“Vergi korrupsiyasının kökünü tam kəsəcəyik…” – Nazirdən sərt mesajlar

Bu il üçün Vergilər Nazirliyi ilk növbədə “Dövlət büdcəsi haqqında” qanunla nəzərdə tutulan öhdəliklərin tam icrasını təmin etməyə çalışacaq. İkincisi isə nazirlik üçün əsas məqsəd 2018-ci ildə bütün vergi ödəyiciləri ilə sağlam təməldə və qanunun aliliyinə əsaslanan münasibətlərin qurulmasını təmin etməkdir.

Vergilər naziri Mikayıl Cabbarov Bakıda keçirilən konfransda çıxışı zamanı belə deyib. Nazir bildirib ki, Vergilər Nazirliyi vergi ödəyicisinə xidmət anlayışını daha da genişləndirəcək. Burada mövcud olan xidmətlərə bir sıra əlavələr olacaq. Bu xidmətlərin əsas məqsədi sahibkarlara öz fəaliyyətində zəruri olan uyğunlaşdırmaları həyata keçirmək üçün ehtiyac olduğu təqdirdə bu işlərdə onlara dəstək olmaqdır.

“Düşünürəm ki, bu, əsasən kiçik və orta biznes üçün xüsusilə vacibdir. Çünki, böyük şirkətlərin, dövlət şirkətlərinin kifayət qədər resursları mövcuddur. Onlar bu işləri peşəkar şəkildə özləri həyata keçirir. Lakin lazım olduğu halda kiçik vergi ödəyicilərinə bu dəstək göstəriləcək. Biz bu işdə əlaqəli olan təşkilatlarımızla yaxından çalışmağı planlaşdırırıq”-Cabbarov deyib.

“Mikayıl Cabbarovun sözlərinə görə, qarşıda duran hədəf və məqsədlərin həyata keçirilməsində aparıcı qüvvə məhz analitik düşüncəyə, müvafiq bilik və bacarıqlara sahib olan insan resurslarıdır: “Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılması şübhəsiz ki, Vergilər Nazirliyinin insan resurslarına, kadrların peşəkarlığına tələbləri artırır”.

M.Cabbarov qeyd edib ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb.

“Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir”, deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək: “Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq”.

***11:45

Bu gün Vergilər Nazirliyi Bakıda “Vergilər, şəffaflıq, inkişaf” mövzusunda sahibkarların, ictimayyə nümayəndələrinin, deputatların və digərlərinin iştirakı ilə konfrans keçirir. Virtualaz.org xəbər verir ki, konfrans Mikayıl Cabbarovun nazir təyin edilməsindən və Vergilər Nazirliyində aparılmış kütləvi kadr dəyişiklərindən sonra yeni vergi siyasətinin müəyyənləşdirilməsi, vergiyığma sahəsində şəffaflığın artırılması yolları barədə müzakirələr aparmaq məqsədi daşıyır. Gözlənilir ki, konfransda səslənən təkliflər daha sonra Vergilər Nazirliyinin fəaliyyətində nəzərə alınacaq.

Konfransda çıxış edənlərdən biri, deputat Ziyad Səmədzadə deyib ki, o dünyada iki şeyə çarə olmadığına bir daha əmin olub: vergiyə və ölümə.

Deputatın sözlərinə görə, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməməsi faktı yoxdur: “Vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır. Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Bu də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq”.

Ziyad Səmədzadə deyib ki, hazırda Azərbaycanda bütün büdcə daxilolmalarında sadələşdirilmiş verginin payı 0,8%, vergi daxilolmalarında isə bu 4-5%-dir.  O, ölkədə vergi uçotunun təkmilləşdirilməsini təklif edib: “Necə olur ki, eyni məhsulun rentabelliyi bir yerdə 18%, digər yerdə isə 2%-dir”.

Milli Məclisin komitə sədri Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini azaltmasını müsbət qarşıladıqlarını da deyib: “Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq. Pul kütləsi o zaman sıxılmalıdır ki, inflyasiya aşıb-daşsın. Amma indi uçot dərəcəsi azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın”.

Deputat Vahid Əhmədov isə bildirib ki, yeni vergilər nazirinin qarşısında çox böyük vəzifələr durur. O, yeni Vergi Məcəlləsinin qəbul edilməsinə çağırıb: “ “Vergi Məcəlləsi 2000-ci ildə qəbul edilib, bunun üzərindən 17 il keçir, dünya dəyişir. Təklif edirəm ki,  Vergilər Nazirliyi yeni məcəllə hazırlayıb parlamentə təqdim etsin.  Əhalinin Bakıya axınının qarşısını almaq üçün gərək yerli vergilər daha çox yerli qurumlara ödənilsin. Sadələşdirilmiş verginin miqdarı 200 min manatdır, amma artıq manat devalvasiya uğrayıb. Bu məbləğə yenidən baxış keçirilməlidir.  Əlavə dəyər vergisi niyə bütün məhsullar üçün 18 faizdir? Avropada elə məhsul var 5, elə məhsul var əlavə dəyər vergisi 30 faizdir. Bu rəqəm də differensiallaşdırılmalıdır”.

Vahid Əhmədov xatırladıb ki, yoxlamalar prezident tərəfindən dayandırılsa da, Vergilər Nazirliyinə  yoxlama icazəsi verilib. Və yoxlama zamanı elə etmək lazımdır ki sahibkarların nüfuzuna xələl gətirilməsin.

“Büdcə proqnozları verilərkən İqtisadiyyat Nazirliyi Vergilər Nazirliyi ilə bu məbləği razılaşdırsın. Götürüb Vergilər Nazirliyinin adına 7 milyard yazmaqla deyil ki. Mən burda hər şeyi açıqlamaq istəmirəm”-deputat bildirib.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button