Vəkillər Rəsul Cəfərova bəraət istədi

Rəsul Cəfərov
Rəsul Cəfərov

14.04.2015

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Qeyd edək ki, ötən prosesdə prokuror çıxış edərək Rəsul Cəfərovun 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Bu günki prosesdə Cəfərovun vəkilləri müdafiə nitqilə çıxış edib. Amma bundan əvvəl iz üzrə zərərçəkmiş qismində tanınmış iki nəfər – Əhməd Heybətov və Hicat İmranlı məhkəməyə yazılı şəkildə müraciət edərək, adlarının zərərçəkmişlər siyahısından çıxarılmasını istəyiblər. Onlar bildiriblər ki, heç nədən ziyan çəkməyiblər. Vəkillərdən Əlibaba Rzayev çıxışında bildirib ki, Rəsul Cəfərova qarşı ittihamlar siyasi sifarişlə başlanmış cinayət işinin tərkib hissəsidir: “Bu cinayət işi prokurorluğun öz təşəbbüsü ilə yox, Ədliyyə Nazirliyinin təqdim etdiyi materiallar əsasında, guya, fakt üzrə başlanıb. Amma ortada heç bir fakt yoxdur. Rəsul Cəfərov aktiv ictimai fəaliyyətlə məşğul olan, insan haqları sahəsindəki pozuntularla bağlı tənqidi fikirlərini dilə gətirən şəxsdir. O insan haqları sahəsindəki problemlərə ictimaiyyətin diqqətini çəkib. Bu əməl alqışlanası bir əməldir, amma kimlərinsə narahatlığına səbəb olub. Ölkədə yüzlərlə təşkilat var və onlar milyonlarla qrant alırlar. Amma onların fəaliyyətini görən yoxdur. Amma insan haqları pozuntularını dilə gətirənlər hədəfə götürülür. Rəsul Cəfərova qarşı ittihamlar qərəzlidir və hüquq müdafiəçisi kimi fəaliyyətilə bağlıdır. Ümumiyyətlə, QHT-lərlə bağlı cinayət işi müstəqil söz sahibi olan, açıq şəkildə tənqidləri dilə gətirən adamları susdurmaq məqsədi daşıyır”. Əlibaba Rzayev Rəsul Cəfərliyə qarşı irli sürülən hər 5 ittihamla bağlı çıxış edib və ittihamların heç birinin sübuta yetirilmədiyini vurğulayıb. Bildirib ki, əgər mənimsəmə ittihamından söhbət gedirsə, donor təşkilatlar zərərçəkən kimi tanınmalıydı: “İstintaq orqanı, Rəsul Cəfərovun bank hesabına, hətta mükafat, səfər xərci, yaxud həbsdə olan məhbusun ailəsinə çatdırılması üçün göndərilmiş vəsaitləri də qrant məbləği kimi qələmə verib. Mənimsəməyə gəlincə, ortada belə bir hal varsa da, donor təşkilatların pulu mənimsənilib. Bəs niyə o təşkilatlar zərərçəkmiş qismində cəlb olunmayıb? Əksinə, onlar özləri məktubla məhkəməyə müraciət ediblər ki, vəsaitlər təyinatı üzrə xərclənib, mənimsənilməyib. İttiham tərəfinin 13 şahidinin heç biri Rəsulun əleyhinə ifadə vermədi. Qrant müqaviləsi Ədliyyə Hazirliyində qeydiyyata alınmayıb deyə, bunu qanunsuz sahibkarlıq kimi qiymətləndirmək absurddur. Rəsul Cəfərovun fəaliyyəti nəinki qanunsuz sahibkarlığa, heç sahibkarlığa uyğun gəlmir. Təsəvvür edin, istintaq orqanı eyni məbləği həm qanunsuz sahibkarlıqdan əldə olunan vəsait, həm də mənimsəmə kimi qiymətləndirib. Üstəlik, mənimsəmə kimi qiymətləndirdiyi məbləğə vergi hesablayır. Belə çıxır ki, oğru oğurladığı əmlaka görə dövlətə vergi verməlidir?” Vəkil ittihamların söz yığınından başqa bir şey olmadığını vurğulayıb. Bildirib ki, ortada sübut olmadığı halda, dövlət ittihamçısının 9 il iş istəməsi özü də qərəzin, qisasçılığın əlamətidir. O, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib: “Rəsul Cəfərov ölkədə demokratik dəyərlərin inkişafına yardım edirdi. Hökumət bu işinə görə vətəndaşına minnətdarlıq eləmək əvəzinə 5 maddə ilə ittiham irəli sürüb. Məqsəd də bu cür tənqidçi gəncləri susdurmaq üçün cinayət işi açıb, onları həbsxanaya doldurmaqdır”. Vəkil həmçinin məhkəmədə təqdim etdikləri sübutların tədqiq olunmadığını da vurğulayıb. Bildirib ki, məhkəmə yalnız həmin sənədləri oxumaqla işini bitmiş hesab edib. Digər vəkil Fariz Namazlı çıxışında qeyd edib ki, istintaq ittihamla bağlı ortaya heç bir sübut qoymayıb: “Cinayət işinin içində yalnız banklardan çıxarışlardır və ittihamlar da bunların əsasında irəli sürülüb. Biz isə ortaya sübutlar qoyduq ki, bu pullar nə məqsədlə hesaba köçürülüb. Zərərçəkmiş şəxslər də ifadələrində heç bir mənimsəmənin olmadığını dedilər. Ortada Rəsul Cəfərovun təqsirsiz olduğunu göstərən faktlar olduğu halda, dövlət ittihamçısının ona 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb etməsi qaranlıq qalan məsələdir”. Fariz Namazlı bildirib ki, Rəsul Cəfərov insan hüquqlarının qorunması üçün çalışıb. Buna görə onu ittiham etmək gülüncdür: “Hesablama Palatası hər il dövlət qurumlarında milyonlarla mənimsəmələrlə bağlı hesabatlar verir. Amma buna görə heç kəs məsuliyyətə cəlb olunmur. Bir ictimai xadim deyir ki, məhkəmə qarğaları bağışlayır, göyərçinləri yox. Bizdə də milyonları talayan qarğalar azadlıqdadır, Rəsul kimi göyərçinlər həbsdə…” Fariz Namazlı üzünü hakimlərə tutaraq onlardan insanların dövlətə inamını qeri qaytarmağı istəyib: “Hansısa dövlətdə ədalət məhkəməsi yoxdursa, deməli orada adamların dövlətə olan inamı sarsılır. Mən məhkəmədən xahiş edirəm, insanların inamını qaytarın!” Məhkəmə prosesi bu gün davam edəcək. Xatırladaq ki, Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham olunur.

Bir çox beynəlxalq təşkilatlar Rəsul Cəfərovun həbsinin siyasi motivli olduğunu bildirir və həbsdən azad olunmasını tələb edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button