Vəkilin İlqar Məmmədovla görüşünə icazə verilmədi

Sentyabrın 29-da 2 saylı Cəzaçəkmə Müəssisəsində vəkil Fuad Ağayevin müvəkkili ReAL Hərəkatının lideri İlqar Məmmədovla görüşünə icazə verilməyib.

Vəkil “Amerikanın Səsi”nə bildirib ki, vəsiqəsini təqdim etdikdən sonra onu 50 dəqiqəyə yaxın gözlədiblər. Daha sonra sənədləri qaytarıblar və vəkil otağının məşğul olduğunu bildiriblər, bazar ertəsi gəlməyi tövsiyə ediblər. Vəkilin görüş üçün başqa otaq vermək təklifinə cəzaçəkmə müəssisəsinin rəhbərliyi cavab verməyib.

“Bütün bunlar vəkilin və İlqar Məmmədovun özünün hüquqlarının pozulması deməkdir, mənim istənilən vaxt müvəkkilimlə görüşmək hüququm var”, Fuad Ağayev qeyd edib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

ReAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı həbs edilib, 7 il müddətinə azadlıqdan məhrum olunub. Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovun həbsdən azad olunması barədə qərarının, Avropa Şurası Nazirlər Komitəsinin çoxsaylı qərarının olmasına baxmayaraq, o, həbsdən azad edilməyib.

İlqar Məmmədov “siyasi məhbuslar” siyahısına daxildir. ABŞ Dövlət Departamenti, Avropa Şurası və bir çox digər beynəlxalq təşkilatlar onun azad edilməsini tələb edib.

Bu ilin sentyabrında Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə Azərbaycan hökumətinə xəbərdarlıq etmək barədə qərar qəbul edib. Komitənin sentyabrın 19-21-də keçirilən iclasının yekunlarına əsasən katibliyə tapşırılıb ki, İlqar Məmmədovun işi üzrə müvəqqəti qətnamə layihəsi hazırlansın. Layihədə ölkənin Avropa konvensiyasının 46 § 1 maddəsi (Avropa məhkəməsinin qərarını icra etməmək) üzrə öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı məsələnin Avropa məhkəməsinə çıxarılması barədə Nazirlər Komitəsinin niyyəti ilə əlaqədar Azərbaycana rəsmi xəbərdarlıq nəzərdə tutulur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button