Gürcüstanlılar kimə səs versinlər?

Zəlimxan Məmmədli
“Borçalı” İctimai Cəmiyyətinin sədri

Vətəndaş məsuliyyəti ilə müqayisədə soydaşın mənəvi məsuliyyət yükünün ağır olduğunu düşünürəm. Soydaş vətəndaşı olduqları dövlətin dəyərlərindən başqa həm də, mənsub olduğu millətin qurduğu dövlətin, mədəniyyətin məsuliyyətini daşıyır. Soydaş eyni zamanda əlavə mənəvi yük olaraq dövlətlər, dəyərlər arasında mənəvi körpü olmaq məsuliyyətini bölüşür. Borçalı türkləri qeyd etdiyimiz soydaş qrpunun ən unikal nümunəsidir. Məskunlaşdıqları cografiya min illərdir türk, yaranışından isə islam cografiyasıdır. Buna rəğmən, soydaşlarımızın diqqət çəkən problemləri mövcuddur. Bu problemlərin bəziləri isə təəssüf ki, süni şəkildə məqsədyönlü yaradılmış probemlərdir.

Son 30 ilə yaxın bir dövrdə apardığımız müşahidələr, təhlillər əsasında bu qənaətə gəlirəm ki, böyük mexanizmlər soydaşımızı öz probleminə biganələşdirib. Sanki hamı gözləyir ki, kimsə onların əvəzinə mövcud problemləri həll edəcək, ağ atlı oğlan peyda olaraq soydaşımı ağ günə çıxaracaq. Fikrimcə, zorən yaradılmış bu mənfi meyl soydaşımın mənsub olduğu dövlətdə vətəndaş hüquqlarını məhdudlaşdırılmasının başlıca səbəblərindəndir.

Soydaşımın halal konstitusion vətəndaş hüquqları olduğu, Gürcüstanın yaxasından tutub hüququnu tələb etmək haqqı olduğu halda, vətəndaşı olmadığı dövlətdən üzücü gözləmələrlə zamanını, enerjisini, güvənini itirir, usanır, biganələşir. Hüquq öz yerini hüquqi əsası olmayan mücərrəd gözləntilərə qurban verir. “Azərbaycan hara baxır?”, ““Borçalı” Cəmiyyəti niyə həll etmir?”, “problemlərimiz Zəlimxan Gürcüstan və Azərbaycan hakimiyyətinə müxalifət olduğu üçün həll olunmur” kimi hüquqi əsası olmayan şüarlar və gözləntilər zehniyyətləri korlayır. Soydaşımız onun həyat səviyyəsini yüksəldəcək, dolğun vətəndaş olaraq yaşama imkanını verəcək ümidli bir şey almadıqca küsür, aqressivləşir, biganələşir, alternativ-milli maraqlarımıza cavab verməyən yola – zorən öz dədə-baba yurdunu tərk etmək yolunu seçmək məcburiyyətində qalır.

Heç bir mexanizm vətəndaş hüququnun üstünlükləri haqda maarifləndirici təşəbbüs göstərmir. Nəticə acınacaqlıdır. Hüquq olduğu halda Gürcüstanda soydaşlarımıza yanaşmada hüquq mexanizminin işləməməsinin doğurduğu fəsadlar göz önündədir. Bu gün bütün pisliklərin kökü burada axtarılmalıdır.

Fikir verin, məsuliyyətsiz səlahiyyətli soydaşımızın əli (imzası) ilə tarixi türk toponimlərini gürcüləşdirdilər, yenə həmin zümrənin əli ilə kənd təsərrüfatı təyinatlı torpaqlardan soydaşlarımızın əhəmiyyətli hissəsi məhrum edildi, milli təhsil həmin metodlarla tədricən milli məzmununu itirməkdədir. Milli kadrların hakimiyyətin yuxarı eşolonuna yolu kəsilidir və s. Vətəndaş ona quyu qazan, aldadan, sındıran, alçaldanın, saxtakarların əlinə baxır, onlardan imdad diləyir.

Maraqlıdır ki, Gürcüstanda soydaşımın vətəndaş hüququna biganəliyi soydaşımın varlığından narahat olan eqoist, fürsətçil məmur zümrəsi üçün əlavə imkanlar yaradır. Hüququnu bilməyən və mübarizə ənənəsi olmayan soydaşımızda aqressiya o həddə çatıb ki, günün günora çağı indiki iqtidar ənənə halını almış, soydaşlarımızın mədəniyyət tədbiri olan, sayca səkkizinci “Borçalı türklərinin Elat Mədəniyyəti günü – Elat Bayramı” tədbirini demonstrativ formada qadağan edir. Bu azmış kimi, Elat tədbiri səhnəsində hamının qürurla öyündüyü Azərbaycan və Türkiyə bayraqlarının Gürcü bayrağı ilə qoşa dalğalanmasını belə sinirməyərək Elat Bayramını gürcü bayramı “Dmanisoba” ilə əvəz edirlər.

Yenə də soydaşımın imzası, varlığı istismar alətinə çevrilir. Hakimiyyətdə təmsil olunan və onları himayə edən məfkurəsiz müti soydaşımızın əli ilə yuxarıların nəzarəti altında həyata keçilən “Elat Bayramını istəmirik” tələbli utancgətirən imza kampaniyasını həyata keçirirlər. Bu riyakarlığı əsas gətirərək soydaşımın milli qüruru ilə oynayır, onu ələ salır və ümid edirlər ki, yenə əvvəlki sükutla soydaşımın mədəniyyətinə həqarətli yanaşmaları cavabsız qalacaq. İnanırıq ki, bu dəfə belə olmayacaq. Nəhayət, demokratiya pərdəsinə bürünərək xalqlarımız, mədəniyyətlərimiz, dövlətlərimiz arasında nifaq salmaq iddiasında olan gürcü şovinizmi ifşa olunacaq, uzun illərdir soydaşımın ləyaqəti ilə oynayan zümrə gürcü xalqı tərəfindən layiqli qiymətlərini alacaqlar.

Vətəndaş hüququna biganələşdirilmiş toplumu seçki proseslərində səsinin saxtalaşdırılması da gözlənilən acınacaqlı nəticədir. Bütün səviyyəli seçkilərdə yenə əqidəsiz səlahiyyətli məmur soydaşımızın əli soydaşımızı aldadıb, qorxudub, fərqli düşünən kəsləri isə cəzalandırıb ən yüksək səs yığmaq istəyəcəklər. Ən sonuncu seçkilərdə soydaşlarımızı aldatmağa hesablanan seçki şüarlarına fikir verək:
– Hakimiyyətə gələn kimi toponimləri bərpa edəcəyik dedilər, əməl etmədilər, yalan danışdılar;
– Mənimsənilmiş torpaqlarınızı geri qaytaracayıq dedilər, əməl etmədilər, aldatdılar;
– Azərbaycanlılardan bir neçə nazir, icra başçısı təyin edəcəyik dedilər, əməl etmədilər, aldatdılar;
– Mədəniyyətimizin təbliği üçün hər şey edəcəyik dedilər, əməl etmədilər, əksinə, 2009-cu ildən hər il iyul ayının 26-da keçirilən, soydaşlarımızın mədəni məişətini əsası olan Elat Bayramı 2016-cı ildə hiyləgərliklə bir növ yasaqlandı. Milli türk bayramı olan Elat bayramı, milli gürcü bayramı olan “Dmanisoba” ilə əvəzləndi. Soydaşımızın mədəni hüququna təcavüz etdilər.

Sual olunur, bu il oktyabr ayının 8-də keçiriləcək parlament seçkilərində soydaşımız necə davransın?

Soydaşımız inanmalıdır ki, yalançı Allahın düşməni olduğu üçün, Sizin dostunuz ola bilməz. Sizi saymayanı, vətəndaş hesab etməyəni, mənəviyyatını, mədəniyyətini sinirə bilməyənə səs vermə. Bütün hallarda səsvermədə iştirak elə. İdeal namizədin olmasa belə mövcudların içərisində ən yaxşısına, heç biri səni qane etmirsə, hamısının əleyhinə səs verin.

Əziz eloğlularım, fikrimcə soydaşın layiqli vətəndaş olmaq, Gürcüstan Konstitusiyasında ehtiva olunan vətəndaş hüququnun təmininə doğru siçrayış etməlidir. İlahiləşdirmək istədiyim vətəndaş hüququnu, vətəndaş olmaq imkanını düzgün dəyərləndirin. Belə olanda səni vətəndaşı olduğun Vətənin, təmsil olunduğun Cəmiyyət qoruyacaq.

Ən əsası bu seçkidə VƏTƏNDAŞ olmaq yolunda ciddi addım atın. Soydaş mənəvi məsuliyyət yüküdür, onu şərəflə daşıyın, mənən hər zaman yanınızdayıq. Bunu əldən alası heç bir qüvvə yoxdur. Ancaq VƏTƏNDAŞLIQ yerinizə göz dikənlər kifayət qədərdir… Bunu unutmayın. Uğurlar sizinlə olsun. Bu ilki parlament seçkilərinin isə Gürcüstana xeyir gətirməsini təmənna edirik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button