Vəkil Nemət Kərimli təcridxanada qanunsuzluqla üzləşib

Vəkil Nemət Kərimli 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan vicdan məhbusu Əfqan Muxtarlı ilə görüşə gedərkən qanunsuzluqla üzləşib. Bu haqda “Basta”ya məlumat verən vəkil bildirib ki, bununla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə şikayət edib.

“Cümə günü Əfqan Muxtarlı ilə görüşə gedərkən Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasının əməkdaşları qanunsuz olaraq mənim üzərimdə yoxlama keçirmək istədilər. Mən buna etiraz etdikdə mayor Ədalət Qurbanovu dəvət etdilər. Ona da etiraz etdim, bildirdim ki, qanunla penitensiar xidmət əməkdaşlarının vəkilin üzərində yoxlama aparmaq hüququ yoxdur, yalnız müəssisənin təhlükəsizliyinə cavabdeh olan əsgərlər qapıda quraşdırılmış yoxlama-baxış huququna malikdilər. Ədalət Qurbanovun hüquqdan və qanundan xəbəri yoxdur”, – Nemət Kərimli bildirib.

Vəkil xatırladıb ki, penitensiar xidmətin əməkdaşları bundan əvvəlki dövrdə də vəkillərin üzərində qanunsuz yoxlamalara cəhd ediblər.

“Mən uzun mübahisədən sonra yoxlayıcı aparatdan keçərək Əfqanla görüşə buraxıldım. Amma qanunsuzluq bununla bitmədi. Mən Əfqanla görüşdüyüm zaman təcridxananın işçiləri Ədalət Qurbanovun göstərişi ilə görüş otağının qapısında olan kiçik pəncərədən bizi izlədilər. Ən avtoritar rejimlərdə belə vəkillə müvəkkilin görüşü açıq izlənilmir”, – Nemət Kərimli deyib.

Vəkil bildirib ki, bu qanunsuzluqlarla əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə şikayət edib. Nemət Kərimli Əfqan Muxtarlıya qarşı təzyiqlərin hələ də davam etdiyini, onun telefon zənglərinə məhdudiyyət qoyulduğunu əlavə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button