Vasif İsmayıl yazır: “Talassemiya haqqında”

Vasif İsmayıl
Azərbaycan xalqının bir hissəsinin talassemiya deyə dərdi var. Xəbəriniz yoxdur. Hələ gün görməmiş cavan valideynlər özləri kimi dün görməmiş körpələrinə ayda bir dəfə qan köçürmək məcburiyyətindədirlər.

Əks halda körpələri ölə bilər.

Doğrudur, talassemiyanın yüngül formaları da var. Ayda bir qan köçürmək lazım deyil, amma yenə də həyat heç xoş gəlmir onlara.

Talassemiya genetik xəstəlikdir. Özləri xəstə olmayan valideynlər tərəfindən öz övladlarına ötürülür. Bizdəki qohum evliliyi sıxlığını nəzərə alanda talassemiya əməlli dərdə çevrilir.

Hər ay minlərlə cavan ailə, özləri gün görməmiş gənc insanlar gözlərinin işığı balaları üçün qan axtarmaqla məşğuldurlar.

Bu gün İtaliyada demək olar ki, bir nəfər belə talassemiya xəstəsi yoxdur.

Hollandiyada da talassemiyanın nə olduğunu artıq unutmaq üzərədirlər.

Onlar dahamı sağlamdır?

Yox, canım.

Talassemiya genetik xəstəlikdir. Daşıyıcı valideynlər ailə qurduğu zaman hər 4 hamiləlikdən birində xəstə uşaq doğulacaq.

Bax, o italyanlar var ha, onlar hamilə qadınlara talassemiya üçün genetik sınaq keçirirlər. Ana bətnindəki övlad xəstədirsə, abort etdirirlər. Sonra yenidən hamilə qalıb yenə yoxlayırlar. Uşaq sağlamdırsa, hamiləliyi sona qədər aparırlar.

Bu gün özünə hörmət edən cəmiyyətlərdə talassemiya qalmadı.

Biz isə…

Azərbaycanda minlərlə ailə ayda bir dəfə hələ gün görməmiş övladları üçün qan axtarmaqla məşğuldurlar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button