmədən öncə ən aşağı həyat səviyyəsində yaşayıblar. İndi onlar müqəddəs dövlətin vəzifəsi ilə qisas alırlar sanki. Nə həzin bir taleyimiz var… Bütün tariximiz boyu ölkəmiz hücumlara, ədalətsizliklərə məruz qalıb. Tariximizin ləkəsi olan xanlıqlar dövründə qardaş qırğını edənlər, istilaçılarla ittifaq qurub öz insanının həyatına qəsd edirdi. İndi də bu xanları əvəz edən icra başçıları, məmurlarımız var. Qurban isə yenə sadə vətəndaşımızdır. Bu ənənəni davam etdirənlər hər gün insanlarımızı öz dövlətindən küsdürür, köç etməsinə, incinməsinə, üzünü Avropa Məhkəməsinə tutmasına səbəb olur. Öz məhkəmələrimizdən ədalət umanlarımız azalmağa davam edir. Cəmi 27 il bundan əvvəl köhnə Lenin meydanını Azadlıq meydanına çevirən, cəmi 25 il bundan əvvəl sovet qoşunlarının qarşısına əliyalın çıxan, cəmi 23 il bundan əvvəl hamılıqla Xocalının acısını paylaşan xalq indi öz insanımıza 366-cı alayın əsgərləri kimi davranır. Nəyimiz çatmır? Bir az ədalət, bir az anlayış, bir az tariximizin acı günlərindən çıxaracağımız nəticə. Hər şey başqa cür olardı…

Biz müstəqilliyimizin dəyərini anlamadıq. Bu illər ərzində bəziləri dövlətimizin müstəqilliyindən ancaq vurdumduymazlıqla istifadə edərək, övladlarını qudurtdu. Azərbaycan üçün layiqli, işıqlı beyinlərimizin haqqını haqq etməyənlərə verib, haqq edənlərə isə dəftərxanaları layiq bildik. İdeallarımız olmadı… Oysa nə gözəl şansımız var idi, möhtəşəm bir dövlət yaratmağa… Hər şeyimiz var idi. İndi daha Tanrının qarşısında belə nə cavab versək əbəs olacaq. Çünki bizim insanımız dövlət vəzifəsini imtiyaz kimi anladı. Dövlət vəzifəsini təzyiq kimi, intiqam vasitəsi kimi qavradı. Dövlət isə insanlara xidmət etmək üçün ola bilərdi… Əgər post-sovet nəslini tədricən müstəqil Azərbaycanın birinci nəsli ilə əvəz etməyə başlasaydı… Gənclərimizə bir az imkan yaratsaydıq indi nəticələrimizlə öyünərdik. Gənclərini bu qədər küçümsəyən, bu qədər istismar edən bir zehniyyət bizə nə verəcək? Axı həmin o post-sovet nəsli bir dəfə sədaqət andı içdiyi dövlətlərini – sovetləri satdı… Hardandı bizdə o qənaət ki, onlar müstəqil Azərbaycanı satmayacaq? 1918-1920-ci ildə Çar Rusiyasının nəsli satmadı Azərbaycanı? Nəticə çıxarmadıq… Gözümün qabağında 2000 il sürgün həyatı yaşamış yəhudilər, iki dünya müharibəsi görüb dövləti parçalanmış, amma birləşmək üçün Berlin divarını əlləri ilə yıxan almanlar, hər gün zəlzələ olan, yaşamağa yer qalmayan, zibili adaya çevirib, vətən düzəldən yaponlar var. Biz isə onlardan fərqli olaraq hər şeyimizin olmasına baxmayaraq xoşbəxt ola bilmədik. Çünki ideallarımız yox idi…

Haşiyə: Kiyevdə, universitetdə dövlətin göndərdiyi tələbələr də daxil olmaqla azərbaycanlı tələbələrin sırasında ən yaxşı nəticələrlə oxuyan mən idim. Mən isə dövlət xətti ilə getməmişdim. Dövlət xətti ilə oxumağa gedən tələbələrin hamısı müxtəlif vəzifələrdə çalışan məmurların övladları idi. Ukrayna tələbələri onlara mənimlə bağlı müsbət fikirlər bildirəndə, bizim tələbələr deyirdi ki, Şəhriyara dövlətdə vəzifə verməyəcəklər. Çünki o, müxalif ailənin mənsubudur. Ukraynada tələbələrə mənim İsgəndər Həmidovun qardaşı oğlu olduğumu deyirdilər. Deməli, bunlar bunu ailələrindən eşidirdilər. Deməli, bu bizim reallığımız idi. Rəhmətlik Xudu Məmmədov yaxşı oxuyan tələbələrinə deyərmiş: “Pis oxuyan yoldaşlarınıza da bir şey öyrədin, sabah sizə başçılıq edəcəklər”. Bizim reallığımız budur.

Haşiyə: 1991-ci ildə Azərbaycan birinci dəfə xaricə tələbə göndərdi. O tələbələr “Elçibəyin tələbələri” də adlanırdı. Azərbaycanın müxtəlif bölgələrindən olan həmin tələbələr Türkiyənin başqa-başqa universitetlərinə oxumağa göndərildilər ki, müstəqil Azərbaycanın kadrları formalaşdırılsın. Ancaq alınmadı. Siyasi rəqabət imkan vermədi ki, yetişdirilən o gənclər ölkələrinə qayıdıb öyrəndiklərini tətbiq etsin və Azərbaycanı post-kommunist nəslini heç deyilsə bir az olsa da əvəz etsin. O tələbələrdən intellektinə və bacarığına görə ikisini tanıyıram – “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və məşhur hüquqşünas Ələsgər Məmmədlini. İkisinin də çox işlər görə biləcəyi qənaətindəyəm. Ancaq onlar dövlətdə yox, ictimai-siyasi həyatın burulğanında qalmalı oldular.

Günümüz: Gənclərimiz intihar edir… Hər gün oxuyuruq ki, gənclərimiz intihar edir. Bəlkə də biri həkim, biri müəllim, biri Nobel laureatı, biri möhtəşəm sərkərdə, biri isə sadəcə vicdanlı sadə vətəndaş ola bilərdi. Ancaq biz gələcək nəsillərimizin ölümünə səbəb olmağa davam edirik. Müəllim peşəsi dünyanın ən şərəfli peşələrindən biridir. İndi də bu adı şərəflə daşıyan dəyərli insanlarımız var. Ancaq biz toplum olaraq müəllim sözünü lağ-lağa obyektinə çevirən “Əfruzla” bəzəməli olduq. Yazıq oldu müəllim peşəsi. Biz mübarizə musiqisini özgə dillərdə oxunan mahnılarda, mübarizə ruhunu özgə ədəbiyyatlarda axtardıq. Özümüz isə “gələn ili Qarabağda keçirəcəyik” deyən tamadalara sığındıq. Yazıq oldu sözümüzə. Vicdanımızı itirdik. Üzə duranlar nəsli yetişdirdik. Səs oğurlayanlar… Gənclərin uğuruna oğru kimi sahib duranları tanıdıq. Unutduq ki, o gənclər Azərbaycanın gələcəyidir. Vicdansızlıq toxumu səpməyə başladıq. Övladlarımıza yaltaqlığı, ədalətsizlik qarşısında susmağı öyrətdik. Dedik ki, “düşünmə, ingilis dili ilə kompüteri bil, gerisi lazım deyil”. Övladlarımızı bədbəxt etdik. Ata-ana ola bilmədik. Bir zamanlar üçrəngli bayrağı sandıqlarda gəzdirərdilər. İndi isə “sovetin vaxtında belə haqsızlıq yox idi” deyirik. Biz nə hallara düşmüşük? Azərbaycan 24 ildir müstəqildir. Mən də daxil olmaqla biz, müstəqil Azərbaycanın birinci nəsliyik. Oxumuşuq, öyrənmişik, hamımız Azərbaycanı canımız kimi sevirik. Niyə gənclərinizə sahib çıxmırsınız? Niyə əlinizdə olanla, olmayanla Azərbaycanın gələcəyinə yatırım etmirsiniz? Niyə gənclərinizə paxıllıq edənlər sürüsü kimi yaşayanlar var? Nə ilə öyünəcəksiniz? Çox istedadlı gənclərimiz var. Özləri yetişib, çünki biz təhsilimizi ağlar günə qoymuş toplumuq. Bir uğurlu gənc obrazımız varmı? Bir dəfə öz əməyi ilə öz ayaqları üstündə dayanan gənclərin uğurundan yazmırıq, oxumuruq. Bizlər toplumun heç bir görünən yerində yoxuq. İmkan vermirlər bu ölkənin birinci nəsli haqq etdiyi mövqeni tutsun. Səbəbi isə odur ki, onlar ölümsüz olmaq istəyir.

2015-ci il Parlament seçkilərində iştirak edəndə düşünürdüm ki, indi ara çəkişmələrində yer almayan, siyasi oyunlara alət olmayan, heç deyilsə 1-2 gənc öz haqqı ilə parlamentdə oturacaq. İmkan vermədilər. Leninə şeir deyənlər “qalib” gəldi. Sözlərimizdən oğurlayıb danışdılar, tərzimizi oğrulayıb yeridilər, insanlarımızın verdiyi səsi, bizim qələbəmizi, Azərbaycanın qələbəsini oğurladılar. Ancaq əminəm ki, onlar satacaqlar… Bu xalqı satacaqlar. Ona görə satacaqlar ki, onlar bu insanları sevməyiblər. Onlar bu məmləkəti sevməyiblər. Onlar bu dövlətin vəzifələrinə imtiyaz kimi baxıblar. Ruhullah Axundovları unutmamışıq biz…

Eşit, Azərbaycan! Biz yenə öz işimizdəyik. Ancaq ədalətli ol. Çünki ədalətin olmasa ədalət özü hamımızı tapacaq. O zaman biz bu dövlətin, bu xalqın qədrini bilmədiyimiz üçün cavab verməli olacağıq. Yazıq etməyin bu məmləkətə. M.Ə.Rəsulzadənin hamımızın tez-tez təkrarladığı məhşur bir sözü var: Bir kərə yüksələn bayraq, bir daha enməz! O bayraq postistila nəslinə görə, xəyanətkar Ruhulla Axundovlara görə endi. Bir daha enməsin! Əslində bu bir imtahandır. Biz bu imtahandan həmyaşıd olduğumuz ölkəmiz qarşısında üzü ağ, alnı açıq çıxmışıq. İmtahandan keçməyənlər də var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button