Vəkillər prezidentə müraciət etdilər

Noyabrın 25-də ADP-nin qərargahında “Müdafiə hüququnun problemləri: reallıqlar və perspektivlər” mövzusunda keçirilən elmi-praktik konfransın iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Parlamentin sədri cənab Oqtay Əsədova müraciət qəbul olunub. Xural.com-a daxil olan müraciətin mətnini olduğu kimi dərc edirik:

 

“Müdafiə hüququnun problemləri: reallıqlar və perspektivlər” mövzusunda müzakirə aparan Konfrans iştirakçıları:

– Respublikamızda cinayət, mülki və inzibati işlərdə vətəndaşların hüquqlarının müdafiəsi  üzrə  olan mövcud problemləri,

– Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsinin 3-cü bəndinin “c” yarımbəndinin, “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 14-cü maddəsinin 3-cü bəndinin “d” yarımbəndinin, eləcə də “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya”nın və “Avropa vəkillərinin davranış Kodeksi”nin  tələblərini,

– Respublikamızda hər 10000 (on min) adama düşən vəkil sayının qonşu dövlətlərdəkindən, xüsusilə də Avropa ölkələrindəkindən çox az olduğunu,

– nümayəndəlik fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın, vəkillərdən fərqli olaraq, birdəfəlik ödəniş əsasında, bəzən də pulsuz olaraq müştərilərinə işin sonunadək hüquqi xidmət göstərəcəkləri ilə bağlı tapşırıq müqaviləsi bağladıqlarını,

– vəkillərin hüquqlarının istintaq, prokurorluq və məhkəmə orqanlarında tez-tez pozulduğunu, müdafiə etdikləri şəxslərlə onlara vaxtında görüşmək imkanı verilmədiyini, konfidensial görüşlər keçirilməsi üçün istintaq otaqlarında və təcridxanalarda lazımi şəraitin olmamasını,

– vəkillərin cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslarla görüşlərindəki süründürməçilik və süni maneələrin davam etməsini,

– məhkəmə və prokurorluq orqanlarının təqdimatları əsasında vəkillərin öz peşə hüquqlarından məhrum edilməsi praktikasının çox acınacaqlı nəticələr doğurduğunu, prokurorluq və istintaq orqanları rəhbərlərinin təqdimatı əsasında vəkillərin fəaliyyətinə xitam verilməsinin “tərəflərin bərabərliyi prinsipi”nə zidd olduğunu,

– dövlət hesabına, təyinatla öz vəkillik vəzifələrini yerinə yetirən vəkillərə ödənilən xidmət haqqının çox az olmasını,

– 31 oktyabr 2017-ci ildə MPM və İPM-ə edilən dəyişikliklərdən sonra, indiyədək nümayəndəlik fəaliyyəti ilə məşğul olan minlərlə hüquqşünasın işsiz qalacağını, işsiz qalan hüquqşünasların ailələrinin qarşılaşacaqları sosial problemləri,

– 01 yanvar 2018-ci ildən etibarən Respublikamızda vəkil qıtlığı ilə bağlı vətəndaşlarımızın cinayət, mülki və inzibati işlərdə keyfiyyətli hüquqi yardım almaq hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşacağını,

– inkişaf etmiş dövlətlərin bu sahədəki təcrübəsini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsini rəhbər tutaraq,

 

Konfrans iştirakçıları Sizə aşağıdakı təkliflərin verilməsini zəruri hesab edirlər:

  1. Respublikada cinayət, mülki və inzibati işlərdə vətəndaşların müdafiə hüquqlarının və onlara keyfiyyətli hüquqi yardım göstərilməsinin real vəziyyətini müzakirə etmək üçün vəkillərin, nümayəndəlik fəaliyyəti ilə məşğul olan hüquqşünasların, məhkəmə sədrlərinin, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Təhlükəsizlik Xidmətinin və Penitensiar Xidmət rəhbərlərinin iştirakı ilə Prezident yanında ictimai müzakirələr keçirilsin.
  2. 31 oktyabr 2017-ci ildə Mülki Prosessual Məcəlləsinə və İnzibati Prosessual Məcəlləsinə vəkil olmayan şəxslərin nümayəndə kimi məhkəmə proseslərində fəaliyyətlərini qadağan edən normaların qüvvəyə minmə vaxtı 2018-ci ilin 31 dekabrınadək uzadılsın,
  3. Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul edilməsi sürətləndirilsin və hüquqi şəxs yaratmadan nümayəndəlik formasında sahibkarlıq fəaliyyətilə məşğul olan hüquqşünasların, heç bir ilkin şərt olmadan, 01 yanvar 2018-ci ilədək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmələri təmin edilsin.
  4. Prokurorluq və istintaq orqanlarının vəsatətləri əsasında vəkillərin fəaliyyətinə xitam verilməsi təcrübəsinə son qoyulsun,
  5. Vəkillər Kollegiyasından müxtəlif səbəblərdən xaric edilmiş vəkillərin (vəkillik fəailiyyətilə bağlı törədilən cinayətlərə görə məhkumluğu olanlar və vəkillik fəaliyyətilə bağlı yol verdikləri nöqsanlara görə İntizam Komissiyasının qərarı ilə VK-dan xaric olunanlar istisna olmaqla) yenidən, ilkin şərt qoyulmadan, Kollegiyaya qəbul edilmələri təmin edilsin.
  6. Dövlət hesabına hüquqi yardım göstərən xüsusi vəkillik qrumu yaradılsın və onlar yüksək qonorarla və apardıqları işlərin xarakterinə, həcminə uyğun olaraq, əlavə ödəmələrlə  təmin edilsinlər.
  7. CPM, MPM və İPM-nə, müdafiəçi və nümayəndə qismində, vəkillərlə yanaşı, təqsirləndirilən şəxsin, zərərçəkənin, iddiaçı və cavabdehin vəsatətinə əsasən, onlara istənilən şəxsin müdafiəçi və ya nümayəndə ola bilməsinin mümkünlüyünü nəzərdə tutan normalar əlavə edilsin.
  8. Vəkillər Kollegiyasının rəhbər orqanları VK-a yeni üzvlərin qəbul edilməsindən sonra formalaşdırılsın.
  9. Vəkillərə də fəxri adların verilməsi və mükafatlandırılmaları nəzərdə tutulsun.
  10. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda aşağıdakı məsələlərlə bağlı dəyişikliklər və əlavələr edilsin:

 a. vəkilliyə qəbulda imtahan sistemi ləğv edilsin və 1 (bir) illik stajkeçmə sisteminə keçilsin,

b. Vəkilliyə qəbulda 3 illik staj senzi ləğv edilsin,

c. Vəkillik fəaliyyətinə xitam verilməsi, yalnız vəkillik fəaliyyəti ilə əlaqədar törədilmiş cinayət üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş hökmlə və ya vəkillik fəaliyyətilə bir araya sığmayan hərəkətlərə görə İntizam Komissiyasının qəbul etdiyi qərarla əlaqələndirilsin və başqa hallarda vəkillik fəaliyyətinə xitam verilməsi qadağan edilsin.

d. alternativ vəkillər kollegiyalarının yaradılmasına imkan verən normalar nəzərdə tutulsun,

e. Vəkillər hər növ vergilərdən azad edilsinlər.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button