Vətən xaini

azad mursaliyev

Azad Mursaliyev

Bir çox çətiniklərə baxmayaraq, nəhayət ki, tərəfimdən 548 nəfərin imzası toplanaraq 57 saylı Kürdəmir Seçki Dairəsinə təqdim edilmişdir və imzaların təqdim edilməsinə dair arayış götürülmüşdür. Qeyd etdiyim kimi, “bir çox çətinliklər” deyəndə mən qətiyyən böyüyüb başa çatdığım rayonda insanlardan imza ala bilməməyim anlayışına gəlməməlidir. Əksinə, mən həmin insanlara minnətdaram ki, məni öz evlərində, həyətlərində, lap yeri gələndə iş başında qəbul etdilər, dəstək olub mənim namizədliyimin müdafiəsi üçün öz imzalarını əsirgəmədilər. Çətinliklər ondan ibarət oldu ki, bəzi namizədliklərini irəli sürmüş şəxslərdən fərqli olaraq mən şəxsən Kürdəmir rayonunun Atakişili, Mürtülü, Cəyli, Xırdapay, Qağacılı, Topalhəsənli, Şahsevən, Təklə, Qaraqocalı və bir çox digər kəndlərində oldum, imzaları özüm topladım, imza vərəqələrini demək olar ki, öz xəttimlə özüm doldurdum. Belə ki, mənim şəxsi təşəbbüssümdən irəli gəlmədi ki, bütün kəndlərdə özüm oldum, bunun səbəbi ondan irəli gəldi ki, imza toplamaq prosesinin elə ilk günündən mənim iki nəfərin səlahiyyətli nümayəndəm kimi MSK-ya təqdim etdiyim şəxslərin etibarnamələri etibarsız sayılmışdı. Yəni imzatoplama kampaniyasında mənim səlahiyyətli nümayəndələrim olmayıb, baxmayaraq ki, səlahiyyətli nümayəndələr üçün etibarnamələrin verilməsi prosesində 57 saylı Kürdəmir Seçki dairəsinin rəhbərliyi mənə aid mobil telefonla danışıqlar aparmışlar və veriləcək etibarnaməni öz aralarında razılaşdırmışlar. Şükürlər olsun ki, bütün bunlara baxmayaraq, imzatoplama prosesində səlahiyyətli nümayəndələrin olmaması mənə ciddi bir problem yaratmadı. Əksinə, şəxsən özümün imza toplama prosesində iştirakım mənim üçün çox böyük əhəmiyyət kəsb etmişdir. Uzun müddət rayondan aralı düşmüş birisi üçün bu görüşlər dedikcə qiymətli və səmərəli olmuşdur. Lakin təəssüflər olsun ki, çətinliklər bununla bitmir. Belə ki, imzatoplama prosesində bir sıra neqativ hallarla qarşılaşdım ki, bu halların səbəbkarlarını normal seçkilərin keçirilməməsi üçün pozuculuq fəaliyyəti ilə məşğul olmaqları kimi tərəfimdən qiymətləndirilir. Bəzi kəndlərdə yerli icra və bələdiyyə nümayəndələri açıq-aydın insanlara təzyiq göstərirlər ki, bəzi namizədlərə, xüsusilə şəxsən mənə imza verməsinlər. Namizədliyini irəli sürmüş şəxsin avtomaşınını izləyirlər, özlərinə məxsus mobil telefonlar vasitəsilə namizədliyi irəli sürülmüş şəxsə imza vermək üçün yaxınlaşmış şəxslərin telefonlarına zəng edib imza verməməyi tələb edirlər. Bundan əlavə, şəxsən mənim özümün kəndlərin birində imza topladığım evlərdə yerli icra nümayəndəsi, onun həyat yoldaşı və mühasibi olaraq imza vermiş şəxsləri boş, yəni ağ kağızlara imza tamağa vadar etmişdilər. İmzaları aldıqdan sonra isə bildirmişdilər ki, “siz vətən xaininə niyə imza verirsiniz ?” “Bəyəm qorxmursunuz ki, sizin çalışan övladlarınızı işdən qovsunlar, çalışdırdığınız dükanlar bağlanılsın?” və sairə. Bu imzaların toplanması ancaq bir məqsədə xidmət edir ki, insanlar guya mənə verdikləri imzalardan imtina etsinlər. Başa düşülən odur ki, həmin şəxsləri rəsmi şəkildə verdikləri imzalardan imtinaya çağırırlar, guya imza toplanan zaman mən imza sahiblərinə təzyiq göstərmişəm. Bu gerizəkalılar başa düşmürlər ki, həmin kəndin demək olar ki, bir qismi mənim yaxın qohum-əqrəbamdır, bir də ki, bir insanın evinə daxil olub, onun çayını içib, bəzi evlərdə hətta çörək kəsib, keçmişi xatırlayıb sonra imzasını aldıqdan sonra on dəfə “evinizə şadlığa gələk” deyib getmək təzyiq forması kimi başa düşülə bilməz. Əslində, təzyiq həmin insanlara ağ vərəqələrə imza atdırmaqdır. Təzyiq imzatoplama prosesinə icra nümayəndəsinin müdaxilə etməsidir. Bir kəndin bərbad halda olan yolunu yerli kəndlilər hesabına çəkildiyi halda, icra nümayəndəsinin imzatoplama prosesinə müdaxiləsini necə başa düşmək olar? Buyursunlar, mənim etirazım yoxdur, əgər bu günə kimi mənim Kürdəmir rayonunda baş verən qanun pozuntularına dair gedən yazılarıma görə məni vətən xaini adlandırırlarsa, o zaman vətən xainiyəm. Əgər məni rayonda gedən abadlıq işlərinin sahibkarların hesabına aparıldığını qeyd etdiyimə görə vətən xaini adlandırırlarsa, o zaman mən vətən xainiyəm. Əgər kənd camaatı öz hesablarına fəhlə tutub kanalizasiyanı təmizləyirlərsə, həmin zaman bələdiyyə nümayəndəsi bər-bəzəkli avtomaşında kəndin bu başından o başına şütüyürsə və mən bunu içtimailəşdirdiyimə görə vətən xaini oluramsa, olsun, o zaman mən vətən xainiyəm. Əgər mən onlarla jurnalistin yazısına istinad edib araşdırmada göstərirəmsə ki, məmurlar hətta dövlət başçısını aldatmağı belə özlərinə rəva bilirlər, o zaman mən vətən xainiyəm. Tə ki belə vətən xainləri çox olsun və bu vətən xainləri büdcədən ayrılmış milyonların aidiyyatı üzrə xərclənməməsini ictimailəşdirsinlər, rayonlarda dotasiya fırıldağını həyata keçirənləri ifşa etsinlər, düzgün kadr siyasətini aparmayanları aşkar etsinlər. Əgər bütün bunlar vətənə xəyanətdirsə, o zaman mən vətən xainiyəm, özü də lap təhlükəlisindən. Görünən odur ki, rayonda müəyyən qüvvələr mənim namizədliyimin təsdiq olunması qorxusundan bərk təlaşa düşüblər ki, nə olursa olsun Azad Mursaliyevin namizədliyi təsdiq olunmasın. Bəyəm həqiqəti söyləmək üçün namizəd və yaxud millət vəkili olmaq lazımdır? Sözsüz ki, bu hallar barəsində 57 saylı Kürdəmir Rayon seçki Dairəsinin rəhbərliyi tərəfimdən şifahi şəkildə məlumatlandırılıb. Artıq imza vərəqələrinin verilməsindən 3 gün keçəndən sonra 57 saylı Kürdəmir Seçki Dairəsi ilə tərəfimdən əlaqə saxlanılıb, təhvil verdiyim imza vərəqələrində hər hansı bir problemin olub-olmamasına dair sualıma isə “heç bir problem yoxdur” bildirdilər. Eyni zamanda imza vərəqələrinin yoxlanılması prosesində iştirak etmək arzusunda olduğumu da dairəyə bildirmişəm. Şəxsən mənim özümün topladığım imza vərəqələrində hər hansı bir problemin olmayacağından arxayınam, çünki imzatoplama kampaniyasında dedikcə diqqətli olmuşam, hətta gələcəkdə bir anlaşılmazlıq ortaya çıxmasın deyə potensial seçici sayılan, lakin şəxsiyyət vəsiqəsinin müddəti keçmiş şəxslərdən imza almamışam. Mənə maraqlı olan mənim imzalarını aldığım insanlardan boş vərəqlərə atılmış imzaların realizasiyasıdır. Əgər motiv olaraq bu dəli zəkalılar boş vərəqələrdə göstərsələr ki, misal üçün “mənim tərəfimdən imza sahiblərinə təzyiq göstərilib, bunun hüquqi baxımdan araşdırılması gərək idi.” Misal üçün vətəndaş göstərməlidir ki, Azad Mursaliyev kəndimizə gəlib, qapımı döyüb, çayımı içib, çörəyimi yeyib, rəhmətə gedənlərimizi xatırlayıb, onlar haqqında xoş sözlər deyib, arxasınca “təzyiq göstərib” imzamızı alıb gedib. Gülməli iddiadır. O da təəccüblü deyil ki, bir çox hallarda yerlərdə məmurların savadsızlıqları, başarısızlıqları ucbatından sıradan olan insanımız əziyyət çəkir. Əslində, bu məsələnin daha ciddi tərəfi imzatoplama prosesinə vəzifəli şəxslərin müdaxiləsidir. Hesab edirəm ki, aidiyyatı orqanlar bu məsələni nəzarətdə saxlayacaqlar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button