Vəkil Mehman Hüseynovun müdafiəsilə bağlı qalmaqala aydınlıq gətirdi

Mehman Hüseynovun vəkili Elçin Sadıqov həmkarları Yalçın İmanov və Nemət Kərimlinin də bloqçunun müdafiəsinə qoşulmalarına razılıq vermədiyi haqda məlumata münasibət bildirib. E.Sadıqov feysbuk səhifəsində paylaşdığı yazıda vəkil kimi 10 illik təcrübəsi və uğurları barədə qısa xatırlatma edərək, M.Hüseynovun hüquqlarını artıq 2012-ci ildən bəri müdfiə etdiyini vurğulayıb. “Həbs işi Mehmanla bağlı olan yeganə iş deyil. 2012-ci ildən Mehman Hüseynovun vəkiliyəm. Hazırda Mehmanla bağlı məhkəmələrdə, hüquq-mühafizə orqanlarında araşdırılan 7 işi aparıram. Mənim öz hüquqşünas komandam var. Həyat yoldaşım da vəkildir, ondan başqa kollegiya üzvü olmasalar da, ifadə azadlığı hüququ sahəsində kifayət qədər bilik və bacarığa malik köməkçilərim var. Bundan başqa xeyli tanınmış əcnəbi vəkil dostlarım da var ki, davamlı olaraq öz tövsiyyələrini, yardımlarını əsirgəmirlər. Bu komandanın yanımda olması müdafiəsinə qoşulduğum bütün işlərin yüksək peşəkarlıqla aparılmasına kifayət edir. Hazırda apardığım işlərlə bağlı başqa vəkil dostların yardımına ehtiyacım yoxdur”, – deyə E.Sadıqov bildirib.

Bununla belə, vəkil qeyd edib ki, fikirləri onun müdafiə etdiyi şəxslərin işinə başqa həmkarlarının qoşulmasına qarşı çıxdığı, buna əngəl yaratmaq niyyətində olduğu kimi başa düşülməməlidir. “Müdafiə etdiyimiz onlarla günahsız insan həbsxanalarda cəza çəkir, onlarla daha sıx görüşlərə ehtiyac var. Apardığımız əksər işlərdə, eləcə də Mehmanın işində onunla daha sıx təmasda olmaq üçün başqa vəkilləri də dəvət etmişik. Azərbaycanda xeyli peşəkar vəkil dostlarım, həmkarlarım var ki, gərək olduqda onların bircə xahişimlə mənə yardımçı ola biləcəyinə əminəm”, – deyə E.Sadıqov yazıb.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button